
"ƏRƏB BAHARI"nın DUMANI
Yaxın Şərq ölkələrindəki inqilabi proseslər davamlı xarakter alır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Ərəb dünyasında inqilabi proseslər davamlı xarakter alır. Misir və Tunisdə yeni hakimiyyətlər ölkənin avtoritar keçmişinə birdəfəlik son qoyacaq seçkiyə hazırlıqla məşğuldursa, bir sıra ərəb ölkələrində vəziyyət daha qarışıqdır. Liviyada uzun-uzadı davam edən müharibə və Suriyadakı bitmək bilməyən nümayişlər nəyə aparıb çıxaracaq? Bu sualların cavabı hələ ki yoxdur və bu, "ərəb baharı"nın perspektivini daha da dumanlı edir.
Liviya: "daxili çözüm" mümkün, lakin əlçatmazdır?
NATO-nun Liviyada hərbi əməliyyatlara başlamasından 4 ay keçir. Halbuki, alyans əməliyyatları 90 günə başa çatdırmaq fikrində idi. İyunun 1-də Şimali Atlantika Alyansı Liviya kampaniyasının müddətini daha 90 gün uzadıb. Bu müddətdə əməliyyatların əsas məqsədinə - Müəmmar Qəddafi rejiminin devrilməsinə nail olunacağına heç bir zəmanət yoxdur. Qərb strateqləri Liviyada yerüstü əməliyyatları arzulamasalar da, artıq bu haqda da düşünməyə başlayıblar. Liviya liderinin mövqelərinə endirilən hava zərbələri onun hərbi potensialını ciddi şəkildə zəiflədə bilməyib.
Qərbi qane etməyən bu vəziyyət nəzərə alınaraq, Liviya müxalifətinin yaratdığı Milli Keçid Şurasının (MKŞ) legitimləşdirilməsi cəhdləri artırılır. Xatırladaq ki, şura hələ bu ilin fevralında Benqazidə rəsmi Tripoliyə alternativ olaraq yaradılıb. Ona ölkənin sabiq ədliyyə naziri Mustafa Əbd-əl-Cəlil başçılıq edir. Qərbin aparıcı fövqəldövlətləri, həmçinin, İstanbulda toplanan Liviya üzrə Beynəlxalq Əlaqə Qrupunun üzvləri MKŞ-ni Liviyanın qanuni hakimiyyəti kimi tanıyıb. Vaşinqtonun məsələ ilə bağlı mövqeyini açıqlayan ABŞ dövlət katibi Hillari Klinton da bildirib ki, Qəddafi legitimliyini itirib və ölkəni dərhal tərk etməlidir. Klinton hesab edir ki, liviyalılar Qəddafinin gedişindən sonra ölkələrini necə quracaqları haqda düşünməlidirlər.
Baş verənlər Qəddafi tərəfindən cavabsız qalmayıb: "Milli Keçid Şurası adlı qurumu istər milyon dəfə tanıyın: bu sizin qərarınızla barışmayacaq liviyalılar üçün heç bir əhəmiyyət daşımır". Qəddafi bildirib ki, qiyamçılarla "Qiyamət gününədək vuruşmağa hazırdır". O, MKŞ ilə danışıqlara getməyəcəyini bəyan edib.
Hərbi əməliyyatların dayandırılması üçün Liviya daxilində hər hansı razılaşmaya gəlmək şansının olmadığı şəraitdə hər gün ölkədə dinc sakinlər ölür. Vəziyyət "ölü nöqtə"dən tərpənmir: qiyamçılar liviyadaxili dialoqun başlanması üçün Qəddafinin istefasını tələb edir, Qəddafi özü isə əvvəlcə NATO-nun atəşi dayandırmalı olduğunu bildirir. BMT Baş katibinin Liviyadakı xüsusi elçisi Abdelil Xatıb da Tripoli və Benqazi ilə apardığı danışıqlardan sonra bildirib ki, qiyamçılarla Liviya hökuməti vəziyyətdən çıxmaq üçün siyasi yol axtarışından çox uzaqdır.
