Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Son illərdə Azərbaycanda iqtisadi inkişafın yüksək dinamikası, maliyyə sisteminin sürətli artımı, dəyişkən və mürəkkəbləşən iqtisadi mühit Mərkəzi Bank (AMB) qarşısında yeni öhdəliklər qoyub.
Məhz bu öhdəliklərə səmərəli cavab vermək üçün AMB iqtisadi inkişafın, həmçinin, insan kapitalının dəstəklənməsi, institsional idarəetmənin çağdaş praktikaya uyğun hala gətirilməsi, makroiqtisadi sabitliyin və bank sisteminin maliyyə stabilliyinin qorunması, həmçinin, AMB-nin əsas missiyasına xidmət edən əsas funksiyaların çağdaşlaşdırılması istiqamətində yeni strateji fəaliyyət prioritetləri müəyyənləşdirib.
2011-2014-cü illər üçün nəzərdə tutulmuş və Milli Bankın rəhbəri Elman Rüstəmov tərəfindən iyulun 21-də təqdim edilmiş yeni fəaliyyət planı qarşısına 9 strateji məqsəd qoyur ki, bunlar AMB-yə ölkədə makroiqtisadi sabitliyin dəstəklənməsinə və ardıcıl inkişafa yardım edəcək önəmli dövlət institutuna çevrilməyə imkan verəcək.
AMB nəzarəti gücləndirir
Məhz qlobal maliyyə böhranı zamanı, həmçinin, böhrandansonrakı dövrdə bank nəzarətinin təkmilləşdirilməsi beynəlxalq aləmdə geniş müzakirə obyektinə çevrilib. Bu proseslər AMB tərəfindən də çox diqqətlə izlənildi. AMB-nin bank nəzarətinin təkmilləşdirilməsi üzrə fəaliyyətini gücləndirməsi çərçivəsində artıq bir sıra yeniliklərin tətbiqi də hazırlanır.
Yeniliklər üç istiqamətdə - risklərlə bağlı nəzarətin gücləndirilməsi, banklarda korporativ idarəetmənin təkmilləşdirilməsi və risk menecmenti sahələrində gözlənilir. Birinci bəndə gəldikdə isə qeyd edək ki, kapitalın, likvidliyin və kredit resurslarının təhlükəsiz səviyyədə idarə edilməsi üçün AMB bu ildən "leverec" normativinin fəaliyyətini daha sərt şəkildə bərpa edib. Bu alət aktiv artımını kapital artımı ilə əlaqələndirir. "Leverec" normativi bankların güclü artımını dayandıracaq.
Yada salaq ki, bu normativin 8% səviyyəsində tətbiq edilməsi barədə qərar 2010-cu ilin sonunda verilib. Onun tətbiqi ilə bağlı olaraq banklar balans kapitalının aktivlərə və balans aktivlərinə nisbətinə riayət etməlidir. Azərbaycanın bank bölməsində analoji praktika bundan əvvəl də tətbiq edilib, amma əmsalı 6%-ə bərabər olan bu normativin fəaliyyəti 2003-cü ildə dayandırılmışdı.
Yeniliklərin qalan iki bəndi barədə onu bildirmək olar ki, hazırda AMB tərəfindən bankların idarə edilməsinin keyfiyyətinin yüksəldilməsi üzrə işlər görülür ki, buna da korporativ idarəetmə və risk menecmenti məsələləri daxildir. Risk menecmenti üzrə daha müfəssəl və keyfiyyətli qaydalar hazırlanıb, çünki banklarda korporativ idarəetmənin inkişafı üzrə bundanəvvəlki qaydalar 2004-cü ildə "Banklar haqqında" qanun qəbul edildikdən sonra qəbul olunmuşdu.
Maraqlı detal: bu istiqamət çərçivəsində yeniliklərdən biri bank menecerlərinə kompensasiyalar üzrə qaydaların qəbul edilməsi olacaq. AMB bank menecerlərinə bonuslar verilməsi məsələsi üzrə banklarla məsləhətləşmələr aparır. Bu, bank menecerlərinin idarəetməyə yanaşmasını dəyişə bilər, çünki yüksək gəlirlilik onlara böyük bonuslar əldə etməyə imkan yaradacaq.
Qeyd etmək lazımdır ki, bu məsələ fəal şəkildə dünyada, o cümlədən, "G-20" ölkələrində, Bazel komitəsində, həmçinin, bütün əsas platformalarda müzakirə edilir. Yəqin ki, AMB bu gün yüksək qlobal səviyyədə müzakirə olunan bu aləti tətbiq etmiş ilk ölkə olacaq. Hazırda AMB sistem risklərinin və onların idarəetməsinin qiymətləndirilməsi üçün makroprusendal nəzarət sisteminin yaradılması üzrə iş aparır. Bu məqsədlə normativ və metodoloji bazanın formalaşdırılması prosesi gedir ki, bu sistem Azərbaycanın bank sistemi üzərində belə nəzarəti gerçəkləşdirməyə imkan verəcək. Bununla yanaşı, AMB bank qrupları da formalaşdıracaq. Bu məqsədlə AMB-nin yeni kriteriyaları, bankların qısamüddətli likvidliyinin təmin edilməsi üçün yeni normativlər təsdiq ediləcək.
