
AZƏRBAYCAN HYUSTONDA
Hyuston-Bakı qardaşlaşmış şəhərlər assosiasiyasının prezidenti İradə Axundova: "Bizim vətənimizə borcumuz var"
Müəllif: Aysel OSMANOVA Bakı
Effektiv mədəniyyətlərarası əlaqələrin qurulmasında "adi insanlar diplomatlardan çox iş görə bilər". Beynəlxalq dialoqun yaradılmasında buna misal kimi, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasını göstərmək olar. Təşkilata rəhbərlik edən İradə xanım Axundova ABŞ-da yaşayan azərbaycanlıdır. O, hər il bir neçə həftəlik də olsa, ailəsini görmək, bəzi işgüzar məsələləri həll etmək və sadəcə, Vətəninə baş çəkmək üçün Azərbaycana gəlir. Bu il İradə xanım Bakıya iyulun 5-də keçirilmiş Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün gəlib. O, Bakı və Hyuston, assosiasiyanın fəaliyyəti və bir sıra digər məsələlərlə bağlı fikirlərini "R+"a müsahibəsində açıqlayıb.
- Bu yaxınlarda sizin də iştirak etdiyiniz Dünya azərbaycanlılarının III qurultayı keçirildi. Bu tədbiri necə qiymətləndirirsiniz və bu gün Azərbaycan diasporunun gücləndiyini, ciddi qüvvəyə çevrildiyini söyləmək olarmı?
- Qurultay xaricdə yaşayan azərbaycanlılar üçün vacib hadisədir. Bu bizə bir-birimizlə tanış olmaq, söhbətləşmək imkanı verir. Tədbir sayəsində xeyli insanla tanış oldum. Qurultay müxtəlif məlumatları paylaşmaq, sevinc və problemləri bölüşmək, birgə layihələr haqda danışmaq üçün imkandır. Amerikada Azərbaycanla bu və ya digər formada əlaqəli olan bütün təşkilatların birlikdə olmasını, əməkdaşlıq etməsini çox istərdim. Axı bizim məqsədimiz eynidir - Vətənimizi şöhrətləndirmək, onun maraqlarını qorumaq. Diasporamızın bir böyük problemi var. Bu, birlik problemidir. Doğrudur, problem hər yerdə və hər kəsdə var. Birlikdə olduqda onlar daha asan qəbul edilir və asan çözülür. Birlikdə iztirablar daha asan yaşanır. Təəssüf ki, Azərbaycan diasporu hələ o qədər də qüdrətli deyil. Hər bir diaspor təşkilatı özünü lider görmək istəyir. Düşünürəm ki, bütün bunlar diasporumuzun hələ çox gənc olması ilə əlaqədardır. Hələ cəmi 10 yaşımız var. Hər şey yenicə başlayır. Vaxt gələcək ki, bu çətin dövrü arxada qoyaraq, inkişafa keçdiyimizi qürurla söyləyəcəyik.
- Hyustonla Bakının qardaş şəhərlərə çevrilməsi və rəhbərlik etdiyiniz assosiasiyanın necə yarandıcı barədə məlumat verməniz maraqlı olardı...
- Bunun tarixi ötən əsrin 60-cı illərinə - Sovet İttifaqı ilə ABŞ arasında münasibətlərin çox pis olduğu dövrlərə - "soyuq müharibə"yə gedib çıxır. O zaman prezident Eyzenhauer insanları yaxınlaşdırmaq üçün "qardaşlaşmış şəhərlər" yaratdı. Əlbəttə ki, diplomatlar ölkələr arasında münasibətlərin qurulması üçün rəsmi fəaliyyətlə məşğul olur. Adi insanlarsa bu sahədə daha çox iş görə bilərlər.
Bu hərəkatın baş ofisi Vaşinqtonda yerləşir. ABŞ-ın bütün ştatlarında onun nümayəndəlikləri var. Bu, Amerikanın qeyri-hökumət təşkilatıdır və onun işçiləri könüllülük əsasında fəaliyyət göstərir. Yəni biz protokol baxımından bu təşkilatda ştatda olsaq da, könüllülük əsasında işləyirik. Məlumdur ki, Hyuston Meksika körfəzinin sahilində yerləşir və neft şəhəri sayılır. Əksər neft şirkətlərinin baş ofisləri də məhz bu şəhərdədir. Ötən əsrin 70-ci illərinin əvvəllərində Hyustonda məşhur neft maqnatlarından sayılan Dovi Devris yaşayıb. O çox zən-gin və hörmətli insan olub. İşilə əlaqədar Devris Bakıya tez-tez səfər edirmiş. Hyuston şəhərinin meri ona "qardaşlaşmış şəhərlər" hərəkatına başçılıq etməsini tapşırıb və hansı şəhərlə əlaqə yaratmaq istəyində olduğunu soruşub. Dovi Devris Bakını seçib. Odur ki, hər şey işgüzar əlaqələrdən başlayıb. Sonradan - 1976-cı ildə iki şəhərin rəhbərliyi arasında görüş olub və elə o vaxt əməkdaşlıq memorandumu imzalanıb.
- Zəhmət olmasa, rəhbərlik etdiyiniz assosiasiya haqda danışın. Hər şey nə vaxt və necə başlayıb?
- Assosiasiya 35 ildir mövcuddur. Bu, ABŞ-da Azərbaycanla əlaqəli ilk rəsmi qurumlardan biridir. Assosiasiyaya 2006-cı ildən rəhbərlik edirəm. Alim, neft-kimya prosesləri üçün katalizatorların yaradılması üzrə mütəxəssis olan həyat yoldaşım Eduard Məmmədov 1996-cı ildə Hyustona dəvət olundu və orada kataliz üzrə elmi-tədqiqat laboratoriyasına rəhbərlik etməyə başladı. Buna qədər biz bir neçə il İspaniya və Səudiyyə Ərəbistanında yaşamışdıq. Hyustona köçdükdən sonra orada azərbaycanlıların axtarışına və onları ünsiyyət üçün bir qrupda cəmləməyə başladım. Natura etibarilə fəal insanam. Günlərin birində, dostlarımın dediyi kimi, öz evimdə Azərbaycan qonaqpərvərliyinin "Hyuston oazisi"ni yaratdım. Bu gün Hyustonda 250 azərbaycanlı ailəsi yaşayır və onların əksəriyyəti neft şirkətlərində çalışır. Hyustonda öz kiçik Azərbaycanımızı yaratmışıq.
Hələ orta məktəbdə oxuyarkən eşitmişdim ki, Hyustonla Bakı qardaşlaşmış şəhərlərdir. Odur ki, ABŞ-a ilk gəldiyimizdə bu işlə məşğul olan insanlarla tanış olmaq üçün axtarışlara başladım. Həmin vaxt mərhum riyaziyyatçı-alim Rafiq Quliyevlə tanış oldum. O məni Hyuston meriyasına istiqamətləndirdi və bu işdə səmərəli olmam üçün nə etməli olduğumu başa saldı. O vaxt meriyaya getsəm də, mənə ciddi yanaşmadılar. Assosiasiyanın rəhbəri iranlı idi. Mənim iki şəhər arasında münasibətləri gücləndirmək, yeniləmək üçün etdiyim səmimi cəhdlər "hakimiyyəti ələ almaq" kimi qiymətləndirildi. Vaxt keçdi və günlərin birində bizi - Hyustonda yaşayan daha fəal azərbaycanlıları meriyaya dəvət etdilər. Onlar bizdən diasporamızın qanadı olan "Hyuston-Bakı: qardaş şəhərlər" assosiasiyasını "dirçəltməyimizi" istədilər.
Bakıda - Respublika Xəstəxanasında tibbi layihələr reallaşdırıldığı vaxtdan tanıdığım amerikalı Sara Rozin assosiasiyanın prezidenti, mən isə vitse-prezidenti oldum. Əvvəlcə qorxurdum, işin öhdəsindən gələ bilmərəm, buna gücüm çatmaz. Azərbaycanın ABŞ-dakı o zamankı səfiri cənab Hafiz Paşayev məni bu sözlərlə dəstəklədi: "Belə enerjiyə malik olan sən bu işi görməyəcəksənsə, onda kim görəcək? Evində bir çox maraqlı tədbirlər təşkil etmisən. Daha geniş miqyasda işləyə bilərsən və mən sənə kömək edəcəyəm".
Bir müddət sonra Sara rəhbərliyi tamamilə mənə həvalə etmək istədiyini söylədi.
Öyünmək istəməsəm də, deməliyəm ki, 16 "qardaş şəhər" arasında ən fəalı bizik. Hyuston meri Annis Parker və konsul Meri Carvis Conson bizi Azərbaycanın Hyustondakı xoşməramlı səfirləri adlandırırlar. Bu işə Səmidə Haqverdi və Riad Əfəndi ilə başlamışıq. Yaxşı komandamız, müxtəlif maraqlı üzvlərimiz var - Maud bəy, Xanım Əziz, Mehriban Əfəndiyeva, Sattiş Xarla və digərləri. Üzvlərimizin hamısı işləsə də, assosiasiyanın fəaliyyətində iştiraka vaxt tapa bilir. Biz çox mehribanıq.
- Xaricdə həmvətənlərimizi bir araya gətirmək çətin olmadı ki?
- Fəxr edirəm ki, orada biz bir böyük ailəyik. Texasda yaşayan azərbaycanlıların əksəriyyəti bir-birini tanıyır və əlaqə saxlayır. Hyustonda elə azərbaycanlı yoxdur ki, onu tanımayım və ya əksinə. Bir-birimizdən kifayət qədər uzaq yaşayırıq - ən yaxın məsafə 40 dəqiqəlik yoldur. Tez-tez bir araya gəlir, qonaq oluruq. Yeri gəlmişkən, təşkilatımıza yalnız azərbaycanlılar deyil, həm də Hindistandan, Hollandiyadan olanlar, köhnə amerikalılar daxildir. Onların hamısı Azərbaycanı sevir. Ölkəmiz üçün bu insanların nə qədər iş gördüyünü təsəvvür edə bilməzsiniz.
Assosiasiyamız 16 analoji təşkilat arasında ən fəalı olub və olaraq qalır; məsələn, bu il 35 illiyimizi qeyd edəcəyik. Mer Annis Parker meriyanın binasında keçirilən regional konsulların rəsmi qəbulunda bizi bəyannamə ilə mükafatlandırıb. Orada qurulmuş işin fəallığına və məqsədlərə çatdığımıza görə, bizə minnətdarlıq yer alıb. Əlbəttə ki, nəsə təşkil etmək istəyi var. İmkanlar isə həmişə arzularla üst-üstə düşmür. Rəsmi olaraq Amerika QHT-si kimi qeydiyyatdayıq və istənilən ictimai fəaliyyətlə məşğul ola bilərik; yalnız siyasət istisna olmaqla. Odur ki, nizamnaməmizə uyğun bütün tədbirlər hökumət tərəfindən alqışlanır və yüksək qiymətləndirilir.
- Məlumdur ki, assosiasiyanız hər il Hyustonda beynəlxalq festivalda Azərbaycanı təmsil edir. Son festival necə keçdi?
- Ölkəmizi təmsil etdiyimiz beynəlxalq festivalda həmişə ayrı-ayrı məktəblərə gedir, orada Azərbaycan haqda danışır, filmlər nümayiş etdirir, kitablar paylayırıq. Hərdən bu festivalda rəqqaslarımız da iştirak edirlər və onların çıxışları tədbir iştirakçılarını valeh edir. Festivala 15-30 min arası insan qatılır. Bu il Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi oraya 29 nəfərlik nümayəndə heyəti göndərmişdi. Peşəkar rəqqaslar gəlmişdilər. Onların dəbdəbəli milli geyimləri və möhtəşəm rəqsləri amerikalıları heyran etdi. Tədbirlər bitdikdə çox tez-tez amerikalılar bizə yaxınlaşır, qucaqlayır və minnətdarlıq edirlər. Hyuston Grand Opera ilə yaxın əlaqələrimiz hesabına "Qərb - Şərq" kompozisiyasının ifası onun planına daxil edilib. Bunun üçün Azərbaycanın tanınmış bəstəkarı Firəngiz Əlizadəyə opera yazmaq təklif edilib. 2011-ci ilin mayında Hyuston operasının səhnəsindən onun "Sənin adın - dəniz" operası səsləndirilib. Bu, Qərbin klassik mədəniyyəti ilə Azərbaycan muğamının vəhdəti idi. üç gün ərzində opera şəhərin müxtəlif səhnələrində, həmçinin, Hyustondakı "Turkik House"da uğurla səsləndirildi. Biz Azərbaycan qarşısında borcumuzu yerinə yetirir və bununla fəxr edirik.
- Bu il daha hansı tədbirlər keçirmək fikrindəsiniz?
- Tezliklə Ramazan ayı başlayacaq və bu zaman ənənəvi olaraq iftar süfrələri açmağı planlaşdırırıq. Əsas ideya, xüsusilə 11 sentyabr hadisəsindən sonra dinimizin necə tolerant olduğunu nümayiş etdirmək, islamın terror demək olmadığını hər kəsə göstərməkdir. İlk dəfə bu tədbiri hələ bir neçə il əvvəl reallaşdırmışıq. Sonradan ideya digər "qardaş şəhərlər" arasında da yayıldı. Bir qədər sonra layihəni türklərlə birlikdə reallaşdırmağa başladıq. Bu işi görmək onlar üçün daha asandır. "Turkik House" Türkiyə Mədəniyyət Mərkəzi böyük üçmərtəbəli binada yerləşir, onun böyük zalı var. Orada müxtəlif miqyaslı mərasimlər keçirmək mümkündür. Məhz bu üzdən onlar tədbirlərə daha çox amerikalı qonaq dəvət edə bilir. Bu imkanları görən ABŞ vətəndaşlarında ölkə haqda müəyyən rəy yaranır. Təəssüf ki, bizim belə imkanlarımız yoxdur. Hansısa kafedə, kiminsə evində və ya digər yerdə toplaşırıq. Toplanmağımız üçün kiçik otaq veriblər. Orada 3 nəfərdən artıq insan olduqda, narahatlıq yaranır. Odur ki, həmin otaqdan nadir hallarda istifadə edirik.
- "Turkik House" kim tərəfindən maliyyələşir? Bu işi dövlət, yoxsa xeyriyyəçilər görür?
- Bu həm dövlət, həm də xeyriyyəçilər ola bilər. Hyustonda zəngin türk sahibkarlar yaşayır. Onlar bu mədəniyyət mərkəzinə pul xərcləyir. Düşünürəm ki, bu işdə dövlətin də iştirakı var, çünki türk assosiasiyasının işçiləri əməkhaqqı alırlar. Bu gün ən böyük arzum nəhəng Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılmasıdır. Bu isə hələlik yalnız plandır və konkret heç nə yoxdur.
- Amerikalıların azərbaycanlılara münasibəti necədir?
- Bizi yaxşı, isti, səmimi qəbul edirlər. Onlar festivallarda bizimlə yallı oynayır, milli mahnılarımızı oxuyur, rəsmi hissə bitdikdən sonra dağılışmırlar və Azərbaycan haqda suallar verirlər. Biz yalnız öz aramızda deyil, həm də Amerika ailələri ilə dostluq edirik. Odur ki, münasibətlərimiz əladır.
- Deyirsiniz ki, siyasi fəaliyyətlə məşğul olmaq hüququnuz yoxdur. Yəqin ki, assosiasiya çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin amerikalılara çatdırılması işindən də yan keçə bilməzsiniz...
- Bəli, siyasətlə məşğul ola bilmərik. Azərbaycanlı olaraq, Vətən qarşısında borcumuz var. Konqresmenlərlə görüşür, onlara rəsmi məktublar ünvanlayırıq. Bir müddət əvvəl Texas Senatı Xocalı soyqırımını tanıyıb. Bütün bunları biz - adi insanlar edirik. Bunlar bizim uğurumuzdur. Bu istiqamətdə tədris proqramımız var. İldə 2-3 dəfə mütləq universitetlərdə Azərbaycan tarixi ilə bağlı mühazirələr oxunur. Azərbaycan haqda filmlər nümayiş etdirir, ölkəmizin müstəqillik yolunda keçdiyi mərhələlərdən danışırıq. Bu, 20 Yanvar hadisəsi, Qarabağ problemi, Xocalı soyqırımı və digər hadisələrdir. Bütün tədbirləri Hyuston Universitetinin tələbə təşkilatı ilə birgə görürük. Onlar təşkilatçılıq edir, biz materiallar, filmlər verir, sualları cavablandırırıq. Amerikalılar siyasəti sevmir və o haqda danışmaqdan, nəyisə müzakirə etməkdən çəkinirlər. Mən hər zaman bir sözü təkrar edirəm: bu, siyasət deyil, bizim tariximizdir və yanılmamağınız üçün onu bilməyiniz lazımdır.
MƏSLƏHƏT GÖR: