14 Mart 2025

Cümə, 20:53

"İMKANLAR PƏNCƏRƏSi"

Kazan görüşü Dağlıq Qarabağ nizamlanmasının "Deyton"u olacaqmı?

Müəllif:

15.06.2011

İyunun 25-də prezidentlər İlham Əliyevlə Serj Sarqsyan rusiyalı həmkarları Dmitri Medvedevin iştirakı ilə Kazanda Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq məqsədilə daha bir görüş keçirəcəklər. Bu, belə formatda keçirilən sayca 9-cu görüş olacaq. Əvvəlki görüş bu il martın 5-də Soçidə keçirilmiş və onun sonunda tərəflər mövqelərdə müəyyən yaxınlaşmanın olduğunu bildirmişdilər.

Minsk qrupunun həmsədrləri Madrid prinsiplərinə münaqişə tərəfləri üçün qəbuledilən osun deyə müəyyən "əl gəzdiriblər". Beynəlxalq ictimaiyyət 2010-cu  ildə hələ qalmış "imkanlar pəncərəsi"ndən istifadə etməyə çalışır. Çünki 2012-ci ildə Ermənistanda parlament, ardından isə prezident seçkisi keçiriləcək. Minsk qrupuna həmsədrlik edən ölkələrdə də gələn il prezident seçkisidir. 2013-cü ildə isə prezident seçkisi növbəsi Azərbaycana çatacaq. Məlumdur ki, seçkiqabağı dövrdə siyasətçilər opponentləri və seçicilər tərəfindən birmənalı qarşılanmayacaq qərarların qəbuluna meyilli olmur. Odur ki, indiki şəraitdə kompromisə nail olunması üçün prosesə xarici siyasət idarələri səviyyəsində fövqəldövlətlərin prezidentləri də fəal  şəkildə qoşulublar.

Bir neçə gün əvvəl Rusiya, ABŞ və Fransa prezidentlərinin "G8"in Dövildə keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat verdikləri məlumdur. Xatırladaq ki, həmin bəyanatda həm yeni müharibənin, həm də hazırkı status-kvonun saxlanmasının yolverilməzliyindən danışılır. Vasitəçi fövqəldövlətlər münaqişə tərəflərini Madrid prinsiplərini qəbul etməyə, bilavasitə sülh razılaşması üzərində işə başlamağa çağırıb.

Bundan başqa, Vaşinqtonun mövqeyinin tərəflərə çatdırılması üçün əvvəlcə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, ardından isə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov ABŞ-a dəvət olunublar.

E. Məmmədyarov Vaşinqtonda amerikalı həmkarı ilə apardığı müzakirələr haqda belə məlumat verib: "Xanım Klintonun mövqeyi ondan ibarətdir ki, tezliklə ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunmuş baza prinsipləri üzərində iş başa çatdırılmalı, sülh razılaşması prosesi yekunlaşmalıdır. Mən bununla tamamilə razıyam. Artıq irəli gedəcəyimiz prinsiplər məlumdur. Bunu "yol xəritəsi" adlandıraq. Tezliklə sülh razılaşması üzərində işə başlanılmalıdır".

E. Məmmədyarov onu da bildirib ki, baza prinsiplərinin razılaşdırılması hələ sülh razılaşmasının əldə olunması demək deyil: "Elə olmamalıdır ki, baza prinsipləri razılaşdırıldıqdan sonra daha 70 il sülh razılaşması üzərində işlənilsin. Prinsiplər qəbul ediləcəksə, 6-12 ay ərzində razılaşma üzərində də iş başa çatdırılmalıdır".

Nizamlama prosesinin yaxşı templərlə getməli olduğunu göstərən bir məqam da ondan ibarətdir ki, artıq münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsi də müzakirə mövzuları sırasında olmasıdır. Elmar Məmmədyarovun sözlərinə görə, onların Dağlıq Qarabağda yerləşdirilməsi münaqişənin həllinə dair baza prinsiplərinə daxildir.  Sülhməramlı qismində Minsk qrupuna həmsədrlik edən fövqəldövlətlərin hərbi kontingentindən istifadə nəzərdə tutulmur. Regiona qonşu ölkələrin sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi də istisnadır.

İyunun əvvəllərində ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərlərini ediblər. Tərəflər arasında hələ də qalmaqda olan fikir ayrılıqlarının aradan qaldırılması məqsədi daşıyan səfərin yekunu olaraq, iyunun 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının işçi görüşü keçirilib. KİV-in məlumatına görə, tərəflər əsas prinsiplərə daxil olan bir sıra aparıcı məqamlarla bağlı mövqeləri razılaşdıra bilib. İndi Azərbaycanın xarici işlər naziri E. Məmmədyarov Minsk qrupu həmsədrlərindən biri olan Fransa ilə məsləhətləşmələr aparmaq üçün Parisə getməlidir. Danışıqlar prosesinin belə intensivliyi Kazan görüşünə konkret nəticənin əldə edilə biləcəyi məqam kimi yanaşılmasının əsaslı olduğunu göstərir.

Diplomatlar və rəsmi şəxslər isə bu haqda şərhlərində kifayət qədər yığcam danışmağa üstünlük verirlər. Minsk qrupunun həmsədrləri də regiona son səfərləri zamanı jurnalistlər üçün qısa açıqlama verməklə kifayətləniblər. "Dağlıq Qarabağ münaqişəsi ətrafında proses fəallaşıb. Tezliklə nəticə əldə edilməsini gözləmək olar", - deyə Rusiyadan olan həmsədr İqor Popov bildirib. O, bəzi məqamların hələ də işlənməsi və razılaşdırılmasına ehtiyac olduğunu söyləyib. Xarici işlər nazirləri məhz bununla məşğul olur və Kazan görüşünədək bu işin başa çatdırılması mümkündür.

Amerikalı diplomat Robert Bradke isə Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə çalışdığını xatırladıb. Onun sözlərinə görə, həmsədrlər məhz bu səbəbdən münaqişə tərəfləri arasında mütəmadi görüşlərin keçirilməsini vacib sayır: "İndi münaqişənin sülh yolu ilə həlli üçün unikal imkan yaranıb. Tərəflər bu şansı əldən buraxmamalıdır. Çünki problemin başqa həlli yolu yoxdur. Müharibə münaqişənin həllinə və qaçqınların geri qayıtmasına gətirməyəcək. Minsk qrupunun digər həmsədrləri kimi, ABŞ da münaqişənin yalnız dinc yolla həllini dəstəkləyir".

Dağlıq Qarabağda separatçıların rəhbəri Bako Saakyanla keçirilən görüşdən sonra, Minsk qrupunun fransalı həmsədri Bernar Fasye də qısa açıqlama verib: "Ümid edirik, Kazanda keçiriləcək görüşdə tərəflər münaqişənin həlli üçün təklif olunan sənədin yekun variantını qəbul edəcək. Söhbət tərəflərə, təxminən, 3 ay əvvəl Soçidə təqdim edilmiş sənəddən gedir".

Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov həm Minsk qrupunun son səylərinə, həm də Kazanda keçiriləcək görüşlə bağlı ehtiyatlı nikbinliklə danışırlar. Prezident Administrasiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib: "Rusiya, ABŞ və Fransa prezidentlərinin Dövildəki bəyanatını nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa müsbət addımların atılacağını söyləmək olar". N. Məmmədov güman edir ki, Kazan görüşünün sonunda protokol və ya hansısa başqa sənədin imzalanması mümkün ola bilər. Amma əksər analitiklər və KİV şərhçiləri məsələyə müəyyən şübhə ilə yanaşır. Onlar əmindirlər ki, ermənilərin həddindən artıq böyük iddiaları və həmsədrlərin onları beynəlxalq hüquqa riayət etməyə  çağırmaq istəməməsi, Kazan görüşünü də uğursu edəcək və tərəflər bu uğursuzluğu yalnız az əhəmiyyətli bir bəyanat imzalamaqla ört-basdır eləməyə çalışacaqlar.

Erməni tərəfindən isə qeyd olunanların tam əksi müşahidə edilir. Rəsmi şəxslər Madrid prinsipləri əsasında sülhün əldə edilməsi imkanlarına son dərəcə ehtiyala yanaşır. Yalnız xarici işlər naziri E.Nalbandyan istisnadır. O, gah iddia edir ki, erməni tərəfi Madrid prinsiplərini çoxdan qəbul edib və prosesi guya Bakı ləngidir, gah da iddia edir ki, ilk olaraq Dağlıq Qarabağın statusu müəyyənləşməli, işğal olunmuş ərazilərin boşaldılması isə bundan sonra həllini tapmalıdır.

İyunun 8-də Vyanada verdiyi açıqlamada Ermənistan baş naziri Tiqran Sarkisyan məsələyə daha konkret yanaşıb: "Biz Ermənistan -Azərbaycan münasibətlərinin düzəlməsində maraqlıyıq". ATƏT-in Minsk qrupunun münaqişənin həlli prosesində uğura yaxın olduğunu söyləyən baş nazir ABŞ, Fransa və Rusiya prezidentlərinin son bəyanatının bunun göstəricisi olduğunu düşünür. Onun sözlərinə görə, erməni tərəfi Dövil bəyanatında səsləndirilən əsas prinsiplərlə razıdır və siyasi iradə nümayiş etdirməyə, tezliklə razılığa gəlməyə hazırdır.

Bu açıqlamaların fonunda ermənilərin əsl əhvalını müxalifətçi siyasətçilər ortaya qoyur. Müxalifətçi "daşnaqsütyun" partiyası Minsk qrupuna həmsədrlik edən dövlət başçılarının Dövildə Qarabağ problemi ilə bağlı verdikləri bəyanatdan narahatdır. Bunu mayın 6-da Yerevanda keçirdiyi mətbuat konfrasında partiyanın parlament fraksiyasının rəhbəri Vaan Ovanesyan bildirib. O, hesab edir ki, Dövil bəyanatı tərəflərin Madrid prinsipləri üzərində işləməli olduğunu deyir: "Bu sənədin istənilən forması isə bizimçün qəbuledilməzdir". 

Ovanesyan bildirib ki, "Ermənistan hakimiyyətinin Qarabağ məsələsindəki güzəştə gedən mövqeyi effektiv ola bilməz".

Parlamentdə təmsil olunmuş "İrs" partiyasının lideri Raffi Ovanesyan isə "Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının, Madrid prinsiplərindən imtina etməsinin va-cibliyini" bildirib. O, hesab edir ki, Yerevanın Ermənistan - Türkiyə protokollarından imzasını geri götürməsi da vacibdir.

"Yeni zaman" partiyasının sədri Aram Karapetyan hesab edir ki, xarici qüvvələr elə daxili siyasi atmosfer yaratmağa çalışır ki, bu, Ermənistan hakimiyyətinə Qarabağ məsələsində müəyyən güzəştlərə getməyə imkan versin: "Bundan sonra isə Ermənistan - Türkiyə sərhədləri açılacaq". Karapetyanın iddiasına görə, erməni ictimaiyyəti bununla razılaşmayacaq və nəticədə yeni müharibə qaçılmaz olacaq. Sərt mövqeyi ilə tanınan erməni politoloq İqor Muradyan isə Madrid prinsiplərini "Ermənistan üçün milli fəlakət" adlandırıb. Müəyyən qədər hörmətli politoloq sayılan Riçard Kirakosyan da təxminən eyni fikirdədir. O, hadisələrin inkişafı nəticəsində işğal olunmuş ərazilərin boşaldıla biləcəyini etiraf edir və hazırkı status-kvonun qorunub-saxlanmasını təmin edəcək gücdən istifadə etməmək haqda öhdəliyin götürülməsini vacib sayır.  Erməni və əcnəbi ekspertlər bildirir ki, prezident S.Sarqsyan manevr edir və Madrid prinsiplərini qəbul etməmək imkanı qalmayacağı halda o, növbədənkənar parlament seçkisi elan edə bilər. Levon Ter-Petrosyanın rəhbərlik etdiyi erməni milli konqresi  ilə başlanmış dialoq, kompromislər siyasəti və müxalifətə güzəştlər bəlkə də məhz bu məqsədə qulluq edir.  Öz növbəsində, Levon Ter-Petrosyan da bir tərəfdən, hakim rejimi tənqid etməkdə davam edir, amma digər tərəfdən, Sarqsyanın Madrid prinsiplərini qəbul edəcəyi təqdirdə, faktik olaraq, ona dəstək verə bilər.  Çünki bu prinsiplər, Minsk qrupunun ikinci "mərhələli" planına çox bənzəyir - vaxtilə məhz bu plana razılıq verdiyi üçün Ter-Petrosyan Robert Köçəryanın başçılıq etdiyi radikallar tərəfindən devrilmişdi.

Sülh razılaşmasının əleyhdarları isə hərbi təxribatlardan əl çəkmir. İyunun 3-də erməni hərbçilər Ağdamın Çəmənli kəndi yaxınlığında qoyun otaran Ağcabədi sakini Elmar Piriyevi qətlə yetirib. Xatırladaq ki, bundan əvvəl - martın 8-də erməni snayperi Orta Qərvənd kəndinin 8 yaşlı sakini Farizi öz həyətində oynayarkən öldürmüşdü.

Belə fikir yaranır ki, bütün bunlarda məqsəd Kazan görüşünü pozmaq və Azərbaycanı təxribata çəkməkdir.

Bakı isə hələ ki,  bunlara yalnız gücünü nümayüiş etdirməklə cavab verir. İyunun 2-də cəbhə xəttində tank briqadasının təlimi olub. Orada "T-72" tanklarının və digər zirehli texnikanın hərbi imkanları sınaqdan keçirilib. Təlimdə Azərbaycan istehsalı olan silahlar da sınanıb. Bundan başqa, ölkədə iyunun 26-da keçiriləcək hərbi parada hazırlıq da gedir. O, Kazan görüşünün nəticəsindən asılı olaraq, Azərbaycanın hərbi gücünün nümayişi ola və ya da olmaya bilər.

Minsk qrupuna həmsədrlik edən fövqəldövlətlər Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətin kritik həddə çatdığını görməyə bilməzlər. Odur ki, Kazanda sülhə nail olunması yolunda ciddi addım sayılacaq hansısa sənədin imzalanmasına cəhd göstəriləcəyi istisna deyil. Beləliklə, Kazan Qarabağ nizamlanmasının "Deyton"u ola bilər.



MƏSLƏHƏT GÖR:

466