14 Mart 2025

Cümə, 20:50

İNCƏSƏNƏT NAMİNƏ YAŞAMAQ

Azərbaycanın xalq rəssamı, həyatının 65 ilini yaradıcılığa həsr etmiş kamil nəcəfzadə 80 yaşında da yeni ideyalar və optimizmlə yaşayıb-yaradır

Müəllif:

01.06.2011

Rəssam Kamil Nəcəfzadənin adı yalnız Azərbaycanda deyil, ondan çox-çox uzaqlarda da məşhurdur. Uzun müddət Kamil müəllim C.Cabbarlı adına «Azərbaycanfilm»  studiyasında işləyib. Quruluşçu rəssam kimi o, 40-dan artıq məşhur kinofilmin yaradılmasında iştirak edib. Səhnə quruluşu, kinofilmlərin tərtibatı ilə məhdudlaşmayan Kamil Nəcəfzadə həm də öz istedadını rəsm və qrafika sahəsində də nümayiş etdirib. 

Kamil Nəcəfzadə 1946-cı ildən bu yana keçirilmiş doqquz fərdi sərginin müəllifidir. Onun əsərləri ABŞ, Yaponiya, Türkiyə, Çexoslovakiya, Rusiya, Almaniya və Fransanın muzeylərində və fərdi qalereyalarında saxlanılır. 1997-ci ildə o, Vaşinqtonda iki sərgi açıb. Həmin vaxt əsərləri ABŞ-da nümayiş etdirilən ilk Azərbaycan rəssamı idi. Dörd ildən sonra ABŞ paytaxtında onun növbəti sərgisi açılıb. O zaman ekspozisiyanı Prezident Heydər Əliyev açmışdı. O, hər bir rəsmə diqqətlə baxdıqdan sonra, gözlənilmədən rəssamdan soruşur: «Mən burda neftdən başqa hər şey gördüm. Bəs neft hardadır?». 

Amma Nəcəfzadə cəld reaksiya verir: «Neft Bakıda qaldı!». Heydər Əliyev gülümsəyir. Rəssamın hazırcavablığı onun xoşuna gəlir. 

2005-ci ildə S.Bəhlulzadə adına İncəsənət Salonunda onun yubiley sərgisi açılıb, rəssam onda 75 illiyini qeyd edirmiş. Rəssam İncəsənət Salonunda ən önəmli əsərlərini - «1941-ci il», «Vyetnam zəhmətkeşləri», «Qaçqınlar», «Anaların dərdi», «Əlil. Ağdamın kədəri», «Tarix bağışlamır», «Azərbaycanın fəryadı - 1990» və başqa əsərlərini nümayiş etdirib. «Region plus»un müxbiri Azərbaycanın xalq rəssamı,  üç dəfə  Dövlət Mükafatı laureatı, Çeçen-İnquşetiyanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, «Şöhrət» ordeni  kavalerii Kamil Nəcəfzadə ilə söhbət edib. 

 - Kamil müəllim öz ilk işini xatırlayırmı?

- İlk dəfə əlimə karandaş götürərək yetərincə mənalı şəkil çəkməyim hələ uşaq bağçasında baş verib. İndi artıq dəqiq xatırlamıram, onda mənim neçə yaşım var idi (gülür).  Ondan çox vaxt keçib! Amma onda nə çəkdiyimi dəqiq xatırlayıram. Bu, Vladimir İliç Lenin idi, döşündə də qırmızı lent çəkmişdim. Yeri gəlmişkən... solaxayam. Məktəbdə məni sağ ələ keçirmək istəyirdilər, müəllimə, hətta anama demişdi ki, sol əlimi bağlasın ki, hamı kimi mən də sağ əllə işləməyə məcbur olum. Amma heç nəyin köməyi olmadı (gülür). İndiyə kimi də sol əllə rəsm çəkirəm. 

1944-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil oldum. Müharibənin aclıq illəri idi və hər bir adam üçün gündə 300 qram qara çörək verirdilər, amma istənilən halda biz oxuyurduq. Hər gün erkəndən dururduq və məktəbə gedərdik. İndi bundan 60 ildən  çox  keçib, tez-tez öz tələbələrimə həmin inanlımaz çətin dövr barədə danışıram. Aclıq və yorğunluğa baxmayaraq, biz biliyə can atırdıq! İndiki nəsilin heç nəyə ehtiyacı yoxdur. Onlar üçün bütün şərait yaradılıb, amma oxumaq istəmirlər. Təəssüf ki, gənclər tənbəl və ətalətlidir. 

 - Müharibədən sonrakı həyatınız necə keçdi?

- 1949-cu ildə Moskvaya yola düşdüm və «VQİK»in rəssamlıq fakültəsinə daxil oldum. Gözəl müəllimlərim var idi -  Qriqori Mixayloviç Şeqal, Yuri İvanoviç Pimenov, Fedor Semyonoviç Boqorodski. Bu istedadlı rəssamların işlərini dünyanın çox sərgi zallarında görmək olar. Biz orada yalnız peşəkarlıq deyil, həm də insani  keyfiyyətlər qazandıq. 

Səhər saat 8-dən axşamın gec saatlarına qədər institutda olurduq - rəsm çəkirdik, eskiz edirdik, öz üzərimizdə işləyirdik, təkmilləşdirirdik. Hər gün gərgin çalışdığım üçün mən «VQİK»ni əla qiymətlərlə bitirdim. Məni, hətta Moskvada qalmaq üçün dilə tutdular, amma mən imtina etdim. Anam Bakıda idi və onun üçün darıxırdım. Vətənə dönən kimi,  dərhal filmlər üzərində işləməyə başladım. Quruluşçu-rəssam olduğum ilk film rejissor Ağarza Quliyevin çəkdiyi «Qara qayalar» filmi idi. 

Mehdi Hüseynin eyniadlı romanı əsasında çəkilmiş film neft kəşfiyyatçılarının dənizdə qazma işləri zamanı başlarına gələn dramatik hadisələrdən bəhs edirdi. İkinci işim İlya Qurin və Əjdər İbrahimovun çəkdikləri «Bir məhəlləli iki oğlan» filmi idi. Bu filmdə Sergey Bondarçuk çəkilmişdi. Sonra Tofiq Tağızadənin  ən məşhur filmlərindən olan «Uzaq sahillərdə» filminin çəkiliş qrupunda işlədim (gülür). Yaxşı vaxtlar idi! Əsl peşəkarlarla işləmək zövqlü idi. 

- Amma buna baxmayaraq, siz kinodan getdiniz?

- Hə, amma bunun da səbəbi var. Rejissor Şamil Mahmudbəyov məni və daha bir neçə adamı yeni filmin çəkilişinə dəvət etmişdi. Film Vaqif Mustafayevin ssenarisi ilə çəkilməli idi. Yadımdadır, biz uzun müddət və cidd-cəhdlə filmi çəkməyə hazırlaşırdıq, bundan ötrü xüsusi olaraq Dubaya və Tür-kiyəyə getmişdik. Geri qayıdanda məlum oldu ki, prodüser film üçün vəsait tapa bilməyib.  Mən onda incidim və öz-özümə dedim ki, «Ayaqlarım bir də kinematoqrafiya dünyasına dəyməyəcək». Onunla da kinodan getdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik etməyə başladım. Bir ildən sonra professor titulu aldım. 

- Bizim oxucuların çoxu, yəqin ki, sizin son rəsmlərinizdən ikisini - «Tarix bağışlamır» və «Azərbaycanın fəryadı - 1990» əsərlərinizi yaxşı xatırlayır. Bir qədər bu şəkillərin necə yarandığından danışın... 

 -  Bizim ölkə üçün mürəkkəb olan 90-cı illərdə «Azərbaycanfilm» kinostudiyasında işləyirdim. Xatırlayıram,  20 Yanvarın qanlı hadisələri baş verən gün kinostudiyanın  direktoru Ramiz Fətəliyev bizi yığıb qrup təşkil etdi ki, faciəni tarix üçün həkk etmək məqsədi ilə xəstəxana və morqları gəzək. Öz gözlərimlə heç nədə günahı olmayan insanların ölümünü, anaların göz yaşlarını gördüm ki, bu mənə ciddi təsir göstərdi. Öz emosiyalarımı kətan üzərinə köçürmək qərarına gəldim. «Azərbaycanın fəryadı - 1990» seriyasından olan ilk işim beləcə yarandı. Mən rəsmi işıqlı və qaranlıq fəzalara ayırmaqla əsərdə Xeyir və Şəri təsvir etmişəm. 

İlk yerdə Yanvar faciəsinin günahkarı, ölüm və xaos gətirən Mixail Qorbaçovu yerləşdirmişdim. Sağ tərəfdə isə məscidin fonunda həmin vaxt Moskvanın siyasətini kəskin tənqid edən Hacı Allahşükür Paşazadəni təsvir etmişdim. Rəsmin mərkəzində cəsədlərin üzərində kiçik bir oğlan həyatın davam etməsinin rəmzi kimi əllərini tamaşaçılara tərəf uzadıb. Rəsmi bitirəndən sonra mən onu kənarda saxladım. Vaxtı çatmamış heç kimə göstərmək istəmədim. Sonra isə «Tarix bağışlamır» əsərinin üzərində işləməyə başladım. Onun da «baş qəhrəmanı» Qorbaçov idi.

Bu kompozisiyada Mixail Qorbaçovun obrazı Azərbaycan xalqının cəlladı kimi təsvir edilir. Yadımdadır, işi bitirəndən sonra onu yaxım dostum Azad Şərifova göstərdim, o da rəsmi ya gizlətməyi, ya da məhv etməyi məsləhət gördü. «Əgər özün və ailən üçün problem istəmirsənsə, bir də bu rəsmi heç kimə göstərmə», - dedi mənə Azad. İş beləcə Boris Yeltsin hakimiyyətə gələnə kimi mənim emalatxanamda saxlandı. Onu ilk dəfə 1995-ci ildə İncəsənət Muzeyində gördülər, açılışda Heydər Əliyev özü iştirak edirdi. 

 - Uzun ömrünüz boyunca siz dünyanın bir çox ölkələrində olmusunuz və vətənə döndükdən sonra gördüklərinizi kətan üzərinə köçürmüsünüz. Xaricə hansı səfərləriniz daha çox yadınızda qalıb?

- Həmin dövrdə xaricə getmək çox çətin idi. SSRİ qapalı ölkə idi və buradan çox adamı kənara buraxmırdılar. Üstəlik, mən həm də partiya üzvü deyildim. Orta məktəbdə, hətta komsomola da girməmişdim. Çünki hər cür faydasız təşkilat və birlikləri sevmirdim. Amma cəmiyyətdə mənə hörmət edirdilər, buna görə də 1981-ci ildə mən respublika mərkəzi komitəsi tərəfindən Vyetnama yola salınan Azərbaycan nümayəndə heyətinə düşə bildim. 20 gün ərzində bütün Vyetnamı gəzdim! Harda oluramsa-olum, məni gülərüz qarşıladılar. 

Vyetnamlılar inanılmaz əməksevər xalqdırlar. Onlar saat 6-dan başlayaraq dizə qədər su içində düyü tarlalarında işləyirlər. Bu ölkədə olduğum müddətdə gələcək işlərim üçün xeyli material topladım, çoxlu eskizlər cızdım. Qərara aldım ki, Bakıya dönəndən sonra mütləq Vyetnama rəsmlər seriyası həsr edəcəyəm. Üç ilimi həsr etdiyim 45 rəsm belə yarandı! 1985-ci ildə Moskvda «Vyetnam» sər-gim açıldı, yarım ildən sonra isə 29 işimi bu ölkənin incəsənət qalereyalarından birinə hədiyyə etməyi qərara aldım. Əsərlərimi indiyə kimi Hanoyda görmək olar. 

Fransaya səfər də xüsusi olaraq yadımda qalıb. Xatırlayıram, Parisdə uzun müddət gəzdikdən sonra, biz bələdçi ilə bir barda istirahət etmək istədik. Oturub şəhər barədə fikirlərimizi bölüşürdük. Qonşu masada həddindən gözəl bir qız gördüm. O, narahat baxışlarla oturmuşdu və martini içirdi. Maraqlandım ki, bu cür gözəl qız niyə kədərlidir və bələdçidən xahiş etdim ki, gedib soruşaq. Qız öz həyatından çox qəmli əhvalat danışdı. Məlum oldu ki, hələ erkən yaşlarından bir tikə çörək üçün o özünü satmağa məcbur olub. İndi onun hər şeyi - maşını, mənzili var, amma şəxsi həyatda xoşbəxt deyil. Tənha olduğundan o, kədərlidir. Onun qəmli yaşıl gözləri məni o qədər sarsıtdı ki, Bakıya qayıdan kimi, mən «Kabaredə» rəsmini çəkdim. 

- Kamil müəllim, sizin emalatxanada böyük Mahmud Esembayevin portretini gördüm. Mənə məlumdur ki, siz dost olmusunuz. Dostluğunuz necə başlayıb? 

- (Gülümsəyir) Mahmudla 60-cı illərin əvvəlində Bakıda rejissor Tofiq Tağızadənin «Mən rəqs edəcəyəm» filminin çəkilişləri zamanı tanış olmuşam. Sonra o, bir neçə dəfə bizə qonaq gəlib. Həmin səfərlər zamanı onun portretlərini çəkmişəm. İnanılmaz adamdır! Vicdanlı, cürətli və alicənab. Yadımdadır. Hər dəfə Moskvaya gedəndə onun Qorki küçəsindəki birotaqlı evində qonaq olurdum. Onun ailəsi Qroznıda yaşayırdı, özü isə, necə deyərlər, iki şəhər arasında qalmışdı. Moskvadakı mənzilinin qapısı hamının üzünə açıq idi! Yardım üçün müraciət edənlərin hamısına kömək edirdi. Mahmud belə adam idi. Böyük insan idi. 

- Kamil müəllim, çox illər ərzində siz tələbələrə rəssamlıq incəsənətini də  öyrətmisiniz. Sizcə, Azərbaycan incəsənətinin gələcəyi varmı? 

- Düşünürəm, hər şey elə də pis deyil. Mənim bir neçə istedadlı tələbəm var ki, həyatdan və peşədən nə istədiklərini bilirlər. Kimlərsə, sadəcə, «boyaçılıqla» məşğul olur və öz əsərlərini zamanın yeni bəyanı, avanqard sayırlar - onlara deyirəm ki, özünüzü aldatmayın, siz yeni Rubens, Velaskes və ya Pikasso olmayacaqsınız. Obrazların kompozisiyasını qurmağı bacarmayan, rəngləri uyğunlaşdıra və ala bilməyən rəssam rəssam deyil. Onlar qoy başqa işlə məşğul olsunlar. Rubens, Velaskes və  Pikasso ona görə tarixdə iz qoyublar ki, xırdaçılıqla məşğul olmayıblar.



MƏSLƏHƏT GÖR:

593