Müəllif: Nurlanə QULİYEVA BakıArtıq neçənci ildir ki, iri qaz kəməri layihələrinin menecerlərini iyun ayında Bakıya gətirən bir səbəb var - "Xəzər: neft, qaz, neft emalı və neft kimyası" beynəlxalq sərgi-konfransının tribunasından öz layihələrinin təbliğatını apa
Artıq neçənci ildir ki, iri qaz kəməri layihələrinin menecerlərini iyun ayında Bakıya gətirən bir səbəb var - "Xəzər: neft, qaz, neft emalı və neft kimyası" beynəlxalq sərgi-konfransının tribunasından öz layihələrinin təbliğatını aparmaq və Azərbaycandan bu layihədə iştirakla bağlı məsələyə baxmağa, heç olmasa, şifahi razılıq əldə etmək istəyirlər. Bu dəfə də ilin sonuna kimi marşrut seçilməsi məsələsini həll etməyə çoxlu çağırışlar səsləndirildi.
Azərbaycan - Türkiyə: hüquqi nüans
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycana əsas mənbələrdən biri kimi baxıldığı hamıya bəllidir. Artıq sayca 18-ci olan sərginin açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, ölkənin qazı, ən azı, 100 il həm bizim, həm də xarici istehlakçılar üçün yetərlidir.
"Nəzərə alaq ki, hazırda əvvəl proqnozlaşdırılandan iki dəfə çox neft çıxarırıq, ona görə də tam əminliklə deyə bilərəm ki, ehtiyatlarımız 2,2 trln kubmetrdir, bu da ki çox ciddi rəqəmdir. Proqnozlara görə, ehtiyat daha çoxdur və əminəm ki, qazma işləri nəticəsində daha böyük həcmdə qaz aşkarlanacaq", - deyə dövlət başçısı bildirib.
Amma sirr deyil ki, Avropanın artmaqda olan tələbatı baxımından Azərbaycan sadəcə tapıntıdır. Yəni ölkədəki siyasi və iqtisadi sabitliyi, bütün investorlarla iş üzrə etibar şəraitinin indiyə kimi qorunmasını və hakimiyyətin sərmayələrin təhlükəsizliyinə zəmanət verməsini təbii ki, nəzərə alırlar.
"1994-cü ildən bu yana Azərbaycanla xarici neft şirkətləri arasında heç bir ciddi mübahisə, kəskin qarşıdurma, müqavilələrə yenidən baxılması istəyi olmayıb. Biz etibar qazanmışıq və bunu qiymətləndiririk. Sanıram ki, sərmayəçilər üçün ən önəmli amil onların sərmayələrinin dövlət tərəfindən qorunmasına və bu siyasətin dəyişməz qalacağına tam inanmaqdır", - deyə İlham Əliyev vurğulayıb.
Bununla belə, Bakının indiki mövqeyi öz enerji ehtiyatlarını ixrac etmək üçün marşrutu diqqətlə seçməyə tam imkan verir. Bu gün Azərbaycan öz əməkdaşlıq şərtləri olan, özünü müdafiə etməyi bacaran bir dövlətdir. Buna görə də hazırda Avropadan seçimi sürətləndirməklə bağlı Bakının ünvanına edilən çağırışlara baxmayaraq, Azərbaycan heç bir tələskən qərar qəbul etmir və Türkiyə ilə tranzit sazişin hüquqi aspektlərinin hələ də həll edilmədiyini göstərir.
Belə ki, prezident İ.Əliyev sərgidəki çıxışında Azərbaycan tərəfinin Türkiyə və Azərbaycan arasında düz bir il qabaq qaz tranziti haqqında bağlanmış protokolda göstərilən bəndlərin yaxın zamanlarda yekun sənədinə çevriləcəyinə ümid etdiyini də bildirib. "Beləliklə, tranzit sazişi bağlanıldıqdan sonra, Azərbaycan qazı yolundakı bütün maneələr ortadan qaldırılacaq", - deyə İ. Əliyev bildirib.
"SOCAR" təmsilçiləri əmin edirlər ki, qardaş Türkiyə ilə danışıqlar prosesinin möhkəmləndirilməsini yalnız hüquqi aspektlərlə, ifadələri formalaşdırma ilə başa çatdırmaq qalır. Belə ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycan qazının Türkiyəyə tranziti üzrə sazişin imzalanmasının əsas səbəbi hüquqi prinsiplərin üst-üstə düşməməsindən qaynaqlanır və hazırda "SOCAR"ın hüquqçuları bu məsələnin ortaq məxrəcə gətirilməsi üzərində işləyirlər.
Yuxarıda deyildiyi kimi, potensial idxalçı ölkələr və iri qaz kəməri şirkətləri Azərbaycanı tələsdirirlər, çünki onlara investisiya cəlb etmələri üçün sənədlə dəqiqləşdirilmiş təchizat qaynaqları lazımdır. Rəsmi Bakı dəfələrlə "Cənub qaz dəhlizi"ndə iştirak etmək niyyətini bəyan edib və bu ilin yanvar ayında Avropa Birliyi (AB) ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi" haqqında birgə bəyannamə imzalanıb, həmçinin, bu saziş çərçivəsində sənədlər zərfi üzərində işləyən işçi qrup yaradılıb.
Ancaq hələ ki "Şahdəniz" layihəsinin ikinci mərhələsinin işlənməsi üçün konkret əsas yoxdur, əsas ixrac marşrutu kimi hansı qaz kəməri layihəsinin seçiləcəyi də dəqiqləşdirilməyib.
İstənilən halda, "SOCAR" prezidentinin sözlərinə görə, Türkiyə ilə tranzit sazişinin nizamlanmasından asılı olmayaraq, marşrutun seçilməsi məsələsi artıq bu ilin payızında həll ediləcək. Oktyabrın əvvəlinə kimi "Cənub dəhlizi" - "Nabucco" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə - Yunanıstan - İtaliya qaz kəməri) Azərbaycan qazının Avropaya nəqli üzrə təkliflərini təqdim etməlidirlər.
"Nabucco" qayğısı
Şəksiz ki, Avropa istiqamətində ən çox təbliğ edilən layihə "Nabucco" sayılır. Borunu təbii qazla doldurmaq üçün mənbələrin, həm də tikinti işlərinin maliyyələşdirilməsi üçün sərmayələrin cəlb edilməsi baxımından mübahisəli imkanlarına baxmayaraq, layihə təkcə Avropa siyasi elitası tərəfindən deyil, həm də ABŞ-dan ciddi dəstəklənir.
Son bir necə həftə ərzində "Nabucco" çox gərgin anlar yaşayıb - beş ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyənin) müvafiq nazirliklərinin layihəyə dəstək barədə sazişinin bağlanmasına qədər Azərbaycan, az qala, layihədə iştirakdan imtinaya yaxınlaşmışdı.
Belə ki, mayın sonunda ARDNŞ başçısı bəyanat vermişdi ki, Azərbaycan qazı Avropaya "Nabucco" layihəsi ilə deyil, daha əlverişli başqa marşrutla da gedə bilər. Bəyanatın gözlənilməzliyi onda idi ki, o, layihə üzrə sənədlərin imzalanmasına 10 gün qalmış verilmişdi. AB-də ciddi çaxnaşma düşdü, elə ertəsi gün AB-nin Azərbaycandakı təmsilçiliyinin başçısı Roland Kobia xatırlatma verməyə tələsdi ki, R. Abdullayev yekun qərar barədə deyil, yalnız ehtimal barədə danışıb. "Biz anlayırıq ki, Azərbaycana qərar qəbul etməsi üçün vaxt lazımdır. "Nabucco" yalnız bizim üçün xeyirli deyil, həm də Azərbaycan üçün əlverişlidir, çünki öz enerji resurslarını Avropa bazarlarına çıxarmaqdan gəlir əldə edəcək. Hesab edirik ki, indiyə kimi Azərbaycanla yetərincə məhsuldar əməkdaşlıq gerçəkləşdirilib və indən sonra da bu davam etdiriləcək", - deyə o vurğulayıb.
Bir həftə sonra isə AB-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger Bakıda mətbuat konfransında ilk başdan bildirdi ki, bir sıra KİV-in iddia etdiyi kimi, Azərbaycanı "Nabucco"ya mane olmaqda günahlandırmırlar. Amma bununla yanaşı, o, birmənalı şəkildə deyib ki, Azərbaycandan birbaşa əks-qərar gözləyirlər, həmçinin, layihəyə qoşulmağın Azərbaycan üçün tarixi önəm daşıyacağını da önə çəkib. "əminik ki, onun qəbul edilməsi üçün müəyyən vaxt lazımdır", - deyə G. Ottinger bildirib. "Azərbaycan "Cənub dəhlizi" üzrə əsas tərəfdaşımız və "SOCAR" başlıca şirkətimizdir", - deyə o əminliklə bildirib.
Avropada Azərbaycanın öz iqtisadi maraqlarından əl çəkməyəcəyini anlayıblar (R. Abdullayev dəfələrlə bildirib ki, tranzit layihəsi seçimində əlverişli tariflərə üstünlük veriləcək), ya da "SOCAR"ın mövqeyinin ciddiliyini tam dərk ediblər, amma bir neçə gün ərzində məlumat yayılıb ki, tam cəlbediciliyi üçün "Nabucco" layihəsi "ITGI" (Türkiyə - Yunanıstan - İtaliya) ilə birləşdirilə bilər.
Belə perspektiv Azərbaycan üçün, əlbəttə ki, daha əlverişli görünür. Yəni "Nabucco"nun dumanlı iqtisadi imkanları müqabilində daha gəlirli real layihə ortaya çıxmış olardı. Axı ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi təmsilçisi Riçard Morninqstar da etiraf edib ki, ""Nabucco" kimi iri layihə həm siyasi, həm də strateji baxımdan cəlbedici sayıla bilər. Amma o həm də kommersiya baxımından əlverişli olmalıdır".
Bununla yanaşı, "SOCAR" vitse-prezidentinin müavini Vitali Bəylərbəyov sanır ki, Azərbaycan qazının Avropa bazarına ixracı, ən azı, $40 mlrd.- a başa gələcək ki, bu da "Şahdəniz"in işlənməsi, Azərbaycan və Gürcüstan ərazilərində yeni kəmərlərin çəkilməsi və köhnə kəmərlərin ötürmə gücünün artırılması, həmçinin, Avropaya qaz nəqli üzrə, ən azı, bir tranzit layihəsinin gerçəkləşdirilməsi ilə bağlı olacaq. Yeri gəlmişkən, Avropa şirkətləri "SOCAR"a Mərkəzi Avropada yaradılacaq yeni infrastrukturun üzvü olmağı təklif edirlər ki, bu da müəyyən dərəcədə tariflərə qənaət etməyə imkan verən cazibədar bir təklifdir.
İstənilən halda...
Azərbaycan qazının gələcək marşrutu ilə bağlı gözləntilər və öncəgörmələr uzağı, bir neçə ay çəkəcək. Hələ ki bütün maraqlı tərəflər əmin etməyə çalışacaqlar ki, onların layihələri istənilən halda ən cəlbedicidir. Belə ki, Türkiyənin energetika naziri Taner Yıldız "Nabucco" layihəsi ilə bağlı bunları bildirib: "Bütün iri layihələr kimi onun da bir sıra problemləri var, amma onların hamısı tezliklə həllini tapacaq. Çox şadam ki, nikbinlərin sayı bədbinlərdən çoxdur. Bu bizə ümid verir ki, layihə gerçəkləşdiriləcək. 1990-cı illərin əvvəli yada düşür, onda çoxları hesab edirdi ki, Bakı-Tbilisi-Ceyhan layihəsi gerçəkləşdirilə bilməyəcək, fantastikadır, amma layihə indi uğurla işləyir. Sanıram ki, bir neçə ildən sonra hamımız "Nabucco"nun da uğurlu işi barədə danışacağıq", - deyə nazir vurğulayıb.
Azərbaycan da öz növbəsində hesab edir ki, bizim qaz istənilən halda Avropaya nəql ediləcək. Bundan başqa, potensial istehlakçı ölkələr sırasına Fransa da daxil olub. Yəni Xəzərin Azərbaycan sektorundan çıxarılan "mavi yanacaq"ı əldə etmək istəyənlərin sayı artır. Bu tamamilə anlaşılandır, nəzərə almaq lazımdır ki, "bp"nin dünya energetikası üzrə statistik icmalının göstəricilərinə görə, "Cənub dəhlizi" layihələri çərçivəsində qaz almaq istəyən ölkələrdə təbii qaza tələbat 2010-cu ildə 2009-cu ilə nisbətən 10,1 mlrd kubmetr artaraq 198 mlrd kubmetrə çatıb.
Nüvə enerjisinin təhlükəli olmasının aşkarlanması fonunda təbii qazın işlədilməsinə meylin artması nəzərə alınarsa, onda, şəksiz ki, bu həcmlər gələcəkdə daha da artacaq. 18-ci beynəlxalq "Xəzər: neft və qaz, neft emalı və neft kimyası" konfransının məruzəçilərindən birinin söylədiyi kimi, biz təbii qazın "qızıl dövrü"nü yaşayırıq. Azərbaycan üçün də özünə "xoşbəxt bir gün"ü və ya "parlaq gələcək"i təmin etməkdən ötrü bu dövrdən maksimum "qızıl gəlirlər" əldə etmək çox vacibdir...
MƏSLƏHƏT GÖR: