
NƏTİCƏLƏR ÜMİD VERİR
Mariana Vasilyeva: «Gimnastlarımızın London Olimpiadasında medal qazanacağına inanıram»
Müəllif: Sənan ŞƏFİZADƏ BAKI
Azərbaycan idmanı tarixində ilk dəfə idi, bədii gimnastika üzrə ölkə çempionatı bölgədə keçirilirdi. 18-ci Azərbaycan çempionatının iştirakçıları ölkənin şimal incisi olan Qusara toplaşmışdı. Qusar Olimpiya İdman Kompleksində baş tutan ölkə birinciliyi bir sıra digər əlamətdar məqamlarla da yadda qaldı.
Çempionat çərçivəsində Qusarda bədii gimnastika bölməsinin açılışı oldu. Azərbaycan Gimnastika Federasiyasının rəmzi bayrağını yerli bölməyə təqdim edən federasiyanın baş katibi Fərid Qayıbov bildirdi ki, hazırda Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Xırdalan və Göyçayda bədii gimnastika bölmələri fəaliyyət göstərir. Maraqlıdır ki, açılışqabağı 2 ay ərzində Qusar bölməsinə artıq 56 gənc qız yazılıb. Federasiyanın saytında yer alan məlumata görə, onların məşqçisi Bakıdan olan mütəxəssis, 2009-cu il Avropa Çempionatının yuniorlar arasında qrup hərəkətləri üzrə gümüş mükafatçısı Kamilə Məmmədovadır.
Azərbaycan çempionatının nəticələrinə gəlincə, senyor gimnastlar qrupunda Aliyə Qarayeva növbəti dəfə Azərbaycan çempionu adını qazanıb. Zeynəb Cavadlı ikinci, Anna Qurbanova isə üçüncü yerə layiq görülüblər. Yeniyetmələr arasında Lalə Yusifova qalib olub. Ləman Hacızadə ikinci, Gülsüm Şəfizadə isə 3-cü yeri tutub.
Nəticədən razı qalan bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariana Vasilyeva ilə idmançıların hazırlığından, eləcə də qarşıdakı dünya çempionatı barədə danışdıq.
- İlk dəfə Azərbaycan çempionatı Bakıda deyil, Qusarda baş tutdu. Çempionatın təşkilindən razı qaldınızmı?
- Doğrusu, Azərbaycan çempionatının Qusarda belə yüksək səviyyədə keçiriləcəyini gözləmirdim; həm təşkilatçılıqdan razı qaldım, həm də gimnastların çıxışından. Ən güclülərin yarışdığı A qrupunda rəqabət özünü göstərdi. Qusarda gimnastikanın belə sevildiyini təsəvvür etmirdim. Yarış zamanı çoxlu sayda azarkeş görmək gimnastlar üçün xüsusi stimuldur. Məhz buna görə də idmançılar hərəkətləri mümkün qədər yaxşı yerinə yetirməyə çalışırdılar.
- Gələcəkdə Azərbaycan çempionatının başqa regionlarda təşkili mümkündümü?
- Azərbaycan Gimnastika Federasiyası, yerli İcra Hakimiyyəti və kompleksin rəhbərliyi Qusardakı yarışın yüksək səviyyədə keçməsi üçün səmərəli fəaliyyət göstərdi. Yarış zamanı zalda anşlaqın olmasını xüsusi qeyd etməliyəm. Deməli, gimnastikaya maraq təkcə Bakıda deyil. Azərbaycanda dövlətin idmana olan qayğısı nəticəsində əksər regionlarda idman komplekslərinə rast gəlmək olar. Masallıdakı kompleksdə olmuşam və oranı çox bəyənmişəm. Qubada da gözəl kompleksin olması barədə məlumatım var. Həmin yerlərdə Azərbaycan çempionatını yüksək səviyyədə keçirmək mümkündür.
- Çempionatda yeni perspektivli gənclərə rast gəldinizmi?
- Yarışda iştirak edən gimnastların çoxu rəhbərliyim altında məşq edir. Qusardakı yarışda 12 yaşlı Ləman Hacızadəni də sınamaq qərarına gəldik. Onun yaşı Azərbaycan çempionatında iştirak etməyə icazə vermirdi. Amma biz Ləmanı yoxlamaq üçün yarışa buraxdıq. Nəticələr qərarımızda yanılmadığımızı göstərdi. Yekunda 2-ci yeri tutan Ləman gələcəyin çempionudur. Çox perspektivli gimnastdır.
- Yəqin, gələcək mötəbər yarışlarda yığmaya yeni adlar da cəlb olunacaq…
- Düz fikirdəsiniz. Azərbaycanda bədii gimnastika sürətlə inkişaf edir. Çoxlu sayda perspektivli yeniyetmələrimiz var. Gələn il Avropa Çempionatında onlara şans vermək mümkündür. Yığmada güclü rəqabətin olacağını indidən söyləmək olar. Azərbaycan çempionatının nəticələri dediklərimi sübut edir; məsələn, Gülsüm Şəfizadə səhvi ucbatından 3-cü yeri tutdu. 2-ci yer isə Ləman Hacızadəyə qismət oldu. Heç kim hər yarışda qalib olacağını gözləmir. Bu, rəqabətdan xəbər verir. Rəqabət olan yerdə isə inkişaf mütləq olacaq.
- Yığmada dəyişiklik ilin sonunda reallaşa bilərmi?
- Milli üzvlərini birdən-birə dəyişmək düzgün olmaz. Çünki hazırda bütün dünya London Yay Olimpiya Oyunlarına hazırlaşır. Olimpiadadan sonra bəzi idmançılarımız karyerasını başa vuracaq. Bu, ənənəvi təkrarlanan haldır. Gimnastlar daim rəqabətlə üzləşir və müəyyən müddət sonra yerini daha gənc və perspektivli həmkarlarına verirlər. Yığmanın hazırkı üzvləri Azərbaycan gimnastikası üçün böyük inkişafa kömək edib. Çətin durumda medallar qazanmaqla sözlərini deyiblər.
- Qarşıda komandamızı ilin ən mötəbər yarışı - Dünya Çempionatı gözləyir. Baş məşqçi kimi, yetirmələrinizdən hansı nəticəni gözləyirsiniz?
- Azərbaycan gimnastları qarşısında böyük hədəflər dayanır. Dünya Çempionatında medal qazanmaq həddən artıq çətin olacaq, çünki budəfəki yarış London Olimpiadasına lisenziya xarakteri daşıyır. Qrup hərəkətləri üzrə komanda lisenziya qazanmaq üçün ilk 6 komanda arasına düşməlidir. 6 lisenziya uğrunda 12-15 yığmanın mübarizə aparacağını indidən söyləyə bilərəm. Fərdi yarışlara gəlincə - Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlıya böyük ümidim var. Hər biri vətənə lisenziya ilə qayıtmağa layiq olduğunu göstərməlidir. Hədəfə çatacağımıza inanıram. Aliyə çətinliyə öyrəşib və Dünya Çempionatında da sözünü deməyi bacarmalıdır. Zeynəblə Anna isə 2-ci lisenziyaya sahib çıxmalıdır. Bildiyiniz kimi, Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan gimnastları 2 lisenziya qazanmışdı. Bu dəfə də ən azı, əvvəlki uğuru təkrarlamalıyıq; sonra Olimpiadaya hazırlıq barədə düşünəcəyik. Gimnastlarımızın Olimpiadada medal qazanacağına ürəkdən inanıram.
MƏSLƏHƏT GÖR: