14 Mart 2025

Cümə, 21:43

NORVEÇ FACİƏSİ - MULTİKULTURALİZMİN İFLASI, YOXSA…

"Dəbdə olan ritorika" ilə terrorçunun manifesti arasında məsafə çox yaxın imiş

Müəllif:

15.08.2011

Norveç hələ də şokdadır. Ölkə iyulun 22-də baş vermiş faciənin oxşarını İkinci Dünya müharibəsindən sonra yaşamamışdı.

Dünya KİV dəhşətli faciənin xronologiyasını dəfələrlə şərh edib.  İyulun 22-si səhər Andres Breyvik adlı terrorçu polis forması geyərək, yarımavtomat "Glock" tapançası, Ruger Mini 14 hücum tüfəngi ilə silahlanıb, minalanmış avtomobilə əyləşərək, Oslonun mərkəzinə yollanıb. O, avtomobili hökumət məhəlləsində saxlayıb və partlayıcını işə salıb. Nəticədə, 7 nəfər ölüb, 90-dək insan yaralanıb. İlkin məlumata görə, partlayıcı xüsusiyyətə malik olan kənd təsərrüfatı gübrəsi  - nitrat ammoni və və dizel yanacağından hazırlanıbmış. Norveçin böyük kənd təsərrüfatı mağazaları şəbəkələrinin nümayəndələri polisə bildirib ki, mayın 4-də onlar bir neçə kişiyə düz 6 ton gübrə satıblar. Alıcılar arasında Rena qəsəbəsində "Breivik Geofarm" fermasına malik Breyvik də olub.

Partlayışdan sonra Breyvik bərə ilə Uteyya adasına yollanıb. Həmin vaxt baş nazir Yens Stoltenberqin rəhbərlik etdiyi Norveç Fəhlə Partiyasının (NFP) gənclər qanadı məhz həmin adada toplaşmışdı. O, mühafizəçilərə saxta polis vəsiqəsini göstərib və paytaxtdakı partlayışdan sonra adanın təhlükəsizlik sisteminin yoxlanılması tapşırığı aldığını bildirib. Terrorçunu adaya aparan qayığı da düşərgədən mühafizəçilər çağırıb. Terrordan əvvəl KİV-lər "Əl-Qaidə"nin Əfqanıstandakı əməliyyatlarda iştirak etdiyinə görə, Norveçə ünvanladığı hədələri xatırladır, Qəddafinin Liviyaya qarşı əməliyyatlara qoşulmuş ölkələrin "cəzalandırılacağına" dair bəyanatlarını yada salırdı. Amma hündürboylu, mavigözlü sarışın norveçli polisdə heç bir şübhə doğurmurdu.

Faciənin apofeozu da həmin adada baş verib. Breyvik yüzədək insanın toplandığı əsas binaya daxil olub, onları atəşə tutmağa başlayıb. Gənclər qaçaraq canlarını qurtarmağa çalışsalar da, buna çox az adam nail olub. Gizlənən və yaralı gəncləri tapan terrorçu onları bir-bir qətlə yetirib. Bəziləri suya atılmaqla, adadan üzərək uzaqlaşmaqla canını qurtara bilib. Polis Breyviki saxlayan zaman o, artıq 69 nəfəri öldürmüşdü.

Bu gün Norveç ictimaiyyəti saysız-hesabsız suallara cavab istəyir. İctimaiyyət polisin qeyri-peşəkarlığından sarsılıb: Breyvik insanları düz saatyarım gülləbaran edib. Polis isə onu görən kimi silahı yerə qoyaraq təslim olub. Terrorçu ilk gülləsini atan zaman şahidlər dərhal "qaynar xətt"ə zəng vurmağa başlayıb. Lakin 30 dəqiqə ərzində Utoyya adasından gələn zənglər qəbul olunmayıb: xətlərdəki operatorlar bütün diqqəti Oslodakı vəziyyətə yönəldib, başqa regionlardan gələn zənglərə əhəmiyyət verməyib.

Yalnız yarım saat sonra Norveç polisi anlayıb ki, adada qatil var. Amma bu da son deyil. Məlum olub ki, Oslodan çağırılmış “Delta” antiterror briqadası hadisə yerinə gedə bilmir - Norveçin güc strukturlarında cəmi 1 polis vertolyotu var, onun da bütün pilotları məzuniyyətdə idi. Nəticədə, Norveç xüsusitəyinatlıları adaya avtomobilə yollanmalı olub. Daha sonra polislər orada qayığa mindirilib, lakin qayığın mühərriki sıradan çıxıb. Mühərriki işə salaraq adaya tərəf üzməyə başladıqda isə məlum olub ki, qayığa normadan artıq adam minib və o, bata bilər. Bütün bu vaxtda isə onlardan 500 metr aralıda atəş davam edir, uşaq qışqırtıları eşidilirdi.

Amma başqa suala cavab tapmaq daha çətindir: belə hadisə necə mümkün olub? Qərbin ən firavan ölkələrindən birində yaşayan adi oğlanda bu qədər nifrət nədən qaynaqlanır?

Əsl şok Breyvikin 1500 səhifəlik "manifesti"dir.  Bu "manifest" başdan-ayağa qeyri-skandinaviyalı hər şeyə nifrətlə doludur. 32 yaşlı fermer özünü "tampliyerlər ordeni"nin varisi sayırdı və Avropanı "İslam təhlükəsi"ndən xilas edəcəyini düşünürdü. O, qalmaqalları ilə məşhur olan holland siyasətçi Heert Vildersi göylərə qaldırır. Bəzi KİV-də yer almış məlumatlara görə, Breyvik "erməni soyqırımı" haqda da yazıb: "Tarixin gedişində türklər milyonlarla xristianı qırıb, yüz minlərlə insana zorla islamı qəbul etdirib. Türklər ən çox soyqırım törətmiş xalqdır. Onlar ermənilərə, yunanlara və asuriyalılara qarşı soyqırım törədiblər".

Türkiyənin Avropa İttifaqına inteqrasiyası məsələsinə də toxunan Breyvik hesab edir ki, bu prosesə kömək etmək cihada kömək etməkdir. Türkiyənin NATO-dan qovulmasını da vacib sayan terrorçu yazır: "Bizi məhv etmək istəyən dövlətlə münasibət qurmaq nəyə gərəkdir?. ABŞ Türkiyə və Albaniyanı NATO-dan kənarlaşdırarsa, Şimali Atlantika Alyansı mövcudluğunu daha da uzadacaq".

Breyvik "Avropanın ərazi tələbləri" sərlövhəsi altında yazır ki, ermənilərə "onların tarixi vətənini qaytarmaq lazımdır". "Şimali Kipr Türk Cümhuriyyəti adlanan yer Kipr yunanlarına, Şərqi Anadolu adlı ərazi ermənilərə, Qərbi Anadolu isə Yunanıstana qaytarılmalıdır. Bu ərazilərin xristianlaşdırılması üçün müharibəyə başlanılmalıdır. Hərbi əməliyyatlaradək isə Pakistanın nüvə silahı məhv edilməlidir. Çünki o, həmin silahı Türkiyəyə verə bilər",  - deyə Anders Berinq Breyvik yazır.

Amma bütün bunlarla yanaşı, Breyvik qətliamı Oslonun emiqrantlar yaşayan məhəllələrində deyil, hakim partiyanın gənclərinin toplaşdığı məkanda törədib. Onun qurbanlarının əksəriyyəti də heç də immiqrantlar deyil.

"Norway Post" nəşrinin baş redaktoru Roleyv Solhom Breyvikin Uteyya adasındakı düşərgəyə hücumunu belə izah edir: "O, həmin məkanı hazırkı hakim partiyanın gələcək liderlərinin böyüdüyü beşik hesab edirdi". Solhom "Nezavisimaya qazeta"ya müsahibəsində bildirib ki, Breyvik hökumətin immiqrasiya sahəsində apardığı siyasətdən, "qeyri-ağ ölkələr"lə (şübhəsiz ki, buraya Norveçin həm neft, həm də "humanitar" sahədə son dərəcə uğurla əməkdaşlıq etdiyi Azərbaycan da daxildir) əməkdaşlıqdan narazı idi.

Amma əksər ekspertlər təşvişlə məsələnin digər tərəfinə diqqət çəkir: Breyvikin "manifest"i Avropada açıq şəkildə deyilmiş, indi də danışılmaqda olan məsələ ilə son dərəcə həmahəng səslənir. Ekspertlər indiyədək dəfələrlə Avropada ultrasağçı partiya və hərəkatların populyarlığının təhlükəli həddə artdığına diqqət çəkib. Fransada "Milli cəbhə" artıq həm sosialistlər, həm də neoqollçulara meydan oxumağa hazırdır. Danimarka, Hollandiya, İçveç kimi ölkələrdə ultrasağçı siyasətçilər parlamentdə mandatlarının sayını artırır, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinə açıq çağırışlar edir, Yaxın Şərq və Şimali Afrika ölkələrindən olanların üzünə qapıların bağlanmalı olduğunu bildirir.

Bugünkü Avropada belə bəyanatlarla yalnız marginallar çıxış etmir. Almaniya ictimaiyyətində hələ də Bundesbankın idarə heyətinin üzvü Tilo Sarasinin kitabı ətrafında yaranmış qalmaqal yaddan çıxmayıb. Xatırladaq ki, o, "antimüsəlman" bəanatlarının yer aldığı kitabı ilə bağlı yaranmış qalmaqala görə, sonda vəzifəsindən istefa verməli olub. Elə o vaxt Almanyia kansleri Angela Merkel də sensasion bəyanatla çıxış etmişdi: xristian-demokrat gənclərin konfransında çıxış edən kansler bildirmişdi ki, artıq multikulturalizm siyasəti "tam iflasa uğrayıb".

"Bizim əsaslanaraq çiyin-çiyinə yaşadığımız multikulturalistik yanaşma tam iflasa uğrayıb", - deyə Mervel bildirmişdi. Kansler demişdi ki, Almaniya immiqrasiyanı alqışlasa da, immiqrantlar alman dilini öyrənməli, alman məktəblərində təhsil almalıdır. Onun nəyə işarə etdiyi tam aydın idi: Almaniyada 4 milyon müsəlman yaşayır və bu, ölkə əhalisinin 5%-i deməkdir. Onlar alman cəmiyyəti və mədəniyyətinə inteqrasiya olunmağa o qədər də böyük həvəs göstərmir.

Merkelin bəyanatından bir neçə həftə sonra Fransa prezidenti Nikola Sarkozi də Avropanın multikulturalizmə əsaslanın modelinin "iflasa uğradığını" elan etmişidi: "Bəli, bu, iflasdır. Həqiqət ondan ibarətdir ki, bizdəki demokratiyalar gəlmələr haqda daha çox düşünürlər, nəinki onları qəbul edənlər haqda. Bizə icmaların yan-yana yaşadığı cəmiyyət lazım deyil. Kimsə Fransaya gəlirsə, o, vahid milli cəmiyyətə qoşulmalıdır. Kimsə bununla razı deyilsə, qoy Fransaya gəlməsin".

Böyük Britaniya hökumətinin rəhbəri Devid Kemeron da "multikulturalist dövlət doktrinasının" iflasa uğradığını bəyan edib. "Açığı, son illər biz daha az passiv tolerantlıq nümayiş etdirməli idik",  deyən Kameron bu iflasla islam ekstremizminin artması arasında paralel də gətirib.

Ekspertlər bildirir ki, Avropa kütləvi şəkildə immiqrantları cəlb etsə də, burada real inteqrasiya həqiqətən də baş tutmayıb. İmmiqrantların icmaları "dövlət içərisində dövlət" kimi yaşayır, "gəlmələr" və "yerlilər" arasında əlaqə minimum həddədir. İcmalar daxilində isə kommersantlardan haqq alan müxtəlif kriminal və radikal qruplar özlərini tam sərbəst hiss edir. Terror şəbəkələrinin yaradılmasını da buraya əlavə etsək. 

Daha çox Avropanı deyil, Yaxın Şərqi xatırladan immiqrant rayonları isə çətin ki, avropalıları riqqətə gətirsin.

Nəhayət, hələ illər əvvəl Parisin immiqrantlar yaşayan məhəllələrində baş verənlər və avqustda Londonda yaşananlar daha bir problemi üzə çıxarıb: immiqrantlar inteqrasiyaya hazırdır, amma yerli cəmiyyət onları özlərinə bərabər saymağa hazır deyil. Başqa sözlə, Parisdə və Lionda artıq vərdiş ediblər ki, xəstəxanadakı sanitar və ya küçədəki süpürgəçi immiqrant ola bilər. Amma onlar düşünmürdülər ki, həmin sanitar və ya süpürcəçinin övladları sabah həkim, vəkil, jurnalist olmaq istəyəcək. Doğrudur, burada qanunvericiliklə məhdudiyyət yox idi. Amma cəmiyyətin buna reaksiyasını hiss etməəmk də mümkün deyildi. Üstəlik, istənilən cəmiyyət "miqrant"ları yalnız müəyyən həddədək qəbul etməmək qadirdir - onların sayı əhalinin maksimum 21%-ni təşkil edənəcək. Bu həddən sonra "mədəni eynilik", viza baryerlərinin sərtləşdirilməsinin vacibliyi haqda söhbətlər yalnız zaman məsələsinə çevrilir.

Görünən odur ki, Avropada hətta ən qorxulu yuxuda belə, "mədəni eyniliyin qorunması" haqda söhbətlərlə Breyvikin vəhşiliyi arasında məsafənin nə qədər qısa olduğunu təsəvvür edə bilməzdilər. Breyvik bütün faşistlər kimi, nəinki dərisi onunla eyni rəngdə olmayanları, ölkəsinin gələcəyini ondan fərqli düşünən və görənləri də güllələdi. 



MƏSLƏHƏT GÖR:

548