Yeni siyasət
AMB hazırda, həmçinin, yeni kontrtsiklik siyasətin istifadəsi və onun əsasında ehtiyatlılıq siyasəti modelinin formalaşdırılması imkanlarını müzakirə edir. O cümlədən, bank sistemində hazırda statistik ehtiyatlılıq modeli tətbiq edilir və rezervləşdirmə aktivlərin təsnifatı nəzərə alınmaqla gerçəkləşdirilir. Yeni modeldə isə rezervlərin formalaşdırılmasının iqtisadi tsikllərdən asılı olaraq formalaşdırılması nəzərdə tutulur.
AMB-nin kredit qurumlarının fəaliyyətinə nəzarət departamentinin müdiri Rəşad Orucovun sözlərinə görə, kontrtsiklik rezervləşdirmə modeli artıq işlənib və "Hazırda biz daha çox onun implementasiyasına başlamaq üçün düzgün vaxtın seçilməsi üzərində düşünürük. Durumdan asılı olaraq onun bu il yox, 2012-ci ildə tətbiq edilməsi barədə qərar qəbul edilə bilər".
"Kontrtsiklik rezervləşdirmə zamanı həm də dinamik rezervlər əlavə edilir ki, bu da bankların artımı ilə bağlıdır. Hazırda aktivlərin yaxşı vəziyyətində rezervlər yaradılmır, amma onların keyfiyyəti pisləşən zaman böyük rezervlərin yaranmasına ehtiyac ortaya çıxır", - deyə R.Orucov vurğulayır.
Əlavə rezervlərin yaranmasının vacibliyi onunla bağlıdır ki, başqa iqtisadi tsiklə keçid zamanı bank bölməsinin gəlirliliyinə ümumi iqtisadi durum təsir göstərir, çünki bu zaman banklara nəzarət orqanları tərəfindən lazımi gəlirin təmini, kapital adekvatlığının tələb olunan normada saxlanılması üzrə təzyiqlər artır. AMB tərəfindən 12% səviyyəsində müəyyən edilmiş kapital adekvatlığı norması yetərincə yüksək sayılır, çünki Bazel komitəsinin normativ tələbi 8%-dir.
Yeni modeldə banklara aktivlərin durumundan asılı olaraq əlavə rezervlər yaratmaq təklif edilir, yəni aktivlər, hətta yaxşı səviyyədə olan zaman bunu etmək gələcəkdə problemlərin həllinə imkan yaradır.
"Hazırda AMB bu modelin tətbiqi müddətini öyrənir. Bununla yanaşı, biz həm də banklara əlavə təzyiq göstərmək istəmirik. Əgər bu il banklar gəlirlilik, artım üzrə yaxşı göstəricilər təmin edərlərsə, onda kontrtsiklik rezervləşdirmə sistemini artıq 2011-ci ildə də tətbiq etmək mümkündür. Eyni zamanda, bu gün əmsalların tətbiqi üzrə müxtəlif variantlar üzərində işlənir ki, bu, bankların kredit çantalarının həcmindən asılı olacaq və əlavə rezervlər onlara uyğun yaradılacaq", - deyə R.Orucov iddia edir.
Hazırda rezervlər problemli aktivlərə nisbətdə üç göstərici (30, 60 və 100%) əsasında hazırlanır. Bu zaman Azərbaycan banklarının toplam aktivləri bir il ərzində 7,8% artaraq, 2011-ci il iyunun əvvəlində 12,97 mlrd manata çatıb. Ümumi kredit qoyuluşlarının həcmi isə 8750,4 mln manat təşkil edib ki, onun 6,3%-i vaxtı keçmişlərdir, keçən il isə bu göstərici 4,4% olub.
Və sonda. Böhrandansonrakı dövr üçün AMB-nin başlıca məsələsi bankların likvidliyinin təkmilləşdirilməsidir. Hazırda bank sektorunun sabitliyi spekulyativ kapital üçün maqnit rolunu oynayır. Bununla bağlı olaraq, spekulyativ kapital axınının qarşısının alınmasına imkan verəcək alətlərin işlənməsi planlaşdırılır.
Beləliklə, AMB qərara alıb ki, qarşıdan gələn beş il ərzində bank bölməsinin əsas problemlərini həll etsin ki, bu da, şəksiz, daxili bank bazarının həllinin, həmçinin, onun xarici bazarlardakı mənfi proseslərin neqativ təsirlərindən qorunmasının vacibliyi baxımından önəmlidir.
MƏSLƏHƏT GÖR: