
İKİBAŞLI OYUN?
"Ərəb baharı"nda aralıq dənizi ittifaqı və aralıq dənizi dialoqu layihələrinin rolu nədən ibarətdir?
Müəllif: Oqtay ƏLİYEV, Bakı Slavyan Universiteti "Beynəlxalq münasibətlər" kafedrasının müdiri Sahil İSGƏNDƏROV, politoloq Bakı
Liviyada yaşananlar sanki öz kulminasiyasına çatmaqdadır, amma sona hələ çox var. Mütəmadi şəkildə sülhə hazır olmaları haqda verilən bəyanatlara baxmayaraq, qarşı-qarşıya duran tərəflərin heç biri mövqeyindən geri çəkilmək niyyətində deyil. Onların hər?sinin barışıq üçün öz şərtləri var və bu şərtlər açıq-aşkar bir-birinə ziddir. Liviyanın qeyri-adi lideri Müəmmar Qəddafi güzəştə getməməsini Qərbin ölkəsinin daxili işlərinə kobud müdaxiləsi ilə əsaslandırır. Qərb isə öz növbəsində Qəddafini tiranl?qda, despotizmdə günahlandırır. Qərbin Qəddafi rejiminin devrilməsində maraqlı olması, çətin ki, yalnız bu məqamlara bağlıdır.
Bu baxımdan Fransanın lobbiçilik etdiyi Aralıq dənizi İttifaqı layihəsi ilə NATO-nun himayəsi altında aparılan Aralıq dənizi dialoqunun analizi "ərəb baharı" adlı böyük oyunun bir çox tərəfinə işıq sala bilər.
Aralıq dənizi İttifaqının başlanğıc nöqtəsi Avropa İttifaqının (Aİ) 1995-ci ildə keçirilmiş Avropa-Aralıq dənizi tərəfdaşlığı konfransında irəli sürdüyü Barselona prosesidir. Hələ Fransa prezidentliyinə namizəd olan Nikola Sarkozi seçkiqabağı proqramının maddələrindən biri kimi, Barselona prosesinin Aralıq Dənizi İttifaqına transformasiyası ideyası ilə çıxış etmişdi. Bu layihənin uğurlu icrası Fransanın qarşısında Aralıq dənizi regionunda və Aİ-də liderlik perspektivi açacaq, onu dünya siyasətinin aparıcı fiquruna çevirəcək, geosiyasi mövqelərini xeyli möhkəmləndirəcəkdi.
G?man olunur ki, Aralıq dənizi və Avropa ittifaqları bir sıra strukturlar çərçivəsində birgə fəaliyyət göstərə bilər; məsələn, korrupsiya, terror, mütəşəkkil cinayətkarlıq, insan alveri ilə mübarizə kimi hüquq-mühafizə və digər sahələrdə.
Fransanın bu cəhdi, ilk növbədə, özünü Avropa qitəsinin aparıcı dövləti sayan Almaniyanın ürəyincə deyildi. O, qeyd olunan məsələlərin reallaşmasını Avropada öz geosiyasi çəkisinin azalması, bu ampluada məhz Parisin rolunun güclənməsi kimi qəbul edirdi. Bundan başqa, tellukratik dövlətin klassik nümunəsi olan Almaniya Parisin cəhdlərini Aralıq dənizi ölkələrinin talassokratik birliyini yaratmaq cəhdi kimi qiymətləndirirdi.
Yalnız uzunsürən danışıqlardan sonra, 2008-ci ilin martında Berlin, nəhayət, Aralıq Dənizi İttifaqı layihəsini dəstəkləsə də, bu zaman öz şərtini irəli sürdü. Orada Aİ-nin Aralıq dənizinə çıxışı olmayan üzvləri də daxil olmaqla, bütün dövlətləri iştirak edəcək.
Berlin, eyni zamanda, digər tellukratik dövlət - Rusiya ilə əlaqələrini durmadan möhkəmləndirir; bununla da o, Rusiya ilə Aİ arasında münasibətlərin qurulmasında əsas moderator rolunu üzərinə götürməyə çalışır. Bu taktikanı, Berlinin talassokratik Aralıq dənizi İttifaqına qarşı mövqelərini möhkəmləndirməsi kimi də dəyərləndirmək olar.
İlk dövrlərdə N. Sarkozinin ide-yasına Türkiyə də ehtiyatla yanaşırdı. Ankara bildirirdi ki, layihə Türkiyənin Aİ-yə inteqrasiyasına alternativ kimi qəbul olunursa, onu dəstəkləməyəcək. Sonradan Türkiyə bunun Aİ-yə inteqrasiyaya alternativ olmadığına dair vəd aldı və nəticədə, fikrini dəyişdi və layihədə iştiraka qərar verdi.
Bu məsələdə Türkiyənin ehtiyatlılığı yalnız qeyd olunan məqamla bağlı deyildi. Bu gün Bosfor və Dardanel boğazlarında monopolist nəzarətə malik olan Ankaranı həqiqətən də Aralıq dənizi regionunun ən nüfuzlu dövləti saymaq olar. Sarkozinin təklif etdiyi layihə isə Türkiyənin regiona təsir imkanlarını azalda bilər.
Üstəlik, Aralıq dənizi İttifaqı vaxtilə Osmanlı İmperiyasına daxil olmuş bütün əraziləri əhatə edir. Bu halda Ankara Parisə güzəştə getməkdənsə, özünün layihədə aparıcı rola sahib olmasını daha məqsədəuyğun sayır.
Maraqlıdır ki, Türkiyənin strateji tərəfdaşı və Aİ-də onun maraqlarının təmsilçisi olan Böyük Britaniya da layihə ilə bağlı Ankaranın ilkin mövqeyini dəstəkləyib. Londonun bu addımı güman ki, Parisin mövqelərinin güclənməsini önləmək, Britaniyanın strateji tərəfdaşı olan ABŞ-ın maraqlarına xidmət etmək məqsədi güdürdü. Yeri gəlmişkən, məhz Birləşmiş Ştatlar bu gün dünyanın ən güclü və parlaq talassokratik dövlətidir.
Bu fikir ayrılıqlarına baxmayaraq, Aralıq Dənizi İttifaqının yaradılmasına dair intensiv danışıqlar 2008-ci il iyulun ilk yarısında Parisdə başa çatdırıldı. Orada 43 dövlət təmsil olunur. Qurumun fəaliyyətində İsrail və Ərəb Dövlətləri Liqasının da bərabər hüquqla iştirak etməsi qərara alınıb. Liviya isə orada müşahidəçidir, Çünki bu dövlətin lideri M. Qəddafi qurumun təsis sammitinə qatılmayıb. Qəddafi yeni birliyi ərəb və Afrika dövlətlərinin birliyinin pozulmasına hesablanmış təşkilat sayır.
Maraqlıdır, Qəddafinin bu gün üzləşdiyi problemlərin səbəbi elə bu bəyanatı deyil ki? Sözügedən təşkilatda Misir, Tunis, İordaniya, Mərakeş və Suriya kimi dövlətlər də yer alır. Son 6-7 ayda bu ölkələrdə baş verənlər də düşünməyə kifayət qədər əsas verir. Belə fikir yaranır ki, Aİ qarşısına bu ölkələrin siyasi arenasından məşhur, əhəmiyyətli fiqurları kənarlaşdırmaq, onları daha zəif və idarəolunan şəxslərlə əvəzləmək məqsədi qoyub.
Baş verənlərə nəzər salarkən hələ də Avropanı narahat edən daha bir məqamı diqqətdən qaçırmaq olmaz. Bəzi tədqiqatçıların fikrincə, Şimali Afrikada demoqrafik partlayış ola bilər. Bu, əhalinin 2025-ci ilə kimi 142 milyonadək artmasına aparıb çıxaracaq və nəticədə, Aİ üzvləri ilə Aralıq dənizinin inkişaf etməkdə olan ölkələri arasında demoqrafik balans pozulacaq. Bu halda sürətlə qocalan Avropa sözügedən ölkələrdən arzuolunmaz, xüsusilə qeyri-leqal miqrasiyanın qarşısında dayana bilməyəcək. Həmin ölkələrin Avropada rifah arzusunda olan sakinlərinin miqrasiyası, yeni köçdükləri ölkələrdə Avropa dəyərlərini qəbul etmək istəməmələri və öz adət-ənənələrini qoruyub-saxlamağa cəhd göstərmələri Qərbdə güclü ciddi narazılıq və qıcıq yaradır. Üstəlik, bu həcmdə miqrasiya J. Attalinin "qızıl milyard" konsepsiyasının çərçivəsinə sığmır. O iddia edir ki, Qərbin firavanlığı məhz bu sayda insan üçündür. Məhz bu üzdən son zamanlar Avropada multikulturalizm iflasa uğradığı haqda daha çox danışırlar. Bəzi Qərb ekspertləri isə hətta bildirirlər ki, indi dünyada müstəmləkəçilik əks istiqamətdə inkişaf edir. Yəni, vaxtilə Avropanın aparıcı dövlətlərinin müstəmləkəsi olmuş ölkələr demoqrafik ekspansiya hesabına Avropa ölkələrini müstəmləkəyə çevirə bilər.
Bu üzdən istisna etmək olmaz ki, Qərb Yaxın Şərq və Şimali Afrikada inqilab proseslərini qızışdırmaqla orada qərbyönlü rejim qurmaq istəyir ki, bu rejimlər öz əhalisi üçün, heç olmasa, minimum avropasayağı firavanlıq yarada bilsin.
Bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində (xüsusilə Məğrib ölkələrində) baş verən hadisələri analiz edərkən Aralıq dənizi dialoqu adlı daha bir layihəni də nəzərdən qaçırmaq olmaz. O, əhəmiyyətinə görə, Aralıq Dənizi İttifaqı layihəsindən heç nədə geri qalmır, bəzi məqamlarda isə hətta ondan daha prioritetdir.
NATO üçün prioritet olan bu layihəyə, demək olar ki, Aralıq Dənizi İttifaqı layihəsi ilə eyni vaxtda start verilib. Maraqlıdır ki, bu ideyanın da yaranmasında Fransa fəal rol oynayıb. Hələ 1995-ci ilin fevralında NATO-da "alyansa üzv olmayan Aralıq dənizi ölkələri ilə birbaşa dialoqa başlanması" haqda qərar qəbul edilib. Aralıq dənizi ölkələri ilə məsləhətləşmələrdən sonra Misir, İsrail, Mərakeş və Tunis struktura qoşulmağa qərar verib və sonradan bu, Aralıq dənizi dialoqu adlandırılıb. Bir müddət sonra Əlcəzairlə İordaniya da bu ölkələrə qoşulub. Dialoqun təşəbbüskarları hesab edir ki, Avropanın təhlükəsizliyi və sabitliyi ilə Aralıq dənizi regionunun təhlükəsizliyi və sabitliyi arasında sıx əlaqə var, bu isə səylərin birləşdirilməsini vacib edir. Bundan başqa, regionun əlverişli nəqliyyat imkanlarına və əhəmiyyətli neft-qaz ehtiyatlarına malik cənub hissəsi Qərbi Avropa üçün böyük strateji əhəmiyyətə malikdir. O, Avropanın yanacaq-energetika kompleksində böyük rol oynayır. Aralıq dənizi regionundan keçməklə Avropaya gedən neft və təbii qazın ümumi həcmi ümumi nəqlin, təxminən, 65%-ni təşkil edir.
Aralıq Dənizi İttifaqı layihəsində də enerjidaşıyıcıları məsələsi əsas məqamlardan biridir. Bununla yanaşı, bəzi Qərb analitikləri hsab edir ki, regionun Avropa üçün əhəmiyyətini yalnız bu məqamla məhdudlaşdırmaq düzgün deyil. Onların fikrincə, hazırda söhbət bu regionun vahid Avropanın faktiki və real fraqmentinə çevrilməsinə yönəlmiş böyük prosesin bir hissəsidir. Üstəlik, Şimali Afrikanın NATO üzvü olan Aralıq dənizi ölkələrinə coğrafi baxımdan yaxınlığı da az əhəmiyyət daşımır. NATO bu problemlərdən aralı dayanarsa, hadisələrə özü üçün sərf edən formada müdaxilə edə bilməyəcək. Nəticədə yaranacaq böhran inkişaf etmiş ölkələrə də öz təsirini göstərə bilər.
Yuxarıda qeyd olunanlara əsaslanaraq güman etmək olar ki, Yaxın Şərq və Şimali Afrika ölkələrinin Avropa məkanına inteqrasiyasına hesablanmış 2 vacib layihənin təşəbbüskarı olan Qərb qarşısına bu ölkələrdə onun demokratiya anlayışına uyğun gəlməyən hakimiyyətləri dəyişdirmək vəsifəsini qoyub.
İlk baxışdan Aralıq Dənizi İttifaqı və Aralıq dənizi dialoqu bir-birini tamamlayır. Üstəlik, hər iki layihənin məqsədi, demək olar ki, üst-üstə düşür; amma onların arasında "yumşaq rəqabət"in olduğunu göstərən 3 məqam da var.
Birincisi, ilk halda aparıcı rol Fransanın üzərindədirsə, Aralıq Dənizi dialoqu layihəsi ABŞ-ın hakim olduğu NATO tərəfindən himayə edilir.
İkincisi, Aralıq dənizi dialoqu Böyük Yaxın Şərq adlı daha iddialı layihənin tərkib hissəsidir. Bu nəhəng layihə isə Vaşinqton tərəfindən himayə edilir və Mərakeşdən Pakistana, Qazaxıstandan Hind okeanındakı Mavritan adasınadək ərazini əhatə edir.
Üçüncüsü, Aralıq Dənizi İttifaqı öz sıralarında müxtəlif geosiyasi maraqlara malik çoxlu sayda dövləti birləşdirir. Təcrübə göstərir ki, belə vəziyyətdə qərarların qəbulu proseduru və həmin qərarların effektivliyi heç də arzuolunan səviyyədə deyil. Bu gün NATO dünyanın bu və ya digər regionunda baş verən hadisələrə operativ və effektiv müdaxilə etmək iqtidarında olan yeganə hərbi-siyasi blokudur. Məhz bu səbəbdən, son zamanlar BMT çətin anlarda qərarların qəbulunu böyük həvəslə NATO-ya həvalə edir. Şimali Atlantika Alyansının rəhbərliyi dəfələrlə bəyan edib ki, NATO və Aİ səylərini birləşdirməlidir, amma bəzi ekspertlər hesab edir ki, bu iki qurumun münasibətlərində əməkdaşlıq deyil, rəqabət daha ön plandadır.
Onların fikrincə, NATO Şimali Atlantika dialoqunu da Aİ-nin Barselona prosesinə əks olaraq yaradıb.
ABŞ-ın Liviya məsələsində əsas rolun Fransada olmasını əngəlləməsinə, sonda bu işdə NATO-nun ön plana çıxmasına nail olmasına da bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır.
Yaşananlarda daha bir maraqlı məqam da var. Şimali Atlantika Alyansı (oxu: ABŞ) birmənalı olaraq, Şimali Afrika ölkələrinə diqqət ayırır, Saxaradan cənubda baş verən regional münaqişələrə o qədər də maraq göstərmir. Amma yəqin ki, Vaşinqtonun bu taktikası müvəqqəti xarakter daşıyır. Fərziyyə olaraq belə düşünmək mümkündür ki, Vaşinqton dünya hegemonluğu yolunda Makkinderin "Hartlend nəzəriyyəsi"nə ("Orta torpaq") müəyyən sxematik korrektələr edir. Bu nəzəriyyəyə görə, Avrasiya üzərində nəzarət "Dünya adası"nı (Avropa, Asiya və Afrika Birliyi) idarə etmək, bu isə öz növbəsində, dünyanı idarə etmək deməkdir. Bu gün ABŞ-ın fövqəldövlət olmasına, əslində, Avropaya nəzarət etməsinə baxmayaraq, onun bütünlükdə Avrasiyaya nəzarəti haqda danışmaq düzgün olmazdı. Rusiya və getdikcə daha da güclənən Çin bu işdə ona mane olur.
Afrika qitəsi isə başqa məsələdir. Ola bilsin, Vaşinqton bütünlükdə Avrasiyaya nəzarət etmək üçün əvvəlcə "Dünya adası"nın komponentlərinin birində öz geosiyasi nəzarətini ələ almaq fikrindədir. Söhbət Afrikadan gedir.
Bütün qeyd olunanlar belə düşünməyə əsas verir ki, Yaxın Şərq və Şimali Afrikanın bəzi ölkələrində baş verənlər Aralıq dənizi İttifaqı və Aralıq dənizi Dialoqu kimi geosiyasi layihələrin nəticəsidir.
Digər versiyalar kimi, bu versiya da kifayət qədər ağlabatandır.
MƏSLƏHƏT GÖR: