12 Mart 2025

Çərşənbə, 22:44

OPTİMAL VƏZİYYƏT

Rusiyalı konfliktoloq: "Kazanda Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün obyektiv imkanlar var"

Müəllif:

15.06.2011

Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda keçiriləcək görüşünü həqiqətən də regionla bağlı ən çox müzakirə edilən məsələlərdən biri adlandırmaq olar. Görüşdən gözləntilər çoxdur və görünür bu, əsassız deyil. Həmsədr ölkə başçılarının açıq bəyanatı, problemlə bağlı danışıqların intensivliyi və bir sıra digər məqamlar ekspertlərdə müəyyən nikbinlik yaradır. Onlar Kazan görüşündə real nəticənin əldə ediləcəyinə ümid edirlər.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Konfliktologiya Mərkəzinin direktoru Yevgeni Stepanov da hesab edir ki, Kazan görüşündə Qarabağ münaqişəsinin həlli prosesi "ölü nöqtə"dən tərpənə bilər. O, bu haqda fikirlərini jurnalımıza müsahibəsində açıqlayıb:

- Hazırda  Dağlıq Qarabağ münaqişəsinin həlli üçün optimal geosiyasi vəziyyət yaranıb. Düşünürəm,  Kazan görüşündə sülh danışıqlarında irəliləyişə nail olunması üçün obyektiv imkanlar var. Məsələ ondadır ki, bu münaqişədən hamı əziyyət çəkir: Ermənistan, Azərbaycan və Rusiya. Odur ki, münaqişənin çözülməsi vacibdir. İndi ciddi irəliləyişə nail olunması imkanları son dərəcə real və mümkündür. Buna maneə yaradacaq yeganə məsələ regionda maraqları olan xarici qüvvələrin prosesə təsiri ola bilər. Bu qüvvələr münaqişə tərəflərini qane edən həll variantını tərəflərdən birinin digəri üzərində üstünlüyünü nəzərdə tutan varianta çevirə bilər. Sülh razılaşması tərəflərdə gərginlik yaratmamalıdır. Danışıqların sakit məcrada keçməsi lazımdır. Bu halda möhkəm və uzunmüddətli sülh mümkündür. Tərəflərdə nə qədər çox qıcıq və narazılıq olarsa, danışıqların nəticəsi bir o qədər az olacaq.

- Bəzi ekspertlər iddia edir ki, əslində, Qarabağ probleminin həlli Rusiyaya sərf etmir. Onların fikrincə, Ermənistanla Azərbaycan arasında münaqişə çözülərsə, Moskva regiona  təsir imkanlarını itirəcək...

- Rusiya düşmən tərəflərin maraqlarını qarşı-qarşıya qoymaqla müəyyən qazanc əldə etməyə çalışmırsa, əksinə, razılığın əldə olunması üçün vasitəçilik edirsə, bu, Moskvanın nüfuzunu daha da artıracaq. İndi məsələnin qoyuluşu məhz bu cürdür. Rusiya tərəflərin maraqlarını qarşı-qarşıya qoyan deyil, onları razılaşdıran moderator kimi çıxış etməlidir. Bu effektiv olarsa, əlbəttə, Rusiyanın Qarabağ münaqişəsinə cəlb olunmuş ölkələrə təsir imkanları artacaq. Dağlıq Qarabağ probleminin Rusiyanın vasitəçiliyi ilə hər iki tərəfi qane edən şəkildə həlli Moskvaya Bakı və Yerevanın hörmətini daha da artıracaq. Burada hər şey obyektivdir: başqalarının maraqlarının razılaşdırılması ilə öz maraqlarının da təmini. Müasir dünyada yaxın tərəfdaşlarla əməkdaşlıq çox vacibdir. Bu, mütləqdir; məsələn, Rusiyanın Belarusdan bir qədər üz döndərməsi yalnız Minskə deyil, Moskvanın özünə də ziyandır. Sadəcə, qarşılıqlı maraqları razılaşdırmaq lazımdır.

- Münaqişənin həllində  "Rusiyanın qəbul edilməsi" nə deməkdir?

- Bu o deməkdir ki, Rusiya vasitəçi kimi etməli olduğunu edir - münaqişə tərəflərinin qarşılıqlı maraqlarının təminini razılaşdırır. Yəni, Rusiya özünün nizamlama prosesində obyektiv moderator kimi qəbul edilməsində maraqlıdır.

- Moskva  Qarabağ münaqişə zonasında öz hərbçiləri olmadan Qərb sülhməramlılarının yerləşdirilməsinə  razıdırmı?

- Əminəm ki, Rusiya buna razılaşacaq. Çünki bu halda sülh prosesi Qərbdən də dəstək alacaq. Qərb də münaqişənin qızışmamasında maraqlı olacaq; gərginliyin aradan qaldırılmasına, Ermənistanla Azərbaycan arasında əməkdaşlığın yaradılmasına dəstək verəcək.

- ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz? Bu formatın ömrünün bitdiyinə dair fikirlər var...

- ATƏT-in üzərinə bitərəf vasitəçilik missiyası qoyulub. Amma təəssüf ki, ATƏT özünü Ermənistan - Azərbaycan münaqişəsinin həllində effektiv təşkilat kimi göstərməyib. Bu baxımdan, ATƏT-in Minsk qrupuna ünvanlanmış tənqidlər əsaslıdır.

- Sizcə, xalqların müqəddəratını təyinetmə prinsipinin ərazi bütövlüyünə ziyan vurmadan təmini mümkündürmü? Yoxsa bu iki prinsip bir-birini inkar edir?

- Bu iki prinsip arasında kompromis tamamilə mümkündür. Hər iki tərəfi qane edən əməkdaşlıq formasını tapmaq olar və vacibdir də. Öz maraqları uğrunda başqasının maraqlarına zərər vuran mübarizədənsə, əməkdaşlıq yaxşıdır. Rusiyanın da buna israr etməsi çox vacibdir. Tərəflər anlamalıdır ki, maraqlarını digərlərinin maraqlarına ziyan vurmaqla təmin etmək üçün yol veriləcək zorakılıqlardan dolayı itkilər daha çox ola bilər.

- Rusiyanın vasitəçiliyinlə uğurlu danışıqlar xarici qüvvələrin müharibənin bərpası üçün təxribata əl atmasına səbəb ola bilərmi?

 - Belə təhlükə var. Amma hələ ki tezliklə Qarabağda müharibənin başlanmasını istəyən qüvvələr yoxdur. Hazırda ABŞ və digər ölkə hərbçilərinin Əfqanıstanı tərk etməsi məsələsi çox kəskin şəkildə qoyulub.  Alyans dövlətləri daxilində də problemlər var. Odur ki, Qarabağ münaqişəsi ilə bağlı vəziyyət kompromis əldə edilməsinə imkan verir. Qlobal iqtisadi böhran da tərəfləri razılaşmaya sövq edir.


MƏSLƏHƏT GÖR:

517