
PRİNSİPİAL PRİNSİPLƏR,
Yoxsa Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda əsas maneələr?
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Ənənəvi olaraq, yay ayları siyasi hadisələrlə o qədər də zəngin olmur. Bu yay isə istisnadır. Yayın gəlişindən sonra bir neçə ciddi hadisə baş verdi və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin fəallaşması da bunlardan biridir.
Kazandakı konfuza baxmayaraq, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr iyulda bu istiqamətdə növbəti cəhdini edib. Gözlənildiyi kimi, bu dəfə də əsas təşəbbüskar rolunda 3 həmsədr ölkənin başçıları arasında münaqişə ilə bilavasitə məşğul olan Rusiya Prezidenti Dmitri Medvedev çıxış edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevan və Bakıya baş çəkərək, Azərbaycan, Ermənistan prezidentlərinə D.Medvedevin məktubunu təqdim edib. Rəsmi məlumata görə, məktubda tərəflərə münaqişənin həllinə dair əlavə təkliflər yer alıb.
Güman ki, yeni "Medvedev planı"nda danışıqlarda baza sayılan Minsk prinsiplərinin məğzi dəyişdirilməyib və onlar texniki detallarla bağlı bəzi yeniliklərdən ibarətdir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin məktuba cavabını Dmitri Medvedevə təqdim edib. Ermənistanın dövlət başçısı Serj Sarqsyan da rusiyalı həmkarının təkliflərinə rəsmən cavab verib.
Bununla yanaşı, iyulun 11-18-də ATƏT-in Minsk qrupunun həmsədrləri Moskva, Vilnüs, Bakı və Yerevana baş çəkiblər. Bakıda Azərbaycan, Yerevanda isə Ermənistan prezidenti ilə görüşən vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə baza prinsipləri üzərində razılığa gəlməyin vacibliyini bildiriblər. Onlar möhkəm sülhə, təhlükəsizliyə, region xalqlarının barışığına nail olmaq üçün siyasi iradə nümayişinin vaxtı çatdığını söyləyiblər.
Prezidentlər öz növbələrində çərçivə sənədi üçün təklif olunan son formullar üzərində işə başlaması üçün fəaliyyəti davam etdirməyə hazır olduqlarını, həmsədrlərlə birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Həmsədrlər ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin də iştirakı ilə Rusiyan XİN başçısı Sergey Lavrovla görüşüblər. Görüşdə Minsk qrupu çərçivəsində aparılan işlər müzakirə edilib.
Vilnüsdə vasitəçilər ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri A.Ajubalislə bir araya gəliblər. ATƏT sədri Kazan görüşündən sonra sülh prosesində atılmış addımlar haqda məlumatlandırılıb.
Eyni məsələ ABŞ dövlət katibi Hillari Klintonla Türkiyə XİN başçısı Əhməd Davudoğlunun görüşündə də müzakirə edilib.
Bütün bu ajiotaj göstərir ki, həmsədrlər münaqişənin həllində hərbi yola əl atılmasını önləməyə, hazırkı status-kvonu dəyişməyə çalışırlar. Amma hansı yolla? Onlar qarşıya qoyulmuş məqsədə çatmaq üçün hansı rçaqlardan istifadə etməyi düşünür?
Ermənistan D. Medvedevin məktubuna özünəməxsus reaksiya verib. Müxalifətçi "İrs" partiyasının lideri, sabiq xarici işlər naziri R.Ovannisyan hakimiyyətdən Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin müzakirə etdikləri sənədin, həmçinin, Medvedevin son məktubunun məğzinin açıqlanmasını tələb edib. Ovannisyanın fikrincə, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqların Bakı ilə danışıqlarda müzakirə obyekti olmaması üçün Ermənistan təcili şəkildə oraya əhali yerləşdirməlidir.
Erməni ictimaiyyətindəki bu əhvalı, baza prinsiplərinə münaqişə tərəflərinin fərqli yanaşmasını nəzərə alsaq, aydın olur ki, texniki detallar razılaşdırılmadan "yol xəritəsi"nin imzalanması kifayət qədər problemli məsələdir. Belə olan halda onların qeyd-şərtsiz yerinə yetirilməsindən isə danışmağa dəyməz.
Erməni tərəfinin Madrid prinsiplərində daim diqqət çəkdiyi prinsipial məqamlardan biri münaqişə tərəflərinin problemin yalnız dinc yolla həllinə dair üzərlərinə götürməli olduqları öhdəlikdir.
Vasitəçilərin bu təklifi istər-istəməz dünyada baş vermiş müharibələrin tarixindən bəzi məqamları yada salır. Birinci Dünya müharibəsinin müəyyən mərhələsində Kayzer, İkinci Dünya müharibəsində isə nasist Almaniyası əvvəlcədən rəqiblərinə məxsus böyük bir ərazini işğal etməklə, hərbi əməliyyatların dayandırılması, sülh danışıqlarına başlanılması təklifi ilə çıxış etmişdi. Hər iki halda Antanta dövlətləri və antihitler koalisiyası bu təklifi birmənalı şəkildə rədd etmiş, haqlı olaraq hesab etmişdilər ki, bu, təcavüzkarın mükafatlandırılması olardı. Qəribədir ki, həmin iki halın hər birində antihitler koalisiyasının üzvü olmuş həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsində əks-yanaşma ortaya qoyur, bununla da Ermənistana danışıqlarda bundan sonra da destruktivlik imkanı yaradan kart-blanş verir.
Həmsədrlər hərbi əməliyyatların bərpasının yolverilməzliyini hazırkı vəziyyətin məhz ötən əsrin 90-cı illərindəki müharibənin nəticəsi olması ilə izah edir. Onlar bu dəfə eyni hadisələrdən qaçmağın vacibliyini bildirir. Bəs o zaman onların təcavüzkarı neytrallaşdırmasına nə mane olurdu? O zaman Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını sadəcə müşahidə etməklə kifayətlənən həmsədr ölkələr sülhməramlı missiyalarını yalnız Azərbaycanın iqtisadi qüdrətini, ordusunun döyüş qabiliyyətini artırmasından sonra fəallaşdırıb.
Tərəflər arasında atəşkəs haqda Bişkek protokolu da 1994-cü ildə Azərbaycan ordusunun Füzuli-Horadiz istiqamətində uğurlu qış kampaniyasının başlanması, elə həmin il ermənilərin Tərtər istiqamətində geri çəkilmək məcburiyyətində qalmasından sonra məhz həmsədrlərin təkidi ilə imzalanıb. Razılaşaq ki, münaqişə tərəflərinin vasitəsilər tərəfindən atəşkəsə məcbur edilməsi münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə cəhdə deyil, təcavüzkarın qeydinə qalınmasına daha çox oxşayır.
Bu gün də həmsədrlər münaqişənin yalnız sülh yolu ilə həlli prinsipini əsas şərt kimi ortaya qoymaqla, Ermənistanın işğalçılıq iştahına bu və ya digər formada göz yumur.
Bütün bunlarla yanaşı, Bakı siyasi iradə nümayiş etdirərək, buna prinsipial razılığını verir, amma bir əhəmiyyətli şərtlə: bu proses əbədi ola bilməz. Yəni, sülh prosesi Ermənistan və himayədarlarının ümid etdiyi kimi, sonsuzluğadək uzanmamalıdır. İşğal olunmuş torpaqlarını təkbaşına azad etməyə qadir olan Azərbaycan uzaq perspektiv üçün üzərinə belə öhdəlik götürmək niyyətində deyil. Bakının bunun üçün kifayət qədər əsasları var.
Bu gün BMT-nin Ermənistandan Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edən 4 qətnaməsinin və hərbi əməliyyatların bərpası üçün real imkanları olduğu şəraitdə həmsədrlər təcavüzkara təzyiq rçaqlarının olmadığını iddia edir. Azərbaycanın münaqişənin birmənalı olaraq sülh yolu ilə həllinə dair öhdəlik götürməsindən sonra belə, həmsədr ölkələrin spekulyasiyaları, çətin ki, bitsin. Nə qədər ki Bakı Madrid prinsiplərinə əlavə olaraq danışıqlar prosesinin müddətinə dair hüquqi əsası olan dəqiq zəmanət almayacaq, "yol xəritəsi"nin imzalanması haqda razılaşma əldə etmək problem olacaq. Həmin sənəddə yalnız Madrid prinsiplərinin bu və ya digər bəndinin həyata keçirilməsinin müddəti göstərilməli, razılaşmadan çıxacaq tərəfə tətbiq ediləcək sanksiyaların nədən ibarət olacağı da əksini tapmalıdır. Əks təqdirdə bu, yerində addımlamaqdan başqa bir şey deyil.
E. Məmmədyarovun Moskvada Lavrovla birgə keçirilən mətbuat konfransında səsləndirdiyi bəyanat da bunun sübutudur: "Hazırda müzakirə olunan prinsiplər həqiqətən də hüquqi öhdəliklər yox, siyasi sənəddir. Hesab edirəm, sülh razılaşmasının hüquqi öhdəliklərinin müzakirəsinə başlamalıyıq".
Ərazi bütövlüyünə əməl olunması məsələsi də kifayət qədər ciddidir. Həmsədr ölkələr müstəqil Ermənistanın hələ də sovet Ermənistanının ali Şurasının 2 qərarını ləğv etmədiyinə diqqət çəkməlidir. Söhbət "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında" adlı qətnamədən gedir. Bu, hüquqi nöqteyi-nəzərdən Azərbaycan ərazisinin anneksiyası deməkdir. Yalnız bu qərarların rəsmən ləğv edilməsi Yerevanın beynəlxalq hüquq normalarına hörmət etdiyinin, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində siyasi iradə nümayiş etdirməsinin göstəricisi sayıla bilər.
Dağlıq Qarabağın yekun statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsi daha bir əhəmiyyətli məqamdır. Bu məsələdə Ermənistan "üçqat" prinsip nümayiş etdirir. O, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı torpaqların işğaldan boşaldılması əvəzində Bakıdan DQ-nin müstəqilliyinin tanınmasını istəyirdi.
Vəziyyətdən yeganə çıxış yolunun problemin mərhələli həlli planı olduğunu anladıqdan sonra, Yerevan Dağlıq Qarabağın erməni əhalisi arasında beynəlxalq hüquqa zidd olaraq keçirilən "referendum"ların nəticəsinə istinad etməyə başladı. Ermənistan bu "referendum"larla guya "Qarabağ xalqı"nın artıq öz iradəsini ortaya qoyduğunu iddia edir.
Bu gün isə Ermənistan sanki Dağlıq Qarabağda azərbaycanlıların da iştirakı ilə səsvermənin keçirilməsinə razıdır. Bu zaman ermənilərin bir şərti var: Dağlıq Qarabağın azərbaycanlı icmasının və səsvermə hüququ olan azərbaycanlıların sayı 1988-ci ildəki səviyyəyə endirilməlidir. Burada da beynəlxalq hüquq normaları ilə açıq ziddiyyət ortadadır. Bu, Ermənistanın siyasəti ucbatından Dağlıq Qarabağdan kənarda doğulmuş və artıq səsvermə yaşına çatmış azərbaycanlıların hüquqlarının pozulması deməkdir.
Bu məsələdə Azərbaycanın mövqeyi münaqişə ilə əlaqədar digər məqamlarda olduğu kimi, illər uzunu dəyişməzdir: Dağlıq Qarabağın yekun statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, azərbaycanlıların nəinki DQ ətrafındakı işğal olunmuş rayonlara, həmçinin, bilavasitə Dağlıq Qarabağa qayıdışından sonra bütünlükdə ölkə vətəndaşlarının iştirakı ilə keçiriləcək səsvermədə həll olunmalıdır. Bu, Azərbaycan Konstitusiyasında əksini tapmış məqamdır.
Bu məsələdə münaqişə tərəflərinin mövqeyindəki fərq ortadadır. Vasitəçilər isə bu qarışıq məsələyə konkretlik gətirməyə tələsmir, tərəflərə məsələni özləri istədiyi kimi yozmağa imkan verir.
Beynəlxalq təcrübədə isə belə hallara rast gəlinir. Bosniya və Xorvatiya serbləri kompakt yaşadıqları ərazilərdə "referendum" keçirən zaman, beynəlxalq ictimaiyyət onun nəticəsini tanımamışdı. Yalnız Bosniya və Xorvatiyada keçirilmiş ümumrespublika referendumlarının nəticəsi tanınmışdı. Bundan başqa, bu ölkələrdə yaşayan serblər danışıqlar prosesində də tərəf kimi qəbul edilməmişdi. Danışıqlarda tərəf kimi yalnız Serbiya çıxış etmiş və bu, Deyton razılaşmasında da öz əksini tapmışdı.
Bu, məcburi köçkünlərin, onların öz torpaqlarına qayıtmalarından sonra təhlükəsizliklərinin təmininə birbaşa aidiyyəti olan məsələdir. Yerevan güzəştə getməməsini bəzən belə izah etməyə çalışır ki, guya işğal altındakı torpaqların boşaldılması DQ-nin erməni icmasının mövcudluğunu təhlükə altında qoyacaq. Bu zaman DQ-yə qayıtmalı olan azərbaycanlıların təhlükəsizliyinə zəmanət məsələsi bir dəfə də olsun yada salınmır. Etiraf etmək lazımdır ki, etnik təmizləmə siyasəti aparmış, işğal olunmuş ərazilərdəki Azərbaycan mədəniyyətinə aid tarixi abidələri yer üzündən silmiş işğalçı üçün çox qəribə "arqumentlərdir".
Təəssüf ki, nə həmsədr ölkələr, nə də beynəlxalq ictimaiyyət bu problemlərlə bağlı ədalətli siyasi-hüquqi hökmünü ortaya qoymayıb. Əvəzində vasitəçilər yorulmadan münaqişə tərəflərinin ictimaiyyət arasında inam atmosferi yaratmalı olduğundan, bunsuz problemin həllinin mümkünsüzlüyündən danışırlar.
Necə deyərlər, olduqca "konstruktiv" yanaşmadır. Dünyada çox müharibələr sonda sülh razılaşması ilə bitib. Buna münaqişə tərəflərində xalqların bir-birinə genetik nifrətin olmaması da böyük təsir göstərib. Əhalisi yalnız Azərbaycana yox, bütünlükdə Türk Dünyasına, ermənilərin təcavüzkar siyasətinə qarşı olan bütün xalqlara nifrət ruhunda olan Ermənistanda bu mümkündürmü? Henrix Bell Fondunun dəstəyi ilə gənc erməni alimlərinin "Ermənistanda millətçi diskurs" mövzusunda apardıqları kollektiv tədqiqatın nəticəsi də Ermənistanın bu siyasətini bir daha sübut edib.
Ən yüksək tribunalardan ermənilərlə azərbaycanlıların genetik baxımdan bir araya sığmadığını, qloballaşma dövründə Ermənistanı monoetnik ölkəyə çevirmiş Ermənistanın hazırkı rəhbərliyi hansı inam, etibar atmosferi yarada bilər? Bu yaxınlarda Ermənistan prezidenti nəinki Azərbaycan torpaqlarını işğal etmələrinə haqq qazandırır, üstəlik, erməni gəncliyini təcavüzkar siyasətə çağırırsa, hansı inam atmosferindən söhbət gedə bilər?
Ermənistanda erməni dili, ədəbiyyatı və ermənişünaslıq üzrə keçirilən V olimpiadanın iştirakçılarından birinin Ermənistanın gələcək xəritəsinin necə olacağı, Qərbi Ermənistanın Ararat dağı (Türkiyə ərazisi) ilə birlikdə geri qaytarılıb-qaytarılmayacağına dair sualına S.Sarqsyan belə cavab verib: "Bu sizin nəsillərdən asılı olacaq. Düşünürəm, bizim nəsil üzərinə düşən öhdəliyi yerinə yetirib. 90-cı illərin əvvəllərində vətənimizin bir hissəsi olan Arsaxı düşməndən qorumaq lazım idi və biz bunu edə bilmişik. Mən bunu qınaq qismində demirəm. Demək istəyirəm ki, hər bir nəslin öz öhdəlikləri var və onlar bu öhdəlikləri yerinə yetirməyi, özü də yaxşı yerinə yetirməyi bacarmalıdır. Həm sən, həm də sənin yaşıdların səy göstərməlidir. Həm böyük, həm də kiçik nəsil bizim kimi fəaliyyət göstərərsə, ölkəmiz dünyanın ən yaxşı ölkələrindən biri olacaq".
Yenə də vasitəçilər erməni tərəfinin belə bəyanatına reaksiya vermir və bu, təəccüblü deyil.
Düşünürəm, münaqişə zonasına yerləşdirilməsi planlaşdırılan sülhməramlı kontingentin heyəti ilə bağlı da problem ortaya çıxacaq. Rəsmi məlumatlara görə, sülhməramlı qüvvələrin tərkibində həmsədr ölkələr təmsil olunmayacaq. Amma bu, məsələnin asanlıqla həllini tapacağı demək deyil. Bu gün həmsədrlər münaqişə tərəfləri arasında ciddi fikir ayrılıqlarından danışır. Güman ki, "yol xəritəsi"nin imzalanmasından sonra sülhməramlı kontingentin tərkibi məsələsi müzakirəyə çıxarıldıqda vasitəçilər yalnız Ermənistanla Azərbaycanın deyil, öz aralarında da mövqelərini razılaşdırmalı olacaqlar. Yəqin ki, onların hər biri öz müttəfiqlərinin, ən azı, onların Cənubi Qafqazdakı geosiyasi maraqlarına loyal yanaşan ölkələrin sülhməramlı kontingentdə təmsil olunmasına çalışacaq. Məqsəd, əlbəttə ki, qarşı tərəfin regionda hakim mövqeyə yiyələnməsinə imkan verməməkdir.
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə aparan yolda əsas maneələr məhz bunlardır. Yenilənmiş Madrid sənədindəki bu baza prinsiplərinə prinsipial cavab tapılmadan "yol xəritəsi"nin imzalanmasına ümid sıfra bərabərdir. Bu isə öz növbəsində vasitəçilərin bütün səylərinə baxmayaraq, hərbi əməliyyatların bərpasını qaçılmaz edir.
MƏSLƏHƏT GÖR: