25 Noyabr 2024

Bazar ertəsi, 20:43

BİLƏSUVAR GÜNƏŞİ "AZERSUN"

Holdinq "natural green land" müəssisəsində yeni istehsal texnologiyaları tətbiq edib

Müəllif:

15.07.2011

İqtisadiyyatın çox önəmli prinsiplərinin birində deyilir ki, "tələb təklif doğurur". Aqrar bölmənin məhsullarına həmişə tələb olmasına baxmayaraq, bu mənada  kənd təsərrüfatı məhsulları istehsalçıları üçün ağır zəhmət bahasına əldə edilmiş məhsulun əlverişli qiymətə satılması problemi hələ də aktual olaraq qalır. 

Burada satışın nə qədər tez müddətə gerçəkləşdirilməsi, onun hansı məsafəyə daşınması, topdanalıçıların hansı qiymətə razılaşacağı və s. kimi məsələlər çox önəmlidir. Bütün bu məsələlərin uğurla həll edilməsi nəticədə fermerin istehsal fəaliyyətində əsas stimula çevrilir. 

Başqa sözlə, ölkənin ərzaq təhlükəsizliyinin təmini üçün həm kənd zəhmətkeşləri, həm də onların məhsullarını almaqda maraqlı olan emal müəssisələri birbaşa sıx əməkdaşlıq şəraitində işləməlidirlər. Buna görə də hazırda Azərbaycanda bütün istehsalat prosesini özündə cəmləşdirən, necə deyərlər, "tarladan istehlakçı masasına" prinsipi üzrə çalışan müəssisələr daha uğurla işləyir. Bu baxımdan, parlaq nümunə kimi, "Azersun Holding"in müəssisələrini, o cümlədən, ölkəmizin Biləsuvar rayonunda yerləşən müəssisəsini göstərmək olar. 

1991-ci ildə Azərbaycanda təsis edilmiş "Azersun Holding" şirkətlər qrupu hazırda ölkə üzrə ərzaq məhsulları istehsalında, ticarətdə və kənd təsərrüfatında liderdir. Azərbaycanın əsas istehsalçısı və ixracatçısı olan  "Azersun Holding" nəzarət etdiyi zavodların böyük potensialına və ixrac bazarının geniş şəbəkəsinə görə ölkənin aqrar-sənaye sektorunda önəmli rol oynayır.  Holdinqin işinin əsas prinsipləri sırasına əlaqələndirilmiş idarəetmə sistemi, alıcı rəyinin nəzərə alınması, keyfiyyətə zəmanət, sosial məsuliyyət sahəsində layihələrin gerçəkləşdirilməsi və ətraf mühitin mühafizəsi daxildir. 

Bütün bu prinsiplər holdinqin Biləsuvar rayonundakı fəaliyyətinə də aiddir, orada "Azersun" 2008-ci ildə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün yaradılmış iri "Natural Green Land" müəssisəsinə malikdir. Yüksək keyfiyyət tələblərinə cavab verən istehsalat prosesinin qurulması üçün müəssisə çağdaş kənd təsərrüfatı avadanlığı və dünya liderləri tərəfindən tanınan texnika ilə təchiz edilib. Burada çuğundur, pomidor, dənli bitkilər, yaşıl noxud, qarğıdalı, xiyar, bibər, patisson və başqa tərəvəzlər becərilir. Yüzlərlə hektar sahədə nar və heyva bağları da əkilib.  

Ancaq Bil?suvarda bu layihənin uğurla gerçəkləşdirilməsinə nail olmaq elə də asan başa gəlməyib. Rayonun torpağı problemlidir və xüsusi qayğıkeş yanaşma tələb edir. Azərbaycanda bu cür məhsuldar olmayan torpaqlar 2 mln hektardan artıqdır, onları əkin üçün yararlı hala gətirmək lazımdır. 

"Azersun Holding" Biləsuvar rayonunda 3400 hektar sahədə kompleks şəkildə meliorasiya,  rekultivasiya və torpağın məhsuldarlığının artırılması üzrə işlər görüb. 

"Azersun Holding"in qabaqcıl elmi uğurların tətbiq edilməsi üzrə baş məsləhətçisi Akif Əsgərovun sözlərinə görə, bu regionda, ümumiyyətlə, heç nə becərilmirmiş və ərazi örüş kimi istifadə edilirmiş. Məsələ bundadır ki, ərazidə qrunt suları yetərincə yüksək səviyyədədir, bol yağışlar və digər sular  yuxarı qalxır, fəal buxarlanma nəticəsində torpağı duzlaşdırır. "Qarşımızda duran ilk məsələ drenaj sistemi yolu ilə qrunt sularını kənara çıxarmaq idi. Bu proses çox zəhmət tələb edir  və xeyli maddi vəsaitə başa gəlir, belə ki, torpağın durumundan asılı olaraq  hektarbaşına 4 min manatdan 6 min manata qədər dəyişə bilir", - deyə A.Əsgərov bildirib. 

O yada salıb ki, hələ keçən yüzilliyin ortalarında respublikanın bu cür zonalarından qrunt sularının çıxarılması üçün nəhəng drenaj kollektorlar çəkilib və onlar Min-gəçevir su anbarından başlayaraq, Kür-Araz düzənliyindən keçməklə Xəzər dənizinə tökülür. Daha böyük əraziləri əhatə etmək üçün bu əsas kollektorlara qollar qoşulub. "Bizim sahənin drenaj kollektorları da həmin qollara birləşdirilib. Qrunt sularının bizim sahədən intensiv çıxarılmasına gəldikdə, burada dövlət vəsaitlərinin yardımı ilə 2-3 metr dərinlikdə qapalı drenaj sistemi tikilib və onun vasitəsilə bu problem aradan qaldırılıb.  Bütünlükdə, bu günə kimi sözügedən sahədə intensiv əkinçilik üzrə kompleks məsələlərin həlli üçün holdinq tərəfindən 27 mln manatdan çox vəsait xərclənib. 

Bu zaman daha bir problemlə də rastlaşmışıq - suvarmanın optimal iqtisadi sistemi təmin edilməlidir. Bildirmək gərəkdir ki, tarazlı suvarma sisteminin yaradılması üzərində çox ölkələrin alimləri baş sındırıblar". "Azersun" mütəxəssisinin sözlərinə görə, bütün mümkün variantlar gözdən keçirilərək, ən çağdaş texnologiyaya - Amerikanın "Valmont" şirkəti tərəfindən işlənmiş radial tipli suvarma-damcı sisteminə üstünlük verilib, bu avadanlıq yetərincə uzunömürlü və qənaətcildir. 

Holdinqin həll etməyə qərar verdiyi üçüncü məsələ isə torpaq qatının məhsuldarlığının artırılmasıdır.  "Torpağı gübrə ilə onun tələbatına ciddi uyğun şəkildə "yemləmək" lazımdır. Bunun üçün torpağın sistemli analizi gərəkdir, bu analiz əsasında torpağın bərabər və rasional gübrələnməsinin düsturu çıxarılır", - deyə A.Əsgərov vurğulayıb. 

Nəticədə, "Azersun Holding" "Global GAP" sisteminin beynəlxalq sertifikatını alıb. Yəni bu sistem həm üzvi, həm də qeyri-üzvi gübrələri istifadə etməyə imkan verir, ancaq bu, torpağın analizi əsasında çıxarılmış düstura uyğun dəqiqliklə gerçəkləşdirilməlidir. "Məsələ bundadır ki, makrogübrələrlə (azot, fosfor, kalium) yanaşı, torpağa mikrogübrələr də lazımdır - bunlar kalsium, sink, kükürd, maqnium, bor və molibdendir.  Onlar çox az işlədilsə də, immunitet yaradılması, toxuma yaratmaq qabiliyyətinə görə, eyni zamanda da istehlakçıdan ötrü  önəmli  vitamin və mikroelementlər üçün çox vacibdir. Ekoloji təmiz məhsula gəldikdə, "Azersun Holding" ölkədə ilk dəfə bu məsələ ilə maraqlanıb və ETM (ekoloji təmiz məhsul) becərilməsi üçün 300 hektar ərazi ayırıb və burada gübrə kimi sertifikatı olan bakterial yolla fermentləndirilmiş peyindən istifadə edib. Nanotexnologiyalar əsrində insan təfəkkürü o qədər irəli gedib ki, təbiəti öyrənməklə onun səhvlərini düzəltməyə qadirdir. Sadəcə, hər şeyə elmi baxışla, kompleks və səmərəli şəkildə yanaşılmalıdır", - deyə holdinqin qabaqcıl elmi uğurların tətbiq edilməsi üzrə baş məsləhətçisi bildirib. 

Burada qeyd etmək lazımdır ki, hazırda Biləsuvarda "Natural Green Land" müəssisəsi çərçivəsində biogübrə istehsalı üzrə zavod tikilir ki, bu da şəksiz ki, yaxın illərdə qeyri-üzvi gübrələrdən imtina etməyə imkan verəcək. Bu cür nizamlı istehsalat zənciri  "Azersun Holding"də, o cümlədən, 2009-cu ildə fəaliyyətə başlamış Biləsuvar Konserv Zavodunda emal edilən məhsulun yüksək keyfiyyətinin əsasında durur. 

6 hektar sahədə yerləşən zavod konservləşdirilmiş şəkildə yaşıl noxud, patisson, kornişon, tomat pastası, kompotlar buraxır. Müəssisənin ümumi istehsal gücü ildə 25 min ton təşkil edir. Xammal 100% "Natural Green Land" müəssisəsinin istehsal bazası hesabına təmin edilir, yəni xammal təzə-təzə daxil olur ki, bu da son məhsulun keyfiyyətində özünü göstərir. 

Müəssisədə tənəkə, şüşə və aseptik qablaşdırmada konservləşdirmə üzrə qabaqcıl texnologiyalar tətbiq edilib. Yeri gəlmişkən, gələcəkdə dondurulmuş meyvə və giləmeyvə istehsalı da  nəzərdə tutulur. Qeyd edək ki, zavodda 70 adam işləyir, ancaq mövsümdə işçi sayı 450-yə qədər yüksəlir. 

Bütün bu sadalananlar istehsal prosesinin təşkil edilməsində "Azersun Holding" tərəfindən işlənmiş strategiyanın doğruluğunu təsdiq edir ki, burada keyfiyyət üzərində asanlıqla nəzarət təşkil etmək və daha effektiv nəticələrə nail olmaq mümkündür. 


MƏSLƏHƏT GÖR:

497