14 Mart 2025

Cümə, 10:48

DAXİLDƏN BAXIŞ

Viktor Çernous: "Dağlıq Qarabağ münaqişəsi ətrafında sosial-siyasi mühiti dəyişmək vacibdir"

Müəllif:

01.08.2011

Cənub  federal  universitetinin təkmilləşdirmə və ixtisasartırma İnstitutu nəzdində  Regional Sistemli Tədqiqatlar və Proqnozlar  Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasındakı sosiologiya İnstitutunun Cənubi Rusiya filialının Qafqaz üzrə politologiya və sosiologiya şöbəsinin müdir müavini, siyasi elmlər namizədi, professor Viktor Çernousla eksklüziv müsahibə.   

- Viktor Vladimiroviç, artıq 3 ildir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təkbaşına fəal siyasət aparır. Rusiya başqa fövqəldövlətlərin, xüsusilə, ABŞ-ın iştirakı olmadan bu problemi çözə bilərmi?

- Dağlıq Qarabağ münaqişəsi Qafqazın ən çətin problemlərindən biridir. Tərəflərin mövqeyi rəsmi səviyyədə yaxınlaşmır, həll prosesi dalana dirənib. Rusiya digər regional fövqəldövlətlər kimi (İran, Türkiyə) Qafqazda münaqişələrin olmasında maraqlı deyil. Çünki onlar istənilən an  genişmiqyaslı müharibələrə aparıb çıxarar. Unutmaq olmaz ki, Rusiya münaqişəni həll edə bilməz. O, yalnız tərəflər arasında razılaşmanın qarantı kimi çıxış edir. ABŞ, Avropa İttifaqı isə münaqişənin həll prosesinə kömək edə bilər. Bu kömək zəif də olsa, hiss olunur.

Nəzəri baxımdan onlar Dağlıq Qarabağ problemini həll edə bilər. Təcrübədə bu, ABŞ-ın dünyadakı liderlik mövqeyinin və NATO-nun zəifləməsi fonunda, Qafqazda geosiyasi maraqların həyata keçirilməsi olacaq. Qərbin sülhməramlılıq siyasətinin nədən ibarət olduğunu Əfqanıstanda, İraqda, Liviyada, bunadək isə Yuqoslaviyada və başqa yerlərdə də görmək mümkündür. 

Fikrimcə, problem regional qüvvələrlə çözülməli, Qafqazın qab-qacaq dükanına ABŞ fili buraxılmamalıdır. Bu gün Dağlıq Qarabağ münaqişəsi ətrafında sosial-siyasi mühitin özünün dəyişdirilməsi vacibdir: ekspertlər arasında dialoq fəallaşdırılmalı, xalq diplomatiyası gücləndirilməli, tərəflər arasında elmi-mədəni əlaqələr genişləndirilməli, ümumregional iqtisadi layihələr  reallaşdırılmalıdır.

Rusiya, xüsusilə, ərazisindəki  nüfuzlu Azərbaycan və erməni diasporunun köməyi ilə moderatora çevrilə, eyni zamanda, belə dialoq, əməkdaşlıq üçün meydan da ola bilər.

- 2012-ci ildə Qəbələ RLS-in Rusiyaya icarə müddəti bitir. Rusiya KİV-də bu obyektin perspektivlə bağlı ziddiyyətli məlumatları yer almaqdadır. Necə düşünürsünüz, Rusiyanın bu RLS-ə ehtiyacı varmı, yoxsa Qəbələni Rusiya ərazisindəki RLS-lər əvəzləyəcək?

- Qəbələ RLS-lə bağlı vəziyyət həqiqətən də sadə deyil. O, HHM problemi, Rusiyada seçki və əlbəttə ki, Azərbaycanın geosiyasi seçimi ilə əlaqəlidir. Rusiya yeni stansiya qurmaq gücündədir və Armavirdə belə stansiya yaratmağı planlaşdırır. Qəbələ RLS-in icarə müddətinin bitməsi Rusiyanın Cənubi Qafqazda sıxışdırılmasının daha bir göstəricisi kimi qəbul ediləcək. Üstəlik, Yaxın Şərqdə vəziyyət son dərəcə qeyri-sabitdir. NATO və ABŞ-la münasibətlərin "yenilənməsi"nə ümidlər nə reallıq, nə də xülya kimi təsdiqini tapır.

