Müəllif: İlahə MƏMMƏDLİ Bakı
İslam-bankinq ildən-ilə özünə daha çox diqqət çəkir, islam bankları isə öz fəaliyyətlərini İran körfəzinin hüdudlarından kənarda da yayır. İslam maliyyələşdirilməsi bölməsi dünya üzrə ən sürətlə artan sahədir və hər il 15-20% böyüyür. Sirr deyil ki, bu gün şəriət prinsipləri ilə işləyən banklar təklif edilən xidmətlərin müxtəlifliyinə görə aparıcı Qərb bankları ilə rəqabətə girə bilərlər. Kuala-Lumpuradakı (Malayziya) islam maliyyə xidmətləri idarəsi ekspertlərinin qiymətləndirməsinə görə, islam maliyyə sənayesi 2015-ci ildə öz aktivlərini $2,8 trln.-a qədər artıra bilər.
Şəriət çərçivəsində fəaliyyət göstərən maliyyə alətləri və islam bankının gələn il bizim ölkədə də peyda olması mümkündür.
Əlverişli biznes
Hazırda 500 iri islam maliyyə institutu fəaliyyət göstərir ki, onların aktivləri $800 mlrd qiymətləndirilir. İslam İnvestisiya Bankinqinin liderləri sırasında Kuala-Lumpur, Bəhreyn və London gəlir. Avropada ilk islam bankı "Islamic Bank of Britain" hələ 2002-ci ildə Londonda açılıb. 2008-ci ildə Birləşmiş Krallığın büdcəsinin müzakirəsi zamanı iki milyon müsəlmanın yaşadığı London şəhərinin aparıcı maliyyə mərkəzi statusunun təmin edilməsi üçün islam maliyyələşdirilməsi ilə işləmək istəyi nümayiş etdirilib.
Qərb banklarının çoxu "islam pəncərələri" açıb - bu, bankda islam normaları ilə işləyən müəyyən strukturdur və onun maliyyə hesabatı bankın başqa bölmələrindən ayrı aparılır. Hətta "Sitibank" və ya "Sosete Jeneral" bank kimi iri maliyyə strukturları da bu cür xidmətlər təklif edir. İsveçrənin məşhur bankları - "UBS" və "Credit Suisse" isə bütöv islam-bankinq şöbələrinə malikdir.
Postsovet məkanında da islam-bankinq yavaş-yavaş inkişaf edir. Bu cür maliyyə qurumları Qırğızıstan, Qazaxıstan və Özbəkistanda da açılır. Rusiyada isə islam bankı - "Badr-Forte" 15 il işləyib.
Beynəlxalq Valyuta Fondunun (BVF) araşdırmalarına görə, aktivi $1 mlrd.-dan az olan kiçik islam bankları bu cür Qərb maliyyə qurumlarından 30% səmərəli, aktivi $1 mlrd.-ı ötənlərdən isə 25% səmərəlidir. BVF uğurun sirri kimi hər bir müştəriyə qarşı tətbiq edilən fərdi yanaşmanı göstərir ki, bu da riskləri daha keyfiyyətli qiymətləndirməyə imkan verir. Bundan başqa, müsəlman bankları kredit üzrə ödənişlərin səliqəli təmin edilməsində yox, borc götürən şirkətin gəlir götürməsində maraqlıdır ; buna görə də borc götürənləri Qərbdəkindən daha diqqətlə seçirlər.
Bu gün bir çox Azərbaycan bankları artıq analoji sistemlərin tətbiq edilməsi imkanlarına baxır, çünki bu onlar üçün, ilk növbədə, yeni maliyyə mənbəyinə çıxış, yeni geniş müştəri bazasının yaradılması imkanıdır, həmçinin bu sistemdən istifadə etməyən banklarla müqayisədə üstünlük əldə edilməsidir.
İnvestisiya potensialına gəldikdə, islam bankları artıq dünyada öz imkanlarını çoxdan nümayiş etdiriblər, buna görə də Azərbaycanın bank sektoruna bu cür investisiya həcminin cəlb edilməsi və daha sonra da onun ölkə iqtisadiyyatına yönəldilməsi, əlbəttə, həm hökumət, həm də banklar üçün önəmli stimullardandır.
"Qlobal kontekst"i gözləyərkən
Azərbaycan, əhalisinin böyük bölümünü müsəlmanlar təşkil edən ölkədir, buna görə də ölkədə mövcud olan qanunvericilik normalarını şəriət normaları ilə əlaqələndirməyi bacaran bankların olması öz vəsaitlərini adi kommersiya banklarına etibar etməyən insanların islam banklarına üz tutmasına imkan yaradacaq.
Özü də beynəlxalq maliyyə institutları Azərbaycanda islam bankının yaradılmasına maraq göstərir. O cümlədən, Azərbaycanda şəriət şərtləri ilə işləyən islam bankının açılması təklifi İslam İnkişaf Bankı (İİB) tərəfindən hələ 2006-cı ilin noyabr ayında ərəb institutları üçün Bakıda keçirilən investisiya konfransında təklif edilib. Azərbaycan hökuməti ilə İİB arasında investisiya fondunun yaradılması barədə kommünike də imzalanıb (o, Azərbaycan İnvestisiya Şirkəti ilə birgə yaradılıb). Həmçinin, Azərbaycan Mərkəzi Bankına (AMB) tövsiyə edilib ki, Azərbaycanda islam-bankinqin fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik bazası hazırlasın. İİB hökumətlə və başqa özəl qurumlarla birlikdə bank təsis etməyə hazırdır.
Qeyd edək ki, daha öncə bizim ölkədə islam-bankinqi ilə işləyən bank olub: "Kauthar Bank" Azərbaycanda birinci və MDB-də ikinci islam bankı olub; o, bu adla fəaliyyətə 2001-ci ildə başlayıb, daha öncə isə onun adı "Universal Bank" olub. Ancaq AMB-nin təlimatlarını yerinə yetirmədiyinə görə, 2010-cu ilin dekabr ayında "Kauthar Bank"ın lisenziyası ləğv edilib.
Bu gün iri dünya bankları "islam pəncərəsi" açır və bu, əslində, islam-bankinqə artan marağın sübutudur ki, belə bir şəraitdə bu təcrübənin Azərbaycan kimi müsəlman ölkəsində tətbiqi önəmli və aktual mövqeyə çıxır.
Yeri gəlmişkən, ölkənin baş bankiri Elman Rüstəmov hələ keçən il etiraf edib ki, "Bank bölməsində islam metodologiyasını qəbul etməklə, Azərbaycanın iqtisadi inkişafında yeni uğurlar qazana bilərik. Axı heç bir şübhə yoxdur ki, bu metodologiya islam bank işinin məntiqli prinsipləri əsasında işlənilməlidir. Azərbaycan bu prosesləri çox diqqətlə izləyir və bu planda qlobal kontekst əldə edilərkən, öz ölkəmizdə bank işinin qeyri-ənənəvi mexanizmlərindən istifadə edəcəyik".
Beləliklə, islam-bankinqin indi ölkəmizdə boş olan yeri, belə görünür ki, tez bir zamanda tutulacaq.
Banklar hücuma keçib
Bu gün ölkənin ən iri bankı - Azərbaycan Beynəlxalq Bankı (ABB) islam-bankinq xidməti və məhsullarının təklif edilməsi üzrə fəal hazırlıq işlərinə başlayıb. Geniş əməliyyat fəaliyyətinə başlamaq üçün lazımi qanunvericilik tənzimlənməsinin vacibliyini başa düşən ABB Azərbaycanda islam-bankinq fəaliyyətini tənzimləyən qanun layihəsi işləyib-hazırlamağı təklif edib. ABB sədri Cahangir Hacıyev düşünür ki, Azərbaycanın mövcud qanunvericiliyi bir tərəfdən, islam-bankinq fəaliyyətini qadağan etməsə də, o biri tərəfdən bu sahəni tənzimləmir də.
Bununla belə, artıq payızda ABB islam-bankinq xidmətlərinin və məhsullarının təqdim edilməsi üzrə ixtisaslaşmış strukturun təqdimatını keçirmək niyyətindədir. Struktur, ilk növbədə, Azərbaycanda islam-bankinqin tətbiqi üçün yaradılsa da, həm də ərəb ölkələrinin maliyyə bazarlarına çıxmaq planlaşdırılır.
Qeyd etmək lazımdır ki, ABB xarici banklar içində ilk bankdır ki, öz nümayəndəliyini Dubay sərbəst iqtisadi zonasında deyil, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ümumi bazarında açıb. ABB, həmçinin, Qətərin beynəlxalq maliyyə zonasında törəmə bankını açmaq üçün hazırlıq işləri də aparır. Uyğun olaraq, icazə alındıqdan sonra, ABB ərəb ölkələrinin maliyyə bazarlarında aktiv fəaliyyətə başlaya bilər və bank xidmətinin universal spektri ilə yanaşı, həm də islam-bankinqə xas olan xidmətlər də göstərə bilər.
Bununla yanaşı, Rusiya kapitallı "Nikoil Bank" artıq "şəriət" prinsipi ilə bir neçə xidmət növü tətbiq etməyə başlayıb; hələ ki o, bu istiqamətdə fəaliyyət göstərən tək Azərbaycan bankıdır.
Yalnız birinici fəaliyyət ayı ərzində, yəni 2011-ci ilin mart ayında bu bank
islam-bankinqin "Vadia yad Damana" məhsulu üzrə xidmət göstərməsinə 150 min manata yaxın vəsait cəlb edə bilib. Bu məhsul üzərinə faiz gəlməyən əmanət depozitidir və vəsaitlər hesabdan istənilən zaman götürülə bilər. Bankın biznesin inkişafı departamenti yanında islam-bankinq üzrə məhsulların inkişafı sahəsində aparıcı meneceri Anar Yusifzadə qeyd edir ki, islam-bankinq tələblərinə uyğun gələn və Azərbaycan qanunvericiliyinin normalarını pozmayan ilk məhsulun buraxılmasından keçən bir ay ərzində bankda 100-ə yaxın hesab açılıb.
Onun sözlərinə görə, hazırda islam-bankinq üzrə daha üç məhsul işlənilir və onlardan biri depozitdir, amma artıq gəlirlidir. İkisi isə kredit məhsuludur. Bank yaradılmış məhsulları kənara - auditə göndərir ki, şəriət paneli tərəfindən onun islam prinsiplərinə uyğun gəlib-gəlmədiyi yoxlanılsın. "Hazırda Azərbaycan qanunvericiliyi islam-bankinqin bütün məhsullarından yararlanmağa imkan vermir, ölkə qanunvericiliyini pozmadan isə yalnız bir neçə məhsul təqdim eləmək olar", - deyə Yusifzadə bildirir.
O həmçinin bu sahədə müvafiq qanunvericilik yaradılmasını vacib sayır, çünki hazırda Azərbaycanda əhalinin xeyli hissəsi İslam qaydaları ilə yaşayır. Dindar insanların müəyyən qismi öz əmanətlərini sərmayə kimi yatırmaq istəyir, başqaları isə resurslardan islam-bankinqin prinsiplərinə uyğun olaraq yararlanmaq istəyir.
Cəmiyyətdə çox sayda insanlar var ki, yerli banklara maraqlı təkliflərlə müraciət edirlər. Onlar cari hesab açmaq istəyirlər, amma faiz qazanmaq istəmirlər, çünki şəriət qanunlarına görə, həm kreditlərin qapadılması zamanı, həm də öz pulunu alarkən faiz hesablamaq qadağandır. Belə müraciətlər "UniBank"a da daxil olub, bununla bağlı olaraq orada şəriət prinsipi üzrə xidmət istəyənlər üçün iki növ depozit tətbiq edilməsi barədə düşünülür.
Daha öncə islam-bankinq üzrə xidmət göstərilməsinə başlamaq barədə "Amrahbank", "Turanbank", "Texnikabank" da niyyət göstərmişdi. Sonuncu, misal üçün, bu cür xidmətləri hüquqi normaları pozmadan ayrıca subsidiar şirkət vasitəsilə gerçəkləşdirmək niyyətindədir. Bankın sədri Samir Hüseynovun sözlərinə görə, yaradılması planlaşdırılan investisiya şirkəti "Texnikabank"ın müştərilərinə onların aktivlərinin idarəedilməsi üzrə xidmətlər təklif edəcək.
"İnvestisiya şirkətinin yaradılması üzrə planlar islam məhsullarının, o cümlədən, layihələrə sərmayələşdirmənin təqdim edilməsi məqsədini daşıyır. Hazırda bank ölkə qanunvericiliyini öyrənir və imkan daxilində "islam-bankinq" prinsiplərini daha geniş formada inkişaf etdirməyə hazırdır", - deyə Hüseynov vurğulayıb.
Beləliklə, bu gün Azərbaycanda islam- bankinqin uğurla inkişafı üçün bütün əsaslar - bazarda tələbat, bu tələbatı ödəməyə hazır olan bankların hazır ideyaları, beynəlxalq maliyyə institutları tərəfindən dəstək, dövlət strukturlarının loyal münasibəti mövcuddur. Sadəcə, lazımi qanunvericilik bazası yoxdur, amma yuxarıda deyilən, kimi bu məsələ də düzələndir. Belə ki, yaxın illərdə ölkədə bank bazarının bu seqmentinin həcminin sürətli artımını gözləmək müm-kündür.
MƏSLƏHƏT GÖR: