14 Mart 2025

Cümə, 10:51

DOSTLUQ: "LEHİNƏ" və "ƏLEYHİNƏ"

Abş Cənubi və Cənub-Şərqi Asiya regionunda çinə qarşı yeni ağırlıq mərkəzi yaratmağa çalışır

Müəllif:

01.08.2011

Vaşinqton xarici siyasətində səliqə-sahman yaratmaq üçün fəal iş aparır. İyulda ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton Yunanıstana səfər edib, daha sonra İstanbulda Liviya üzrə Beynəlxalq Əlaqə Qrupunun sammitinə qatılıb, Türkiyə rəhbərliyi ilə son dərəcə səmərəli danışıqlar aparıb.

Klintonun turnesinin "Asiya hissəsi" də bundan az maraqlı keçməyib. Hindistanın Tamiland ştatının paytaxtı Çennaydakı çıxışında o, dinləyicilərini yerli dildə salamlayaraq, Hindistanın potensialından danışıb. Bu mesajın məğzi sadə idi - ABŞ Hindistanı qüdrətli və çiçəklənən ölkə kimi görmək istəyir. Bu, Ağ evin Yer kürəsinin bu hissəsi ilə bağlı geosiyai planlarına tam cavab verir.

Klinton hər şeydən əvvəl Dehlini Asiyaya təsir imkanlarını artırmağa, Mərkəzi Asiya regionunda kommersiya fəaliyyətinin inkişafı üçün iqtisadi gücündən yararlanmağa, Əfqanıstan və Pakistanla ticarət əlaqələrini gücləndirməyə çağırıb. Dövlət katibi bildirib ki, Hindistan hökuməti bütünlükdə Asiya-Sakit okean regionunun gələcəyinə müsbət təsir göstərə bilər.

Vaşinqton üçün ticarət yolları, balıq ehtiyatları və ciddi enerji resrusları ilə Cənubi Çin dənizi regionu xüsusi əhəmiyyət daşıyır. Ötən il Klinton açıq şəkildə bildirmişdi ki, bu region ABŞ-ın milli maraqları çərçivəsinə daxildir. Cənubi Çin dənizini öz nüfuz dairəsinə aid bölgə sayan Çin isə Klintonun bu bəyanatını mənfi qarşılamışdı.

İst?nilən halda, ABŞ vaxtını hədər vermir. O, İndoneziya, Filippin, Sinqapur, Yaponiya, Vyetnam, Avstraliyadan ibarət blok yaradır. "Müttəfiqlər"in fəaliyyət sahəsi genişdir - iqtisadiyyatdan tutmuş, müdafiə sahəsində əməkdaşlığadək; məsələn, Sinqapurda Amerika hərbi gəmilərinin bazası peyda olub. Vaşinqton ABŞ, Hindistan və Yaponiya arasında üçtərəfli strateji dialoq da qurur. Məqsəd "Asiyada sülh və sabitliyin qorunub-saxlanması"dır. Kimin ağlına gələrdi ki, Vyetnam və ABŞ Hərbi Dəniz Qüvvələri birgə təlim keçirəcək? Amma bu artıq baş verib.

Bütün bu dövlətlər arasında yalnız Hindistan Asiyada Çinə əsas rəqibə çevrilmək iqtidarındadır. Dehlini Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun işində müşahidəçi kimi iştirak etməyə çağıran, həmçinin, Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq üçün verdiyi ərizəni dəstəkləyən Vaşinqton da bunu yaxşı anlayır.

Klinton Hindistana səfəri zamanı bildirib ki, Birləşmiş Ştatlar bu Asiya ölkəsinə terrorla mübarizədə də bütün lazımi dəstəyi verəcək. Qeyd edək ki, dövlət katibi Hindistana Mumbaidə törədilmiş və 19 nəfərin həyatına son qoymuş terror aktından, təxminən, 1 həftə sonra baş çəkib.

Bunların fonunda Pakistan xüsusi xidmət orqanlarının radikal islamçı qruplarla əlaqəsinə dair çoxdankı şübhələr, həmçinin, ABŞ-ın Əfqanıstandakı hərbçilərinin sayını azaltmaq qərarı narahat edir. Hindistanın xarici işlər naziri Somanahalli Mallayya Krişna Əfqanıstandan koalisiya qüvvələrinin çıxarılması ilə bağlı narahatlığını dilə gətirib. O, NATO üzvləri və onların müttəfiqlərini Əfqanıstandakı fəaliyyəti davam etdirməyə çağırıb. Hillari Klinton isə həmkarını sakitləşdirməyə çalışaraq bildirib ki, Vaşinqton Əfqanıstanı "tək qoymaq" fikrində deyil. "Qoşunların Əfqanıstandan çıxarılması məsuliyyətdən imtina etmək demək deyil", - deyə Klinton qeyd edib.

O, Hindistanla Pakistanın münasibətlərin normallaşdırılması üçün ikitərəfli dialoqun bərpasına qərar verməsindən razılığını da ifadə edib. Dövlət katibinin fikrincə, bu addım "terrora sinə gərmək üçün" vacibdir.

ABŞ-Hindistan münasibətlərini korlayan yeganə məqam atom energetikasıdır. ABŞ dövlət katibi Hindistanı nüvə enerjisindən dinc məqsədlər üçün istifadəsi sahəsində əməkdaşlığı gücləndirməyə də dəvət edib. Hər şey göründüyü qədər də sadə deyil. 

Klinton, həmçinin, Dehliyə, ölkə parlamentində qəbul edilmiş və nüvə reaktorlarında baş verə biləcək qəzaya görə, AES inşaatçılarının məsuliyyətini müəyyənləşdirən qanunla əlaqədar, MAQATE ilə birbaşa dialoqa getməyi də tövsiyə edib.

Qeyd edək ki, Hindistan parlamentinin ötən il qəbul etdiyi qanun reaktorda aparılan işlər zamanı baş verən qəzaya görə nüvə avadanlıqlarının təchizatçısından nəhəng ödənişlərin tələb olunmasına imkan verir. Amerikalılar isə başqa ölkələrin də eyni yola əl ata biləcəyindən narahatdır.

"Dünyanın ən çox əhaliyə malik iki demokratiyası arasında yeni tərəfdaşlığın əsası kimi qəbul edilən Amerika-Hindistan nüvə razılaşması 2008-ci ildə razılaşmanın imzalanmasından sonra təhlükəli şəkildə yox olmağa doğru getməkdədir. Hindistan parlamentarilərinin nüvə avadanlıqları təchizatçılarına tətbiq etdiyi ağır şərt vəziyyəti Amerikanın özəl sektora aid şirkətlərinin deyil, Rusiya və Fransanın dövlət şirkətlərinin xeyrinə dəyişib", -  nüfuzlu "The Washington Post" qəzeti belə yazır. Təsadüf olub-olmadığını söyləmək çətindir, amma Klintonun Hindistan səfəri Dehlinin yataqlarının birindəki uran ehtiyatının həcminin proqnozlaşdırıldığından daha artıq olmasına dair  açıqlama ilə eyni vaxta düşüb. Söhbət Andhra-Pradeş ştatındakı ehtiyatdan gedir. Hindistan bəyan edib ki, oradakı yataqda uran ehtiyatı 49 min deyil, 150 min ton imiş. Bu isə dünyanın ən böyük yataqlarından biri deməkdir. Beləliklə, Hindistanda ümumilikdə, təxminən, 275 min ton zənginləşdirilməmiş uran var.

Yaxın zamanlarda Dehli 10-dan artıq yeni AES inşa etmək niyyətindədir. "BBC News" xəbər verir ki,  hazırda Hindistan  istehsal olunan elektrik enerjisinin 3%-dən də azını atom stansiyalarından əldə edir. 2050-ci ildə hökumət ümumi istehsal olanan  elektrik enerjisinin 25%-dəkini AES-dən əldə etmək  niyyətindədir.

Bu, nəhəng pullar deməkdir. Amma  "Fukusima" AES-dəki qəza  "odun üzərinə yağ töküb".

Digər yandan, hindistanlı deputatları da başa düşmək olar. Yaponiyada bir müddət əvvəl baş vermiş dağıdıcı sunamidən dəhşətə gəlmiş beynəlxalq ictimaiyyət, nədənsə, Bhopal fəlakətini nadir hallarda yada salır. Xatırladaq ki, 1984-cü il dekabrın 3-də səhər saatlarında Hindistanın Bhopal şəhərindəki (Madhya-Pradeş ştatı) "Union Carbide" kimyəvi zavodunda baş vermiş qəza, ən azı, 18 min insanın həyatına son qoymuşdu. Onların 3 mini bilavasitə faciə günü, 15 mini isə sonrakı illərdə dünyasını dəyişmişdi. Qəzanın baş verdiyi rayon hələ də ekoloji baxımdan təhlükəli ərazi sayılır. Müxtəlif məlumatlara görə, həmin hadisə nəticəsində 150-600 min insan zərər çəkib. Bu, Bhopal faciəsini insan təl?fatı baxımından dünyanın ən nəhəng texnogen fəlakəti saymağa imkan verir...

Bundan başqa, Dehli Vaşinqtonu Hindistanın özəl şirkətlərinin Amerika nüvə texnologiyalarını və informasiyalarını digər ölkələrə satmayacağına inandırmağa da çalışmır. 

Bu olmadan, Amerika qanunvericiliyinə görə, razılaşma əldə edilə bilməz. Üstəlik, Hindistan Amerika şirkətlərini 10 milyard dollar dəyərində çoxhədəfli hərbi təyyarələr satmaq imtəyən  iddialılar sırasından da çıxarıb. ABŞ mətbuatı isə yazırdı ki, milyardlarla dollarlıq bu razılaşma tərəflər arasında yeni strateji tərəfdaşlığın əsasını qoya bilər.

Klinton Hindistandan İndoneziyaya yollanıb və Bali adasında ASEAN ölkələrinin zirvə görüşünə qatılıb. 1967-ci ildə yaradılmış ASEAN-a hazırda 10 ölkə daxildir: İndoneziya, Malayziya, Sinqapur, Bruney, Tailand, Filippin, Myanma, Vyetnam, Kamboca və Laos. 

Çin, Yaponiya, Rusiya, ABŞ, Hindistan, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Şimali Koryea, Kanada və Avropa İttifaqı blokda dialoq tərəfdaşlarıdır. Dialoq tərəfdaşları hər il onun təhlükəsizlik üzrə regional forumunda iştirak edir. Bu il ilk dəfə olaraq, ASEAN ölkələrinin xarici işlər nazirlərinin illik Şərqi Asiya sammitinə hazırlıq üzrə toplantısına tamhüquqlu üzv kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Hillari Klinton da dəvət almışdılar.

Qərb KİV yazır ki, forumda ABŞ üçün vacib olan qərarlar qəbul edilib. İlk növbədə, forumun kluarlarında Şimali Koreya və Cənubi Koreya diplomatlarının planlaşdırılmamış görüşü olub. Rəsmi hissədə isə ASEAN-a daxil olan 10 ölkənin xarici işlər nazirləri, həmçinin, Yaponiya, Cənubi Koreya və Çinin xarici siyasət idarəsinin rəhbərləri Pxenyanın nüvə proqramı ilə bağlı problemin həlli üçün danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb. Xatırladaq ki, 2003-cü ildə başlanmış bu danışıqlar Şimali Koreyanın təşəbbüsü ilə 2008-ci ilin dekabrında dayandırılıb.

Bu məqsədlə Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Ke Qvan Nyu-Yorka dəvət olunub. Klintonun sözlərinə görə, ABŞ Pxenyanla dialoqa açıqdır. Vaşinqton danışıqların uzadılmasına tərəfdar deyil və "Şimali Koreyanı yalnız danışıqlar masası arxasına qayıtdığı üçün mükafatlandırmağı düşünmür".

Amerikalıların bildirdiyinə görə, ASEAN forumunda son zamanlar əsl başağrısına çevrilməkdə olan daha bir beynəlxalq problemin həlli istiqamətində addım atılıb. Söhbət Çinin ASEAN-ın 4 üzvü - Filippin, Malayziya, Bruney və Vyetnamla, həmçinin, Tayvanla Cənubi Çin dənizinin hövzəsi ilə bağlı mübahisəsindən gedir. Qeyd edək ki, son ildə bu sahədə vəziyyət kifayət qədər gərginləşib. Nəticədə, bir tərəfdən Çinin, digər yandan isə Filippin və Vyetnam hərbi gəmilərinin iştirakı ilə bir neçə ciddi insident baş verib.

İndoneziya forumunda Çin və Cənub-Şərqi Asiyanın bir sıra ölkələri Cənubi Çin dənizində ərazi mübahisəsinin həlli ilə bağlı ilkin razılıq əldə edib. Onlar gələcək davranış kodeksinin prinsipial məqamlarını razılaşdırıblar.

Əksər müşahidəçilər razılaşdırılmış sənədin mətnini qeyri-müəyyən saysa da, bu, gərginliyin aradan qaldırılması istiqamətində atılmış böyük addımdır. Çinin xarici işlər naziri Yan Tszeçi bildirib ki, Cənubi Çin dənizinin ən böyük hissəsinə iddialı olan Pekin problemin dinc yolla həllinə tərəfdardır.

Bununla yanaşı, bir çox müşahidəçi hesab edir ki, ABŞ "ASEAN diplomatiyası"nın gedişini sürətləndirməyə, bununla da Pekinlə rəqabətdə onu alətə çevirməyə çalışır.

Klintonun Çin Dövlət Şurasının üzvü Day Binqo ilə qeyri-formal görüşündə tərəflər Asiya-Sakit okean regionunda sülh və sabitliyin qorunub-saxlanması üçün birgə səylər göstərmək haqda da razılığa gəliblər. Amma nədənsə, Şərq diplomatiyasının bu təskinedici sözlərinə adamın inanmağı gəlmir/. 



MƏSLƏHƏT GÖR:

448