25 Noyabr 2024

Bazar ertəsi, 20:44

AHILLIĞIN ŞADLIĞI

Pensiya qanunvericiliyinə yeni düzəlişlər pensiyaçılar arasında bərabərsizliyi aradan qaldıracaq

Müəllif:

01.07.2011

Həyatın hansı sahəsində olursa-olsun, ədalətsizlik həmişə narazılıq ocağıdır. Ədalətsizlik çox sayda insanın, xüsusilə də cəmiyyətin müəyyən təbəqəsinə toxunanda isə, artıq sosial problemə çevrilir və onun həllinə mütləq dövlət qarışmalı olur. 

Müstəqillik qazanandan bu yana Azərbaycan üçün belə probemlərdən biri pensiya təminatı məsələsidir. Bu problemin yaranma səbəbləri çoxdur. Buraya əmək stajının bir hissəsinin sovet illərinə düşən insanlara pensiya hesablanması  və ödənişi üzrə bütün sistemin köklü dəyişdirilməsindən pensiya təyinatı zamanı bürokratik əngəllərə və məmur xətalarına qədər çox şey daxildir. 

Dövlət bu sosial problemin həllinə çoxdan qarışıb və mərhələli şəkildə müxtəlif islahatlar aparır. Ancaq daha balanslaşmış variantların əldə edilməsi üçün görüləcək işlər o qədər çoxdur ki, son on ildə, demək olar ki, hər il sistemin təkmilləşdirilməsi üzrə yeniliklər tətbiq edilməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır. 

Bununla yanaşı qeyd edək ki, «Əmək pensiyaları haqqında» qanuna son düzəlişlər bu sahədə olan qeyri-müəyyənliklərin böyük bölümünü aradan qaldırmaq məqsədi daşıyır. Əsas məqsəd ədalətin bərpa edilməsidir. 

 

Yenidən hesablama  

Pensiyaçılar bu islahatları çoxdan gözləyirdilər. İndiyə kimi mövcud olan sistemin ədalətsizliyi onunla bağlıdır ki, 2006-cı ilə qədər pensiyaya çıxmış şəxslərə sovet illərində aldıqları maaş əsasında yetərincə qəliz düstur hesablanıb və müxtəlif əmsallara vurularaq manata çevrilib. Nəticədə, elə alınıb ki, demək olar, eyni iş görmüş və eyni iş stajına malik olan, amma müxtəlif vaxtlarda pensiyaya çıxmış adamlar müəyyən pensiyalar alırdılar. 1990-cı illərdə pensiyaya çıxmış adamlar isə ümumiyyətlə, yalnız minimum pensiya alırdılar, halbuki ömürlərinin 30 ilini əmək fəaliyyətinə sərf etmişdilər. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesablamalarına görə, Azərbaycanda 2006-cı ilə kimi pensiyaya çıxmış 900 min adam var və onların 675 mini hazırda 85 manat səviyyəsində minimum  pensiya alır. 

Təbii ki, bu, ahıl yaşda olan insanları işləməyə məcbur edir ki, maaşla birgə birtəhər öz ehtiyaclarını ödəyə bilsinlər. Sonucda bu cür durum pensiyaçıların özünü narazı salmaqla yanaşı, gənc kadrlar üçün iş yerlərinin çatışmazlığına da səbəb olur, yəni əmək bazarında gərginliyi artırırdı. 

Başqa sözlə, artıq dövlət büdcəsi elə səviyyəyə çatıb ki, islahatların xərcini iqtisadiyyata ziyan vurmadan çəkmək mümkündür, həm də yeni iş yerlərinin açılması məsələsi təcili həllini tələb edir. Yəqin ki, elə bu səbəbdən, hazırkı ildən hökumət dairələrində 2006-cı ilə kimi pensiyaya çıxmış insanlara qarşı ədalətin bərpası məsələsindən danışmağa başlayıblar.

Artıq yenidənhesablama məsələsi konkret və ciddi şəkildə Nazirlər Kabinetində  2011-ci ilin I rübü üzrə Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qoyulub və Prezident İlham Əliyev 2006-cı ilə kimi pensiyaya çıxmış ölkə vətəndaşlarının maddi təminatının bu il yaxşılaşdırılmasınin vacibliyi barədə danışıb. Və Dövlət Sosial Müdafiə Fondu bu problemin həlli üçün yetərincə sadə düstur tapıb. 

Beləliklə, «Əmək pensiyaları haqqında» qanuna Milli Məclis tərəfindən qəbul edilmiş və prezident tərəfindən təsdiq edilmiş düzəlişlərə görə,  2006-cı il yanvarın 1-nə kimi pensiyaya çıxmış insanlar üçün, həmin qanunun 20-ci maddəsinə uyğun olaraq hesablanmış əlavəni alanlar istisna olunmaqla, pensiyalar əmək stajı götürülmklə yenidən hesablanacaq. Yenidənhesablama nəticəsində staj 1,94-ə vurulacaq, əgər il başa çatmayıbsa, stajın sonuncu ilinin ayları hesaba salınacaq və əldə edilmiş rəqəm 85 manat ölçüsündə olan baza pensiyaya əlavə ediləcək. Başqa sözlə, pensiyanın 2011-ci il iyulun 1-dən təkrar hesablanmış sığorta hissəsi müəyyən ediləcək. Yeri gəlmişkən, 1,94 əmsalı havadan götürülməyib, o, 2006-cı ildən 2010-cu ilə kimi istehlak qiymətlərinin dəyişməsi nəzərə alınaraq hesablanıb. 

Yeni dəyişikliklər 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-nə kimi müəyyən edilmiş pensiyaları da əhatə edəcək. Beləliklə, «köhnə» və «yeni» pensiyaların ölçüsü  barədə fərq aradan qaldırılacaq. Artımlar hər kəsi - əlillik üzrə, yaşa görə, ailəni dolandıranı itirdiyinə görə pensiya alanları, həmçinin, çoxuşaqlı pensiyaçı anaları əhatə edəcək. Qeyd edilir ki, iyulun 1-dən 845 min adam üçün pensiyalar, təxminən, 40% artacaq. 

2006-cı il yanvarın 1-nə kimi pensiyaya çıxmış şəxslər üçün yeni və köhnə  pensiyalar arasında fərq böyük olacaq, onda artım üçün əsas kimi daha yüksək pensiya götürüləcək. Əsas məqsəd çoxillik iş stajına baxmayaraq, aşağı olan pensiyaların ölçüsünü artırmaqdır. 

DSMF sədri Səlim Müslümovun sözlərinə görə, pensiyaların hesablanmasının yeni sisteminə keçid üçün lazım olan bütün vəsaitlər artıq dövlət fondunun düzəliş edilmiş büdcəsində öz əksini tapıb və iyulun 1-dən DSMF yeni sistemlə işləməyə başlayacaq. Bunun üçün 390 mln manat tələb edilir ki, bunun 195 mln manatı 2011-ci ilin ikinci yarısında ayrılacaq. 

«Pensiyaların yeni təkrar hesablanması 2010-cu il yanvarın 1-nə kimi tərtib edilmiş hər bir pensiya işinə baxmağı  tələb edir. Əvvəllər Azərbaycan tarixində analoqu olmayan bu tədbir çox böük həcmdə texniki işlər tələb edir. Bütün bunlara baxmayaraq, DSMF maksimum qısa müddətdə bu işi başa çatdırmaq niyyətindədir və fondun avtomatlaşdırılmış idarəetmə sistemi bu işin yerinə yetirilməsi üçün böyük təkan olacaq», - deyə S.Müslümov vurğulayıb.

 

İki problemin bir həlli 

Bununla yanaşı, yeni pensiya islahatları həm ölkə üçün, həm də qlobal sosial öhdəliklərin yerinə yetirilməsi baxımından çox böyük önəm daşıyır. DSMF sədrinin müavini Elman Mehdiyev bildirib ki, pensiyaya 2006-cı ilə kimi çıxmış insanların orta aylıq pensiyası 102 manat təşkil edir,  2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-nə kimi çıxanlarınkı isə  122 manata bərabərdir, keçən il ərzində isə bu göstərici 150 manata qalxıb. "Bu, təxminən, $200 deməkdir, əgər biz bunu paritet alıcılıq qabiliyyətinə keçirsək, MDB üzrə ən yüksək göstərici alınar", - deyə Mehdiyev vurğulayıb.

Bütövlükdə, ölkə üzrə pensiyaların orta məbləği fond tərəfindən orta maaş göstəricisinin 40%-nə bərabər olan öhdəlikdən yüksəkdir. "Başqa sözlə, yeni qaydalar pensiyaların minimal qaydada ödənildiyi halları tam istisna etməyə imkan verir. Pensiyaçının alacağı məbləğlə minimum pensiya məbləği arasında fərq pensiyaçının əmək stajından asılı olacaq", - deyə Mehdiyev vurğulayıb.

İslahatlar əmək bazarındakı problemləri həll edəcəkmi? Müəyyən mənada bu, əlbəttə ki, gənclərin işə düzəlməsi ilə bağlı vəziyyətə müsbət təsir göstərəcək. Çünki yalnız  maddi təminatın olmaması üzündən, işləyən pensiyaçılar pensiyalarına əlavə edildikdən sonra buna gərək duymayacaqlar. 

Ümumiyyətlə, pensiyaya çıxdıqdan sonra işləyib-işləməmək qərarı artıq pensiyaçıların çoxu üçün könüllü olmayacaq. Belə ki, Milli Məclis pensiya islahatları ilə yanaşı, Əmək Məcəlləsinə də dəyişikliklər qəbul edib. Bu dəyişikliklərə görə, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyən şəxslər üçün yuxarı yaş senzi 65 qəbul edilib. Yalnız elmi-tədqiqat qurumlarının əməkdaşları və ali məktəb müəllimləri istisnadır. 

Məşhur deyimdə olduğu kimi, dövlət bir güllə ilə iki problemi birdən həll edib - həm pensiya təminatındakı ədalətsizliyi aradan qaldırıb, həm də gənclərin işə düzəldilməsi probleminin həlli üçün yeni baza yaradıb. Bu gənclərin pensiyaya göndərilənlər üçün layiqli əvəzləyici olub-olmaması artıq ayrı məsələdir. 

Hələ ki pensiyaçılar öz pensiyalarının yenidən hesablanmasının nəticələrini gözləyirlər, onları narahat edən məsələləri DSMF-nin rayon bölmələrinə yönəldirlər.  Və düşünürlər ki, bu dəfə onları incitməyəcəklər, vəd edilən əlavəni hər cür bürokratik əngəllər və kağız çətinlikləri olmadan artıracaqlar. Axı onlar bu pulu ölkə naminə çəkdikləri çoxillik əmək naminə və uzun müddət ədalət gözləyərək əldə ediblər… 


MƏSLƏHƏT GÖR:

505