Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Azərbaycanda korrupsiyaya qarşı dövlət başçısı tərəfindən elan edilmiş hərtərəfli mübarizə ictimai həyatın çox sahələrinə təsir göstərib. Eyni zamanda bu, iqtisadiyyatın, xüsusilə də onun özəl biznes tərəfindən formalaşdırılan bölməsinin inkişafı ilə bağlı bir çox problemlərin həllinə yeni və yetərincə güclü impuls verdi.
Sahibkarlar şahid oldular ki, qısa bir müddət ərzində onların bürokratk əngəllərlə, inhisarçılıqla dövlət qurumları təmsilçilərinin səbəb olduqları korrupsiya ilə bağlı bir çox iradları nizamlanıb. Və əlbəttə ki, bu islahat zəncirinin əsas haqlarından biri də sahibkarlıq sahəsi üçün vahid informasiya reyestrinin yaradılması sayıla bilər.
Elektron qeydiyyat
Beləliklə, mayın 1-dən başlayaraq, Azərbaycanda biznes qurumlarının fəaliyyətinə nəzarət sahəsinin ən incə məsələsi olan yoxlamaları qaydaya salmaq qərara alındı. Bu sahədə olan problemlər barədə də çox yazılıb. Həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən mövcud çatışmazlıqlar göstərilib, onlar nəzarət orqanları tərəfindən sahibkarlıq subyektlərindən gerçəkləşdirilən çoxsaylı yoxlamaları əlaqələndirməyə, özəl biznesin həyatına bəzən qanunsuz edilən müdaxilələri dayandırmağa çağırıblar.
Bu sahədə şəffaflığı təmin edə biləcək əlaqələndirici qurumun yaradılması ideyası hələ 2008-ci ildə Dünya Bankının (DB) strukturu olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə gerçəkləşdirilən layihə çərçivəsində irəli sürülüb. Biznes sahəsində yoxlamaların tənzimlənməsi ilə yanaşı, layihəyə müxtəlif sahibkarlıq fəaliyyəti növlərinə icazə verilməsi ilə bağlı durumu yaxşılaşdırmağı və iş adamları ilə maarifçilik işləri görülməsini nəzərdə tutan daha iki komponent də daxildir.
Yoxlamalar sahəsində işlərin vəziyyətinin daha yaxşı öyrənilməsi üçün layihə çərçivəsində sahibkarlar arasında sorğu da aparılıb. Məlum olub ki, Azərbaycan tərəfindən ölkənin sərmayə cəlbediciliyinin artırılması məqsədi ilə keçirilmiş təsirli islahatlara baxmayaraq, müəyyən problemlər mövcuddur ki, onların həlli üçün əlavə səylər tələb edilir. Yoxlamalar üzrə reyestr belə həllərdəndir.
Qeyd edək ki, reyestr Azərbaycan prezidentinin 13 aprel 2010-cu il və 15 fevral 2011-ci il tarixli fərmanları əsasında yaranıb. Sənədlərə görə, aparılan yoxlamaların çağdaş standartlara uyğunlaşdırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinə tapşırılıb ki, sahibkarlıq sahəsinin yoxlamalarının fasiləsizliyi barədə məlumat yığımı üçün vahid informasiya reyestri tətbiq edilsin. Bununla yanaşı, reyestrin forması və aparılma qaydası barədə nizamnamə də təsdiq edilib və "www.yoxlama.gov.az" elektron ünvanında yerləşdirilib.
Reyestrin vahid informasiya bazasının formalaşdırılması üçün Vergilər Nazirliyinin uyğun informasiya sisteminə inteqrasiya əsasında vergi qurumlarında sahibkarlıq fəaliyyəti subyekti kimi qeydə alınmış bütün hüquqi və fiziki şəxslər haqqında qanunla nəzərdən tutulmuş məlumatların yığılması və daim yeniləşdirilməsi təşkil edilib. Qeyd edək ki, bütünlükdə reyestrə müxtəlif sahələrdə yoxlamalar gerçəkləşdirən 20-yə yaxın dövlət orqanı cəlb edilib.
Hər şey plan üzrədir
Bu reyestrin sahibkarlara faydası nədir? Bəri başdan bildirək ki, onun yaradıldığı 1 may 2011-ci il tarixdən bu reyestrə salınmayan heç bir yoxlama hüquqi baxımdan qanuni sayılmayacaq. Bundan başqa, bu reyestrdən kənar istənilən yoxlama qanun pozuntusu sayılacaq və yoxlama qurumu bunun üçün məsuliyyət daşıyacaq. Yalnız sərhəd məntəqələrində, dəniz və hava limanlarında gerçəkləşdirilən, həmçinin, dövlət müəssisələrində idarəetmənin ötürülməsi zamanı aparılan yoxlamalar istisnadır.
Beləliklə, IFC-in Azərbaycan nümayəndəliyindən "Region plus"a bildiriblər ki, istənilən sahibkar onun üçün təqdim edilmiş loqin və parol vasitəsi ilə sayta girə və onun obyektində gerçəkləşdiriləcək yoxlamaların təqvimi ilə tanış ola bilər. O hətta, artıq keçirilmiş yoxlamalar, irad və istəklər barədə orada fikir yerləşdirə bilər ki, bununla da müvafiq qurumların tanış olması mümkündür.
"Hələ ki portal barədə rəylər müsbətdir, ölkə bölgələrində aparılan sorğular da bundan xəbər verir. Yeganə narahatlıq doğuran məsələ sahibkarların bu reyestr barədə məlumatının aşağı olması ilə bağlıdır və hazırda bu məsələnin həlli üzrə tədbirlər gerçəkləşdirilir", - deyə "IFC-Azerbaijan"ın təmsilçisi Əbülfəz Manafov bildirir.
Bir sıra yoxlamaların gerçəkləşdirilməsi zamanı, məsələn, ticarət nöqtələrində vaxtı keçmiş məhsulların satılmasının, maliyyə möhtəkirliyi və vergidən- yayınmaların aşkarlanması məqsədilə keçirilən yoxlamalar zamanı tələb olunan gözlənilməzlik effektinə gədikdə isə, müəyyən mənada bu, təmin ediləcək. Amma yalnız plandankənar yoxlamalar zamanı mümkün ola bilər ki, bunun da sayı ciddi şəkildə kvotalaşdırılıb və illik yoxlamaların 20-30%-i qədər olacaq. "Onlar da reyestrə salınacaq, amma keçirildikdən sonra və müvafiq qeyddə plandan kənar nəzarət tədbirinin gerçəkləşdirilməsi üçün əsas göstəriləcək", - deyə "IFC-Azerbaijan"ın təmsilçisi Könül Rəşidova bildirib.
O, həmçinin qeyd edib ki, qarşıdan gələn il üçün yoxlamalar planı hər il noyabrın 1-nə kimi yoxlayıcı qurumlar tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Bu sənəddə il ərzində yoxlamadan keçiriləcək bütün obyektlərin siyahısı olmalıdır.
Sonra nə gözlənilir?
Necə deyərlər, təkmilləşməyin həddi yoxdur. Yuxarıda deyildiyi kimi Azərbaycanda biznesin aparılması üzrə radikal yeni addım olan reyestr tətbiqi sistemi daha da inkişaf etdirilə bilər. Misalçün, dünyanın başqa ölkələrinin yetərincə mütərəqqi təcrübəsi var ki, bu cür sistemdən istifadə edərək yoxlamaları qeydə almaqla yanaşı, bu və ya başqa müəssisə üçün risk səviyyəsini müəyyən etmək müm-kündür. Bu isə öz növbəsində, həmin müəssisələrdə yoxlamalar aparmağa imkan verir.
Azərbaycanda isə yoxlamalar barədə qərar hələ ki plan şəklində qəbul edilir ki, bu da çox vaxt pozuntu riski səviyyəsi yüksək olan müəssisələri diqqətdən kənarda saxlayır. Axı yoxlayan qurum il ərzinə bütün müəssisələri əhatə edə bilməz, buna görə də mövcud problemlərin təhlili sadəcə önəmlidir. Onda müxtəlif qurumlar tərəfindən təkrar yoxlamalar aparılmasını aradan qaldırmaq, lazımsız yoxlamalara xərclənən vəsaitlərə qənaət etmək, bu prosedurlar üçün ayrılan iş vaxtından da səmərəli yararlanmaq mümkün olar.
Ola bilsin ki, bu məqamlar hazırda Nazirlər Kabinetində hazırlanan "Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının təmin edilməsi haqqında" qanun layihəsində nəzərə alacaq. İstənilən halda, bu, Azərbaycanda yoxlama fəaliyyətinin tənzimlənməsi yolunda daha bir önəmli addım olacaq, həm də deməli, ölkəni biznesin aparılması üçün ən yaxşı mühitin əldə edilməsinə yaxınlaşdıracaq.
MƏSLƏHƏT GÖR: