"DÜŞMƏNİMİN DÜŞMƏNİ MƏNİM DOSTUMDUR"
Serj Sarqsyanla Levon Ter-Petrosyan Robert Köçəryana qarşı birləşə bilər
Müəllif: NURANİ Bakı
"Ərəb baharı"nın Ermənistan variantı təxirə salınır. Bəlkə də tamamilə gündəmdən çıxır. Hələ bir müddət əvvəl əksər KİV Yerevandakı sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi erməni milli konqresinin (EMK) çoxminlik mitinqlərindən yazırdı. EMK lideri Ermənistanda "Misir ssenarisi"ni gerçəkləşdirmək üçün küçələrə yüz minlərlə insan çıxaracağını bildirir, hakimiyyətlə onun istefasından başqa hər hansı məsələni müzakirə etməkdən boyun qaçırırdı.
Lakin sonradan vəziyyət köklü şəkildə dəyişdi. Mitinqlərin birində Levon Ter-Petrosyan hakimiyyətə kifayət qədər çoxsaylı tələblər irəli sürmüşdü. Bu, ultimatum təsiri bağışlayırdı, Ermənistanın ilk prezidenti üçüncü prezidentlə son dərəcə kəskin tonda danışırdı. Amma onun irəli sürdüyü tələblər həyata keçirilməsi mümkün tələblər idi - artıq Ter-Petrosyan dialoqu əvvəlki kimi, "Müzakirə edə biləcəyimiz yeganə məsələ istefa və növbədənkənar seçkilərdir" prinsipi əsasında qurmur.
Əksəriyyət üçün son dərəcə gözlənilməz təsir bağışlayan Ermənistan hakimiyyətinin açıq-aşkar güzəştə getməsi oldu. Rəsmi Yerevan müxalifətin tələbi ilə 2008-ci il martın 1-də baş vermiş hadisələrin istintaqını bərpa etdi. Xatırladaq ki, həmin vaxt Ter-Petrosyanın seçkinin saxtalaşdırılmasına etiraz etmək üçün küçələrə çıxmış tərəfdarları atəşə tutulmuş, nəticədə, 10 nəfər həlak olmuşdu. Doğrudur, müxalifətin tələblərinin və ümidlərinin əksinə olaraq, hələ də həmin hadisələrlə əlaqədar nə Serj Sarqsyana, nə də Robert Köçəryana qarşı rəsmi ittiham irəli sürülüb. Amma məşhur sovet siyasətçilərindən birinin dediyi kimi, "proses başlayıb".
Ekspertlərin fikrincə, daha bir əlamətdar hadisə Ter-Petrosyanın bir sıra əsas silahdaşlarının həbsən buraxılmasıdır. Onların arasında müxalifətçi "Haykakan jamanak" qəzetinin baş redaktoru Nikol Paşinyan da var. Xatırladaq ki, baş redaktor 2008-ci ilin 1 mart hadisələrindən sonra tutulmuşdu.
Bundan başqa, müxalifətin Azadlıq və ya Yerevanın Teatr meydanında mitinq keçirməsinə də imkan yaradılıb.
Etiraz dalğası fonunda rəsmi Yerevanın müxalifətə bu cür güzəştləri, adəti üzrə, zəiflik kimi qiymətləndirilir və təzyiqləri daha da artırmağın zəruriliyi vurğulanırdı.
Lakin bunun əvəzinə L.Ter-Petrosyan mitinqləri və digər fəallığını qəflətən dayandırdı. Özü də bunu, Ermənistanda xaos yaranacağı təqdirdə, Azərbaycanın Qarabağ cəbhəsində bundan istifadə edə biləcəyi ilə əlaqələndirdi. Hadisələrin bu cür inkişafının səbəbləri ilə bağlı kifayət qədər versiya var. Nəzəri baxımdan dü-şünmək olar ki, sağlam düşüncə qalib gəlib, tərəflər konstruktivlik nümayiş etdirib və s.
Əslində, Ermənistanın siyasətində belə vəziyyətə nadir hallarda rast gəlinir. Bu gün söhbət, güman ki, "ümumi düşmən"ə qarşı birləşmədən gedir. Bu "ümumi düşmən" isə yəqin ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryandır.
Ekspertlər Köçəryanın siyasətə dönüşünün mümkünlüyü haqda, az qala, Sarqsyan vəzifəyə keçdikdən dərhal sonra danışmağa başlamışdılar. Ola bilsin, bu həm də onunla bağlıdır ki, Ermənistan prezidenti postunu 54 yaşında tərk etmiş Köçəryan siyasi gələcəyi haqda heç nə söyləmir. Rusiya variantından fərqli olaraq, o, yeni prezidentin dövründə nə baş nazir postunu tutub, nə də ümumiyyətlə, Sarqsyanın komandasında təmsil olunub.
Robert Köçəryanın Serj Sarqsyanla "centlmen razılaşması" olmadan hakimiyyətə qayıtmaq niyyəti haqda fikirlər ilk dəfə səsləndirilmir. Köçəryanın siyasi müsahibələri, "aparıcı paytaxtlar"a, ilk növbədə, Moskvaya mütəmadi səfərləri, orada ölkə rəhbərliyi ilə görüşləri belə düşünməyə əsas verir… Çoxları əmindir ki, R.Köçəryanın narazı kütlənin, heç olmasa, bir hissəsinin dəstəyini almaq şansları az deyil. Həmin insanlar məhz Köçəryanın prezidentliyi dövründə daha yaxşı yaşadıqlarına əmindirlər.
Həqiqətən də, L.Ter-Petrosyanın prezidentliyi Ermənistan üçün postsovet dövrünün ağır vaxtlarına, "enerji blokadası"na təsadüf edib. Bu, əlbəttə ki, onun Azərbaycana qarşı apardığı təcavüzkar siyasətinin nəticəsi idi.
Robert Köçəryanın hakimiyyətə gəlişi ilə Ermənistanda qısamüddətli iqtisadi inkişaf dövrü yaşanıb. İrandan neft və neft məhsullarının ixracı, həmçinin, Metsamor AES-in fəaliyyətinin bərpası hesabına enerji təchizatı problemi aradan qaldırılmış, KİV-də almaz istehsalının Ermənistan iqtisadiyyatının ümidi olması, daha sonra "erməni Sinqapuru" və s. haqda danışılmağa başlanmışdı.
Ekspertlər isə lap əvvəldən xəbərdarlıq edirdi ki, müşahidə olunan rəqəmlər davamlı iqtisadiyyatın göstəricisi sayıla bilməz. Özünü regionun əsas "lokomotivi" olan Azərbaycandan məhrum etmiş Yerevan iqtisadi problemlərini, hətta nəzəri baxımdan belə həll edə bilməzdi. Üstəlik, ölkənin kriminallaşdığını da unutmaq olmaz.
Ermənistan iqtisadiyyatının çökməsi prosesi isə qlobal iqtisadi böhranın təsiri ilə Serj Sarqsyanın prezidentliyi dövründə başlanıb.
Bundan əlavə, əksər ekspertlərin söylədiyi kimi, Sarqsyanın xarizması, lider xarakteri, nüfuzu, qərar qəbul etmək bacarığı da yoxdur.
Köçəryan Sarqsyan üçün daha təhlükəli rəqibdir. Ən azı, ona görə ki, o artıq xeyli parçalanmaya məruz qalmış "Qarabağ klanı"na arxalanır. Odur ki, Sarqsyanın özünə "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə müttəfiq axtarmaqdan başqa yolu qalmır.
Bütün bunların fonunda meydana sual çıxır: Köçəryana qarşı yaradılan Sarqsyan-Ter-Petrosyan ittifaqı nə qədər möhkəm ola bilər? Bu suala cavab vermək üçün aparılan ən səthi analiz göstərir ki, bu cütlük arasında möhkəm dostluq mümkün deyil. Ter-Petrosyan hakimiyyətlə həddindən artıq yaxınlıq etməklə əsas "kozırı" - "narazılar"ın səsini itirə bilər. Bu narazılar isə yalnız sosial baxımdan problemlər yaşadığına görə, müxalifətin sıralarına qoşulanlar deyil, həm də Ermənistanda hakimiyyətin klançılıq əsasda fəaliyyətindən hiddətlənən sıravi yerevanlılardır.
Üstəlik, onlara digər müxalifət partiyası olan "İrs" qucaq açmağa hazırdır.
Bundan başqa, Ter-Petrosyan üçün Nikol Paşinyanın həbsdən buraxılması, müxalifətə Teatr meydanında mitinq keçirmək imkanının verilməsi kifayət deyil. O, ən azı, "Robert Köçəryan adlı problem"in çözümündən sonra daha çox şey istəyəcək.
Robert Köçəryan isə Levon Ter-Petrosyandan fərqli olaraq, çətin ki, "mitinqlər dalğası", "erməni Təhriri", "rəngli inqilab" yolu ilə getsin. Onun sevimli yolu "sui-qəsdlər", kabinetlərdə intriqalardır. Məhz belə taktika sayəsində Köçəryan 1998-ci ildə - baş nazir postunu tutduğu vaxt, Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırmağı bacarmışdı.
O zaman Serj Sarqsyan Köçəryanın müttəfiqi idi. Odur ki, belə çevrilişlərin necə reallaşa biləcəyini çox gözəl bilir.
MƏSLƏHƏT GÖR:





604

