25 Noyabr 2024

Bazar ertəsi, 21:56

DÜZGÜN YANAŞMA

Azərbaycanın dövlət büdcəsinə artım istiqamətində ilin ortasında yenə düzəliş edilib

Müəllif:

01.06.2011

Artıq son bir neçə ildə ənənəvi olaraq  Parlament hökumətin təqdimatı ilə ilin ortalarında ölkənin dövlət büdcəsinə düzəlişlər edir. Bu düzəlişlərin əsas məqsədi büdcənin gəlir və xərc hissələrini dünya bazarında neftin qiymətinə və ölkə daxilindəki iqtisadi duruma uyğun olaraq dəyişməkdir. Bu il də istisna olmayıb və Milli Məclis 2011-ci ilin əsas iqtisadi qanununa düzəlişləri təsdiq edib. Dəyişikliklər dövlət başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsini gücləndirmək üçün tədbirlərin maliyyələşdirilməsinə əlavə maddi təminat yaradılması barədə sərəncamı nəzərə alınaraq edilib. Burada söhbət pensiya təminatı sistemində islahatların davam etdirilməsindən, büdcə təşkilatlarının işçilərinin maaşlarının, sosial müavinətlərin, stipendiyaların və başqa sosial ödənişlərin qaldırılmasından, həmçinin, bir sıra investisiya layihələrinin maliyyələşdirilməsindən gedir. 2011-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkə iqtisadiyyatının artım templərinin nisbətən yavaşımasına baxmayaraq, hökumət makroiqtisadi proqnozları artım istiqamətinə dəyişib, burada beynəlxalq təşkilatların dünya iqtisadiyyatı və dünya əmtəə bazarları üzrə son dəqiqləşdirilmiş proqnozları nəzərə alınıb. 

 

Neftin qiyməti 

Bəllidir ki, 2010-cu ildə bu il üçün büdcə proqnozlarının formalaşdırılması zamanı Azərbaycan hökuməti daha təmkinli və ehtiyatlı siyasətə əsaslanıb. Ancaq dünya neft bazarlarında əlverişli konyunktura Azərbaycan neftinin qiymətinin yetərincə uzun müddət ərzində bir barrel üçün 2011-ci ilin büdcəsində nəzərdə tutulmuş qiymətdən 80% baha səviyyədə qalmasına imkan verir.  Bunun hesabına yalnız birinci rübdə ölkə  Dövlət Neft Fondunun (ARDNF) sayəsində proq-nozlaşdırılandan əlavə olaraq 976,4 mln manat əldə edib. 

Buna görə də büdcəyə indiki dəyişikliklərin əsasını  Azərbaycan neftinin qiymətinin barrelə görə $60-dan $80-ə qaldırılması təşkil edir. Bunun hesabına ölkə əlavə olaraq 5 mlrd manat gəlir əldə etməyi gözləyir ki, onun  da 770 mln manatı dövlət büdcəsinə,  3,5 - 4 mlrd manatı isə ARDNF-ə daxil olacaq. "Nəzərə alaq ki, 2011-ci ilin yanvar-aprel aylarında dünya bazarında neftin qiyməti $100-ı keçib ki, bu da ilin sonuna kimi ölkə iqtisadiyyatının əsas makroiqtisadi göstəricilərinin daha çox artacağını və lazımi vəsaitlər hesabına büdcənin gəlir hissəsinin ödəniləcəyini söyləməyə imkan verir", - deyə Hesablama Palatasının sədri Heydər Əsədov vurğulayır. Hətta dövlət büdcəsinə bu qədər iri məbləğdə transfertlər (9,2 mlrd manat)  edilsə də, ilin sonuna ARDNF-in aktivlərinin $30 mlrd.-a çatacağı gözlənilir. Bununla bağlı olaraq hökumətin siyasəti həm sosial sahədə tədbirlər üzrə, həm də investisiya layihələrinin gerçəkləşməsi ilə bağlı maliyyələşdirmənin genişləndirilməsinə yönəldilib. 

Beləliklə, makroiqtisadi göstəricilərə düzəliş edilməsi hökumətə 2011-ci ilin dövlət büdcəsinə daxilolmalar proqnozunu, təxminən, 15,6 mlrd manata qədər ($19,5 mlrd.-dan çoxa qədər) artırmağa imkan verib.  Bu o deməkdir ki, xəzinə indiki büdcəyə nisbətən 29% artacaq və 2010-cu ilin faktiki göstəriciləri ilə müqayisədə 36,4%  çox olacaq. Bu barədə maliyyə naziri Samir Şərifov düzəlişlər layihəsinin müzakirəsi zamanı bildirib. 

Bəllidir ki, iqtisadi inkişafda büdcənin ümumi daxili məhsula (ÜDM) nisbəti əsas rol oynayır. Liberal iqtisadi model seçmiş ölkələrdə büdcənin ÜDM-ə nisbəti 28-33% təşkil edir, sosialmodelli ölkələrdə isə bu göstərici 50%-ə çatır. Orta mövqe tutan ölkələrin göstəriciləri 35-45% arasında dəyişir. Azərbaycan da ölkə ÜDM-nin, təxminən, 35%-ə bərabər büdcə zərfinə keçid üzrə addımlar atır. 

Məhz ölkə iqtisadiyyatının dinamik inkişafı hesabına 2011-ci ildə dövlət büdcəsi vasitəsilə ÜDM-in 34,7%-ə bərabər vəsait paylanacaq, halbuki 2005-ci ildə bu göstərici 15% təşkil edirdi. 2011-ci ilin düzəliş edilmiş büdcəsində xərclər, təxminən, 16 mln manat ($20 mlrd.-dan çox) səviyyədə nəzərdə tutulur. Bu ilə təsdiq edilmiş büdcə ilə müqayisədə artım 25, 2010-cu ilin faktiki göstəricisi ilə müqayisədə isə  35,5% təşkil edəcək. Düzəlişlərə görə, büdcə kəsrinin ÜDM-ə nisbəti indiki 1,7%-dən 0,9%-ə qədər azalır. 

Burada qeyd etmək lazımdır ki, 2011-ci ilin keçən müddəti ərzində büdcə proqnozları profisitlə yerinə yetirildiyi halda, Azərbaycan yenə də ehtiyatlı davranmağa və büdcəni kəsrlə proqnozlaşdırmağa üstünlük verir. Buna paralel olaraq hökumət kəsrin maliyyələşdirilməsi üzrə ənənəvi, amma dəqiq proqrama riayət etməkdə davam edir. S. Şərifovun sözlərinə görə, 2011-ci ildə dövlət büdcəsi kəsrinin örtülməsi üzrə ənənəvi mənbələrdən - özəlləşdirmə gəlirlərindən, yerli və beynəlxalq bazarlarda qiymətli kağızların buraxılmasından, büdcə təşkilatlarının büdcədənkənar gəlirlərindən və 1 yanvar 2011-ci il tarixə dövlət büdcəsinin vahid xəzinədarlıq hesabında qalmış qalıqdan istifadə ediləcək. Bu zaman beynəlxalq bazarlarda qiymətli kağızların buraxılması hökumət tərəfindən "dərin" ehtiyat kimi nəzərdə tutulur. Özü də Maliyyə Nazirliyi artıq bu planın 2012-ci ilə kimi təxirə salınması barədə bəyanat verib. 

Əlbəttə, dövlət büdcəsinə düzəlişlərdə əsas rol neft-qaz bölməsinə verilib ki, o, xəzinəyə daxilolmaların 74%-ni (11,51 mlrd manat) təmin edəcək. 2011-ci il dövlət büdcəsinin gəlirləri əsasında Dövlət Neft Fondundan 9,2 mlrd manat həcmində ediləcək transfertlər duracaq ki, bu da dövlət büdcəsi gəlirlərinin 59%-ni təşkil edir. 

Hökumət hesab edir ki, Azərbaycan üçün neft gəlirlərinin xərclənməsində ən optimal variant Norveç modelidir, orada 10 il ərzində neft gəlirlərinin fəal xərclənməsi hesabına infrastruktur modernləşdirilib, sonra isə belə xərclərin edilməsinə kəskin məhdudiyyət qoyulub. Azərbaycanın neft fondu 10 il qabaq yaranıb, amma fəal investisiyaları 7 ildən azdır ki, aparır. 

 

Sosial iqtisadiyyat 

2011-ci ilin büdcə proqnozlarının hazırlanması zamanı əvvəlki illərdə olduğu kimi, xüsusi diqqət dövlət inkişaf strategiyasına uyğun olaraq büdcənin sosial və investisiya yönümlülüyünə, prioritet istiqamətlərə, ölkənin müdafiə potensialına, iqtisadi gücün artırılmasına, iqtisadi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafının dəstəklənməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və s.-ə veriləcək. 

Dövlət büdcəsinin əlavə xərclərinin 78,1%-i və ya 2,5 mlrd manatı dövlət kapital qoyuluşlarının payına düşəcək ki, bu da həmin məqsədlə təsdiq olunmuş xərclərdən 73,5% çoxdur. 

Müdafiə potensialının artırılmasına xərclər 39,7 mln manat (3%) artacaq və 1 mlrd 364,8 mln manat təşkil edəcək. Əlavə xərclər hərbçilərin, silahlı qüvvələrdə və başqa hərbi birləşmələrdə çalışan mülki şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün imkanlar açacaq, hərbi-iqtisadi və hərbi-texniki tələbatın təmin edilməsinə, ölkə ərazisində hərbi infrastruktur obyektlərinin inkişafına şərait yaradacaq. 

Hökumət əhalinin həyat səviyyəsinin aşağı düşməsinə yol verməmək üçün sosial müdafiə tədbirlərini - minimum əmək haqqının, pensiyaların, sosial müavinətlərin artırılmasını diqqət mərkəzində saxlayacaq. Dövlət büdcəsinin cari xərclər maddəsi 698 mln manat artırılacaq ki, bunun 66,3%-i pensiya islahatlarının gerçəkləşdirilməsinə, həmçinin, sosial müavinət və pensiyaların artırılması ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. Bu, müəyyən mənada Azərbaycan Konstitusiyasına  ölkənin "sosial bazar iqtisadiyyatına" keçməsi ilə bağlı edilmiş düzəlişə tam uyğun gəlir. 

Əhalinin aztəminatlı təbəqələrinin mənzil şəraitinin yaxşılaşdırılması üzrə önəmli qərarlar da qəbul ediləcək. Mərkəzi Bankın başçısı artıq yeni ipoteka kreditləşdirilməsi strategiyasına keçildiyini bildirib. Sosial ipoteka kreditlərinə olan böyük marağın təmin edilməsi üçün 2011-ci ildə bu tip kreditlərin verilmə şərtlərinin yüngülləşməsi, yəni kreditlərin verilmə mexanizminin sadələşdirilməsi, kredit məbləğinin yuxarı həddinin qaldırılması çərçivəsində sosial ipotekanın maliyyələşdirilməsi üzrə xərclər 6 mln manat artırılacaq. Daha öncə dövlət büdcəsindən bu məqsədlərlə Mərkəzi Bank yanındakı Azərbaycan İpoteka Fonduna  14 mln manat ayrılması planlaşdırılırdı. Büdcə proqnozlarına düzəlişlər çərçivəsində sosial ipotekanın maliyyələşdirilməsi həcmi 42,8% artırılaraq 20 mln manata çatdırılıb. 

Başqa sözlə, büdcənin artımı ölkə əhalisinin bütün təbəqələri və bütövlükdə iqtisadiyyat üçün ümidvericidir. Ümumiyyətlə, 2005-ci ildən başlayaraq, büdcə xərclərinin və gəlirlərinin dinamik artımı hesabına Azərbaycan xəzinəsi genişlənib. O cümlədən, keçən illər ərzində ölkənin əsas maliyyə sənədinin gəlirlərinin artımı bəzən il ərzində 50-55%-ə çatıb. Buna paralel olaraq dövlət büdcəsinin xərclərinin artımı  bəzi  illərdə  75-77% olub. Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin bu cür artım templərini fantastik saymaq olar.  Göründüyü kimi, bu il ölkə rekordunu təzələyəcək. 


MƏSLƏHƏT GÖR:

355