Müəllif: Nurlanə QULİYEVA Bakı
Yəqin ki, hətta qlobal iqtisadi böhranın pik vaxtında belə, "defolt" və "tənəzzül" sözləri ABŞ-da və avrozonaya daxil olan ölkələrdə bugünkü qədər aktuallıq qazanmamışdı. Gah Amerika dünyanı nağd vəsaitinin tükənməkdə olması ilə qorxudur, gah Avropanın siyasi və iqtisadi elitası dövlət borcu içərisində boğulan ölkələrə yardım proqramı ilə bağlı yekdil rəyə gələ bilmir, gah da beynəlxalq qurumlar, ümumilikdə, dünya iqtisadiyyatının qarışıq, şübhəli gələcəyi haqda qaranlıq proqnozlar verir.
Bütün bu hadisələr Azərbaycandan uzaqda baş verir və onların bizə heç bir aidiyyəti yoxdur. Amma ölkəmizin dünyanın iqtisadi məkanına inteqrasiya etdiyini nəzərə alsaq, narahatlıq üçün əsas var. Ekspertlər isə əmindir ki, yeni böhran dalğasının Azərbaycana təsiri olarsa belə, o çox cüzi olacaq.
Borclu-borclunun sağlığın istər
Son bir neçə həftə ərzində iqtisadi xəbərlərdə əsas diqqət yalnız bir mövzuya yönəlib: avqustun əvvəlində ABŞ-da defolt olacaqmı və o, inkişaf etmiş dünyaya hansı təsiri göstərəcək? Qlobal maliyyə böhranının ikinci dalğasının başlanacağı haqda çox danışılır və bildirilir ki, onunla müqayisədə Lehman Brothers iflası kiçik xoşagəlməzlik sayılacaq. Bu gün əsas müzakirələr məhz defoltun konkret nə vaxt olacağı ilə bağlıdır. ABŞ prezidenti Barak Obama və maliyyə naziri Timoti Qaytner yorulmadan bir məqamı təkrarlayırlar ki, avqustun 2-dən başlayaraq hökumət artıq borc götürə bilməyəcək. Çünki bunun üçün Konqres dövlət borcunun maksimum həddini artırmalıdır. Hazırda bu rəqəm 14,3 trilyon dollardır.
Bəzi ekspertlər isə hesab edir ki, Birləşmiş Ştatların xəzinəsindəki nağd vəsait hələ 2 həftə - 1 ay üçün kifayətdir.
İstənilən halda, Amerikada vəziyyətin sabit olmadığına heç kimin şübhəsi yoxdur. "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi 2011-ci ildə ABŞ iqtisadiyyatının inkişaf proqnozunu 3%-dən 2,6%-ə salıb. 2012-ci il üçün inkişaf proqnozu dəyişməz qalıb - 2,8%. "2011-ci ilin ilk rübündə ABŞ iqtisadiyyatında inkişaf "Fitch"in gözlədiyindən zəif olub. Bu, ilk növbədə, daxili tələbatın zəifləməsi ilə əlaqədardır", - deyə agentliyin hesabatında bildirilir.
İyunun sonlarında Beynəlxalq Valyuta Fondu (BVF) da ABŞ iqtisadiyyatındakı builki artımla bağlı proqnozunu dəyişərək, onu 2,8-dən 2,5%-ə salıb. Amma bu ilin ikinci rübündə Amerika iqtisadiyyatında artım tempinin zəifləməsinə münasibət bildirən fond bunun müvəqqəti olduğunu açıqlayıb. BVF hesab edir ki, bu, neftin qiymətinin kəskin artması ilə əlaqədardır. Amerika hökuməti də eyni fikirdədir. Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernanke bu yaxınlarda bildirib ki, artıq 2011-ci ilin ikinci yarısında ABŞ iqtisadiyyatında artım templəri yüksələcək. Ölkənin borc problemi fonunda bu proqnozun nə qədər əsaslı olduğunu demək çətindir.
ABŞ-dakı vəziyyətə oxşar durum Avropada da yaşanmaqdadır. Məlum olduğu kimi, burada böhranın pioneri qismində Yunanıstan çıxış edir. O, dövlət borclarını ödəmək iqtidarında olmadığı üçün hələ 2010-cu ildə defoltun astanasında idi. Beynəlxalq maliyyə institutlarının yardımlarına baxmayaraq, Yunanıstanda vəziyyəti düzəltmək mümkün olmur. Üstəlik, onun ardınca İrlandiya, Portuqaliya, İspaniya və İtaliyada da analoji problemlər meydana çıxıb. Bu ölkələrdə yaranmış vəziyyət vahid Avropa valyutasının mövcudluğunu təhlükə altına qoyub və bu, Köhnə dünyanı təcili tədbirlər görməyə vadar edib.
İyulun 22-də Brüsseldə avrozonaya daxil olan öklələrin sammiti keçirilib. Orada defoltun astanasında olan Yunanıstana yardım üzrə yeni proqram təsdiqlənib. Proqram bu ölkəyə 3 il müddətinə 159 milyard avro ayrılmasını nəzərdə tutur. Məbləğin 109 milyardı Aİ və BVF, 50 milyardı isə özəl sektor hesabına ayrılacaq.
Bundan başqa, Yunanıstana verilmiş kreditlərin ödənilmə müddəti hazırkı 7,5 ildən 15 ilə artırılacaq. Pis halda bu müddətin 10 ili güzəştli olmaqla, 30 ilədək artırılması da mümkündür. Afina üçün illik faiz dərəcəsi cəmi 3,5% olacaq. Hazırda o, 4,5-5,8%-dir.
Avrozona ölkələrinin liderləri yeni yardım proqramında özəl sektorun iştirakına da qərar verib. Ümumilikdə, 10 il ərzində özəl sektor Afinaya 106 milyard avro xərcləyəcək.
Avroməkana daxil olan ölkələr Avropa Maliyyə Sabitliyi Fondunun (AMSF) fəaliyyət mexanizmini genişləndirməyə də qərar verib. Toplantının sonunda qəbul edilmiş kommunikedə bildirilir ki, 440 milyard avroluq bu fond lazım gələcəyi təqdirdə, Avropa ölkələrinin dövlət istiqrazlarını təkrar bazardan ala və avroməkana daxil ölkələrə kedit xətti təedim edə bilər.
Fondun yeni fəaliyyət mexanizmi İspaniya, İtaliya kimi nəhəng iqtisadi zonalarda borc probleminin yaranmasını önləməlidir. Çünki onların müflisləşməsi avronun iflasına və Avropa İttifaqının parçalanmasına aparıb çıxara bilər.
Avroməkana daxil olan ölkə liderləri tezliklə Yunanıstan üçün "Marşal planı"nı da təqdim edə bilər. O, ölkəyə iqtisadi inkişafın qaytarılması üçün vacibdir. Hazırda Yunaınstan iqtisadiyyatı dərin tənəzzül yaşaşyır və bunun səbəbi Aİ və BVF-nin "sərt iqtisadiyyat" tədbirlərinə əl atmasıdır.
Hər şey nəzarətdədir
Şübhəsiz, ABŞ və Avropanın üzərini almış defolt və tənəzzül təhlükəsi bütün dünyanı qorxudur. Demək olar, bütün ölkələr dünyanın ticari-iqtisadi şəbəkəsinə bağlıdır və orada baş verən istənilən zədə hamıya problem yaradacaq. "Fitch Ratings" tərəfindən 2011-ci il üçün dünya iqtisadiyyatının artımına dair proqnozun 3,2%-dən 3,1%-ə endirilməsi əbəs deyil. Qurum hələ martda bu rəqəmin 3,2 olacağını bildirirdi. Bununla yanaşı, o, 2012-2013-cü illərdə dünyada ümumi daxili məhsulun 3%-dən 3,4%-ə yüksələcəyini də proqnozlaşdırır. "Dünya iqtisadiyyatında artımın lokomotivi inkişaf etmiş iqtisadiyyata malik dövlətlər olaraq qalır. Lakin yüksək inflyasiya fonunda pul-kredit siyasətinin sərtləşdirilməsi üzündən onlarla bağlı proqnozlar da mənfiyə doğru dəyişib", - deyə agentliyin ekspertləri bildirir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) analitikləri isə hesab edir ki, avroməkanın borc bazarlarındakı qeyri-sabitlik MDB ölkələrinə çox cüzi təsir göstərəcək. Bu sevindiricidir.
Konkret Azərbaycana gəlincə, AYİB 2011-ci ildə Azərbaycanda ÜDM-nin artımı ilə bağlı əvvəldən verdiyi 3%-lik proqnozunu dəyişməyib. Bank hesab edir ki, bu ilin sonunda Azərbaycanda inflyasiya 9,1% olacaq. Hesabatda bildirilir ki, Azərbaycanda son zamanlar neft və qaz hasilatının həcminin sabit olması iqtisadi artımın qalmasına kömək edəcək. İqtisadiyyatın diversifikasiyası isə əvvəlkitək vacibdir. Çünki iqtisadiyyatın neftdən çox asılı olması ilə bağlı risklər qlobal iqtisadi böhran zamanı neftin qiyməti ucuzlaşdıqda özünü göstərib. "Qeyri-neft sektoruna xarici investisiyaların birbaşa cəlbi zəif olaraq qalır. Lakin Azərbaycan Dövlət neft Fondunun ehtiyatlarının böyük olması bilavasitə risqi azaldır", - deyə hesabatda bildirilir.
Göründüyü kimi, yaxın vaxtlar üçün Azərbaycan iqtisadiyyatına aşkar təhlükə gözlənilmir. Amma yenə də ABŞ və Avropada baş verənlərin Azərbaycana heç bir təsir göstərməyəcəyini söyləmək düzgün olmazdı.
Azərbaycan Dövlət Neft Fondunun son hesabatında bildirilir ki, əsasən, qiymətli kağızlardan ibarət investisiya portfelinin gəlirlərində azalma var. Bunun əsas səbəbi kimi, fond dünyanın maliyyə bazarlarında faiz dərəcələrinin son 10 ildə rekord həddə azalmasını göstərir: "Faiz dərəcələrinin aşağı salınmasının əsas səbəbi qlobal maliyyə böhranından sonra dünyanın aparıcı dövlətlərinin mərkəzi banklarında iqtisadi artımın stimullaşdırılması üçün tədbirlərə (faiz dərəcələrinin aşağı salınması ilə) başlamasıdır".
Bundan başqa, baş verənlər ABŞ və Avropa ölkələri ixrac strukturunda aparıcı yer tutmuş dövlətlərin xarici ticarət dövriyyəsində də müəyyən problemlər yarana bilər. İnflyasiya proseslərində dəyişikliklər, işgüzar fəaliyyətin zəifləməsi də istisna deyil. Qlobal iqtisadi böhranın ilk dalğası zamanı məhz bu məqamlar özünü açıq şəkildə göstərmişdi.
Onu da qeyd edək ki, ABŞ və Avropada borc problemləri ilə bağlı vəziyyətin Azərbaycan iqtisadiyyatına təsirini önləmək üçün tədbirlər görülməkdədir; məsələn, ölkə iqtisadiyyatının beynəlxalq rəqabətədavamlılığını qoruyub-saxlaması üçün Azərbaycan Mərkəzi Bankı (AMB) manatın kursunun kəskin möhkəmlənməsinə imkan verməməyə çalışır. Bunu "Trend"ə AMB-dən ABŞ-da defoltun Azərbaycan valyutasının dollara nisbətdə möhkəmlənməsinin mümkünlüyü haqda suala cavab olaraq bildiriblər. "Mərkəzi Bankın 2011-ci il üçün inflyasiya və maliyyə sabitliyi ilə bağlı prioritetlərini nəzərə alaraq, bank manatın kursunun sabitliyini qorumaq siyasətini həyata keçirəcək", - deyə qurumdan bildiriblər: "Bu vəzifələrin icrası üçün lazım gələrsə, ölkənin valyuta bazarında təkliflə tələb arasında bərabərlik yaradılması üçün işlər aparılacaq".
Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə, Azərbaycan milli valyutası 1,8, 2010-cu ildə 0,6, 2011-ci ilin əvvəlində isə 1,4% möhkəmlənib.
Bir müddət əvvəl AMB idarə heyəti sədrinin müavini Xaqani Abdullayev bildirmişdi ki, manatın kursunun möhkəmlənməsi ilə bağlı vəziyyət ödəmə balansından asılı olacaq, amma istənilən halda AMB kursun kəskin möhkəmlənməsinə imkan verməyəcək: "Əgər ötən il ticarət balansı profisiti 15 milyard dollar həcmində olmuşdusa, bu il minimal proqnoz 13-14 milyard dollardır. Onun 15 milyard dollar həddini ötməsi də mümkündür". X.Abdullayevin sözlərinə görə, AMB daim real effektiv kursu əsas götürür. Bu isə 2 parametrlə bağlıdır: Azərbaycanda inflyasiya və ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiya. Mərkəzi Bankın məqsədi ölkədə inflyasiyanın səviyyəsinin, ən azı, həmin ölkələrdəki həddə saxlanılmasına nail olmaqdır: "Bizim getdiyimiz normal makroiqtisadi struktur həm də pul kütləsinin (M2) inflyasiyaya ötən ildəki aralıqda olan nisbətidir. Pul kütləsinin artımı 30-35 faiz səviyyəsində gözlənilir, orta illik inflyasiyanın proqnozu isə 7-8 faiz arasında olacağı deyilir".
Beləliklə, dünyada yaşanan böhran Azərbaycan üçün qorxulu deyil. Qlobal İqtisadi Problemlər İnstitutunun direktoru Natiq Şirinzadə hesab edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi-maliyyə siyasəti özündə böhranların nəticələrinin neytrallaşdırılması modelini əks etdirir: "Bu siyasət uğrunda ən vacib faktorlardan biri iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun artırılmasına qayıdışdır. Bundan başqa, yeni iqtisadi nəzəriyyənin ortaya çıxacağı da istisna deyil: ona əsasən, dövlət yalnız tənzimləyici deyil, həm də bazarın tamhüquqlu oyunçusu rolunu öz üzərinə götürə bilər. Respublikada dövlət mülkiyyətinin effektiv idarə olunması dövlət tənzimlənməsinin tərəfdarlarının mövqelərini gücləndirir. Fikrimizcə, digər vacib məqam maliyyə institutlarının tədricən ikinci plana keçməsi, yerini real iqtisadiyyata verməsi ilə nəticələnən struktur dəyişikliyidir".
Bir sözlə, böhranda olan dövlətlərin Azərbaycandan öyrənməli olduqları çox məqamlar var.
MƏSLƏHƏT GÖR: