
YANLIŞ ÜNVAN və ya SİYASİ UZAQGÖRMƏZLİK
Gürcüstan Müsəlmanları ilə dövlət arasında "körpü" yaratmaq istəyən qüvvələrin Erməni Apostol kilsəsinin Iddialarına diqqət yetirmələri yaxşı olardı
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Mayın ortalarında heç kimin gözləmədiyi halda, Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) qeyri-hökumət təşkilatının yaradıldığı elan edildi. Ona müfti Camal Baqşadze rəhbərlik edir. Qurum ölkənin islam icmaları və məscidlərinin fəaliyyətinə nəzarət etmək niyyətində olduğunu açıqlayıb. Halbuki bu səlahiyyət Bakıda Şeyxulislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) aiddir və bu səlahiyyətləri ondan hələ ki heç kəs almayıb.
Gözlənildiyi kimi, Gürcüstanda qeyd olunan qeyri-hökumət təşkilatının yaradılması QMİ tərəfindən mənfi qarşılanıb. Şeyxülislam A.Paşazadə Gür-cüstanda müsəlmanlar idarəsinin yaradılmasını siyasi aksiya kimi qiymətləndirib. O hesab edir ki, GMİ-nin yaradılmasında məqsəd Gürcüstan müsəlmanlarının azərbaycanlı qardaşlarından ayrılmasına nail olmaqdır. Bununla yanaşı, Paşazadə Gürcüstanda erməni-qreqorianların, katoliklərin də yaşamalarına, ölkədən kənarda idarəetmə mərkəzlərinə malik olmalarına baxmayaraq, məsələnin yalnız müsəlmanlara "toxunmasına" da diqqət çəkib.
Məsələyə QMİ-nin Gürcüs-tandakı nümayəndəsi Əli Əliyevin reaksiyası da sərt olub. O, GMİ-nin rəhbərliyində bir nəfər də azərbaycanlının olmadığına diqqət çəkib. Yeni yaradılmış qeyri-hökumət təşkilatında azərbaycanlılar yalnız ikinci dərəcəli postlar tutur. Qeyd edək ki, Gürcüstanda yaşayan müsəlmanların əksəriyyəti azərbaycanlılar, qalan kiçik hissəsi isə acarlar, abxazlar, çeçenlər və digər müsəlmanlardır. Gürcüstanda Azərbaycan diasporunun yarım milyondan artıq üzvünün olmasına baxmayaraq, onların sözügedən qurumda yalnız ikinci dərəcəli postlar tutması həqiqətən də qəribədir. Bundan başqa, Ə.Əliyev bildirir ki, GMİ-nin təsisçilərindən heç biri dini xadim deyil və onların dini savadı yoxdur. Bəziləri isə hətta dövlət strukturlarında çalışır.
Ə.Əliyevin sözlərinə görə, bu təşkilatın arxasında Gürcüstan hökumətinin dayandığını söyləmək olmaz: "Gürcüstan hökuməti və şəxsən prezident Mixail Saakaşvili Azərbaycanla və Azərbaycan xalqı ilə dost münasibətlərini daim açıq şəkildə bəyan edir. Bu üzdən də təşkilatın yaradılması ideyasının Gürcüstan hökumətindən gəldiyini düşünmürük. Ümid edirəm, məsələ ən yaxın zamanlarda həllini tapacaq. Çünki hər iki ölkənin prezidentləri və dini liderləri həmişə problemdən çıxış yolu tapırlar".
GMİ-nin yaradılması ilə əlaqədar olaraq, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Gürcüstan patriarxının xüsusi nümayəndəsi, yepiskop Arkadi Xaçidzeni və Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. H.Orucov bildirib ki, Azərbaycanın Qax rayonunda 2 gürcü pravoslav dini icması qeydiyyatdan keçib və hazırda onlar sərbəst fəaliyyət göstərir. Amma Azərbaycanda yaşayan gürcülərdən fərqli olaraq, Gürcüstan azərbaycanlıları dini sahədə ciddi problemlərə malikdirlər. GMİ-nin yaradılması isə Gürcüstan azərbaycanlıları arasında ciddi narahatlığa səbəb olub.
H.Orucov Gürcüstan azərbaycanlılarının yaşadıqları kəndlərdə xaçların quraşdırılmasından narahatlığını da ifadə edib: "Mən bu məsələni hələ 2009-cu ildə patriarx II İlya, həmçinin, Gürcüstanın yüksək rütbəli nümayəndələri, Kvemo-Kartli vilayətinin qubernatoru David Kirkitadze ilə onların Azərbaycana səfərləri zamanı müzakirə etmişəm. Amma təəssüf ki, problemin həll olunacağına dair vədlərə baxmayaraq, bu istiqamətdə bir dənə də ciddi addım atılmayıb".
Bununla yanaşı, Azərbaycan tərəfi əmindir ki, GMİ-nin yaradılması iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə mənfi təsir göstərməyəcək.
Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze öz növbəsində bildirib ki, o, GMİ-nin yaradılması haqda yalnız KİV-dən xəbər tutub.
Yeni qurumun yaradıcılarından biri, Kvemo-Kartli (Şərqi Gürcüstan) qubernatorunun müavini Hüseyn Yusubov məsələyə belə aydınlıq gətirməyə çalışıb: "Yeni ictimai təşkilatın yaradılmasında məqsəd ölkənin müsəlman icması ilə Gürcüstan hökuməti arasında körpü yaratmaqdır. O, QMİ-nin işinə heç cür müdaxilə elə bilməz. GMİ QMİ-yə alternativ deyil və onun fəaliyyətinə qarışmayacaq. Şəxsən mən və QHT-nin dövlət strukturlarında çalışan digər üzvlər təşkilata məmur kimi yox, müsəlman, mömin kimi qoşulmuşuq. QHT-nin fəaliyyətinə dövlət tərəfindən heç bir təsir və müdaxilə yoxdur, olmayacaq da. Təşkilat ianələr hesabına fəaliyyət göstərəcək. Gürcüstan ərazisində heç bir məscid qeydiyyata alınmayıb və təmir edilməyib. Bu işdə iştirak etmək istəyən insanlar var".
GMİ-nin təsisçilərinin xoş məramlarını şübhə altına almadan, o da qeyd edilməlidir ki, artıq mövcud olan dini qurumun oxşarını yaratmağa heç bir ehtiyac yox idi. Axı qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün, ianələr hesabına fəaliyyət göstərməsi nəzərdə tutulan yeni lokal təşkilat yaratmaqdansa, QMİ kimi nüfuzlu regional strukturdan istifadə etmək daha asan olardı. Odur ki, istər-istəməz belə təsəvvür yaranır ki, müəyyən siyasi qüvvələr, ölkə vətəndaşlarının 10 faizdən çoxunu təşkil edən Gürcüstan müsəlmanları arasında nifaq salmaq istəyirlər.
Erməni-gürcü münasibətlərində yaşanan son hadisələrin fonunda Şeyxülislam A.Paşazadənin bu işdə erməni izi haqda səsləndirdiyi fikirlər düşünməyə ciddi əsas verir. Hüseyn Yusubovun dediyi xoşməramlı insanların, ilk növbədə, Gürcüstana məhz bu istiqamətdən gələn təhlükələrə diqqət ayırması yaxşı olardı.
Məsələn, erməni-gürcü mü-nasibətlərindəki yaxınlaşmadan ruhlanan Gürcüstanın erməni apostol kilsəsinin (EAK) Gürcüstana yeni təklif irəli sürmək qərarına gəlməsi də təsadüfi deyil. EAK hesab edir ki, Tbilisi onun bu təklifindən imtina edə bilməz. Qurumun aprelin 18-də yaydığı bəyanatda Gürcüstan rəhbərliyi "1915-ci ildə Osmanlı İmperiyasının erməni xalqına qarşı törətdiyi soyqırımı tanımağa və pisləməyə" çağırılır. Bəyanatda Gürcüstan parlamenti və hökumətinin tezliklə "erməni soyqırımı"nı tanıyacağına ümid ifadə olunur.
Necə deyərlər, Paul Yozef Gebbelsin goru çatlasın. Bu çağırışı Gürcüstanda, ən azı, 40 ra-yondakı 650 kilsəyə (guya erməni kilsələrinə) iddia edən EAK səsləndirir. Bu baxımdan, müqəddəs Eçmi?dzinin (erməniliyin fəaliyyətindəki bütün kələkbaz planların təşkilatçısı, koordinatoru və baş ideoloqu) nümayəndəsi, Gürcüstanın erməni yepiskopu Ter Vazgen Mirzaxanyanın "dahiyanə" düşüncələri ilə tanış olmaq yerinə düşərdi. O, bu düşüncələrini Gürcüstanın ermənilər yaşayan Cavaxetiya regionuna səfəri zamanı səsləndirib: "EAK bu ərazidə problemlərlə üzləşir. Gürcüstanda heç bir dini azlıq qeydiyyatdan keçməyib. Bu üzdən əsas problem kilsələrin statusunun müəyyənləşdirilməməsidir. Digər problem Tbilisidəki Surb Noraşen və Axalkalakidəki Surb Nşan kilsələrinin EAK-a qaytarılmamasıdır. Vaxt gələcək ki, həm bu kilsələr, həm də Cavaxetiya bizim olacaq. Hələlik reallığı nəzərə alaraq, bu çətin vəziyyətlə barışırıq. Xalqımızın bugünkü əsas problemi Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınmasına nail olmaqdır".
Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Məsələni bundan aydın şəkildə izah etmək mümkün deyil.
Bu arada bütün ermənilərin katolikosu II Qaregin də Uruqvaya səfəri zamanı diaspora ilə görüşündə çıxışının əsas hissəsini Cavaxetiya ermənilərinin "problemi"nə həsr edib. O, tezliklə Gürcüstana yollanacağını, erməniliyin problemləri ilə yerində tanış olacağını söyləyib.
"Soyqırım" məsələsinə gəlincə, ümid edək ki, GMİ QHT-nin yaradıcıları EAK-dan, Ermənistan hakimiyyətindən və ermənilikdən 2007-ci ilin aprelində Bondo Arveladzenin "İ.Baqramyan adına erməni batalyonu və Abxaziyada gürcülərin etnik təmizlənməsi" kitabına cavab verilməsini tələb etmək üçün özlərində cəsarəti tapacaqlar.
Qeyd edək ki, həmin kitabda Abxaziya separatçıları tərəfindən yaradılmış Baqramyan erməni batalyonunun gürcüləri necə məhv etdiyinə dair çoxsaylı faktlar yer alıb. Baqramyanın dəstəsi 1992-1993-cü illərdə gürcülərə qarşı müharibədə, gürcülərin etnik təmizlənməsi prosesində fəal iştirak edib. Bunun əvəzində erməni tərəfi nəinki gürcülərdən üzr istəməyib, əksinə, onlara qarşı müxtəlif iddialar irəli sürüb.
Bondo Arveladze bildirir ki, o, Ermənistanın dini və qeyri-dini rəhbərliyinə, həmçinin, bütün ermənilərin katolikosu II Qareginə, ozamankı prezident Robert Köçəryana dəfələrlə müraciət edib, onları bu əməllərə görə üzr istəməyə çağırıb. Çünki Baqramyanın batalyonu gürcülərə qarşı xüsusi qəddarlığı ilə fərqlənib. Lakin müraciətin göndərildiyi ünvanlardan heç bir cavab çıxmayıb.
Ermənistanın həm dini, həm də siyasi rəhbərliyinin erməniliyin bu ifşasına münasibət bildirməkdən yayınması tamamilə gözləniləndir. Qəribə olanı bu məsələyə Qərbdən, xüsusilə Gürcüstanın strateji tərəfdaşı kimi çıxış edən ABŞ-dan heç bir reaksiyanın olmamasıdır.
Ola bilsin, dünyanın aparıcı ölkələrinin siyasətçiləri, parlamentarilərinin susması, ermənilərin səxavətli maliyyə dəstəyinin qarşılığıdır. Əks təqdirdə, onlar yüz il əvvələ aid mistik "soyqırım" haqda müzakirələr aparmaq əvəzinə, müasir dövrdə müxtəlif ölkələrdə soyqırım törətmiş erməniliyin cinayətkar və terrorçu əməllərini araşdırardı. Belə olsaydı, Gürcüstan parlamentinin 3 deputatı ali qanunverici orqanda "erməni soyqırımı"nın tanınması məsələsini qaldıracaqlarını elan etməyə, çətin ki, tələsərdilər.
Yeri gəlmişkən, erməniliyin Azərbaycan və Türkiyə ilə strateji münasibətlərdə olan Gürcüstana "erməni soyqırımı"nın tanınmasına dair çağırışları fonunda GMİ-nin yaradılmasını təsadüfi hadisə saymaq olmaz. Təşkilatın təsisçiləri ermənliyin, ilk növbədə, millətlərarası və dinlərarası münaqişələr yaratmaqda mahir olan EAK-ın yaranmış anlaşılmazlıqdan maksimum yararlanmağa cəhdlərini nəzərdən qaçırmamalıdır. Gürcüstanda müsəlmanların maraqlarının səmimi himayədarlarını, bu ölkənin səmimi vətəndaşlarını, ilk növbədə, məhz bu narahat etməlidir.
Hələliksə, baş verənlər diqqət yayındırmaq üçün atılan addıma və ya siyasi fərasətsizliyə bənzəyir. Vaxtilə dünyanın və zəmanənin ən mahir diplomatı sayılan dahi Şarl Moris de Taleyran-Periqor bu cür addımları belə şərh edərdi: "Bu, cinayətdən də pisdir. Bu səhvdir".
MƏSLƏHƏT GÖR: