5 Dekabr 2025

Cümə, 20:47

KREML TAPMACASI

Ola bilsin, Putinlə Medvedev bundan sonra da birgə hərəkət etsinlər

Müəllif:

01.06.2011

Rusiyada keçən prezident seçkisindən sonra "2012-ci il tapmacası" var. Rusiyanın yeni və keçmiş prezidentləri Dmitri Medvedevlə Vladimir Putinin "Lyube"nin mahnısının sədaları altında Kremlin Spasski qapılarından ləng, lakin kifayət qədər cəsur addımlarla çıxdıqları andan artıq 4-cü ildir ki, yalnız ruslar yox, həm də bütünlükdə dünya Dmitri Medvedevin prezidentlik müddəti bitən zaman Rusiyada nə baş verəcəyi haqda düşünməkdədir.

Bütün bu dövr ərzində jurnalistlər və politoloqların cəhdlərinə baxmayaraq, "hakim tandem"dən hələ də bu tapmacanın necə həll olunacağına dair konkret cavab almaq mümkün olmayıb. Yeri gəlmişkən, 2008-ci il seçkisi ərəfəsində də hamı indiki kimi qeyri-müəyyənlik içərisində idi: Putin gedəcək, ya yox? Gedəcəksə, haraya? Qalacaqsa, necə? O zaman KİV Putinin suallara cavabı və şərhlərindən onun planının nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışırdı. Xüsusilə, varisliyə namizəd kimi Dmitri Medvedev və Sergey İvanov kimi iki fərqli siyasətçinin adının çəkilməsi vəziyyəti daha da qarışdırırdı və elə o andan ən maraqlı anlar başladı.

Rusiyanın "2012 problemi"nin kulminasiyasına hələ çox var. Amma artıq indidən ölkənin siyasi meydanında kifayət qədər canlanma hiss olunur. Aydındır ki, əsas hadisələr qarşıdakı payızda və qışda yaşanacaq. Bu isə o deməkdir ki, yay isti olsa da, süstlüklə keçməyəcək.

Əslində, bəlkə də Putinlə Medvedevin hələ də susması yaxşıdır. Axı əks-halda intriqa itəcək və 2012-ci illə bağlı əsas xəbər Mayya təqviminə əsasən, həqiqətən də dünyanın sonunun çatıb-çatmayacağı olacaq.

İndiki halda isə hər kəsi Rusiyada dövlət idarəçiliyi baxımından daha hansı yeniliyin meydana çıxacağı düşündürür. Unutmayaq ki, Rusiya ABŞ deyil - Amerikada prezident kürsüsündə demokrat, yoxsa respublikaçının oturması elə də çox şeyi dəyişmir. Rusiyada isə bu, mühüm məsələdir. Hələ Rusiya İmperiyası dövründən Kremlə gələn yeni sahib özü ilə köklü dəyişiklik və yeniliklər də gətirib və bu ənənə hələ də qalır.

Prezident kürsüsünə Dmitri Medvedevin əyləşməsindən sonra, hər kəs "hakim tandem" ifadəsi ilə tanış olub. Bu, əslində, tarixdə yenilik deyil. Amma müasir Rusiya üçün onun öz fərdi tərəfləri var. Rusiyada hakimiyyət strukturunun qurulduğu formulunu müəyyənləşdirmək asan iş deyil və hətta bəlkə də mümkünsüzdür. Çünki bu struktur daim dəyişikliklərə məruz qalır. Kimin birinci şəxs olmasından asılı olaraq, belə dəyişikliklər baş verir. Bəs indi "hakim tandem"in başçısı kimdir? Rusiya KİV, demək olar ki, hər gün bu sualı ortaya atır. 

Amma artıq bu o qədər də vacib deyil. İndi vacib olanı 2012-ci ildə Rusiya prezidenti postunu kimin tutacağını və ya bu vəzifədə qalacağını bilməkdir.

Medvedev də, vaxtilə Putin kimi, əsas "stavka" obyektinə çevrilənə qədər, o qədər də parlaq siyasi fiqur olmayıb. Onun açıq prezidentlik iddiaları da yox idi, potensialı da ilk anlardan görünmürdü. 

Amma onların arasında bir ciddi fərq var: Putinin sələfi Boris Yeltsin birdəfəlik gedib. Putin isə varisinin yanındadır, bütün hakimiyyət və maliyyə rçaqlarını əlində saxlayır, nə nüfuzunu, nə də təsir imkanlarını itirib. Özünün də etiraf etdiyi kimi, Putin kifayət qədər geniş səlahiyyətlərə malik ümummilli lider kimi qalıb. Medvedev məhz Putinin yaratdığı "hakimiyyət vertikalı"nda işləməyə başlayıb. Bir məqamı da qeyd etmək kifayətdir ki, Qərb KİV-də bütün bu dövr ərzində mütəmadi olaraq "Putinin Rusiyası" ifadəsinə rast gəlinir.

Həqiqətənmi bütün bu dövr ərzində Medvedev, sadəcə, Putinin növbəti müddətə (və ya bir neçə müddətə) prezident seçilməsi üçün ona kürsü qoruyub-saxlayan adi fiqurdur? Mavr öz işini gördü, Mavr gedə bilər? Bəs o, Rusiya üçün uğurlu prezident oldumu və onun dövründə ölkə vəd etdiyi kimi, irəli getdimi? Xarici siyasətdə Medvedev Putindən daha uğurlu ola bildimi? Axı Medvedevin prezidentliyi dövrünə heç də az sayda ciddi hadisələrə təsadüf edilmədi - Gürcüstanla müharibə, Ukrayna və Belarusla problemlər, iqtisadi böhran, ABŞ-la münasibətlərdə yenilənmə.

Moskva Karnegi Mərkəzinin əməkdaşı Liliya Şevtsova "The Washington Post" qəzetində dərc olunmuş məqaləsində yazır ki, Putin məqsədli şəkildə Medvedevi öz maraqlarının təmini üçün islahatçıların ümid rəmzinə çevirib. Əslində, real hakimiyyətin Medvedevin əlinə keçdiyini göstərən heç nə yoxdur.

Bu səbəbdən, Dmitri Medvedevin Skolkovodakı mətbuat konfransını səbirsizliklə gözləyirdilər. Mətbuat konfransından dərhal sonra jurnalistlər və politoloqlar narazılıqlarını ifadə etməyə tələsdilər - prezident yenə də əsas suala cavab vermədi. O, təxmini də olsa prezidentliyinin yekunları haqda danışmadı, heç bir açıq bəyanat vermədi, əsas məsələlərdən yan keçdi.

Bununla yanaşı, belə fikir yaranır ki, mətbuat, xüsusilə də xarici KİV "2012 tapmacası"na cavabdan çox hakim tandem arasında hakimiyyət uğrunda mübarizənin qızışmasını gözləyir.

Bu versiyanın tərəfdarları Putinlə Medvedev arasında gərginliyin daim artdığından danışır. Onların, demək olar ki, hamısı sonda Medvedevin məğlub olacağı qənaətindədir. Məhz bu baxımdan, Rusiya prezidenti və baş nazirinin hər açıqlaması, hər bəyanatı diqqətlə analiz edilir.

Məsələn, "The Sunday Times" növbəti seçkidə prezidentliyə namizədin Putin olacağını yazır. Qəzetin "adıçəkilməyən yüksəkrütbəli mənbələr"ində bu fikri Medvedevin Skolkovodakı mətbuat konfransında "hökumətin ünvanına səsləndirdiyi sərt tənqidlər" yaradıb. Anonim ekspertlərin fikrincə, Medvedevin bu addımı Putinin "Kremlə qayıtmağa dair yekun qərar verməsinə" səbəb olub. "Amma ola bilsin, prezident bununla razılaşmayacaq və seçki ərəfəsində tandemdə hakimiyyət uğrunda mübarizə qızışacaq", - deyə qəzet yazır.

"The Sunday Times" qəzetinin anonim mənbəsi hesab edir ki, "Medvedev özünü həddindən artıq lovğa aparmağa başlayıb və bu səbəbdən, ona mesaj atıla bilər". Məsələ ondadır ki, "əvvəllər Putin Kreml layihəsinin loyallığına şübhə etmirdi, öz ünvanına bir sıra üstüörtülü iradlar eşitdikdən sonra baş nazirin əminliyi bir qədər azalıb". Deyilənə görə, Medvedevin davranışındakı dəyişikliyə səbəb odur ki, o nə ölkəsində, nə də xaricdə müstəqil, təkbaşına qərar verərək ikinci müddətə prezidentlik uğrunda yarışa qatılmaq iqtidarında olan şəxs kimi qəbul edilmir.

"The New York Times" yazır ki, Medvedev suallardan birini cavablandırarkən Putinin böyük siyasətdən getməsinin vaxtı olduğuna işarə edib. Qəzet prezidentdən bunu qubernatorların dəyişdirilməsi ilə bağlı sualı cavablandırdığı zaman eşidib. Qubernatorların, təxminən, yarısını dəyişdirmiş Medvedev yaxın zamanlarda hökumətdə dəyişikliklərin gözlənilib-gözlənilmədiyinə dair sualı cavablandırarkən "heç nəyin əbədi olmadığını" söyləyib.

İspaniyanın "El Pais" qəzeti isə Medvedevin "heç nəyin əbədi olmaması" haqda fikrini özünə və istefaya göndərilmiş Federasiya Şurasının spikeri Sergey Mironova cavab kimi qəbul edib.

Maraqlıdır ki, birdən-birə investorlar da mehribancasına Putinin Kremlə qayıdışı haqda danışmağa başlayıb. Onlar bu halda hökumətə baş nazirin müavini, maliyyə naziri Aleksey Kudrinin rəhbərlik edəcəyini düşünür. İsveçin nüfuzlu investisiya şirkəti olan "Vostok Nafta" da Putinin Kremlə qayıtmasının mümkünlüyü haqda yazıb.

"Baş nazir Vladimir Putin gələn il prezidentlik uğrunda yarışa qatılmaq qərarına gəlib", - deyə "Times" yazır. Qəzet hesab edir ki, onun bu qərarı verməsində "klassik tarix: tələbənin müəlliminə qalib gəlmək cəhdi" rol oynayıb.

Medvedevin rusların gecikməyə adət etməsi haqda zarafatında da tandemdə fikir ayrılığının yarandığını görənlər var. "İnterfaks" xəbər verir ki, Peterburqda keçirilmiş Beynəlxalq Hüquq Forumunda tədbirin moderatoru olan Almaniyanın sabiq kansleri Gerhard Şröder iştirakçıların nahara gecikməməsi üçün tədbiri yekunlaşdırmağın vaxtı olduğunu söyləyib. Lakin Dmitri Medvedev almaniyalı qonağı sakitləşdirərək deyib ki, Almaniyadan fərqli olaraq, Rusiyada "bir qədər gecikmək qəbul olunandır". Prezident bunu özünə aid etmədiyini, "onun bu limitini götürmüş digər həmkarlarının" olduğunu söyləyib. Bəzi KİV, xüsusilə "Exo Moskvı" radiosu hesab edir ki, prezident bu zaman Putinin məşhur gecikmək ənənəsinə işarə edib - Rusiyanın hazırkı baş naziri vaxtilə hətta kraliçanı da gözlədib.

Qərb KİV-i son dərəcə təəccübləndirən daha bir məqam internetdə Putin və onun "nanoköməkçisi" Medvedev haqda peyda olmuş komiksdir. Komiksdə Putin ağ kimonoda, Medvedev isə ayı dərisində göstərilir. Əksər müşahidəçilər hesab edir ki, bu komiks də seçkiqabağı kampaniyanın bir hissəsidir. İnternet istifadəçilərindən biri isə hətta komiksin hazırlanmasına görə pulun Kremlin baş ideoloqu Vladislav Surkov tərəfindən ödənildiyini yazır.

Mətbuat "Xodorkovski türmədə" barometrini də diqqətlə izləyir. Axı YUKOS məsələsi Putinin prezidentlik karyerasında xüsusi yerlərdən birini tutur. Bu yaxınlarda Moskva Şəhər Məhkəməsi Mixail Xodorkovskinin ikinci prosesə görə çıxarılmış hökmün dəyişdirilməsi haqda iddiasını rədd edib. "The New York Times" bu məsələdən belə qənaətə gəlib ki, Rusiyada Putin əsas lider olaraq qalır. Qəzet hesab edir ki, Putin bununla ondan fərqli olaraq, Xodorkovsini cəmiyyət üçün təhlükəli saymayan Medvedevin mövqelərini "dağıdır".

Hakim partiyanın lideri və baş nazir Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Vahid Rusiya"nın prezidentliyə namizədi partiyanın qurultayında müəyyənləşdiriləcək, amma buna hələ çox var. Bu il yalnız Dövlət Dumasına namizədlərin müəyyənləşdiriləcəyi qurultay keçiriləcək.

Rusiyada hər şey şəxsiyyətlərlə bağlıdır. Amma partiyanın rolunu da nəzərə almamaq olmaz. Üstəlik, ölkə prezidentliyinə yalnız partiyanın və ya partiyaların irəli sürdüyü namizəd göstərilə bilər.

Bir müddət əvvəl Dmitri Medvedevin "böyük siyasi mövsüm"ə hazırlığa başladığı elan olunub. Söhbət silsilə seçkiqabağı məsləhətləşmələrdən gedir. Medvedev bu məsləhətləşmələri, Rusiyanın parlamentdə təmsil olunmayan partiyalar da daxil olmaqla, bütün siyasi təşkilatlarının liderləri ilə aparmaq niyyətindədir. Artıq ilk məsləhətləşmə baş tutub və o, kommunistlərin lideri Gennadi Züqanovla olub. Dərhal belə fikir yaranıb ki, bu, Putinin iştirakı ilə Ümumrusiya Xalq Cəbhəsinin (ÜXC) yaradılmasına Medvedevin cavabıdır.

Qeyd edək ki, ÜXC-nin yaradıldığı mayın əvvəllərində məlum olub. Putinin fikrincə, bu qurum bitərəf tərəfdarları "Vahid Rusiya" ətrafında birləşdirə bilər. Baş nazir hesab edir ki, bu, ictimai təşkilat nümayəndələrinə partiya üzvü olmadan öz namizədliyini partiyanın siyahısına salmaq imkanı yaradacaq. İndi hakim partiyanı yeni insanlar və ideyalar hesabına canlandırmağa kömək etmək istəyən hər bir maraqlı ictimai təşkilat yeni quruma qoşula bilər.

Mayın sonunda öz növbəsində Dövlət Dumasının spikeri Boris Qrızlov Sosial-İqtisadi və Siyasi Tədqiqatlar İnstitutunun qeydiyyata alındığını söyləyib. Onun sözlərinə görə, bu qurumun məqsədi "Vahid Rusiya" və ÜXC üçün seçkiqabağı proqramın hazırlanmasıdır.

Putin ÜXC-nin qeyri-formal lideri olacaq. Bununla yanaşı, onun qərargahının "Vahid Rusiya"nın seçkiqabağı qərargahını əvəzləməyəcəyi də bildirilir.

Medvedevin məsələyə münasibətinə gəlincə, Skolkovoda keçirdiyi mətbuat konfransında o bildirib ki, ikinci müddətə prezidentlik uğrunda yarışa qoşularsa, indiyədək onu dəstəkləmiş qüvvələrin dəstəyinə arxalanmaq istərdi. Medvedevin namizədliyini isə o vaxt birdən-birə 4 partiya irəli sürmüşdü: "Vahid Rusiya", "Ədalətli Rusiya", Aqrar Partiya və "Vətəndaş gücü".

Məlum olduğu kimi, "Vətəndaş gücü" 2008-ci ildə "Sağ əməl" partiyasının tərkibinə daxil olub. "Sağçı qüvvələr birliyi" və Demokrat Partiyası da bu birlikdədir. Bununla yanaşı, maraqlıdır ki, bu günlərdə "Sağ əməl"ə biznesmen Mixail Proxorovun rəhbərlik edəcəyi məlum olub. Bu partiyanın Dumaya düşmək şansının olub-olmadığına dair sualı cavablandıran Medvedev bildirib ki, onun seçicisi var və düzgün konsolidasiya halında partiya uğur qazana bilər.

Prezident hesab edir ki, bu ideya reallaşa bilər, çünki onların elektoratı var - bu, biznes nümayəndələri, menecment təmsilçiləri, bəzi azad peşə nümayəndələridir".

Yeri gəlmişkən, "Sağ əməl"" artıq bəyan edib ki, ÜXC-nin sıralarına qoşulmayacaq. Proxorov hesab edir ki, "partiya müstəqil fəaliyyət göstərməlidir".

Bununla yanaşı, bir məqamı da qeyd etmək lazımdır ki, indiyədək, demək olar ki, hamı Medvedevin "Ədalətli Rusiya"ya rəhbərlik edəcəyinə əmin idi. Bu, Putinlə Medvedevin hər ikisinin namizəd olacağı anlamına gəlirmi? Rusiya iki güclü partiyanın sərt qarşıdurmasına hazırdırmı? 

Hər şey "Vahid Rusiya"nın seçkinin öhdəsindən necə gələcəyindən asılıdır - parlament seçkisi çox məqama aydınlıq gətirəcək.

Bir şey aydındır ki, Putinlə Medvedev bir-birlərinə açıq şəkildə qara yaxmayacaqlar. Onların arasında açıq siyasi "qırğını" heç kəs görməyəcək. Prezidentlə baş nazir bir-birinə sıx bağlıdırlar. Onların birinin yıxılması dərhal digərinə də mənfi təsirini göstərəcək.

Bununla yanaşı, qarşıdakı 1 il ərzində, əlbəttə ki, Medvedevə ciddi zərbə vuracaq hadisələr yaşana bilər. Və məhz belə bir anda Putin ayağa qalxa bilər. Axı o daim Rusiyanın birliyinin və nisbətən, sabit illərin simvolu kimi qəbul edilir.

Amma digər yandan, Putin Kremlə 12 il müddətinə qayıda bilər, bu dövrün bitməsindən sonra isə gənc və istedadlı Medvedevin yenidən Kremlə başçılıq etməsi üçün yaxşı şansları yaranar.

Bəlkə Putinlə Medvedev bundan sonra da birgə irəliləyəcəklər? 

Keçən dövrdə onların qarşılıqlı fəaliyyət üçün əla mexanizm yaratdıqlarına şübhə yoxdur. Belə olan təqdirdə, bu mexanizmi qırmaq nəyə gərəkdir? 

Rusiyanın bəzi müşahidəçilərinin dediyi kimi, Kremldə nədən vitse-prezident postunun bərpası haqda düşünməsinlər?



MƏSLƏHƏT GÖR:

529