Qərb də Liviyada yaranmış vəziyyətdən çıxış yolunu tapa bilmir. Vəziyyətin tezliklə düzəlməsi üçün ABŞ və Avropa İttifaqı Qəddafiyə hakimiyyətdən getdikdən sonra rahat yaşamaq imkanı verməyə daha meyillidir. Onlar Qəddafinin vətənində qalaraq yaşamasına imkan yaradılması haqda da düşünür. Bu perspektiv haqda ilk dəfə fransızlar danışıb. Fransa xarici işlər naziri Alen Jüppe bildirib ki, Liviya problemini həll etməyin mümkün yollarından biri Qəddafiyə istefasından sonra vətənində qalmaq imkanının yaradılmasıdır. Onun ardınca İtaliya XİN başçısı Franko Frattini də oxşar fikir səsləndirib: "Əgər Liviya xalqı daxili çözümün mümkün olduğunu düşünürsə, İtaliya onlarla razılaşır".
ABŞ administrasiyasının təmsilçisi Cey Kerni də Qəddafinin istefadan sonra Liviyada qalıb-qalmamasını liviyalıların müəyyənləşdirməli olduğunu söyləyib. Analoji mövqeni Britaniya hökuməti də ortaya qoyub. Demək, Avropa Qəddafi ilə istənilən kontaktları yalnız onun hakimiyyətdən gedəcəyi təqdirdə mümkün sayır. Bundan sonra isə artıq keçmiş diktatorun və onun ailəsinin təhlükəsiz şəkildə Liviyada yaşamasını təmin etməyi düşünür.
Tripoli isə bütün bu təklifləri rədd edib. Qəddafi hakimiyyətdən müxalifət və onu dəstəkləyən xarici qüvvələrin təzyiqi ilə getmək fikrində deyil.
Beləliklə, Qəddafi istefa verməkdən imtina edir, NATO aviasiyasının əməliyyatları onun rejiminin devrilməsinə, müxalifətin qələbəsinə kömək etmir. Belə olan halda vəziyyət daha çıxılmaz xarakter alır.
Rusiyanın problemin həlli üçün vasitəçilik səylərini artırması da bununla bağlıdır. Rusiya Prezidenti Dmitri Medvedev Almaniyaya səfəri zamanı məsələyə belə münasibət bildirib: "Biz problemin dinc yolla həlli imkanlarının axtarışını davam etdirmişik. Liviya probleminin hərbi yolla həlli yoxdur".
Maraqlıdır ki, Medvedevin bu bəyanatı ilə Almaniya kansleri Angela Merkel də razılaşıb. O etiraf edib ki, hazırda söhbət yalnız Liviya probleminin mümkün qədər tez çözülməsindən gelir, "yalnız hərbi vasitələrlə isə onu həll etmək mümkün deyil".
Qərbdə anlayırlar ki, NATO Liviya münaqişəsində ilişib-qala bilər. Odur ki, indi seçim diplomatik səylərin gücləndirilməsi (Qəddafinin qəti şəkildə istefasını tələb etməkdən imtina) ilə hərbi əməliyyatların, MKŞ qüvvələrinə dəstəyin miqyasının artırılması arasında olmalıdır. Bu halda da Qəddafi rejiminə qarşı hərbi kampaniyanın bu və ya digər variantının Liviya dramına son qoyacağına heç bir zəmanət yoxdur.
Suriya: islahatlar Əsədi xilas edəcəkmi?
Ərəb inqilablarının gələcək taleyi baxımından əsas ölkələrdən biri Suriyadır. Məhz o, bütünlükdə Yaxın Şərq geosiyasətində böyük rola malikdir. Suriyada daxili gər-ginliyin artması ABŞ və Avropada Bəşər Əsəd rejiminin devrilməsinə ümidlər yaradır. O, Qərbin Fələstin-İsrail münaqişəsinin həlli, Liviya böhranının çözülməsi, həmçinin, İran probleminin aradan qaldırılması ilə bağlı bir sıra planlarının həyata keçirilməsinə maneə sayılır. Məhz Suriya ABŞ-ın Yaxın Şərqə təsir imkanlarını açıq şəkildə önləməyə çalışan yeganə ərəb ölkəsidir. Suriya daxilindəki böhran gücləndikcə, Qərb strateqlərinin Dəməşqi istənilən yolla ram etmək istəyinin artması təəccüblü deyil.
Suriyada qarşıdurma isə həqiqətən də getdikcə artır. Özü də bir tərəfdən, daha çox əhali kütləsi etiraz aksiyalarına qoşulur, vətəndaşlar çəkinmədən öz siyasi mövqelərini ortaya qoyurlar, ictimai təşkilatlarda və sosial qruplarda birləşirlər; digər tərəfdənsə, hakimiyyət bu etirazları yatırmaq üçün istənilən zorakılığa getməyə hazır olduğunu nümayiş etdirir. Hakimiyyətin nümayişçilərə qarşı sərt davranışı, nizami ordu və təhlükəsizlik qüvvələrindən istifadə Dəməşqə, etirazın mərkəzi şəhərlərinə tam nəzarəti əldə saxlamağa imkan verir. Söhbət Deraa, Homs, Latakiya, Baniyas, Xama şəhərlərindən gedir. Hüquq müdafiəçilərinin məlumatına görə, yalnız son ay ərzində Suriyada hökumət əleyhinə nümayişlərə qatıldığı üçün 2000-dən artıq insan həbs edilib. Ölkədə 4 aydır davam edən qarışıqlıq 15 000-dək insanın həbsxanalara göndərilməsinə səbəb olub. Bu dövrdə ordu və polislə toqquşmalarda, təxminən, 1500 nəfər həlak olub.
Bütün bunların fonunda Bəşər Əsəd rejiminə beynəlxalq təzyiqlər də artır. Bir çox ölkə liderləri, həmçinin, BMT-nin Baş katibi Pan Gi Mun Suriya rəhbərliyindən xalqa qarşı repressiyalara dərhal son qoyulmasını tələb edib. Əsəd isə bir yandan, müxalifətə siyasi tələblərinin reallaşmasına heç bir şans saxlamayaraq, son dərəcə sərtlik nümayiş etdirir, digər yandan, onları qabaqlamaq üçün tədbirlər görür. Söhbət prezidentin islahatlar təşəbbüskarı kimi çıxış etməsindən gedir. Bu islahatlar ölkənin qismən demokratikləşməsinə aparıb çıxara bilər. Əsəd əvvəlcə fövqəladə vəziyyəti ləğv edib, 2 amnistiya elan edib, təhlükəsizlik xidməti, təhsil sisitemində islahatlara başlayıb, işsizliyin aradan qaldırılması üçün addımlar atıb. İndi isə ölkədə çoxpartiyalılığa imkan verəcək qanun layihəsinin qəbulu təşəbbüsü ilə çıxış edib. Qanun layihəsi Milli Şurada təsdiqlənməlidir. Bu quruma nəzarət isə hakim "Baas" partiyasının əlindədir. Odur ki, qanun layihəsinin qəbul olunacağına şübhə yoxdur.
Doğrudur, sənəddə bir sıra məhdudiyyətlər də var; məsələn, vətəndaşın partiyaya yazılması üçün minimum 25 yaşı olmalı, ömrünün, ən azı, son 10 ilini Suriyada yaşamalıdır. Bundan başqa, tayfa, peşə və dini əlamətlərinə görə partiya yaradılması qadağandır. Bu isə məsələn, sünnilərə ölkədəki hakim şiə-ələvilərə qarşı birləşmək şansı saxlamır.
İstənilən halda, Suriyadakı bu əsaslı və ya kosmetik islahatlar Qərbin mövqeyinə heç bir təsir göstərmir. Qərb artıq Əsəd rejimi ilə bağlı hökmünü verib və hökmdə Bəşər Əsədin istefası tələb olunur. Xüsusilə Birləşmiş Ştatlar Əsəd rejimini qeyri-legitim elan edib. İndi Vaşinqton BMT Təhlükəsizlik Şurası vasitəsilə Suriyaya sanksiyaların tətbiqinə çalışır. Bu yolda Rusiya və Çin kimi maneələr var. Onlar bu məsələdə Liviya təcrübəsinin təkrarlanmasına imkan verməyəcəklərini göstərirlər. Rusiya Prezidenti Dmitri Medvedev bildirib ki, Moskva BMT TŞ-də Suriya ilə bağlı qətnamənin qəbuluna imkan verməyəcək: "Biz istəmirik ki, sonradan manipulyasiyalara əsas verəcək qətnamə peyda olsun. Əks halda, sonradan həmin vərəqi yelləyərək deyəcəklər: "Burada yazılıb ki, Əsəd pisdir, ona görə də biz hava məkanını bağlayırıq".
Qərb Əsəd üzərində "səmanı bağlamağa" tam qərar verərsə, bu halda Moskvanın mövqeyini dinləyən olacaqmı? Təcrübə göstərir ki, NATO-nun "azad dünya"nın bu və ya digər düşməninə zərbə endirməsi üçün BMT-də yekdillik o qədər də vacib deyil.
MƏSLƏHƏT GÖR: