14 Mart 2025

Cümə, 20:53

DƏVƏQUŞU YANAŞMASI

Ermənistanın qonşularına ərazi iddialarını inadkarcasına "görməyən" qərb, Erməni tələblərinin əsirinə çevrilir

Müəllif:

15.08.2011

Avropa avqustun 23-də rəsmən totalitarizm qurbanlarının anım gününü qeyd etməyə hazırlaşır. Söhbət 2 siyasi rejimin - alman nasizmi və sovet kommunizminin qurbanlarından gedir. Bu, bir daha təsdiq edir ki, müharibədən sonrakı Avropa nasizm və kommunizmi, Qərb sivilizasiyasının daim mübarizə apardığı şər kimi rədd edir.  Bununla da Avropa ötən əsrin bu iki rejiminə siyasi-hüquqi qiymətini verir. Qərb, bəşəriyyəti, bir növ, tövbə etməyə və bir daha etnofundamentalizmlə totalitarizmin girovuna çevrilməməyə çağırır.

Amma təəssüf ki, tarixi hadisələrə qiymət verməklə başını qatan Qərb öz evində etnofundamentalist və ksenofobiya əhvalının artmaqda olduğunu nəzərdən qaçırır. Onun "açıq sərhədlər" siyasəti isə müəyyən mənada "bir qapıya oyun"u xatırladır. Bütün diqqətini Şərqdə "əcinnə" axtarışına və "islam fundamentalizmi" ilə mübarizəyə yönəltmiş Qərb liderlərinin birağızdan multikulturalizm siyasətinin iflasa uğradığını bəyan etdiyi vaxtda norveçli tənha terrorçu Breyvikin əməlindən şoka düşüb. Xatırladaq ki, Breyvik Utoya adası və Osloda ümumilikdə 200-dək insanı (bir çoxu müsəlman olmaqla) öldürüb və yaralayıb.

Güman ki, bu hadisə ilə bağlı keçiriləcək məhkəmə prosesində Breyvikin "manifest"ində yer almış antitürk, antiislam və ermənipərəst mövqenin müzakirəsindən yayınmağa çalışılacaq. Lap Ermənistan prezidenti Serj Sarqsyanın ötən ay erməni gənclərinə müraciətdə təcavüzkarlığa növbəti çağırışları ilə bağlı susması kimi. Xatırladaq ki, gələcəkdə Ermənistan sərhədlərinin necə olacağına, Qərbi Ermənistanın Ararat dağı (Türkiyə ərazisindəki Ağrıdağ - "R+") ilə birlikdə geri qaytarılıb-qaytarılmayacağına dair sualı cavablandıran Sarqsyan deyib: "Bütün bunlar sizin nəsildən asılıdır. Düşünürəm ki, bizim nəsil 90-cı illərin əvvəllərində vətənimizin bir hissəsi olan Arsaxı (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu - "R+") düşməndən qorumağın vacib olduğu vaxtda üzərinə düşən vəzifəni yerinə yetirib".

Qərb S.Sarqsyanın yeni ərazi iddialarını pisləmək əvəzinə, Ankaraya Yerevanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz olaraq bağladığı Ermənistanla sərhədləri açması üçün təzyiqləri davam etdirir. Eyni zamanda, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi Ankaranın Avropa İttifaqına qəbul olunması üçün irəli sürülmüş əsas şərtlərdən biri olaraq qalır.

Qərb Ermənistanın destruktiv mövqeyini israrla "görməməyə" davam edir, eyni zamanda, Ankaranı sıxışdırmaqdan yorulmur. Bu zaman o nədənsə şərtlərin məhz rəsmi  Yerevan və ermənilik tərəfindən irəli sürüldüyünü, onların Sürix protokollarını öz istəklərinə uyğun şəkildə korrektə etdiklərini nəzərdən qaçırır. Bu məsələ ABŞ-ın dövlət katibi Hillari Klintonun bu yaxınlarda Türkiyə səfəri zamanı da əsas müzakirə mövzularından biri olub. O, Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının rəhbərliyilə görüşdə erməni-türk prosesinin ləngiməsindən narahatlığını bildirib. Türkiyə hökumətinə istinad edən H.Klinton məhz CXP-nin müqaviməti üzündən Sürix protokollarının hələ də ratifikasiya yçün Türkiyə parlamentinə təqdim olunmamasından narazılığını bildirib. CXP lideri Kemal Kılıçdaroğlu isə öz növbəsində məsələnin belə qoyulmasından təəccübləndiyini söyləyib. O bildirib ki, hakim partiya parlamentdə çoxluğa malik olduğu üçün istənilən an protokolları müzakirəyə çıxara bilər.

