25 Noyabr 2024

Bazar ertəsi, 19:19

SON HƏDDƏ BALANS

Defoltun qarşısını almaq abş-a reytinqini saxlamaqda yardım etmədi

Müəllif:

15.08.2011

Proqnozlaşdırıldığı kimi, avqustun 2-də ABŞ-da defolt olmadı - konqresmenlər dövlət borcu limitinin qaldırılması barədə qanun məsələsində razılaşa bildilər, o, qəbul edildi və bir-iki gündən sonra Prezident Obama tərəfindən imzalandı. Defoltun qarşısını almaq planı 10 il ərzində trilyon dollara yaxın olan "diskresion xərclər"in dərhal azaldılmasını nəzərdə tutur. 

Bu zaman həm müdafiə, həm də qeyri-müdafiə xərcləri azaldılacaq. Qanun layihəsinə görə, dövlət borcunun limiti, ən azı, $2,1 trilyon artırılacaq, bununla da 2013-cü ilə qədər yuxarı həddin növbəti dəfə artırılmasına ehtiyac olmayacaq. Əldə edilmiş razılaşmaya əsasən, parlamentin hər iki palatasının təmsilçilərinin qatılacağı razılaşdırma komissiyası yaradılacaq ki, onlar da dövlət xərclərinin azaldılması üsullarını ara-yacaqlar. 

Büdcənin xərc hissəsini birbaşa $917 mlrd azaldacaqlar. Azalmanın $1,5 trln.-a bərabər ikinci dalğası 2011-ci ilin sonuna gözlənilir və xərclərin ən böyük azalması isə ölkədə prezident seçkilərinin keçiriləcəyi 2012-ci ildən sonra baş verəcək. Prezident Barak Obamanın sözlərinə görə, ABŞ-da dövlət xərclərinin bu qədər azaldılması Eyzenhauerin vaxtından bu yana görünməyib. Duruma haqq verən prezident onun elə də pessimist olmadığını göstərməyə çalışıb: "Dövlət xərclərinin azaldılması baş verəcək. Amma azalma səviyyəsi bizə yenə də iş yerləri yaratmağa, təhsilin və elmi araşdırmaların qayğısına qalmağa imkan verəcək".

Obamanın əminliyi beynəlxalq reytinq agentliklərinin qərarına təsir göstərmədi. "Standard & Poor's"(S&P) tərəfindən ABŞ-ın reytinqinin aşağı salınması əsl şok oldu ki, bu da dərhal bütün dünyanın fond, xammal və valyuta meydançalarına təsir göstərdi. Onların çoxu öz artımlarının xeyli hissəsini itirdilər - indekslər yenidən çox aylar, hətta  illər qabaqkı minimumlara düşdü, kapital qızdırmalı şəkildə bir aktivdən o biri aktivə axır, qızıl da yenə qiymət rekordları vurur.

 

Reytinq şoku 

Beləliklə, avqustun 5-də, demək olar ki, ABŞ-ın dövlət borcunun artırılması haqqında qanunun qəbul edilməsindən dərhal sonra, beynəlxalq reytinq agentliyi "Standard &Poor's"  ilk dəfə olaraq, ABŞ-ın kredit reytinqini dövlət borcunun yuxarı həddi ilə bağlı problem  fonunda maksimal "AAA" səviyyəsindən "AA+"ə endirdi. ABŞ-ın reytinqi üzrə proqnoz "S&P" tərəfindən "mənfi" kimi müəyyən edildi. Bu isə o deməkdir ki, yaxın il, ilyarım ərzində ölkənin kredit reytinqinin daha da aşağı düşməsi mümkündür. 

Vaşinqtonda "S&P"nin qərarını, təbii ki, "yanlışlıq" adlandırdılar. Ağ evin baş iqtisadi müşaviri Cin Sperlinq kəskin tənqidlə çıxış elədi: "Onların səhvinin miqyası ilə yanaşı, öz press-relizlərində bu səhvi əsaslandırmağa çox sürətlə hazır olmaları adamı heyrətə salır. Buradan arqumentləri artıq çıxarılmış nəticələrə uyğunlaşdırmaq cəhdinin iyi gəlir". Məsələ burasındadır ki, ABŞ Maliyyə Nazirliyindən "Reuters" agentliyinə bildiriblər ki, "S&P"nin hesablamalarında, təxminən, $2 trilyonluq yanlışlıq var. Agentlik Maliyyə Nazirliyinin təmsilçiləri ilə müzakirələrdən sonra da reytinqin aşağı salınmasını təsdiqləyb və bildirib ki, nazirliyin iradları qərara təsir göstərmir. 

Reytinq agentliyinin təmsilçilərinin sözlərinə görə, onlar əsaslı bir qərara gəliblər ki, ABŞ hakmiyyətinə büdcənin artan kəsirinin öhdəsindən gəlmək çətin olacaq. "S&P" dəfələrlə Konqres və Prezident Barak Obama Administrasiyasının kəsrin azalması barədə müfəssəl planının olmaması təqdirdə, ABŞ-ın kredit reytinqinin aşağı düşə biləcəyi barədə xəbərdarlıq etmişdi. "S&P"nin qərarına baxmayaraq, iki başqa reytinq agentliyi "Moody's"  və "Fitch" ABŞ-ın yüksək kredit reytinqini saxlayıb. Bununla yanaşı, onların da qiymətləndirməsində müəyyən mənfi meyillər özünü göstərir. 

Bununla yanaşı, Barak Obama mənfi proqnozlara baxmayraq, mətbuat üçün xüsusi bəyanatında bildirib ki, ABŞ əvvəlki kimi investisiyalar üçün etibarlı yerdir. "Bazarlar təsdiq etməkdədir ki, biz kredit qabiliyyəti baxımından dünyanın ən etibarlı yerlərindən biri olaraq qalırıq. Biz həmişə "AAA" reytinqli ölkə olmuşuq və belə də qalacağıq, amma başlıca öhdəliyimiz uzunmüddətli perspektivdə büdcə kəsrini aşağı salmaqdır", - deyə  B.Obama bildirib.

Yəni məsələyə  reaksiya vermiş fond və xammal birjalarından fərqli olaraq, o, problemə başqa cür də yanaşa bilməzdi. Belə ki,  "S&P"nin qərarının dərc olunduğu birinci gün Asiyanın və Yaxın Şərqin fond indeksləri çökdü, dünya bazarında neftin qiymətləri yetərincə ucuzlaşdı, eyni zamanda, qızılın qiyməti yeni tarixi rekorduna çataraq, bir Troya unsiyası üçün $1700-ı ötdü. 

"Standard and Poor`s"un qərarı Azərbaycanda da narahatlıq doğurdu. Ölkənin Dövlət Neft Fondunun təmsilçisinin sözlərinə görə, "Son zamanlarda ABŞ iqtisadiyyatında müşahidə olunan geriləmə, bir sıra Avropa ölkələrində yaşanan borc böhranı dünya maliyyə bazarlarında qeyri-sabit durum yaradıb və fiksə edilmiş gəlirli qiymətli kağızlar üzrə gəlirliliyi tarixin ən aşağı səyyəsinə endirib". Amma mənbə qeyd edib ki, ARDNF-in vəsaitlərinin əsas hissəsi fiksə edilmiş gəlirlikli qısamüddətli qiymətli kağızlara yatırılıb. "Bu investisiyaların valyutalar, kredit reytinqləri və regionlar üzrə şaxələndirilməsi maliyyə bazarlarındakı mümkün şokların portfelə təsirini minimuma endirib. Bununla yanaşı, ARDNF gəlirliliyinin yüksəldilməsi üçün yeni investisiya alətləri növlərini gözdən keçirməkdə davam edir", -  deyə fondun təmsilçisi bildirib. 

 

Böhranın ikinci dalğası - gözləyək, yoxsa gözləməyək?

Bununla yanaşı, artıq dünya ekspertləri yenidən qlobal iqtisadi tənəzzülün yaxın illərdə dünyanı bürüyə biləcək ikinci dalğası barədə məsələ qaldırıblar. 

Amerikanın "Energy Security Analysis" (ESAI) analitik şirkətinin neft bazarları üzrə bölməsininin  başçısı Rik Müllerin fikrincə, ABŞ-ın kredit qabiliyyətinin aşağı düşməsi qlobal iqtisadiyyat üçün ciddi nəticələr verəcək. Müller bildirib ki, xəzinədarlıq istiqrazları bütün dünya üzrə əsas maliyyə aləti rolunu oynayır, buna görə də onların kredit qabiliyyəti barədə istənilən şübhə iqtisadi artıma mənfi təsir göstərəcək, bu, xüsusilə də, 2008-2009-cu illər böhranında zəifləmiş iqtisadiyyatlar üçün daha ağır olacaq. 

"Əlbəttə, kredit reytinqinin aşağı salınması maliyyə bazarlarının və qabaqcıl iqtisadiyyatların hələ çox kövrək olduğu bir zamanda baş verdi. Həddindən qeyri-müəyyənlik asanlıqla səhmlərin daha da ucuzlaşmasına yol aça bilər. Pis ssenaridə bu, növbəti maliyyə böhranı üçün təkan verə bilər ki, o da ABŞ və Qərb ölkələrində təkrar böhranla nəticələnər", - İngiltərənin "Capital Economics" agentliyinin analitiklərinin məruzəsində belə bildirilir. 

Bununla yanaşı, "Capital Economics" mütəxəssislərinin gözləntilərinə görə, bazarlarda ABŞ-ın reytinqinin aşağı düşməsi ilə yaranmış istənilən mənfi reaksiya ötəri olacaq. Eyni zamanda, ABŞ-ın "AAA" reytinqinin itirilməsi onu göstərir ki, dünya maliyyə böhranının nəticələri hələ uzun illər hiss ediləcək. 

Amma əvvəllər pessimist əhval-ruhiyyədə olan Beynəlxalq Valyuta Fondu (BVF) prezident vəzifəsinə Kristin Laqard gələndən sonra ümidverici proqnozlar nümayiş etdirməyə başlayıb. K. Laqard sanır ki, avrozona ölkələrinin başçılarının iyulun 21-də keçirilmiş sammitində qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi, həmçinin ABŞ-ın ortamüddətli büdcə kəsirini azaltmaq qərarı dünya maliyyə sabitliyinin kritik elementidir. BVF başçısı, o cümlədən "Böyük Yeddilik" ölkələrinin maliyyə nazirlərinin və mərkəzi banklarının rəhbərlərinin bəyanatını da alqışlayıb. Bəyanata görə, "G7" ölkələri "S&P"nin ABŞ-ın kredit reytinqini aşağı salınmasından sonra dünya maliyyə bazarlarında sabitliyin əldə edilməsinə səy göstərmək barədə anlaşıblar və bazarların həddindən dəyişkənliyinin dünya iqtisadiyyatına mənfi təsirlərini qeyd ediblər. 

Yeri gəlmişkən, həmin "çətin dəqiqələr"də ABŞ-a ən hiss edilən yardımı Fransa göstərdi. Bu ölkənin iqtisadiyyat naziri Fransua Baruen bəyan etdi ki, onun ölkəsi "Amerika iqtisadiyyatının dayanıqlılığına tam əmindir" və bu, daha öncə Hindistan maliyyə nazirinin, Çin iqtisadi ekspertlərinin ABŞ-ın kredit reytinqi barədə ciddi ehtiyatlanmalar sərgiləməsinə bir cavab oldu. Dünya KİV-in məqalələrindən görmək olur ki, bu cür dəstək təsadüfi deyil, London treyderlərinin sözlərinə görə, bazarda Fransanın da kredit reytinqinin aşağı salınması barədə söhbətlər gəzir. 

Fransanın dövlət borcunun "CDS" (defoltdan sığorta dəyərinin) kotirovkaları bir gün ərzində rekord səviyyyədə - 9% artıb. Avropa Mərkəzi Bankı təcili məsləhətləşmələrdən sonra, İtaliya və İspaniyanı defoltdan qurtarmaq üçün onların dövlət istiqrazlarının alınması proqramının "fəal gerçəkləşdirilməsinə" başlandığını elan edib. 

Bununla yanaşı, Fransanın iri banklarından biri olan "Sosyete Jeneral"ın mümkün iflası və avrozonanın ikinci iqtisadiyyatının kredit reytinqinin azalması barədə xəbərlər Avropa valyutasının mübadilə məzənnəsinə və bütövlükdə, Köhnə Dünyanın fond bazarlarına təsir göstərib. "Sosyete Jeneral"ın səhmlərinin dəyəri 22,5% düşüb. Müşahidəçilərin fikrincə, Avropa bazarlarındakı vəziyyəti avro əleyhinə spekulyativ oyunların başlanğıcı kimi dəyərləndirmək olar və bu oyunlar Fransanın mövqelərinin zəifləməsindən sonra başlayıb. İşlərin, demək olar ki, kritik vəziyətdə olması üzündən hər gün Avropa ölkələrinin liderləri arasında danışıqlar aparılır, onlar avrozonanın iflasının qarşısını almağa cəhd göstərirlər.

Bunları nəzərə alaraq, bu gün dünya tənəzzülü təhlükəsinin qarşısının alınması barədə danışmaq yetərincə erkəndir - hadisələr, demək olar ki, saatbasaat dəyişir, getdikcə daha yeni fəaliyyət sahələrini əhatə edir. Bir mənalıdır ki, yeni böhran bu gün heç kimə gərək deyil - dünyanın başı işsizliklə mübarizəyə, əhalinin ərzaqla təminatına və digər sosial məsələlərə onsuz da bərk qarışıb. Yeni iqtisadi təlatüm indiyə kimi inkişaflı və sabit sayılan ölkələrdə kütləvi iğtişaşlara səbəb ola bilər ki, bu da bazarların daha ciddi iflasına gətirib çıxarar. 



MƏSLƏHƏT GÖR:

331