
SURİYASAYAĞI PARÇALANMA
Ərəb dünyasının əsas ölkələrindən biri "qızmar yay" dövrünü yaşayır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Suriyada vəziyyət kritik xarakter almaqdadır. Ərəb sivilizasiyasının əsas ölkələrindən olan Suriya bütünlükdə Yaxın Şərqin geosiyasi düzənində vacib rola malikdir. Müvafiq olaraq, orada yaşananların "ərəb baharı"nın gələcəyi baxımından böyük əhəmiyyəti olacaq. O, regional və beynəlxalq miqyasda ciddi dəyişikliklərə yol aça bilər.
Zorakılıq davam edir
Rəsmi Dəməşq Prezident Bəşər Əsədin istefasını və rejimin dəyişdirilməsini tələb edən kütləyə qarşı sərt tədbirləri davam etdirir. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, Suriya hökumətinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq dinc sakinlər arasında ciddi tələfatlara səbəb olur. İndiyədək 1500-dən artıq insanın həlak olduğu bildirilir.
Hökumət qüvvələrinin ölkə müxalifətinin əsas mərkəzlərindən Hama şəhərində əhalini güllələməsi daha ciddi rezonansa səbəb olub. Rəsmi Dəməşq Hamadakı hərbi əməliyyatın arxasında terrorçu qruplaşmaların dayandığı qiyamçılara qarşı yönəldiyini iddia etsə də, dünya ictimaiyyəti Suriya hökumətinin nümayişçilərlə rəftarını pisləyir. Əsədi sevməyənlər, ilk növbədə, Qərb fövqəldövlətləri Suriyada baş verən toqquşmalarda çoxlu sayda dinc sakinin ölümünə əsaslanaraq, Dəməşqin despotik rejimindən danışmaq üçün əlavə əsaslar əldə edib. Onlar artıq Suriya prezidentinin istefa verməli olduğunu, onun rejiminin siyasi səhnədən getməsinin vacibliyini açıq şəkildə bəyan edir. Faktiki olaraq, rəsmi Dəməşq Suriyada baş qaldırmış etiraz dalğasının qarşısını almaq üçün tədbirləri sərtləşdirdikcə, özünü daha çox təcrid vəziyyətinə salır.
Qərb Əsəd rejiminə siyasi təzyiqləri artırır. Bu, bir yandan, iqtisadi xarakterli sanksiyalar, digər yandan, BMT Təhlükəsizlik Şurası səviyyəsində güc tətbiqi məsələsinin müzakirəyə çıxarıla biləcəyinə dair KİV-də yayılmış xəbərlərlə edilir. İstənilən halda, Əsəd rejiminin devrilməsinə yönəlmiş hər varianta ideoloji hazırlıq tam gücü ilə gedir.
"Suriya hökuməti öz xalqı ilə müharibə aparır", - deyə Birləşmiş Ştatlar administrasiyası hələ Suriyada etiraz aksiyalarının yeni başlandığı vaxt bəyan edib. Bu bəyanatdan bir neçə həftə sonra eyni tezis Bəşər Əsədin istefa verməli olması haqda bəyanatlarla əvəzlənib. ABŞ-ın Suriyadakı səfiri Robert Ford açıq şəkildə deyib: "Biz onun hakimiyyətdə qalmasını Amerikanın maraqları baxımından vacib hesab etmirik".
Vaşinqton Suriyaya qarşı yeni sanksiyaların tətbiqinə də başlayıb. O, "Bəşər Əsəd rejiminə və onun qanunazidd əməllərinə dəstək olan əsas maliyyə və kommersiya infrastrukturlarının neytrallaşdırılmasını" nəzərdə tutur. Söhbət, ilk növbədə Suriya hökumətinə məxsus nəhəng "Syrian Lebanese Commercial Bank" dövlət bankına, onun Liviyadakı filialı olan "Syrian Lebanese Commercial Bank"a qarşı sanksiyalardan gedir. Suriyanın əsas mobil operatoru olan "Syriatel" də sanksiya ilə üzləşib.
ABŞ-la yanaşı, Avropa İttifaqı da Dəməşqə qarşı sanksiyaları sərtləşdirib. Suriya rejimində təmsil olunan onlarca şəxsin hesabları dondurulub, onların Aİ ərazisinə girişi qadağan olunub.
