
TƏZYİQ ARTACAQ…
Amerikalı ekspert: "Vasitəçi ölkələrin Ermənistan - Azərbaycan münaqişəsində tərəflərin barışığa gəlməməsi ilə bağlı səbri artıq tükənir"
Müəllif: Emin ƏLƏKBƏROV Bakı
Ermənistan - Azərbaycan münaqişəsi ətrafında hər dəfə yaranan yeni fəallıq bu problemin həlli ilə bağlı yeni debatlara, proqnozlara yol açır. KİV və ekspertlər arasındakı budəfəki diskussiyalara əsas səbəb ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlət başçılarının Dövildə verdikləri birgə bəyanat, həmçinin, Azərbaycan və Ermənistan dövlət başçılarının Kazanda keçiriləcək görüşüdür. Əksər ekspertlər "Dövil bəyanatı"nın danışıqlar prosesində vacib rol oynadığını etiraf etsələr də, onun danışıqların nəticəsinə həlledici təsir göstərəcəyini düşünmürlər. Çünki buna münaqişə iştirakçıları tam hazır deyil.
Oksford Universitetinin siyasi və beynəlxalq münasibətlər kafedrasının rəhbəri Neyl MakFarleyn isə hesab edir ki, vasitəçi ölkələr münaqişə tərəflərinə təsir göstərmək imkanındadır və onlar hazırkı status-kvo ilə sonsuzluğadək barışmaq niyyətində deyillər. Bütün bunlar haqda professor Mak-Farleyn jurnalımıza müsahibəsində danışıb.
- Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistan - Azərbaycan ordusunun təmas xəttindəki son insidentlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Amma Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvo hələ də qalmaqdadır. Fikrinizcə, vasitəçilər münaqişənin həllinə nə zaman real maraq göstərəcək?
- Düşünürəm ki, onlar artıq müharibənin bərpa edilə biləcəyindən narahat olduqları üçün belə maraq nümayiş etdiriblər. Fransa, Rusiya və ABŞ prezidentlərinin Dövildə Ermənistan və Azərbaycan rəhbərliyini münaqişənin həlli ilə bağlı əsas prinsipləri iyunun sonunadək razılaşdırmağa çağırdıqları bəyanat göstərir ki, onlar yekdil olaraq münaqişənin tezliklə çözülməsinin vacibliyini düşünür. Bəyanat onu da göstərir ki, tərəflərin barışığa gəlməməsi, artıq onların səbrini tükəndirir. Odur ki, tərəflərə diplomatik təzyiqlər getdikcə artacaq. Əsas məsələ ondadır ki, razılaşma əldə olunmasa, ATƏT-in Minsk qrupunun həmsədrləri hansı addımları atacaq.
- Bəzi ekspertlər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki fəallığını şərh edərkən bildirir ki, Moskva bununla regiondakı maraqlarını təmin etməyə çalışır. Azərbaycanın Qəbələ RLS-in Rusiyaya icarə müddətinin uzadılmasına hazır olduğunu açıqlaması da buna misal kimi göstərilir. Digər yandan, Azərbaycan Qoşulmayanlar Hərəkatına tamhüquqlu üzv oldu. Başqa sözlə, Moskva Bakının NATO-ya üzvlüyə hazırlaşmadığından arxayın ola bilər. Bütün bunlardan sonra Rusiyanın Azərbaycan torpaqlarının işğaldan boşaldılması məsələsində Ermənistana təzyiqləri artırması mümkündürmü?
- Bütün dövlətlər öz maraqlarına uyğun hərəkət edir. Rusiyanın Azərbaycanın Qoşulmayanlar Hərəkatına üzv olmasına güzəşt kimi baxdığını düşünmürəm. Hər halda, Azərbaycan bu qərarını istənilən an dəyişə bilər. Kifayət qədər uzun dövr ərzində Rusiya görürdü ki, Azərbaycan həm NATO, həm də başqa qurumlara üzvlüyünü istisna edən qərarlardan qaçır. Yeri gəlmişkən, bu baxımdan Azərbaycan diplomatiyasının kifayət qədər effektiv olduğunu söyləmək mümkündür. Şübhəsiz, Rusiya münaqişənin çözülməsini, daha dəqiq, müharibə təhlükəsinin aradan qalxmasını istəyir. Amma hesab edirəm, Rusiya status, qaçqınların geri qayıtması, işğal altındakı torpaqlara nəzarətin əldən verilməsi və s. məsələlərdə Ermənistana təzyiq etmək fikrində deyil. Ermənistan mürəkkəb regionda Rusiyanın etibarlı müttəfiqidir. Digər tərəfdən, Moskva belə addım atsa belə, Ermənistanın möveyində dəyişikliyə nail olacağını birmənalı şəkildə iddia etmək çətindir.
- Bu gün Yerevana İran da az dəstək vermir. Məhz bu ölkə ilə iqtisadi əməkdaşlıq Ermənistanın düşdüyü təcrid vəziyyətində boğulmamasına kömək edir. Fikrinizcə, İslam Respublikası niyə Türkiyə ilə Azərbaycanın maraqlarına zidd olaraq, Ermənistana yardım edir?
- Ermənistan "iqtisadi blokada"da deyil. Türkiyə ilə Azərbaycan ona embarqo qoysa da, dolayı ticarətin həcmi kifayət qədər böyükdür. Gürcüstan və İran Ermənistana belə embarqo elan etməyib.
Amma sualınızın məğzi başqadır. İranın Ermənistana niyə kömək etməsinə gəlincə, Tehranın bu ölkənin təcrid duruma salınmasında iştirak etməsi üçün aşkar səbəbləri yoxdur. Dağlıq Qarabağ onun müharibəsi deyil. İkincisi, regionda İranla Osmanlı İmperiyası arasında rəqabətin uzun tarixi var. İndi bu rəqabət başqa forma alıb - İran Türkiyənin onun şimal sərhədlərinə təsir imkanlarından narahatdır. İranla Azərbaycan arasındakı münasibətlər isə bir qədər dəyişkən xarakterlidir, bu da təbii ki, İranda etnik azlıqlar olan azərbaycanlıların mövcudluğu ilə əlaqədardır. Dü-şünmürəm ki, İranı Türkiyə ilə Azərbaycanın bu məsələyə dair maraqları narahat etsin. Onun öz maraqları var.
- ABŞ-dakı Azərbaycan və türk diasporu amerikalı qanunvericiləri Dağlıq Qarabağ regionuna maliyyə dəstəyinə son qoymağa, 2012-ci il üçün Ermənistana maddi yardımın həcmini azaltmağa çağırır. Danışıqlar prosesində Ermənistanı kompromisə getməyə vadar etmək üçün Amerika belə addım ata bilərmi?
- Yox, ABŞ-ın belə bir addım atacağını düşünmürəm. Strateji və ya münaqişənin həlli perspektivi baxımından bunun anlamı ola bilər. Amma erməni diasporunun təsir imkanlarını nəzərə alsaq, belə qərarların qəbulu mümkünsüzdür. Bu, daxili siyasi məsələdir. Amerika erməniləri isə yaxşı təşkilatlanıb və yaxşı maliyyələşir. Üstəlik, artıq ölkədə seçkiqabağı təbliğat dövrü də başlayıb. Münaqişə isə tərəflərin buna nail olmaq istədiyi, siyasi risklərə və qaçılmaz güzəştlərə gedəcəyi vaxt həll olunacaq. Bu, sizdən və ermənilərdən asılıdır.
MƏSLƏHƏT GÖR: