5 Dekabr 2025

Cümə, 20:47

"ŞƏR RUHLAR" İRANA BƏLA GƏTİRDİ

İranın birinci şəxsləri arasında rəqabət kulminasiya nöqtəsinə çatır

Müəllif:

01.06.2011

İran İslam Respublikası dramatik vaxtlarını yaşayır. Nüvə proqramı ilə əlaqədar ölkənin Qərbdən ciddi təzyiq altında olması, bunun hakimiyyətlə islahatçı müxalifət arasında ciddi qarşıdurma yaratması azmış kimi, indi də hakim rejim daxilində ziddiyyətlər meydana çıxıb. İranın ali rəhbəri Əli Hüseyn Xamnei ilə prezident Mahmud Əhmədinejad arasında münaqişə kadr savaşına çevrilib. Bu qarşıdurmada ağla gələn və gəlməyən bütün vasitələrdən istifadə olunur - həbslərdən, istefalardan tutmuş "cadugər ovu"nadək.

Hakimiyyət daxilindəki qarşıdurma ötən ilin sonunda prezident Əhmədinejadın xarici işlər naziri Mənuçöhr Möttəkini istefaya göndərməsi ilə daha açıq müstəviyə keçib. Bundan bir qədər sonra hakimiyyətdaxili çəkişmələrin mərkəzinə nüfuzlu ayətulla, uzun müddətdir özünü Əhmədinejadın əsas siyasi rəqibi kimi göstərməkdə olan eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani düşüb. O, Ekspertlər Şurasının rəhbəri postundan kənarlaşdırılıb. Qeyd edək ki, İranın hakimiyyət sistemində bu, əsas orqanlardan biri hesab olunur.

İran hakimiyyəti daxilində növbəti qarşıdurma özünü nəqliyyat naziri Həmid Behbahaninin istefaya göndərilməsi ilə büruzə verib. Qeyd edək ki, o, Əhmədinejadın ən yaxın silahdaşlarından biridir.

Bu istefalardan heç birinin əsas səbəbi açıqlanmayıb. Yalnız kəşfiyyat naziri Heydər Möslehi ilə bağlı baş verənlər, əslində, ölkədə Xamnei ilə Əhmədinejad arasında qarşıdurmanın getdiyini üzə çıxarıb. Halbuki müxalifətçi Mirhüseyn Musəvinin hakimiyyətə gəlmək təhlükəsi qarşısında Əhmədinejadın təkrar dövlət başçısı postunu tutması məhz dini liderin xeyir-duası ilə mümkün olmuşdu.

Əhmədinejad Möslehini istefaya göndərsə də, nazir demək olar ki, dərhal dini liderin qərarı ilə postuna bərpa edilib. Üstəlik, Xamnei Möslehinin vəzifəyə bərpası ilə bağlı məktubu Əhmədinejada deyil, nazirin özünə göndərib. Bu, prezidenti pis vəziyyətdə qoyub və o, müəyyən müddət parlament və hökumətin iclaslarına qatılmamaqla, Xamneinin əməllərindən narazı olduğunu nümayiş etdirməyə çalışıb. İranın ali qanunverici orqanı isə Xamneini dəstəkləyərək, Əhmədinejadı "ölkənin ali dini liderinin qərarlarına əməl etməyə" çağırıb.

Xamnei tərəfdarları yalnız sözlə kifayətlənməyərək, Əhmədinejadın komandasına praktiki hücuma da keçib. Bu mənada ən ciddi zərbə Prezident Aparatının rəhbəri ?sfəndiyar Rahim Maşaiyə dəyib. İranın "Etedaal" qəzeti Maşainin və Prezident Aparatının daha 25 üzvünün həbs olunduğunu xəbər verir. Onların hamısı cadugərlikdə ittiham olunur. Bu isə şəriət qanunlarına görə, edam cəzasını nəzərdə tutur.

Saxlanılmış şəxslər arasında "metafizika sahəsində xüsusi təcrübəyə" və "ruhlarla əlaqəyə girmək" bacarığına malik olan Abbas Qafari adlı şəxs də var.

Cadugərliklə bağlı məsələdə ən maraqlısı odur ki, Maşai yalnız Prezident Administrasiyasının rəhbəri yox, həm də Əhmədinejadın qohumudur. Onun qızı prezidentin oğlunun xanımıdır, amma bu da əsas deyil. Maşai dövlət siyasətinə dinin təsirinin əleyhdarı kimi tanınır. Klerikallar hesab edir ki, bu mövqeyinə baxmayaraq, Əhmədinejad prezident kürsüsündə məhz Maşaini özünün əsas varisi kimi görür. Odur ki, Maşai gələcəkdə ölkədə idarəetmə sistemini dəyişə biləcək şəxs sayılır.

Daha bir maraqlı məqam: Əhmədinejadın dini rəhbəri Məhəmməd Təqi Yəzdi prezidenti Maşainin təsirinə düşməkdə günahlandırıb. Odur ki, İranın dini rəhbərliyinin Maşaini ölkənin siyasi arenasından "yığışdırmaq", bununla da özündə Xamneidən kənar fəaliyyət göstərmək cəsarəti tapmış Əhmədinejadın mövqelərinə zərbə vurmaq qərarına gəlmələri təəccüblü deyil.

Bütün bunlar İranda hakimiyyətin bölüşdürülməsi uğrunda gedən gərgin mübarizənin göstəricisidir. Bir tərəfdən, "millətçi gənclər" ruhanilərin ölkənin əsas siyasi qüvvəsi sayılmasına son qoymağa çalışır. Digər yandan, əsasən, yaşlı nəslin nümayəndələrindən ibarət "mollakratiya" cəmiyyətdə bu dəyişikliklərin qarşısını almaq üçün əlindən gələni edir. Məhz İran rəhbərliyindəki bu fərqli tendensiyaların toqquşması kadr savaşına da yol açıb. İndi dini liderin ətrafında birləşən qüvvələr prezident və onun varisinin hakimiyyətinin möhkəmlənməsinə mane olmağa çalışır.

Odur ki, Əhmədinejadın Xamnei ilə aralarında heç bir fikir ayrılığının olmadığına dair bəyanatı səmimi təsir bağışlamır. İranın Dövlət Televiziyasına müsahibəsində prezident, hətta Xamneini "ata" adlandırıb. Amma bu qədər təsirli etirafından bir az əvvəl o, parlamentin təzyiqi ilə Nazirlər Kabinetinin 3 üzvünü vəzifəsindən kənarlaşdırıb. Bu, parlamentarilərin hökumətdə ixtisarlar və nazirliklərin birləşdirilməsini nəzərdə tutan proqramı çərçivəsində edilib.

Nazirliklərdən birinə, daha konkret desək, Neft Sənayesi Nazirliyinə müvəqqəti rəhbərliyi Əhmədinejad şəxsən öz üzərinə götürüb. Hətta o, OPEK üzvlərinin iyunun 8-də Vyanada keçiriləcək toplantısında nazir qismində İran nümayəndə heyətinə başçılıq etməyə də hazırlaşırdı. Lakin Xamneinin tərəfdarları Əhmədinejadın bu cəhdini İran iqtisadiyyatının ən gəlirli və strateji əhəmiyyətə malik sahəsini ələ keçirmək cəhdi kimi qiymətləndirib.

Prezidentin qarşısını İranın Konstitusiya Keşikçiləri Şurası kəsib. Qeyd edək ki, bu qurum qanun və digər normativ aktların İranın Konstitusiyasına uyğun olub-olmadığını müəyyənləşdirir. Qurum 12 nəfərdən ibarətdir. Onlardan 6-sı dini liderə tabedir. Digər 6 üzvü Xamneinin və onun yaxın silahdaşı, parlamentin spikeri Əli Laricaninin nəzarətində olan qanunverici orqan təyin edir.

Konstitusiya Keşikçiləri Şurası prezidentin Neft Nazirliyinə rəhbərliyini qanunsuz sayıb və bununla da Əhmədinejadı neft sahəsinə təkbaşına nəzarət etmək imkanından məhrum edib.

Bir neçə gün sonra Əhmədinejadın mövqeyinə daha bir zərbə vurulub. Prezident Administrasiyasında kadr işlərinə nəzarət edən və aparatın rəhbəri Maşainin "sağ əli" sayılan Kazem Kiapaş həbs edilib. 

Bu da son deyil. İran İnzibati Məhkəməsi ölkənin 8 vitse-prezidentindən biri - Həmid Bakaini vəzifəsindən kənarlaşdırıb. Qeyd edək ki, o, Əhmədinejadın yaxın silahdaşlarından biridir. 

Amma Əhmədinejad canını bununla da qurtara bilməyib. Parlamentin 12 deputatı prezidentə impiçment elan edilməsi təşəbbüsü ilə çıxış edib. Parlamentarilər dövlət başçısını konstitusiyanın tələblərini pozmaqda təqsirləndirir.

Nəhayət, bütün deyilənlərin fonunda Abadandakı neft emalı zavodunda 1 nəfərin ölümü, 20-dən artıq insanın yaralanması ilə nəticələnən partlayış baş verib. Üstəlik, partlayış prezidentin müəssisəyə səfəri zamanı olub. İnsident nəticəsində Əhmədinejad xəsarət almayıb. Zavod administrasiyası isə partlayışa qaz sızmasının səbəb olduğunu  açıqlayıb. 

Olaylarla bağlı araşdırma başlanılsa da, açıq qalan suallar kifayət qədərdir.

Görünən odur ki, İranda kadr savaşı hələ bitməyib. Dini liderin həddi-hüdudu olmayan hakimiyyətinə, Əhmədinejadın mövqelərinin isə nəzərəçarpacaq dərəcədə zəifləməsinə baxmayaraq, prezidentin son zamanlar aldığı zərbələrlə barışacağını düşünmək çətindir. Məsələyə dair Amerikanın "Daily Beast" nəşrində yer almış fikirlər kifayət qədər maraqlıdır: "İnandırıcı deyil ki, milyardlarla dollar neft puluna arxalanan, ölkədəki dini və hərbi qüvvələr arasında kifayət qədər dəstəyi olan və son 5 ildə narazı qüvvələri zorakılıqla susduran Əhmədinejad belə asanlıqla təslim olsun. Bu səbəbdən, dini liderlə Əhmədinejad və silahdaşları arasında qarşıdurma yaxın həftələrdə və aylarda qanlı döyüşə çevriləcək. Ziddiyyətli İran prezidentinin baş verənlər qarşısında asanlıqla geri çəkiləcəyi inandırıcı deyil".

İran hakimiyyətində qarşı-qarşıya duran tərəflərdən hansının uğur əldə edəcəyindən asılı olmayaraq, bir şey aydındır: bu ziddiyyət İran mollakratiyası, həmçinin, bütünlükdə İslam Respublikasının hakimiyyət sistemi üçün nəticəsiz qalmayacaq. Və ola bilsin, tərəflər bu kadr müharibəsinin, sonda, ölkənin maraqlarına zərbə vurduğunu dərk etsinlər. Belə olacağı təqdirdə, Xamneyi ilə Əhmədinejad "müharibə"ni dayandırmaq əmri verə bilərlər. Onlar, əlbəttə, ölkədə baş verənlərin müxalifətin, üstəlik, İran daxilində baş verənləri diqqətlə izləyən Qərbin xeyrinə olduğunu anlayır.

Amma bu yerdə sual yaranır : ölkədə daxili siyasi həyatda qaçılmaz görünən dəyişikliklərin qarşısını almaq üçün, rejimin birinci şəxslərinin "atəşkəs" əmri kifayət edəcəkmi?



MƏSLƏHƏT GÖR:

661