GÜC - HƏQİQƏTDƏDİR
Diasporanın hədəfi Azərbaycan haqqında əsl həqiqətlərin çatdırılmasından ibarətdir
Müəllif: NURANİ Bakı
Azərbaycan diasporu real gücə çevrilib. Bakıda keçirilmiş dünya azərbaycanlılarının III qurultayının yekununu belə qiymətləndirmək olar. Qurultay genişmiqyaslı oldu. Orada dünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak edirdi. Ən çox nümayəndə Rusiya (155), Türkiyə (101), Ukrayna (49), Almaniya (43), Gürcüstan (41), ABŞ-dan (25) gəlmişdi; İsveçdən (23), Niderlanddan (21), İsraildən (17), Özbəkistandan (13), Fransadan (12), Böyük Britaniyadan (11), Kanadadan 10 nümayəndə qurultaya qatılmışdı.
Qəbul olunmuş sənədlər arasında dünya azərbaycanlılarına və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xarici ölkə parlamentlərinə müraciəti qeyd etmək olar. Koordinasiya Şurasının fəaliyyətinin yenidən qurulması məsələsi səsverməyə çıxarılıaraq, qəbul edilib. Onun fəaliyyətinin davam etdirilməsinə qərar verilib. Şuraının Rəyasət Heyəti ləğv edilib, onun əvəzinə icraçı katiblik yaradılıb. Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri seçilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə qurumun icraçı katibi postunu tutub.
Şura üzvlərinin sayı 107-dən 115-ə qaldırılıb.
Bu quru sətirlər, çətin ki, Heydər Əliyev Sarayında, əslində, nələrin baş verdiyini tam göstərə bilsin. Belə tədbirlər haqda artıq formalaşmış stereotiplərə zidd olaraq, budəfəki qurultay beynəlmiləl bir hadisəyə çevrildi. Qonaqlar arasında tanınmış israilli siyasətçi Yosif Şaqal, Vladimir Kolesnikov da var idi, kluarlarda azərbaycanlı jurnalistlərə Mixail Qusman müsahibə verirdi. Azərbaycandakı tolerantlığın səviyyəsinin bundan artıq nümayişini, hətta nəzəri cəhətdən belə, təsəvvür etmək mümkün deyil.
Ən başlıcası isə ötən qurultaydan keçən dövrdə Azərbaycanın özünün dəyişməsidir. Proqram çıxışında Prezident İlham Əliyev də bundan danışıb: «Azərbaycanda güclü iqtisadi potensial yaradılıb. Son illər ərzində aparılan iqtisadi islahatlar nəticəsində ölkə tam şəkildə özünü təmin edə bilir və hətta dünya üçün çox böyük problemlər yaratmış maliyyə və iqtisadi böhran Azərbaycana çox az təsir edib. Ən böhranlı dövrdə - 2008, 2009, 2010-cu illərdə Azərbaycan iqtisadiyyatı inkişaf edib, iqtisadiyyatımız artıb. Son 7 il ərzində ölkə iqtisadiyyatı üç dəfə böyüyüb. Yəni, ümumi daxili məhsul 300 faiz çoxalıb. Bu da dünya praktikasında analoqu olmayan bir təcrübədir. Yoxsulluq şəraitində yaşayanların sayı beş dəfə azalıb. Bu onu göstərir ki, tərəfimizdən aparılan islahatlar sosialyönümlü islahatlardır».
İlham Əliyev bildirib ki, iqtisadi müstəqillik Azərbaycanın beynəlxalq məsələlərlə də bağlı fikrini açıq-aydın ifadə etməyə imkan verir: «Bölgədə gedən proseslərə Azərbaycanın təsir imkanları artır. Bu da təbiidir, çünki Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir».
Bu vəziyyətdən, ilk növbədə, Ermənistan nəticə çıxarmalıdır. Məhz onun əvvəlkitək yenə də qeyri-konstruktiv mövqe tutması üzündən, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişə nail olunmur.
Prezident Azərbaycanın ərazi bütövlüyünün gec-tez bərpa olunacağını bildirib. O bu problemin sülh yolu ilə həllinin arzulanan olduğunu söyləyib: «Azərbaycanda yaradılmış potensial Ermənistanın potensialı ilə müqayisə edilə bilməz. Bizim iqtisadi imkanlarımız və iqtisadi potensialımız Ermənistandakından 10 dəfə artıqdır. Vaxt keçdikcə, bu fərq daha da çoxalacaq, iki ölkə arasındakı uçurum daha da genişlənəcək. Ona görə Ermənistanın marağında olmalıdır ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim təkcə hərbi xərclərimiz Ermənistanın bütün dövlət büdcəsindən 50 faiz artıqdır. Bu hələ bizim gördüyümüz işlərin birinci nəticələridir».
İlham Əliyev Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu da xatırladıb. «Əsrlərboyu xalqımız o ərazilərdə yaşayıb, yaradıb. Ermənilər o əraziyə qonaq kimi gəliblər. Biz onların Dağlıq Qarabağa gəlməsinin tarixçəsini də yaxşı bilirik. Vaxtilə 1978-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda onların Dağlıq Qarabağa köçü-rülməsini əks etdirən abidə ucaldılıb. Müharibənin ilk illərində ermənilər o abidəni dağıdıblar. Ancaq tarixi dəyişdirmək mümkün deyil. Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəliblər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıb. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazilərimizdir», - deyə qurultayın tribunasından etdiyi çıxışında dövlət başçısı bildirib.
Gözlənildiyi kimi, qurultayda diaspora qarşısında dayanan işlərdən də danışılıb, onun birliyinin, diaspor rəhbərləri ilə səfirlik əməkdaşları arasında yaranan fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyi vurğulanıb. Azərbaycan haqqında doğru, real informasiyaların dünya ictimaiyyətinə çatdırılması, erməni lobbisinin ölkəmizə qarşı apardığı kampaniyanın önlənməsinin vacibliyi də toplantıda vurğulanan məsələlər sırasında olub. Azərbaycanın öz lobbiçilik strukturlarını yaratmağa başlamasından sonra «erməni lobbisi» əvvəlkitək güclü və məğlubedilməz deyil.
Qurultaydakı fasilə zamanı Prezident İlham Əliyev bir sıra ictimai xadimə Azərbaycan diasporunun gücləndirilməsi, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsindəki fəaliyyətlərinə görə, «Dostluq» ordeni və «Tərəqqi» medalını təqdim edib.
«Dostluq» ordeninə Bəşər Kömür, Ertan Dəmirtaş, İosif Şaqal, Mehmet Akkan Suver, Suat Günsel, Vladimir Kolesnikov layiq görülüblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya isə «Tərəqqi» medalı verilib.
İnformasiya agentliklərinin məlumatına görə, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru Leyla Əliyeva bu mükafata xaricdə yaşayan həmvətənlərimizin birliyi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsindəki fəaliyyətinə görə layiq görülüb. Onun əsas xidmətləri arasında «informasiya müharibəsi»ndə qüvvələr nisbətini nəzərəçarpacaq dərəcədə dəyişmiş «Xocalıya ədalət» kampaniyasını göstərmək olar.
Üçüncü ölkələrdə keçirilmiş tədbirlər, qəzetlərdə dərc olunmuş məqalələr, etiraz aksiyaları, piketlər, canlı yayımda reportajlar haqda çox danışmaq, Böyük Britaniya parlamenti qarşısında havaya üzərində həlak olmuş insanların adları yazılmış 613 şarın buraxıldığını xatırlamaq olar. Digər bir məqam isə daha əhəmiyyətlidir: əvvəllər fevralın sonlarında erməni KİV daim «Sumqayıt qətliamı» haqda səs-küy qaldırırdısa, indi onlar daha çox Xocalıda baş verənlərlə bağlı özlərinə haqq qazandırmağa çalışırlar. Bu, ermənilər üçün daha çətin işdir. Azərbaycanın aktivində Çingiz Mustafayevin çəkilişləri, «Memorial»ın hesabatı, üstəlik, Serj Sarqsyanın «Tomas de Vaala» müsahibəsində səsləndirdiyi bir fikir də var: «Xocalıyadək azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, biz dinc insanlara əl qaldırmarıq. Biz bunu (stereotipi) qıra bildik».
Bu da son deyil və daha çoxsaylı faktlar, arqumentlər var.
Doğrudur, bütün bunlar hələ 1992-ci ildən məlum idi. Onların dünya ictimaiyyətinə çatdırılması yalnız indi mümkün olur. «Xocalıya ədalət» kampaniyası uğrunda əsas rolu isə ona enerjili gənclərin, fəal, müasir şəxslərin rəhbərlik etmələri oynayır. Bu şəxslər anlayırlar ki, auditoriyanın müəyyən seqmentinə ikisaatlıq mühazirədənsə, Xocalıya həsr olunmuş rep-kompozisiya daha çox təsir göstərər, yalnız kitab və bukletlərin nəşri ilə kifayətlənməyərək, internet-resurslar da yaratmaq lazımdır. Ən əsası isə, sözün əsl mənasında, dünya auditoriyasının anladığı dildə danışmaq tələb olunur.
Ermənilər Dünya azərbaycanlılarının III qurultayı ilə bağlı susmağa üstünlük verir. Ona görə ki, bu mövzu erməni təbliğatçıları üçün ciddi narahatlıq yaradıb. Nüfuzlu və geniş erməni diasporu Ermənistanda eksklüziv bonus kimi qəbul edilirdi və ona nəzəri baxımdan belə rəqibin olmadığı düşünülürdü. 2010-cu ilin oktyabrında Rusiyada əhalinin siyahıya alınması zamanı isə erməni millətçiləri çaş-baş qaldılar: sən demə, onların Kubanda yaşayan soydaşları özlərini «erməni» kimi deyil, «qafqazlı» və hətta - dəhşət - «bakılı» kimi təqdim edirlər. Bundan bir neçə il əvvəl isə - 2007-ci ildə Rusiyada nəşr olunan «Yerkramas» erməni qəzetinin baş redaktoru Tiqran Tavadyan etiraf edirdi ki, «Kubanda rəsmən 275 min erməni olduğu bildirilsə də, əslində, onların sayı yarım milyondur. Yerli ermənilərlə yanaşı, burada Abxaziya, Qarabağ, Ermənistan və Azərbaycanın başqa regionlarından gələnlər də yaşayır».
«Ermənistanın səsi» qəzetinin «Son zamanlar hər yerdə, xüsusilə Rusiyada azərbaycanlıların fəallaşdığı haqda danışılır. Krasnodarda bu hiss olunurmu?» sualına cavabında o deyib: «Son zamanlar Bakıdan çoxlu elçilər peyda olub və onlar yerli azərbaycanlılarla, həmçinin, Azərbaycandan olan ermənilərlə əlaqələr qurmağa çalışırlar. Bu əlaqələrin səviyyəsi haqda danışmayacağam. Rusiyanın erməni diasporu, onun güclü və zəif cəhətləri ilə bağlı fəal şəkildə məlumat toplanılır».
Tiqran Tavadyan «zəif yerlər» haqda da danışıb: heç də bütün yerli ermənilər tarixi vətənlərinə maraq göstərmir. O, indiyədək KİV-də bir neçə dəfə yer almış «resept»ini də səsləndirib: «Uşaqlarımızın Ermənistana marağını cəlb etmək üçün hələlik rus dilində ədəbiyyat lazımdır. Xatırlayıram ki, uşaqlıqda tamamilə inanırdım ki, dünyanın ən böyük təyyarəsi də Ermənistandadır, ən böyük paroxodu da. Atam belə demişdi və buna inanır, fəxr edirdim. Elə etmək lazımdır ki, uşaqlar tarixi vətənləri ilə bağlı nə iləsə fəxr etsinlər; bu, şişirdilmiş olsa da belə».
Uşaqlara “ən böyük təyyarə”, “ən böyük paroxod” haqda danışmaqla onlara vətənpərvərlik aşılamaq olarmı? Axı uşaqlar da nə vaxtsa böyüyəcək və hər şeyin, sadəcə, böyük bir yalan olduğunu anlayacaq. Ritorik ifadələdir..
Vacib olanı başqa məqamdır : Azərbaycandan çıxmış ermənilər arasında, artıq həyatını erməni ultramillətçiləri ilə əlaqələrdən uzaq qurmaq istəyənlər də az deyil. Onlar, sadəcə, «ən böyük paroxod»la real iqtisadi uğurlar arasında seçim edirlər.
MƏSLƏHƏT GÖR:



573