Avroatlantika təhlükəsizlik sistemi iflasa uğrayıb və onun strateji perspektivləri yoxdur. Gələcək Avrasiya kontinental təhlükəsizlik sistemindədir. Orada Qara dəniz və Xəzər dənizi regionları, onlara daxil ölkələr faktik olaraq, təklif edildiyi kimi, ABŞ-ın əlaltıları yox, real subyekt rolu oynayacaq. Hər şeydən əvvəl Cənubi Qafqaz ölkələrinin öz aralarında, onlarla Rusiya və digər dövlətlər arasında qarşıdurmanı aradan qaldırmaq lazımdır. Regional həmrəylik və əməkdaşlıq daha rasionaldır və tərəflərə daha çox sərf edir, nəinki aqressiv rəqabət və ABŞ-la eksklüziv münasibətlərə ümid. Təcrübə göstərir ki, ABŞ üçün daha sərfəli variant yarananda, bu ölkənin ən sevimli müttəfiqləri və əlaltıları belə, Vaşinqtonun gözündə öz legitimliyini itirir.

- Daha bir vacib məqama toxunmaq istərdik. Bu yaxınlarda Moskvada miqrant probleminə həsr olunmuş konfrans keçirildi. Rusiya hökumətinin leqal və qeyri-leqal miqrantlarla bağlı qanunvericiliyi sərtləşdirəcəyini gözləmək olarmı?

- Dövlət Dumasına seçki, həmçinin, prezident seçkisinin yaxınlaşması qanunvericilik fəaliyyətinə öz təsirini göstərir. Cəmiyyət beynəlxalq münasibətlərdəki vəziyyətdən, etnik faktorlarla bağlı baş verən miqyaslı toqquşmalardan narahatdır. Güman ki, qanunvericilikdə bu məsələlərə birbaşa toxunulmayacaq və hər şey seçkiqabağı ritorika ilə məhdudlaşacaq.

Leqal miqrantlarla bağlı, ümumiyyətlə, heç bir sərt tədbir görülməməlidir. İstənilən halda, regional hakimiyyətlər miqrantlarla yerli əhali arasında qarşılıqlı adaptasiyanın yolları və mexanizmlərinin tapılması üçün fəaliyyətdədir. 

Leqal miqrantlarla bağlı siyasət iki formada həyata keçiriləcək: onların bir hissəsinin leqallaşdırılması, digərlərinin ölkədən çıxarılması və qeyri-leqalların ölkəyə gəlişinin önlənməsi. Rusiyanın miqrasiya siyasətinə liberal və məhdudlaşdırıcı tədbirlərin dixotomiyası səciyyəvidir. Sonuncu uzun perspektiv üçün o qədər də ağlabatan deyil. Sosioloji sorğular göstərir ki, əhalinin əksəriyyətini miqrantlar deyil, məmurların, güc strukturlarının, həmçinin, öz miqrant işçilərini kriminogen sosial duruma salan bir qrup biznesmenin korrupsiyalaşması daha çox narahat edir.

- Ötən il Rusiya hökuməti miqrasiyanı məhdudlaşdırmaq üçün bəzi tədbirlər gördü. Miqrantların bazarlarda ticarətlə məşğul olması qadağan edildi. Bu addımlar gözlənilən nəticəni verdimi?

- Bazarlarda miqrantların fəaliyyətinin məhdudlaşdırılması vizual baxımdan da ciddi dəyişikliklərə səbəb olmadı. Əslində, problem piştaxtanın arxasında kimin dayanmasında yox, bazarlara, yerlərin bölüşdürülməsinə, qiymətlərə və s. kimin nəzarət etməsində idi. Burada kriminalla (etniklər də daxil olmaqla) hüquq-mühafizə orqanlarının birliyi davam edir. "Sistem"dən kənar istehsalçının bazara çıxışı məhduddur. Çox vaxt piştaxta arxasında dayananlar guya öz bostanında becərdiyi meyvə-tərəvəzi satan "nənə"lərdir, amma əslində, onlar başqa ölkə və regiondan gətirilən malları pərakəndə şəkildə satan sahibkara işləyirlər. O da nəzərə alınmalıdır ki, keçmiş Sovet İttifaqı respublikalarından gətirilmiş məhsullar, adəti üzrə, əhali tərəfindən özününkü sayılır.

- Rusiya inşaat, kommunal, ticarət və sair sahələrdə miqrantlarsız keçinə bilərmi?

- Tədricən, iqtisadiyyatın əsas sahələrində canlanma gedir. Bu üzdən Rostov vilayəti də daxil olmaqla, əksər regionlar müxtəlif kateqoriyaya aid miqrantlar olmadan keçinə bilmir. Problem ondadır ki, miqrasiya strukturu ilə regionların bu və ya digər mütəxəssislərə (ixtisaslaşmış və ya ixtisaslaşmamış) tələbatı uyğun gəlmir. Miqrasiya probleminin bürokratik həll qaydaları (kvota və s.) işləmir və ya effektiv deyil. Bəla ondadır ki, əhali ilə miqrantların qarşılıqlı adaptasiyası məsələsiylə məşğul olanlar azdır. Diaspor çox fəal deyil, bu sahədə qeyri-kommersiya qurumları isə təzə-təzə yaranır və onların sayı azdır.


MƏSLƏHƏT GÖR:

364