Qərbin nümayiş etdirdiyi mövqenin fonunda Rusiya Suriya probleminə tam fərqli yanaşır. Moskva Dəməşqi nümayişçilərə qarşı sərt tədbirlərə son qoymağa, siyasi, sosial-iqtisadi islahatlara başlamağa çağırsa da, hesab edir ki, dünya ictimaiyyəti Suriya müxalifətinə də təsir göstərməlidir. Rusiyada hesab edirlər ki, müxalifət rəsmi Dəməşqin islahatlarla bağlı dialoq çağırışına reaksiya verməlidir. Moskva hesab edir ki, "Suriya müxalifəti silahlı ekstremistlərdən və digər radikallardan ayrılmalıdır. Çünki həmin qüvvələr gərginlik yaradaraq, Liviya ssenarisinin təkrarlanmasına çalışır".
Əslində, Moskva bu mövqeyi ortaya qoymaqla, Dəməşqin müxalifətin sıralarında terrorçu elementlərin olduğuna dair mövqeyini dəstəkləyir. Bundan başqa, Rusiya BMT TŞ-də Suriyaya hərbi müdaxiləyə dair qərarın qəbulunu əngəlləmək üçün əlindən gələni edəcəyini də göstərir. Bu, təbii ki, Rusiyanın Yaxın Şərqdəki geosiyasi maraqları ilə bağlıdır. Amma bunu yalnız ənənəvi olaraq Rusiyanın tərəfdaşı və müttəfiqi kimi çıxış edən Suriya ilə bağlı deyil. Rusiyanın NATO-dakı daimi nüma-yəndəsi Dmitri Roqozin bildirib ki, Suriya Şimali Atlantika Alyansına gələcəkdə İrana qarşı müharibə etmək üçün meydan kimi lazımdır. Rusiyalı diplomatın fikrincə, Suriya rejiminin insan haqlarını pozmaqda ittiham edilməsi ona qarşı hərbi əməliyyatlara hazırlığın tərkib hissəsidir. Roqozin hesab edir ki, bu, "Qərbin Şimali Afrikanın bir sıra ölkələrinə qarşı apardığı hərbi və informasiya əməliyyatlarının məntiqi sonluğu olardı".
Suriyanın İranın yaxın müttəfiqi olduğunu xatırladan Roqozin güman edir ki, "İranın boğazındakı ilgək sıxılır" və indi Moskva "nəhəng regionda genişmiqyaslı müharibənin başlana biləcəyindən ehtiyatlanır".
"Nəhəng region"da Suriya üçün eyni millətli ölkələr də Bəşər Əsədə qarşı çıxıb. Xüsusilə Misir, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanı Dəməşqə qarşı diplomatik təzyiqlərə qoşulub. "Suriyada baş verənlər qəbuledilməzdir. Çünki orada yaşananlar nə dinə, nə mənəviyyata sığır", - deyə Səudiyyə Ərəbistanı kralı Abdulla bildirib.
Ərəb Dövlətləri Liqası da Bəşər Əsəddən zorakılığa son qoyulmasını tələb edib. Qurumun baş katibi Nabil əl-Ərəbi bildirib ki, "Suriya hökuməti dinc sakinlərə qarşı güc tətbiqini dərhal dayandırmalıdır".
Ərəb dünyasının böyük hissəsinin belə mövqe tutması təəccüblü deyil. Burada söhbət heç də yalnız ondan getmir ki, Suriyanı azlıq olan ələvilər klanı idarə edir və o, hakimiyyəti çoxluq olan sünnilərlə bölüşmək istəmir (sünnilərin əsas müdafiəçiləri isə Səudiyyə Ərəbistanı, Misir və Küveytdir).
Ərəb ölkələrinin Əsədə qarşı mənfi münasibətinin əsasını yenə də İran, daha doğrusu, Dəməşqin molla rejimi ilə müttəfiqliyi təşkil edir. İranın müsəlman dünyasında liderliyə iddia etdiyi, bunun isə sonuncuların böyük hissəsi tərəfindən qəbul olunmadığı məlumdur.
BMT TŞ-də Suriya ilə bağlı qapalı müzakirələrin keçirilməsi təşəbbüsü ilə çıxış etmiş Qərb qurumun "Suriya hökumətinin dinc sakinlərə qarşı güc tətbiqini, həmçinin ölkədə insan haqlarının pozulmasının geniş vüsət almasını" pisləməsinə nail olub. Bununla yanaşı, bütün günahlandırılanlar kimi, Suriya rejiminə də öz günahını etiraf etmək, son əməllərindən əl çəkmək, sonda hazırkı statusundan imtina etmək imkanı yaradılıb. Bu missiyanı isə üzərinə Əsədi zorakılıqdan imtina etməyə çağıran rəsmi Ankara götürüb.
Bəşər Əsəd üçün "qara nöqtə"
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya səfər edib. Məqsəd Əsədi yürütdüyü siyasətin mümkün nəticələri haqda "ciddi şəkildə xəbərdar etmək" idi. Ankaranın bu səylərinin bir neçə səbəbi var. Birincisi, özünü demokratik dövlət kimi tanıtmış Türkiyə Suriya rejiminin öz xalqına qarşı repressiyaları davam etdirəcəyi təqdirdə Dəməşqin yaxın iqtisadi tərəfdaşları sırasında qala bilməz.
İkincisi, Türkiyə məhz demokratiya sayəsində Qərbin və bütünlükdə islam dünyasının gözündə dünyəvi dövlət etalonuna çevrilib. "Ərəb baharı" kontekstində Türkiyə modelinin populyarlığı təsadüf deyil. Bu, Ankaranın ərəb dünyasının yenilənməsinə mane olan qüvvələrlə əməkdaşlığını mümkünsüz edir.
Nəhayət, Suriya ərazisində kürd hərəkatının genişlənməsində qətiyyən maraqlı deyil və bu səbəbdən Qərb bu ölkəyə hərbi müdaxiləyə qərar verəcəyi təqdirdə, Türkiyə də kənarda qalmayacaq. Çünki vaxtilə İraqa qarşı hərbi əməliyyatlardan və ölkənin işğalında iştirakdan imtina etməklə, Türkiyə İraqda amerikalıların rəhbərliyi ilə kürd muxtariyyətinin yaradılması və sonradan burada yaşayan türk xalqının - türkmənlərin təqib olunmasına imkan verib.
Üstəlik, Suriya rejiminin hərbçilərilə müxalifətçilər arasında toqquşmalar əsasən Türkiyə ilə həmsərhəd rayonlarda baş verir. Türkiyə minlərlə suriyalı qaçqını öz ərazisində qəbul edib və onlar üçün çadır-düşərgəsi yaradıb. Bütün bunlar da Ankaranı böhranın tezliklə həlli yolunu axtarmağa vadar edir.
"Biz Hama şəhərində baş verənlərin təkrarlanmaması üçün atılması vacib sayılan addımları Bəşər Əsədin diqqətinə açıq şəkildə çatdırdıq. İndi Suriya rəhbərliyinin yaxın günlərdə hansı tədbirləri görəcəyi vacibdir", - deyə Əhməd Davudoğlu Suriya prezidenti ilə apardığı danışıqlardan sonra bildirib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan öz növbəsində bildirib ki, o, son 5 ayda kütləvi aksiyaların və silahlı toqquşmaların səngimədiyi Suriyada islahatlara yaxın 10-15 gün ərzində başlanacağına ümid edir. Ərdoğan bildirib ki, Ankara Dəməşqi "birmənalı şəkildə qan tökülməsini dayandırmağa çağırıb".
Amma Suriyada qanlı toqquşmaların davam etməsi göstərir ki, Əsəd Qərbin, ərəb dünyasının və Ankaranın çağırışlarına məhəl qoymayıb. Suriya prezidenti bu əməlini beynəlxalq aləmin əlbir olaraq onun ölkəsini parçalamaq üçün hansısa plan qurması ilə əsaslandırır. Eyni zamanda, Bəşər Əsəd artıq siyasi islahatlara başladığını xatırladır. O, buna misal kimi, ilk növbədə ölkədə çoxpartiyalılığa icazə verilməsini göstərir. Bundan başqa, İBAS qrupundan (Hindistan, Braziliya, CAR) nümayəndə heyəti ilə görüşdə Əsəd etiraf edib ki, "nümayişlərin dağıdılması və iğtişaşların qarşısının alınması zamanı güc strukturları tərəfindən bəzi yanlışlıqlara yol verilib". Amma Əsədin dünyadakı opponentləri üçün "bəzi yanlışlıqlar" haqda etiraf kifayət deyil. Üstəlik, Suriyada qan axıdılması davam edir, prezident isə, görünür, artıq "qara siyahı"dadır...
MƏSLƏHƏT GÖR: