24 Noyabr 2024

Bazar, 13:29

«YARINDAN» AYRI YAŞAMAQ

Dulların problemlərinə diqqət yetirmək üçün dünya tarixində ilk dəfə olaraq beynəlxalq dullar günü qeyd edilib

Müəllif:

01.07.2011

Sevil Ağayevanın əri 34 yaşında anadangəlmə ürək çatışmazlığından dünyasını dəyişib. O, iki uşağı ilə gənc yaşlarından dul qalıb - uşaqlarından birinin 6 yaşı olub, digəri isə 18 aylıq imiş. Sevil həyatda həmişə müstəqil adam olub. Yaxşı yazırmış və artıq 16 yaşında ingiliscə yazdığı hekayələrə görə yetərincə qonorar da alırmış, həmişə də ingilisdilli nəşrlərdə çıxış edib. O, daim uğur qazanıb. İki il xaricdə oxuyub və normal maaşlı iş, sevimli adamını tapıb. Sevil özünü müstəqil, azad və öz ayağı üstündə durmağı bacaran adam sayıb. Amma Fuadın ölümündən sonra dəhşətli vəziyyətə düşüb. 

«Həyatımda ilk dəfə özümü itirmişdim, dərd məni öldürürdü. Bilmirdim, buna duruş gətirəcəyəm, yoxsa yox. Mənə elə gəlirdi ki, qapısı olmayan balaca bir qutuya düşmüşəm və bilmirəm, haradan çıxım. Elə vaxt olurdu, nəfəsim tıxanırdı, mənə elə gəlirdi ki, boğuluram. Səmanın və ağacların - hər şeyin mənası itmişdi. Sizi göyə atsaydılar və yerə düşüb kar olsaydınız, heç nə anlamasaydınız, necə olardı?» - deyə Sevil xatırlayır. 

Kədəri bir yana, amma o, praktiki məsələləri yoluna qoymalı imiş. O, qəflətən ikiuşaqlı yalqız anaya çevrilib, övladının biri hələ bələkdən çıxmayıbmış, o birisi isə sevimli atasını itirdiyindən, çox kədərli imiş. 

«Vaxt keçir, yavaş-yavaş anlayırsan ki, həyatın çox dəyişib. Əvvəlcə birlikdə yaratdığınız həyat tərzinin, vərdişlərin nə qədər dərin kök saldığına fikir vermirsən; mağazadan nə qədər süd almağından, işdən sonra necə vaxt keçirməkdən tutmuş, nə qədər Yeni il hədiyyəsi almağa, ad günləri və bayramları birlikdə qeyd etməyə qədər hər şeyi xatırlayırsan… İndən belə, telefon zəng eləyəndə heç kim səndən qabaq deməyəcək ki, dəstəyi mən götürürəm. Heç kim sənə aldığın ərzaqları dükandan evə gətirməyə yardım etməyəcək. Vaxt da kömək etmir. Bir il keçir, iki il keçir. Güc-bəla ilə işə gedib-gələ bilirdim. Çünki anlayırdım ki, bunsuz mümkün deyil. Bunu sadəcə, mexaniki şəkildə yerinə yetirirdim. Birgə tarixlər xüsusilə əzabverici olurdu. Daha iki il də keçdi. Depressiya vəziyyətindən özüm çıxdım, nə valideynlərin, nə də dostların verdiyi təskinliyin heç bir faydası olmadı. Bütün dünyaya düşmən kəsilmişdim, xoşbəxt cütlüklərə baxa bilmirdim. Sonra hər şey necəsə yüngülləşməyə başladı, böyük ehtimalla, uşaqların və işin hesabına… Anladım ki, zaman yaraları qaysaqladır və özün də bilmədən irəli gedirsən. Ərimin ölümündən dörd il sonra, artıq Fuadın yoxluğu barədə ağrısız düşünə bilirdim. Amma yenə də radioda bir mahnı eşidəndə (onların sevimli mahınsı «Beatles»in «Yesterday»i olub - A.K.), gözlərim yaşla dolur», - deyə Sevil etiraf edir. 

BMT Baş Assambleyası tərəfindən 2010-cu ildə qəbul edilmiş qətnaməyə görə, dünya iyunun 23-də Beynəlxalq dullar gününü qeyd edir. Assambleya qərara alıb ki, 2011-ci ildən başlayaraq hər il Beynəlxalq dullar günü qeyd edilsin, həmçinin, üzv dövlətləri, BMT sistemini, başqa beynəlxalq və regional qurumları öz mandatları çərçivəsində dulların və onların  uşaqlarının vəziyyətinə xüsusi diqqət yetirməyə çağırıb. 

İyunun 23-də keçirilmiş ilk Beynəlxalq dullar günü bütün insan hüquqlarının tam gerçəkləşdirilməsi, həmçinin, hüquq və imkanların genişləndirilməsi hesabına yoxsulluq miqyasının azaldılması məqsədilə dulların və onların uşaqlarının ağır vəziyyətinə diqqət cəlb etməyə imkan verir. Bütün qadınlar da dulların vəziyyətinə xüsusi diqqət ayırmalıdırlar, çünki dul qalmaq ehtimalı böyükdür. Qadınlar, adətən, ərlərindən gənc olurlar və kişilərdən uzun yaşayırlar. 

Maddi çətinliklərlə yanaşı, qadınlar həm də mənəvi problemlər uçurumu - tənhalıq, depressiya, sabaha inamsızlıq qorxusu ilə üz-üzə olurlar. Toplum çox vaxt onların duyğularına və vəziyyətinə dözümlü yanaşmır ki, bu da dul qadınların durumunu bir qədər də dərinləşdirir. Psixoloq Səadət Həsənova bildirir ki, nədənsə cəmiyyət ölüm nəticəsində ərindən məhrum olmuş qadınlara qarşı sərt davranır. «İlk baxışda  bu, inanılmaz görünür, amma gerçəkdir. Dullarla ikinci növ insanlar kimi rəftar edirlər. Onların kədəri, iqtisadi durumlarının kəskin pisləşməsi, dul qadının başına qəfil çökmüş öhdəliklər, bütün bunlar problem yaradır ki, başqa insanlar bunu görmək istəmirlər, ya da bilərəkdən özlərini görməzliyə vururlar».

Səadət Həsənovanın sözlərinə görə, əri öləndə hamı dul qadının ətrafına toplaşır. Dəfn hazırlığı, dəfnin özü, güllər və başsağlıqları - bütün bunlar qadını dəstəkləyir. Sonra unudulma dövrü başlayır. Başqalarının bədbəxtliyi insanları tez bezdirir. Amma yaşlı dul qadınlar öz gələcəklərinin qeyri-müəyyənliyi üzündən uzun müddət rahatlıq tapa bilmirlər. «Heç yerdə işləməmiş yaşlı qadına əri yetərincə vəsait qoymayıbsa, özünə iş axtarmaq məcburiyyətində qala bilər, onda da yaşına və cinsiyyətinə görə ayrı-seçkiliklə üzləşə bilər, həmçinin, işləmək üçün yetərincə bacarıq sahibi olmaması da mümkündür. Axı heç də hər zaman anaların problemlərini onların uşaqları həll etmirlər. Belə dul qadın əməlli-başlı maddi çətinliklə üz-üzə qalır. Onun başını itirməsi üçün səbəblər çoxdur. Əgər dul qadın yetərincə vəsaiti olmaması üzündən qara-qorxuya düşübsə, bu onun etdiyi bütün hərəkətlərə təsir göstərir». 

Bəzi qadınlar bütün günahı ölmüş ərlərində görürlər. «Onlar ona görə acıqlanırlar ki, özlərini tənha hiss edirlər və bu da gerçəyə uyğun gəlir. Qadın aralarında baş vermiş bütün mübahisələri xatırlamağa başlayır, yaddaşından, hətta ən önəmsiz dartışma, hər bir acı söz dirilir. Bəzi dullar, hətta Tanrıya da asi düşürlər. Onların qəzəbinin bir hissəsi isə çevrədəkilərinə yönəlir; amma bu hələ bütün sınaqların başlanğıcıdır. Çünki qadın uzun müddət sevdiyi və birgə yaşadığı ərini itirməklə elə öz «mən»inin yarısını da itirir ki, bu da onda tənhalıq, heç kimə lazım olmamaq hissi oyadır», - deyə psixoloq vurğulayır.  

Onun fikrincə, hazırda bütün dünyada dulların assosiasiyaları yaradılır ki, qadınların ərlərini itirmiş və yardıma ehtiyacı olan bu kədərli və sentimental azlığının problemlərinə diqqəti cəlb edə bilsinlər. Azərbaycanda da belə qadınlar az deyil. Nəzərə almaq lazımdır ki, onların çoxunun əri Qarabağ müharibəsində həlak olub. «Bu kateqoriya insanların müdafiəyə, reabilitasiyaya və psixoloq yardımına ehtiyacı var. Arzu olunandır ki, belə assosiasiyalarda sosial yardım pulsuz göstərilsin». 

Dul qadınların iş axtarmaqdan, maliyyə vəziyyətini idarə etməkdən tutmuş, peşə öyrənməyə qədər bütün praktiki işlərdə köməyə ehtiyacı ola bilər. ABŞ-da, məsələn, dul qadın assosiasiyalarında qadınlara hər şeydən öncə, peşə yardımı edirlər ki, ağır günlərini adlata bilsinlər. Bu cür insanların yeni dostlara, öz yarısını - ikinci «mən»ini itirmiş adamın vəziyyətini başa düşməyə qadir ünsiyyətə ciddi ehtiyacı ola bilər. 


MƏSLƏHƏT GÖR:

401