Açığı, Türkiyə hökuməti ilə əsas müxalifət partiyasının bu məsələni bir-birinin üzərinə atması təəccüblüdür. Çünki ABŞ dövlət katibinin artıq köhnəlmiş sualının cavabı hər kəsə aydındır: Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində irəliləyiş yalnız Yerevanın destruktiv və işğalçı siyasəti üzündən ləngiyir. Ermənistan isə bu siyasətindən heç zaman və heç bir halda imtina etməyi düşünmür. Amma nədənsə nə Türkiyə hökuməti, nə də əsas müxalifət partiyası H.Klintonu birbaşa cavabla məyus etmək istəməyib. Amma nahaq.

Amma necə deyərlər, şər deməsən, xeyir gəlməz. Erməniliyin təcavüzkar mahiyyətini bir daha ortaya qoymuş S.Sarqsyan bununla da Klintonun Sürix protokollarının "dondurulması" ilə bağlı sualına özü cavab verib. Sarqsyanın bəyanatını Azərbaycan Prezidenti İlham Əliyevlə birgə sərt tənqid edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Yerevanın rəsmi mövqeyi bu cürdürsə, bu ölkə ilə problemlərin həllinə nail olmaq mümkünsüzdür.

İndi Ermənistanla sərhədlərin açılmasının Türkiyədəki tərəfdarları, həmçinin, vaxtilə tələsik şəkildə erməni-türk dostluğuna abidə qurulması təşəbbüsü irəli sürənlər yəqin ki, özləri üçün müəyyən və çox ciddi nəticələrə gəlməlidir. Əgər bu gün faciəvi durumda olan Ermənistan Türkiyəyə meydan oxumağa çalışırsa, sərhədlərin açılmasından sonra iqtisadiyyatını gücləndirməyə başlamış Yerevanın özünü necə aparacağını təsəvvür etmək çətin deyil.

Daha təəccüblüsü isə Sarqsyanın erməni gənclərlə görüşündə səsləndirdiyi təcavüzkarlığa çağırış bəyanatının Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olan vasitəçilər, həmçinin bütünlükdə dünya ictimaiyyəti tərəfindən eşitməzliyə vurulmasıdır. Axı bütün bu dövlətlər və strukturlar sivil dünya dövründə sərhədlərin bağlı qalmasının "vəhşilik" olduğunu bəyan etməkdən usanmır. Həqiqətənmi qloballaşma dövründə işğalçı dövlətlə sərhədləri bağlamaq dövlət rəsmilərinin faşist ideologiyası yaymasından daha böyük qınağa layiqdir? Çətin ki.

Bundan başqa, Azərbaycanın Ermənistanın işğalında olan torpaqların hərbi yolla geri qaytarılmasının mümkünlüyünə dair istənilən bəyanatını mənfi qarşılayan ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər Yerevanı yeni ərazi iddialarından çəkindirməyə cəhd belə göstərmir.

Çox güman ki, 100 il əvvəl olduğu kimi, bu gün də dünyanın aparıcı fövqəldövlətləri Kiçik Asiya və Cənubi Qafqazdakı geosiyasi maraqları üçün məhz "erməni kartı"ndan məharətlə istifadə edir. Bu taktikanı hələ ötən əsrin əvvəllərində "Daşnaksütyun" partiyasının üzvü, ozamankı Ermənistanın (1918-1919) baş naziri Ovanes Kaçuznuni tam açıq şəkildə etiraf etmişdi. Terrorçu partiyaya rəhbərlik edən O. Kaçuznuni yazırdı ki, 1919-cu ildə Paris Sülh Konfransında iştirak edən erməni nümayəndə heyətinin hədsiz iddialı çıxışı onunçün çox gözlənilməz olub. Kuçuznuni bildirir ki, nümayəndə heyəti Parisə minimal tələblərlə yollanıbmış və yalnız ermənilərə ilk dövlətlərini yaratmağa icazə verilməsini istəyəcəkmiş. Lakin konfransda iştirak edən erməni diasporunun nümayəndələri Qərb fövqəldövlətlərinin (Fransa, Böyük Britaniya və ABŞ) təhriki ilə Azərbaycan və Türkiyəyə qarşı görünməmiş ərazi iddiaları ortaya qoyub. Ermənistanı özündən asılı vəziyyətə salmağa çalışan Vaşinqton isə açıq əşkildə bəyan edib ki, o, məhz "Böyük Ermənistan"ın ABŞ-ın protektoratı olmasını istəyir. Bu azmış kimi, Amerika Ermənistanın Türkiyəyə ərazi iddialarını artırmayacağı təqdirdə onun heç bir təşəbbüsünə dəstək verməyəcəyini elan edib. Bundan sonra Ermənistanın nümayəndə heyəti böyük həvəslə diasporun görünməmiş iddialarına qoşulub. Bu diasporanın indiyədək xarici qüvvələr tərəfindən Cənubi Qafqazda beşinci kolon kimi istifadə edildiyi isə heç kəsə sirr deyil.

Məhz bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan, Türkiyə, Rusiya, İran və Gürcüstana yönəlmiş, bütün zamanlarda regionu gərginlikdə saxlayan "erməni məsələsi"nin tərkib hissəsi kimi baxmaq lazımdır. Bu "düyün"ü yalnız Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həllilə açmaq olar. Bu, "erməni məsələsi"ni gündəmdən birdəfəlik silə bilər. Əks təqdirdə, bu faktor hələ uzun müddət bütünlükdə regionda sabitliyə əngəl olacaq. Bunu S.Sarqsyan da etiraf edib.

Təbii ki, bu məsələdə əsas məsuliyyət ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin, ilk növbədə, özünü Türkiyənin "strateji müttəfiqi" kimi göstərən ABŞ-ın üzərinə düşür. Amma Sarqsyanın bəyanatından sonra Vaşinqtonun nümayiş etdirdiyi mövqe açıq şəkildə göstərdi ki, ABŞ Ermənistanın təcavüzkar siyasətindən başqa, hər şeylə məşğul olmağa hazırdır. Əksinə, o, müəyyən qədər erməniliyin bu əməllərinə kömək də edir. Buna bir neçə misal çəkmək olar.

İyulun sonlarında ABŞ Senatı Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal etdiyini fakt olaraq tanıdı. Bu, Vaşinqtonun təxminən 2 il əvvəl münasibətləri "yeniləşdirməyə" qərar verdiyi Moskva tərəfindən ciddi narazılıqla qarşılandı.

Ermənistan isə hələ də ABŞ tərəfindən işğalçı kimi tanınmayıb (bunu ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə də aid etmək olar). ABŞ Dövlət Departamentinin illik hesabatlarında dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərindən danışılsa da, təcavüzkar konkret olaraq göstərilmir. Doğrudanmı kiçik Ermənistan Vaşinqton və onun müttəfiqləri üçün nəhəng hərbi və nüvə potensialına malik Rusiyadan daha ciddi təhlükə yaradır? Yoxsa burada tam başqa kartlar oynanır? Belə olmasaydı Vaşinqton ən azı rəsmiyyət xatirinə Ermənistanı BMT Baş Assambleyasında Gürcüstanın təşəbbüsü ilə səsverməyə çıxarılmış sənədin əleyhinə çıxdığı üçün "danlayardı". Söhbət "Abxaziya, Gürcüstan və Cənubi Osetiyanın Sxinvali regionundan olan daxili köçkün və qaçqınların vəziyyəti haqqında" adlı qətnamə layihəsindən gedir.

Daha bir nümunə. Bir müddət əvvəl ABŞ prezidenti Barak Obama insan haqlarının pozulması, soyqırım, hərbi cinayətlərə aidiyyəti olan şəxslərin ABŞ-a buraxılmasını qadağan edib. Üstəlik o, bu cür cinayətlərin qarşısını almağa yönəlmiş işçi qrupu da təsis edib. Bununla əlaqədar olaraq, prezident dövlət katibinə ölkəyə daxil olmaq istəyən şəxslərin "arzuolunmazlıq" səviyyəsinin müəyyənləşdirilməsi, həmçinin bu haqda verilmiş göstərişə əməl olunmasına nəzarət səlahiyyətləri də verib. Bəs Vaşinqton üçün "arzuolunmaz" şəxslərin siyahısına S.Sar-qsyan da salınacaqmı? Axı o özü dinc azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının əsas təşkilatçılarından və bilavasitə iştirakçılarından olduğunu etiraf edib.

Bundan başqa, S.Sarqsyanın son məlum çağırışından sonra ABŞ Konqresi təcavüzkar Ermənistana 40 milyon dollar həcmində növbəti illik maddi yardımın ayrılmasına qərar verib. Üstəlik bu, ABŞ-ın özünün texniki defoltdan son anda qaçmağa nail olduğu dövrdə baş verib. Bu problemdən qaçmaq üçün Amerikada dövlət borcunun maksimal həddi artırılıb, dövlət xərcləri isə xeyli azaldılıb. Elə həmin günlərdə Türkiyə Ordusunun rəhbərliyindəki kollektiv istefaları təhlil edən "The Wall Street Journal" nəşri bir suala cavab axtarır: "Ərdoğan Türikyəni demokratikləşdirə biləcəkmi?".

Amma Amerikanın heç bir nəşri analoji sualı Ermənistanla bağlı ortaya qoymur. Halbuki demokratikləşmə və milli-dini tolerantlıq məsələsində Ermənistan Türkiyədən müqayisəyəgəlməz dərəcədə uzaqdır.

Bundan başqa, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən Ermənistan üçün də Türkiyə cəmiyyətinin "demokratikləşməsi" (əsasən də, ayrı-ayrı konformistlərin genetik yaddaşını silməyə çalışdığı türk gəncləri) böyük maraq kəsb edir. Bu baxımdan erməni gəncliyini azərbaycanlılara və türklərə qarşı nifrət əhvalında tərbiyə edən erməniliyin ideoloqları Türkiyədə "hamımız erməniyik, hamımız Dinkik" şüarı ilə keçirilən mitinqləri, həmçinin "erməni soyqırımı" günü Türkiyədə ildən-ilə daha da genişlənməkdə olan aksiyaları böyük zövqlə izləyir.

Elə sonradan Ermənistan və himayədarları tərəfindən Ankaraya qarşı "bir qapıya oyun"a çevrilmiş "futbol diplomatiyası"nda da məqsəd bu idi. Hələ ötən il Ermənistan-Türkiyə münasibətlərindən danışan erməni politoloq Riçard Kirokosyanın səsləndirdiyi bir fikir əbəs yerə dilə gətirilməmişdi: "Əsas odur ki, ermənilər Türkiyəni daxildən dəyişdirə bildi". Çox güman ki, məhz bu əminlik Ermənistanın siyasi rəhbərliyini Türkiyəyə meydan oxumağa ürəkləndirir. Qərbin Türkiyəyə birgə və ümumi təzyiqə son dərəcə aludə olması isə erməni etnofuntamentalizminin çiçəklənməsinə kömək edir. Faşizmdən daha dərin köklərə malik bu ideologiya daha ciddi faciələrə səbəb ola bilər. Deyəsən, Avropa tədricən "erməni faşizmi" virusuna yoluxmaqdadır. A.Breyvik nümunəsi, bir vaxtlar özlərinin qorxaq və ikiüzlü siyasəi ilə Hitlerin bəşəriyyəti qanlı müharibəyə cəlb etməsinə imkan yaratmış  dünyanın aparıcı fövqəldövlətləri üçün siqnal olmalıdır. Onların budəfəki ikili siyasəti isə Ermənistanın işğal iştahını artırır.



MƏSLƏHƏT GÖR:

509