Müəllif: Mehdi MAHMUDOĞLU, ekoloq Bakı
Əslən Şamaxıdan olan nənəm Gövhər çox müdrik qadın idi və hər gün evdən zibili atmağa bizi məcbur edirdi; deyirdi ki, evdə zibil saxlamaq xəstəlik gətirir. Bu yaxınlarda Berlindəki infeksion xəstəliklər və pnevmalogiya klinikasında işləyən alman həkimlər xəbərdarlıq ediblər ki, evdə üzvi tullantıların saxlanması sağlamlıq üçün təhlükəli ola bilər; məsələn, çürümə zamanı yaranan göbələklər dəridə problemlərin və nəfəsalmada çətinliklərə gətirə bilər, hətta zibilqabının qapağını qaldırmaq belə ağ ciyərlərə zərər vura biləcək göbələk sporlarının havaya uçmasına imkan yaradır. İnsan nəfəsalma yolu ilə nə qədər çox spor udursa, bir o qədər də orqanizmi üçün təhlükə yaranır. Aparılmış araşdırmalara görə, havada üzən sporlar allergik reaksiyalara, astmaya, qızdırmaya və qaşınmalara səbəb ola bilər. Üzvi maddələrin çürüməsi zamanı yaranan ən ciddi problemlərdən biri isə asperqillomadır - bu göbələk növü ağ ciyərlərdə məskunlaşır.
Biz sənaye müəssisələrinin və avtonəqliyyatın atmosferə və havaya atdığı çirkləndirici maddələrdən dəhşətə gəlirik, amma eyni zamanda, birbaşa ayaqlarımız altında baş verənlərə diqqət yetirmirik. Sənaye çirklənmələri faktına görə həmişə məsul şəxsi tapmaq mümkündür, amma binaların birbaşa girişində, küçədə və ya istirahət yerlərində atılmış tullantılara görə isə demək olar ki, cavabdeh tapılmır.
İndiyə kimi bir hadisəni unuda bilmirəm - bu, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) fəaliyyətinin ilk illərində baş vermişdi. Terminal üçün yer seçən zaman aşkar edilmişdi ki, ehtimal olunan meydanların birindən kiçik bir boru keçir və əraziyə ondan hansısa yağlı məhlul axır. Yeri gəlmişkən, terminal hazırda həmin ərazidə yerləşir. Borudan məhz hansı məhlul axdığını müəyyən etmək üçün oraya podratçı təşkilat - "Fuqro"dan mühəndis göndərilmişdi və o, milliyyətcə çex idi. ABƏŞ-in ekologiya şöbəsinin əməkdaşı kimi onu mən müşayiət edirdim. Biz artıq analizləri götürüb geri qayıtmağa çalışırdıq ki, birdən külək yetərincə çirklənmiş böyük salfet kağızını apardı. Yoldaşım ani olaraq bütün işlərini buraxdı və onun ardınca qaçmağa başladı. Etiraf edim ki, ilk dəqiqələr mənim üçün elə də asan olmadı. Ətrafda bizim ikimizdən başqa, yüz metrlərlə məsafədə heç kim yox idi, yalnız boş səhralıq idi. Külək tikanları, plastik torbaları havada oynadırdı, yaşlı bir kişi isə salfet kağızını tutmağa çalışırdı. Nəhayət, o, salfet kağızını tutdu, mən isə dedim ki, bu, kənardan gülməli görünür. Əvəzində isə o bildirdi ki, hamımız təbiət qarşısında cavabdehik və onun kirlənməsinə yol vermək olmaz. Bunu deyən adam müəyyən müddət sonra Bakını tərk etməli idi və bəlkə də həmişəlik. Açıq deyim ki, bu mənim üçün yaxşı dərs oldu və indiyə kimi zibili hara gəldi atan adamları görəndə həmişə həmin epizodu xatırlayıram.
Faydalı tullantılar
Bərk məişət tullantılarına diqqət yetirəcəyik. Məişət tullantıları insan fəaliyyəti və istehsaldan kənar təşkilatlar tərəfindən atılır. Bu küçədəki zibillər, yemək qalıqları, oduncaqdan düzəldilmiş karton və kağız, istifadəyə yararsız məişət texnikası, tökülən yarpaqlar və s.-dir. Həm də zərərli məişət tullantıları var - bunlar məişət kimyası qalıqları, akkumulyatorlar, civə lampaları, elektrik batareyalardır.
Bütün dünyada istehlak zibillərinin əksəriyyətini məhv edirlər, onları bərk məişət tullantıları üçün nəzərdə tutulmuş xüsusi poliqonlara daşıyaraq orada gerçəkləşdirirlər. Bu poliqonlar hələ keçmişlərdən zibilxana adlandırılır. Amma yaxın zamanlardan bu sadə sözü "sanitariya poliqonu" ifadəsi sıxışdırmağa başlayıb. Sanitariya poliqonu ənənəvi zibilxanalardan çox fərqlənir; məsələ bundadır ki, belə poliqonlarda bərk məişət tullantılarının yerləşdirilməsi ətraf mühitə zərər vurmur. Təəssüf ki, tam yararlı sanitariya poliqonu hələ ki nə Azərbaycanda, nə Rusiyada, nə də ki başqa MDB ölkələrində var.
Tarixə kiçik ekskursiya
Tarixçilər iddia edirlər ki, ilk zibilxana bizim eradan əvvəl III minilliyə aid edilir. O, Krit adasında imiş. Zibil böyük çuxurlara doldurulurmuş və sonra da müəyyən səviyyələrdə üzəri torpaqla örtülürmüş. Qədim Yunanıstanda Afina məmurları, demək olar ki, 1 500 il əvvəl vətəndaşlara zibili şəhər divarlarından ən azı kilometryarım aralı tökməyi bu-yururmuşlar. Amma əcdadlarımız nəinki zibili atmaq problemi ilə üz-üzə olublar, onlar hətta bu sözü işlətməyiblər də.
Amma artıq XIX yüzilliyin sonlarında sənayeləşmənin inkişafı ilə iri sənaye şəhərləri bərk məişət tullantısı anlayışı ilə üz-üzə qalıb; həmçinin, tullantıları necə çıxarmaq və məhv etməklə bağlı problem yaranıb. İstehlak mallarının istehsalının artması ilə zibil daha çox yığılmağa və problem yaratmağa başlayıb. Ən ciddi problem zibilin hara daşınması ilə bağlı olub. Xammal bazasının zəif inkişafı, sahibkarların istehsal üçün resurslarının çatmadığı nəzərə alınaraq, tullantıları təkrar xammal kimi utilizə ediblər. Beləliklə, tullantıların təkrar emalı sahəsinin əsasını köhnə mal alanlar təşkil etməyə başlayıb. Onlar həyətlərə gedərək müəyyən qiymətə əhalidən lazımsız paltarları, kağızı, taxta və tənəkə qabları, şüşə məmulatlarını alıblar. Zibilyığanlar isə yalnız istifadə və təkrar emal üçün yararsız tullantıları daşımaqla kifayətləniblər. Amma ildən-ilə bu cür yararsız tullantılar artmağa başlayıb və əhali yığılan zibilin hara daşınması barədə düşünüb. Zaman-zaman zibil probleminin həlli üçün müxtəlif qərarlar qəbul etməyə başlayıblar və 1874-cü ildə İngiltərənin Nottingem şəhərində zibilin utilizasiyası üzrə ilk zavod yaradılıb. Müəssisədə zibili yandırmaq yolu ilə utilizə ediblər.
Hazırda bir neçə min il keçməsinə baxmayaraq, insanlar hələ də öz həyat fəaliyyətlərində tullantılardan tam qurtulmağın yolunu tapa bilməyiblər. Bundan başqa, ölkələr daha çox sivilizasiyalı olduqca, daha çox resursları istifadə etməyə və daha çox tullantı yaratmağa başlayıblar.
Bizim günlərdə zibilsiz yaşamaq, demək olar ki, mümkün deyil, çünki çağdaş həyat ritmində və sənayenin bütün sahələrində tullantıların və müxtəlif cür zibillərin yaranması qaçılmazdır.
Amma zibili lazımsız bir əşya yox, müxtəlif qiymətli maddələrin və komponentlərin qarışığı kimi də təəvvür etmək olar. Bərk məişət tullantılarının böyük bölümünü ya yenidən istifadə etmək olar (təkrar istifadə), ya da yeni məhsulların istehsalı üçün yararlanmaq (təkrar emal) və ya onları yenidən təbiətin qoynuna qaytarmaq mümkündür (komposterləmə). Tullantılar bəlkə də yeganə məhsuldur ki, onlar üçün iki dəfə pul almaq mümkündür. Poliqonlar tullantıları qəbul edərkən pul alırlar və onları maraqlı təşkilatlara gördərərkən də pul alırlar.
Bizi üfunət qalaqlarından yalnız zibilin sənaye üsulu ilə emalı xilas edə bilər. Məişət zibilində çox sayda qiymətli maddələr var, bunların sırasına istifadə üçün yararlı üzvi birləşmələr, kağız və karton, şüşə, plasmas, dəri, taxta və metallar daxildir. Məhz sənaye üsulu ilə emalın hesabına inkişaf etmiş ölkələrdə məişət tullantılarının həcmi getdikcə azalır. Əsas məsələ hansı emal üsulunu seçməklə bağlıdır. Çünki bu cür üsulların sayı çoxdur.
Onların sırasında ən effektiv üsul termiki emal və ya zibilyandırma üsuludur. İndiyə kimi qazanılmış təcrübə bunu göstərir. Termiki emalın hesabına Avropada zibillərdən yaxa qurtarmaq problemi tamamilə həlledilən hala gəlib. Bu gün hamı Avropada bərk məişət tullantılarının yığılmasının və utilizasiyasının təşkilinə heyran qalır. Bu sahənin pioneri Almaniyadır. Son 20 ildə ölkə tullantıların basdırılması üsulundan təkrar emalına və təkrar resurslardan səmərəli istifadəyə qədər yol keçib. Tullantılardan xammal əldə etməyin səviyyəsinə görə dünyada heç bir ölkə Almaniya ilə rəqabət apara bilməz. Hazırda Almaniyada kağızın və şüşənin, təxminən, 95-98%-i yığılaraq təkrar emal edilir. Zibilin yığılaraq utilizə edilməsi, demək olar ki, iqtisadiyyatın xüsusi sahəsinə çevrilib və orada 200 mindən artıq insan çalışır, illik dövriyyəsi isə bir neçə milyard avro ilə ölçülür. Sistemin əsas prinsipi dövriyyədir. İlkin istifadədən sonra təkrar emal etmək mümkün olan materialların sayını artırmaq və onların yenidən "dövriyyəyə buraxmaq", uyğun olaraq, bir dəfə istifadə edilən materialların miqdarını maksimum azaltmaq əsas götürülür. Bunun üçün vətəndaşların zibili sortlaşdırması tələb edilir - əks-halda heç bir kommunal büdcə bu cür ekoloji modelə dözə bilməz. İqtisadi yarardan əlavə tullantıların təkrar dövriyyəsi həm də ətraf mühitin qorunmasına imkan verir, karbon qazı tullantıları azalır.
Hazırda Almaniya vətəndaşları zibili artıq tullama məqamında sortlaşdırırlar. Ölkənin müxtəlif regionlarında tullantılara qarşı siyasətdən və mövcud təkrar emal üsullarından asılı olaraq sortlaşdırma da müxtəlif cür aparılır. Almanların zibilə qarşı şüurlu və intizamlı yanaşması, hətta avropalı qonşularında da xəfif təbəssüm oyadır. Amma bu, almanları heç də narahat etmir: artıq ölkə sakinlərinin əksəriyyəti ekoloqlarla həmfikirdir ki, ətraf mühitin qorunması yalnız müəssisələrdə güclü təmizləyici qurğuların quraşdırılması və meşələrin qorunması ilə məhdudlaşmır. Ekologiya hər şeydən öncə, nə qədər xırda olsa da, hər bir şəxsin fərdi məsuliyyəti ilə bağlıdır.
Bütün dünyada tullantıların istifadə problemi diqqət mərkəzindədir. Bəzən problemin həlli üçün yetərincə ekzotik üsullar təklif edirlər; məsələn, "Whim Architecture" (Niderland) şirkəti "Təkrar dövriyyə" layihəsi işləyib ki, bu, ölçüsünə görə Havay adası boyda təkrar emal "salı"nın yaradılmasını nəzərdə tutur.
Memarların fikrincə, bu özünü qida və enerji ilə təmin edəcək əsl kurort olacaq. Hollandları bu ideyaya okeanlarda, əsasən, plastikdən iri zibil miqdarının yığılması istiqamətləndirib. Xüsusi axınlar nəticəsində zibil Dünya okeanının müəyyən yerlərində yığılır və uzun illər orada qalır. Sakit okeanda yaradılacaq süni ada tullantılardan gəlir götürmək baxımından gözəl nümunəyə çevrilə bilər və özü də tikintinin effekti ikiqat ola bilər. Bəşəriyyət qeyri-adi torpaq əlavə etməklə, eyni zamanda, okeanı minlərlə ton tullantılardan xilas edə bilər.
Amma böyük ehtimalla bu ideyaya bənzər layihənin gerçəkləşdirilməsi Sinqapurda baş tuta bilər. Orada zibillər Semaku adasına aparılır. Semaku tullantılardan düzəldilmiş adadır və onun sahəsi 350 hektardır. İlk başdan ada elə layihəhələndirilmişdi ki, 2045-ci ilə kimi onun ərazisinə zibil gətirilərək saxlana bilsin. Sxem çox sadədir: tullantılar plastik membranlar vasitəsilə bərkidilmiş xüsusi seksiyalara doldurulur. Onların üzərinə isə torpaq tökülərək çiçək əkilir. Yenilik tullantıların idarəedilməsi şəbəkəsini tamamilə əhatə edir. Finlandiyada insanların gur yığıldığı yerlərdə - yolayrıclarında, meydanlarda, vağzallarda xüsusi liftlər quraşdırılıb ki, onlar torpağın altında 100 kubmetrə kimi zibil yerləşdirməyə imkan verir. Onlar o qədər ekoloji təmiz və nəzərəçarpmazdır ki, bu liftlərin üzərində uşaq oyun meydançaları və avtomobil dayanacaqları quraşdırırlar. Onların üst hissəsi adi zibil konteyneri kimi görünür, yerin altında isə zibili presləyən xüsusi mexanizm var. Buna görə də zibil ayda bir dəfə aparılır.
Tarixən belə alınıb ki, həmişə suyu və havanı çirkləndirən maye və qazvari sənaye tullantıları diqqət mərkəzində olub. Məhz onlar dövlətin sərt nəzarəti altındadır, həmin vaxtlar bərk məişət tullantılarını hara gəldi atmaq mümkün idi. Ancaq son zamanlar ictimai şüurun inkişafı ilə belə qərara gəlinib ki, tullantıların torpağa basdırılması və ya onların dənizlərə tökülməsi yolverilməzdir, çünki bununla da həll edilməsi tələb olunan problemlərin gələcək nəsillərin çiyninə atılması baş verir.
Eyni zamanda paradoksal durum yaranır: suya və havaya nəzarət üzrə qanunvericilik sərtləşdikcə, bərk və əsasən, zəhərli tullantıların istehsalı çoxalır, çünki bütün təmizləmə üsulları qalıq kimi bərk tullantıların artmasına səbəb olur.
Şəhərlərin insan fəaliyyəti tullantıları ilə zəhərlənməsi problemi və onun həll edilməsi yetərincə mürəkkəb sosial-iqtisadi və ekoloji məsələdir. Buna görə də tullantıların idarəedilməsi məsələsi xüsusi önəm qazanır. Bir çox mütəxəssislər tərəfindən bütün ölkə səviyyəsində tullantıların kompleks idarə mərkəzinin yaradılması təklif edilir. Bu, bütün poliqonların texniki durumunu nəzarətdə saxlayan və zibil daşınması üçün ayrılmış bütün maliyyəni əlində saxlayan dövlət müəssisəsi olmalıdır. Bu həm təchizatsız poliqonların yaradılmasını, həmçinin, zibilin özbaşına atılmasının qarşısını ala bilərdi. Bu cür mərkəz fəaliyyətini başa çatdırmış poliqonların gələcək rekultivasiyası üçün vəsait yığmağa imkan verərdi və sivilizasiyalı təkrar xammal bazarının yaradılması ilə məşğul olardı.
MƏSLƏHƏT GÖR: