24 Noyabr 2024

Bazar, 14:39

POLİS EVİ QORUYACAQ

İcbari sığorta haqqında yeni qanun vətəndaşların əmlakını təhlükələrdən qoruyacaq

Müəllif:

01.06.2011

Bəllidir ki, Milli Məc-lisdə qəbul olunması gözlənilən "İcbari sığorta haqqında" yeni qanun layihəsinin istiqamətlərindən biri ölkədə əmlakın icbari sığorta prinsiplərinin tətbiqini nəzərdə tutur. Bir sıra bəndlərin formalaşdırılması üzrə yetərincə mürəkkəb debatlara baxmayaraq, millət vəkillərinin və sığorta ekspertlərinin fikrincə, müzakirəsinə sığorta piramidasının və geniş ictimaiyyətin təmsilçilərinin dəvət edildiyi bu sənədin qəbulu ölkənin sığorta bazarında prinsipcə, yeni duruma səbəb olacaq. 

 

Xalq sənədi 

Hələ keçən ilin sonlarında ekspertlər ölkənin sığorta bazarının inkişaf perspektivlərini icbari sığorta növləri haqqında o qədər də uzaq olmayan tarixdə qəbul edilmiş yeni qanunla və onların normativ bazasının gələcək inkişafı ilə bağlayırdılar. Burada konkret olaraq söhbət yanğından icbari sığorta üzrə normativ sənədlərin və onların tətbiq mexanizmlərinin işlənməsindən, eyni zamanda, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə normalardan gedir. 

Ancaq ölkənin sığorta bazarının sürətlənməsinə ən böyük dəstək isə "İcbari sığorta haqqında" qanunun qəbul edilməsi ilə verilə bilər. Yeni qanun layihəsi dörd sığorta növünü - daşınmaz əmlakın, avtonəqliyyat sahiblərinin məsuliyyətinin və  sərnişinlərin sığortasının, həmçinin, daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin sığortası növlərini tənzimləyir. Özü də əmlakın icbari sığortası sahəsində gözlənilən dəyişikliklər xüsusi maraq doğurur. 

 "İcbari sığorta haqqında" qanun hər şeydən öncə vətəndaşların marağına cavab verir. Ölkədə mütəmadi olaraq müxtəlif cür təbii fəlakətlər, texnogen qəzalar baş verir. Mənzilin sığortası olmadıqda onun sahibləri əmlak itkisindən sonra heç nə əldə edə bilmirlər. Yeni qanunun qəbul edilməsi ilə onlar hər il sığorta şirkətlərinə kiçik məbləğlər ödəməklə sığorta halı baş verən zaman nəzərəçarpacaq səviyyədə maddi kompensasiya ala bilərlər", - deyə bu yaxınlarda maliyyə naziri Samir Şərifov bildirib. 

Bu fikir yetərincə aydın gerçəkliyə əsaslanır. Təkcə onu yada salmaq olar ki, keçən ilin aprel-may aylarında baş vermiş sel və daşqınlar zamanı Kür-Araz ovalığının minlərlə sakini evini itirmişdi, kənd təsərrüfatına külli miqdarda zərər dəymişdi. Onda Aran bölgəsində baş vermiş kəskin vəziyyəti hökumətin operativ fəaliyyəti nəticəsində düzəltmək mümkün oldu - fəlakət zonasına lazımi texnika və tikinti materialları göndərildi, ən başlıcası, dövlət başçısının qərarı ilə zərərçəkmiş zonalara 300 mln manata yaxın büdcə vəsaiti ayrıldı. Keçən ilin faciəli hadisələri daha bir xoşagəlməz faktı da ortaya çıxardı - nadir istisnalarla zərərçəkmiş bölgə sakinlərinin heç birinin əlində yaşayış evlərinə, təsərrüfat obyektlərinə təbii fəlakət tərəfindən dəyən zərəri ödəməyə imkan verən könüllü sığorta polisi və ya bitkiçiliyin, heyvandarlığın risklərini örtən uyğun müqavilə yox idi. 

Ölkənin təbii-iqlim xüsusiyyətləri selləri, daşqınları, sürüşmələri, yanğınları tez-tez təbii hadisəyə səbəb olur, bununla yanaşı, yüksək seysmik fəallıq, həmçinin, müxtəlif  texnogen fəlakətlər əmlak sahibləri üçün ciddi təhlükə doğurur. Bu zaman təbii fəalkətin nəticələrinin aradan qaldırılması yükünün böyük bölümü dövlətin boynuna düşür ki, bu da çağdaş dünyanın gerçəkliklərinə o qədər də uyğun gəlmir.  Bazar iqtisadiyyatı şəraitində ölkədə mənzillərin, demək olar ki, hamısı özəlləşdirilib, həmçinin, kommersiya yönümlü əmlakın sahibləri ondan böyük gəlirlər əldə edirlər.  Belə olan halda təbii sual yaranır :  niyə fors-major hallarda vətəndaşın fərdi əmlakına dəyən zərərə görə dövlət pul ödəməlidir? 

 

Nümunəvi təcrübə 

Vətəndaşların şüurlu şəkildə davranmasına və könüllü şəkildə öz əmlaklarını sığortalamasına, təəssüf ki, ümid etmək mümkün deyil. Son 15 il ərzində yerli sığorta bazarının inkişafı göstərir ki, əmlakın könüllü sığortası sektoru yetərincə məhdüd həcmdə yalnız korporativ sektorda müşahidə edilir. Əmlakı könüllü sığorta polisi almış fiziki şəxsləri barmaqla göstərmək olar. Ümumiyyətlə, bu məsələdə bizim ölkə heç də tək deyil, postsovet məkanın böyük hissəsində əmlakın könüllü sığotası heç də populyar deyil. Oxşar səbəblər üzündən Rusiya Dövlət Duması mənzilin icbari sığortası üzrə uyğun qanun layihəsi hazırlayıb və qəbul etməyə hazırlaşır. 

Bildirmək gərəkdir ki, yetərincə müsbət xarici təcrübə də mövcuddur:  Avropanın bir sıra ölkələrində və Şimali Amerikada əmlakın icbari sığortası sistemi çoxdan yaradılıb və uğurla da fəaliyyət göstərir.  Rentabelli olmaması üzündən əgər risklərin müəyyən qrupu sığorta şirkətləri tərəfindən kommersiya əsasında sığortaya götürülmürsə, ya da  kommersiya sığortasının qiyməti sığorta etdirən üçün həddindən yüksəkdirsə, yaxud  sığorta etdirən sığorta halının baş verməsinin təhlükə dərəcəsini və mümkün nəticələrini düz qiymətləndirmirsə və bu cür risklərdən sığorta müdafiəsinə ictimai tələb varsa, onda dövlət icbari sığorta tətbiq edir. 

Məsələn, ABŞ-da,  dünyanın ən inkişaf etmiş bazarında  təxminən, bu və ya digər şəkildə icbari mənzil sığortası sahəsinə cəlb edilmiş səkkiz minə yaxın sığorta şirkəti fəaliyyət göstərir. Ölkənin, demək olar ki, bütün ştatlarında qurğuların və onun konstruksiyalarının sığortası icbaridir;  ödənişlər mütəmadi yığılan "Home Owners Association" (HOA) fondları rüsumlarına daxil edilir. Özü də ölkənin bölgəsindən asılı olaraq icbari sığorta zərfi tamamilə fərqlənir; məsələn, Kaliforniyada tornadodan sığorta aktual deyil, amma zəlzələdən və meşə yanğınlarından kompensasiya çox arzuolunandır, amma Floridada, xüsusilə də sahil zolağında daşqınlardan müdafiə həyati əhəmiyyət sayılır. 

Avropada əmlakın icbari sığortasının yayılması bir sıra prinsipal fərqlərə malikdir; məsələn, Böyük Britaniyada, Almaniyada və İspaniyada əmlak ipotekada olarakən icbari sığorta tətbiq edilir. Bundan başqa, Almaniyada əmlakın sığortasına üçüncü şəxs qarşısında mülki məsuliyyətinin icbari sığortasını nəzərdə tutan "Haftpflich-tvesicherung" polisi də daxil edilir. Amma vətəndaşların sosial müdafiəsi sisteminin daha inkişaflı olduğu Fransada əmlakın icbari sığortası yalnız kirayəyə mənzil verənlər üçün vacib sayılır. Özü də xaricdə fiziki şəxslər üçün əmlakın icbari sığotası polisinin illik qiyməti 200-400 avro arasında dəyişir, amma korporativ seqment halında bu qiymət yetərincə yüksəlir. 

Buna baxanda "İcbari sığorta haqqında" qanun layihəsi əmlakın sığortası xidmətinin ödənişi üzrə yetərincə aşağı qiymətlər müəyyən edir. Qanun layihəsinə görə,  əmlakın bazar qiymətindən asılı olmayaraq, Bakıda fiksə edilmiş sığorta məbləği 250 manatdan 25 min manata qədər müəyyən edilir (yəni sığorta halında 250 manatdan aşağı ödəniş müəyyən olunmur) ki, 0,2%-lik sığorta tarifi ilə illik sığorta haqqı cəmi 50 manat təşkil edir. Sumqayıt, Gəncə və  Naxçıvan üçün maksimum sığorta məbləği 20 min manat (minimum 200 manat), qalan bölgələr üçün isə 15 min manat (minimum 150 manat) təşkil edir. Özü də sığorta halı baş verəndə qanunla müəyyən edilmiş məbləğ sığorta edilmiş mənzilin real bazar qiymətindən asılı olmayaraq ödəniləcək. 

Əmlakın icbari sığortası bütün növ tikililərə - fiziki şəxslərin fərdi evlərinə və mənzillərə, həmçinin, hüquqi şəxslərin ofislərinə və dövlət əmlakına aid ediləcək. Bu zaman sığorta halı kimi həmin əmlaka yanğın, təbii qaz partlaması, ildırım, elektrik şəbəkəsinin qısa qapanması zamanı, kanalizasiya və su şəbəkəsi sistemində qəzalar, hətta təyyarə və yerüstü nəqliyyat qəzaları zamanı da zərər dəyməsi sayılacaq. Həmçinin, təbii fəlakətlərin böyük bölümü  - daşqınlar, zəlzələlər və s. də sığorta halı sayılacaq. 

Qanun layihəsinə, həmçinin, daşınmaz əmlakın icbari sığortası halını istisna edən vəziyyətlər də salınıb. Burada söhbət dövlət orqanları və ya yerli bələdiyyələr tərəfindən sökülməsinə qərar verilmiş əmlakdan gedir. Həmçinin, tikintisi başa çatmamış və ya qəza halında olan binalar, yaxud tikintiyə icazə verilməyən yerlərdəki əmlak da buraya daxildir. 

Bununla yanaşı, qanun layihəsi müəyyən hallarda kompensasiya verilməsini və sığorta halının tanınmasını istisna edir; məsələn, əmlaka bilərəkdən vurulan zərərə görə, yanğın çıxmaması şərti ilə, istehsal üçün istifadə edilən və ya təmir olunan binalarda alov mənbəyinin istifadəsi zamanı əmlaka dəymiş zərərə görə sığorta halı ödənişi müəyyən edilmir. Köhnə boru və çənlərin axması üzündən baş vermiş qəzalar, həmçinin, bu və ya digər qəza zamanı əmlakın oğurlanması zamanı dəymiş zərər də sığorta halı sayılmayacaq. İstisna olunmur ki, yeni qanunun qəbul edilməsi ilə müəyyən müddətdən sonra  öz   əmlakını yeni qaydalar əsasında sığorta etdirməkdən imtina eləmiş mülkiyyət sahiblərinə dəymiş zərərin kompensasiya olunması  məsuliyyətindən dövlət özünü birdəfəlik azad edəcək. 

Sığorta biliciləri hesab edirlər ki, bu qanun ölkənin mənzil bölməsinin təhlükəsizliyini artırmağa, dövlət vəsaitlərini səmərəli istifadə etməyə və vətəndaşların maraqlarını riskdən qorumağa imkan verəcək. Amma bu zaman onlar qeyd edirlər ki, qanun layihəsinin bəndləri sığorta edilənlərin, yəni əhalinin maraqlarını müdafiə etməklə yanaşı, sığorta şirkətlərinin də tələbatını nəzərə almalıdır. Sığorta şirkətlərinin proporsional olmayan sığorta tariflərinin, artıq ödənilmiş zərərə görə təkrar sığorta prinsiplərinin və önəmli cəlbetmə mexanizmlərinin olmamasının yaratdığı əlverişsiz iqtisadi pressinqdən qurtulması vacibdir. 

O zaman qanun bütün maraqlı tərəflərin rifahı naminə işləyəcək. 


MƏSLƏHƏT GÖR:

438