5 Dekabr 2025

Cümə, 20:47

MİSSİYA BAŞ TUTMADI

Görünür, yunanıstan Türkiyə-İsrail münasibətlərinin korlanmasından maksimum dividend qazanmaq istəyir

Müəllif:

15.07.2011

Dünyadan təcrid olunmuş Qəzza zolağının dinc əhalisinə humanitar yük aparmaq niyyətində olan "Azadlıq flotiliyası" kampaniyası növbəti dəfə niyyətini gerçəkləşdirə bilmədi. Bu dəfə İsrail beynəlxalq hüquq müdafiə xarakterli aksiyanın qarşısını dinc yolla ala bildi. Yeri gəlmişkən, Təl-Əviv bu missiyanın blokadada olan sektor əhalisinə yardıma yox, oradakı radikal HƏMAS qruplaşması ilə əməkdaşlığa çalışdığını düşünür.

 

Yunan lütfkarlığının incəlikləri

"Azadlıq flotiliyası-2"nin məqsədi birinci missiyanın ötən il gerçəkləşdirə bilmədiyini həyata keçirmək idi. O bunu 10 gəmi və 1000 nəfərlə reallaşdırmağa hazırlaşırdı. "Azadlıq flotiliyası"nı 22 QHT təşkil etmişdi və onlar iyulun əvvəllərində Qəzza zolağında olmağı nəzərdə tutmuşdular. İsrail bu planın qarşısını ala bildi. Bu işdə ona, ilk növbədə, Yunanıstan kömək etdi. O, "Flotiliya"nın flaqmanı olan Kanadanın "Təhrir" yük gəmisini 3 həftə ərzində Krit adası limanında saxladı. Gəmi oraya yanacaq doldurmaq üçün girmişdi.

Liman rəhbərliyi Yunanıstan qanunvericiliyinə istinad edərək, "Təhrir"in oranı tərk etməsinə imkan vermədi. Gəmi limanı icazəsiz tərk etməyə çalışdıqda isə Yunanıstanın hərbi gəmiləri onu mühasirəyə alaraq geri qaytardı. "Flotiliya" iştirakçılarına qarşı sahil mühafizəsinin fəaliyyətinə mane olmalarına dair iddia da qaldırıldı və onlardan bəziləri 1 ay müddətinə şərti olaraq azadlıqdan məhrum da edildi. Üstəlik, Yunanıstan hökuməti bütün gəmilərə onun ərazisindən Qəzza zolağına üzməyi qadağan etdi. Bunun əvəzinə Afina missiyaya Qəzzaya humanitar yükü İsrailin etiraz etmədiyi marşrutlarla göndərməyi məsləhət gördü.

Dəniz yolu ilə hədəflərinə çata bilməyən hüquq müdafiəçiləri "hava azadlıq flotiliyası" elan etdilər. Onlar Ben-Qurion aeroportuna uçmağı və işğal altındakı İordan çayının qərb sahilində 1 həftə qalmağı planlaşdırsalar da, bu da baş tutmadı. İsrailin Daxili İşlər Nazirliyi beynəlxalq aviaşirkətlərə 4 siyahı ünvanladı: orada 500-dək şəxsin adı var idi və Təl-Əvivi aviaşirkətlərdən həmin şəxslərin təyyarələrə buraxılmamasını istəyirdi. Avropa aeroportlarında həmin şəxslərdən, təxminən, 200 nəfərinin qeydiyyatına rədd cavabı verildi. İsrailə uçmağa nail olanların isə 124-ü Ben-Qurion aeroportunda saxlanıldı. Onlar ölkəni könüllü şəkildə tərk etmələri, yaxud deportasiya olunmalarınadək həbsxanaya göndərildi.

"Azadlıq Flotiliyası" ilə mübarizənin yekunlarından danışan İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib: "İsrailə qarşı hər iki təxribatın qarşısı alındı. Qəzza zolağının blokadasının kütləvi şəkildə pozulması təhlükəsi aradan qaldırıldı. "Flotiliya" tüstü kimi yox oldu, təxribatın iştirakçıları isə Ben-Qurion aeroportunda son saatlarını keçirir. Onlar evlərinə göndəriləcəklər". Liberman bildirib ki, dəniz və hava "flotiliyası"nın pozulması yalnız İsrailin təhlükəsizlik qüvvələrinin xidməti deyil. Onun sözlərinə görə, bu dəfə "fəalları qarşılamağa ciddi hazırlaşmış" bu qüvvələrə diplomatlar da köməklik göstərib: "Sonuncular Avropanın dövlət strukturlarını bu təxribatın yalnız İsrailə deyil, bütünlükdə Qərbə zərbə vura biləcəyinə inandırıb".

Aydındır ki, bu işdə İsraili dəstəkləmiş bütün Avropa fövqəldövlətləri arasında Təl-Əvivin xüsusi minnətdarlığını Yunanıstan alıb. İsrail prezidenti Şimon Peres Qüdsdə yunanıstanlı həmkarı Karlos Papuliasla görüşündə ona Qəzzaya humanitar yardım aparmağa çalışan missiyanın növbəti reysinə yaradılmış maneəyə görə minnətdarlıq da edib. "Siz təxribatı önləməmizə kömək etdiniz", - deyə Peres həmkarına bildirib.

İlk baxışdan sözügedən məsələdə Yunanıstanın İsrailə belə qəti dəstəyi gözlənilməz təsir bağışlaya bilər. Axı Yunanıstan onilliklər ərzində fələstinpərvər mövqeyini gizlətməyib və Fələstin rəhbərliyinə xeyli siyasi dəstək verib. Afinanın İsraili dövlət olaraq yalnız 1990-cı ildə tanıması faktı özü-özlüyündə çox şeydən xəbər versə də, son zamanlar çox şey dəyişib. İlk növbədə, iqtisadi böhran Yunanıstana ciddi zərbə vurub. Prezident Papulias israilli həmkarı ilə görüşdə "tarixdə belə şeyin olmadığını" söyləməklə, ölkəsinin hansı iqtisadi duruma düşdüyünü aydın şəkildə ifadə edib. Yunanıstan dövlətinin taleyinin Qərbin maliyyə institutlarından əhəmiyyətli dərəcədə asılı duruma düşdüyü şəraitdə Afinanın "Flotiliya"ya maneə yaratmasına nail olmaq bəlkə də elə bir çətinlik yaratmırdı. Hər halda, Qərbin aparıcı maliyyə institutlarında yəhudi və onun yaxın müttəfiqi olan ABŞ kapitalının böyük rol oynadığı məlumdur. Hazırda aylardır defoltun bir addımlığında olan Yunanıstan turizm sektoruna İsrail investisiyasının yatırılmasına da ciddi ehtiyac hiss edir.

Afinanı Təl-Əvivlə yaxınlaşmağa vadar edən daha bir geosiyasi məqam da var. "Flotiliya" ilə bağlı insident İsraillə Türkiyə arasında münasibətlərin daha da pisləşdiyi dövrə təsadüf edib. 

Məlum olduğu kimi, Ankara ilə Yunanıstanın, yumşaq desək, münasibətləri o qədər də yaxşı deyil. Onlar Avropanın cənub-şərqində ənənəvi rəqibdirlər və belə görünür ki, yunanlar İsrailin xarici siyasət və ticarətində türklərin "boşaltdığı" yeri tutmağa iddialıdırlar.

Yunanıstan-İsrail əməkdaşlığının hərbi tərəfi də az əhəmiyyət kəsb etmir. Yunanıstan müdafiə naziri Panos Beqlitisin məhz bu günlərdə İsraillə hərbi əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını söyləməsi heç də təsadüfi deyil. Nazir bunu ölkəsinin İsraillə əmkdaşlığın milli maraqları üçün nə qədər əhəmiyyət daşıdığını anlaması ilə izah edib.

İsraildə isə çoxları Afinanın İsrailə qarşı həddindən artıq lütfkarlığına məhz Ankara-Təl-Əviv münasibətlərinin gərginləşməsi prizmasından yanaşır. Bu dəfə maraqlı bəyanatla İsrail XİN-in sabiq baş direktoru Alon Liel çıxış edib: "Yunanıstanı İsrailə tərəf itələyən Türkiyə ilə münasibətlərdəki gər-ginlikdir. Odur ki, Yunanıstan İsraili çox müsbət qarşılayır. İsrail Yunanıstana problemlərinin həllində kömək edə bilər. Bu, xüsusilə hərbi sahəyə aiddir. Beləliklə, Təl-Əviv Türkiyəyə alternativ variantının olduğunu nümayiş etdirə bilər".

 

Örtülmüş qapı və ayrılan yollar

İyunda keçirilmiş parlament seçkisi nəticəsində yenidən Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə isə İsrailin baş naziri Benyamin Netanyahunun ölkələr arasında dostluq münasibətlərinin bərpasına dair müraciətinə mənfi cavab verib. Türkiyə parlamentində yeni hökumət adından proqram nitqi söyləyən Ərdoğan bildirib ki, Təl-Əvivlə münasibətlərin normallaşdırılması yalnız İsrailin "Türkiyənin irəli sürdüyü şərtə əməl edəcəyi təqdirdə" müm-kündür. Onun fikrincə, İsrail Qəzza zolağını blokadadan azad etməli, 2010-cu il martın 31-də "Azadlıq flotiliyası"nın ələ keçirilməsi zamanı 9 Türkiyə vətəndaşının öldü-yünə görə, Ankaradan rəsmən üzr istəməli, həlak olmuş şəxslərin ailələrinə kompensasiya ödəməlidir.

İsrail hökumətinin Ərdoğanın bəyanatına reaksiyası özünü çox gözlətməyib. Xarici işlər naziri Aviqdor Liberman Türkiyə baş nazirinin çıxışını sərt tənqid edib, iki ölkə arasında bundan sonra münasibətlərin gərginləşməsinə görə məsuliyyəti Ərdoğanın daşıdığını bildirib. "Tamamilə aydındır ki, bu şəxs yaxınlaşma, sülh və İsraillə əlaqələrin normallaşdırılması yollarını axtarmır. Əksinə, onun yeganə istəyi İsrail dövlətini aşağılamaq, onun beynəlxalq mövqeyinə zərbə vurmaq, regiondakı statusunu zədələməkdir. Onun bizimlə münasibətləri qaydaya salmaq niyyəti yoxdur.  O bizim üzümüzə qapını bağladı", - deyə Liberman qeyd edib.

ABŞ-da Türkiyə və İsrail nümayəndələrinin apardığı danışıqlar da nəticəsiz bitib. Qeyd edək ki, danışıqlar BMT komissiyasının ötən il Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail xüsusitəyinatlılarının hücumu ilə bağlı aparılmış araşdırma əsasında yekun rəyi hazırlaması fonunda keçirilib. ABŞ Dövlət Deparatmenti tərəfləri kompromisə gətirməyə, Yeni Zelandiyanın sabiq baş naziri Ceffri Palmerin rəhbərlik etdiyi komissiyanın hazırladığı hesabatın hər iki tərəf üçün qəbuledilən olmasına çalışırdı. Danışıqların iflasından sonra Ankara komissiyadan hesabatın açıqlanmasını təxirə salmasını tələb edib. Üstəlik, orada baş verənlərə görə məsuliyyət heç də birmənalı şəkildə İsrail rəhbərliyinin üzərinə qoyulmur.

Türkiyənin tələbi qəbul olunsa da, bu,  tərəflər arasında razılığa kömək etmədi.

Görünür, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulması artıq dönməz xarakter alıb. Ankaranın, ilk növbədə, BMT-də Fələstinin müstəqilliyinin tanınması istiqamətində fəallığını daha da artırması bunun göstəricisidir. "Türkiyə Fələstinə, onun BMT üzvünə çevrilməsinə tam dəstəyi davam etdirməkdə qərarlıdır", - deyə Ərdoğan bildirib. O, Ankaranın yeni yaradılacaq dövlətin tanınması üçün beynəlxalq aləmi səfərbər etməyə hazır olduğunu da söyləyib.

Məlum olduğu kimi, İsrail Fələstin dövlətinin müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınmasına mane olmağa çalışır. Təl-Əviv hesab edir ki, bu, tərəflər arasında bütün mübahisəli məsələlərin həllindən sonra, yalnız onun razılığı ilə mümkündür. Bu, Türkiyə ilə İsrail arasında ziddiyyətə səbəb olan daha bir məqamdır. 

Üstəlik, Ankara hesab edir ki, Yaxın Şərq problemi Fələstinin beynəlxalq qanunlara uyğun olan tələblərinə əməl edilməsi ilə çözülə bilər. Ankara bu fikirdədir ki, "Paytaxtı Şərqi Qüds olan müstəqil və yaşayış qabiliyyətinə malik dövlətin yaradılması problemin həlli üçün əsas şərtdir". Bununla da Türkiyə İsrailin Qüdsə olan iddialarını birmənalı olaraq rədd edir.

Beləliklə, "Azadlıq Flotiliyası-2" ilə bağlı məsələ dolayısı olsa da, Türkiyə və İsraili bir-birindən daha da uzaqlaşdırıb. Təbii ki, bu, ümumilikdə, Avro-Asiya kəsiyi və Yaxın Şərqdəki geosiyasi konfiqurasiyaya kifayət qədər təsir göstərəcək. Qeyd etdiyimiz Afina-Təl-Əviv yaxınlaşması bu təsirin yalnız bir göstəricisidir. Belə görünür ki, bir vaxtlar yaxın dost və tərəfdaş olmuş Türkiyə ilə İsrailin münasibətlərində gərginlik regionda hələ çox dəyişikliklərə yol açacaq.



MƏSLƏHƏT GÖR:

520