12 Mart 2025

Çərşənbə, 22:17

"SOLA GEDƏCƏKSƏN, ATI İTİRƏCƏKSƏN, SAĞA DÖNƏCƏKSƏN, ÖZÜN ÖLƏCƏKSƏN…". SÜLH ÜÇÜN HANSI TƏRƏFƏ GETMƏLİ?!

Rusiyalı politoloq Qriqori Trofimçuk "R+"a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllini necə görür

Müəllif:

01.06.2011

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarqsyan arasında rusiyalı həmkarları Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilən görüşlər ənənəvi və kifayət qədər intensiv xarakter alıb. Onların Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğu sonuncu - sayca 8-ci görüşü martın 5-də Soçidə keçirildi. Görüşdə tərəflər hərbi əsirlərlə və təmas xəttindəki insidentlərin araşdırılması ilə bağlı bir sıra konkret razılaşmalar əldə etdilər. Lakin sülh prosesində dönüşə nail olmaq yenə də mümkün olmadı.

Ermənistan və Azərbaycan prezidentləri arasında Qarabağ problemi ilə bağlı növbəti görüş Kazanda keçiriləcək. Bu haqda məlumatı diplomatik mənbələrə istinadən "İnterfaks" agentliyi yayıb.

"Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyanla İlham Əliyev arasında görüş iyunun 25-də Kazanda baş tutacaq", - mənbə belə bildirib.

Ekspertlərin bu görüşdən, həmçinin, ümumilikdə, Rusiyanın moderatorluğundan gözləntiləri nədən ibarətdir? Vasitəçi ölkələrdə baş verən siyasi proseslər danışıqlara necə təsir göstərə bilər? Münaqişənin həllində irəliləyişi nə vaxta gözləmək olar və sair.

Bütün bu suallara jurnalımıza müsahibəsində Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti, rusiyalı politoloq Qriqori Trofimçuk cavab verib.

- Son illər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəallıq nümayiş etdirir. Yaxın zamanlarda Medvedevin vasitəçiliyi  ilə növbəti yüksək səviyyəli görüş gözlənilir. Eyni zamanda belə fikirlər də səsləndirilir ki, Rusiyada keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq, Moskvanın bu məsələdə fəallığı azalacaq.

- Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə marağı azalmayacaq. Əksinə, bu marağın daha da artması mümkündür. Çünki Rusiyanın bu məsələdə problemin dinc yolla həllinə səbəb olacaq təşəbbüsü irəli sürək iqtidarında olan istənilən rəhbəri bununla nəinki prezident kimi öz mövqeyini, həm də vacib təşəbbüslərin müəllifi kimi, Moskvanın mövqelərini gücləndirmiş olacaq. Vacib olanı ideyaların mövcudluğudur. İdeyaların olmaması bu münaqişə ilə bağlı vəziyyəti yalnız pisləşdirəcək.

- Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında indiyədək keçirilmiş görüşləri  necə qiymətləndirirsiniz?

- Bu görüşlər, əsasən, üçtərəfli formatda danışıqların dəstəklənməsinə, nüfuzunun yüksəldilməsinə yönəlib. Amma münaqişənin həlli prosesində irəliləyiş qeydə alınmırsa, bu, formatın perspektivliliyinə də mənfi təsir göstərir. İstənilən halda, belə görüşlərdə problemin həlli üçün konkret ideyalar müzakirə edilməlidir. Yəni, yalnız faktların sadəcə nəzərdən keçirilməsi yox, həm də ideyaların müzakirəsi zəruridir. Hamı Qarabağ probleminin həllinə çalışıldığını görməlidir. Əminəm ki, Qarabağ münaqişəsi həllolunmaz problem deyil. Əksinə, onun həlli üçün bir çox yollar var. Yeri gəlmişkən, bir müddət əvvəl "Dağlıq Qarabağ: həlli olmayan problem" mövzusunda keçirilmiş "dəyirmi masa"da da mən bu fikri səsləndirmişəm. Münaqişənin həlli üçün irəli sürə biləcəyim minlərlə yol var. Onları münaqişə tərəflərinin qəbul edib-etməyəcəyi başqa məsələdir. Problemi çözmək mümkündür. İstənilən "dalana dirənmiş" vəziyyətdən çıxış yolu var.

- Fikrinizcə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ən optimal yol hansıdır?

- Məsələn, Ermənistan rəhbərliyi, prezident Serj Sarqsyan deyir ki, onlara zəmanət lazımdır. Düşünürəm, əsas kimi bu götürülməlidir. Ermənistan zəmanət istəyirsə və Madrid prinsipləri əsasında irəliləməyə hazırdırsa, ona belə zəmanət verilməlidir. Görünür, belə zəmanət hələ ki ya yoxdur, ya da onun olduğunu sübut etdə bilməyiblər. Burada əsas məsələ odur ki, bütün tərəflər anlasınlar: belə variantda zəmanət də yaranır. Bunun üçün bu tezisləri yaradacaq ekspertlərə ehtiyac var. Zəmanətin nədən ibarət olduğu hər bir insan üçün aydın və başadüşülən olmalıdır. Bu halda zəmanətin olmadığına dair arqumentlər qüvvədən düşəcək. Problem Ermənistanda, Azərbaycanda, Rusiyada və ya hər hansı digər ölkədə deyil. Problem ondadır ki, münaqişənin həlli üçün konkret ideyalar yoxdur. Məndə belə ideyalar var və onları, məsələn, Bakıda keçiriləcək "dəyirmi masa"da açıqlaya bilərəm. Müvafiq formatda belə ideyaları təqdim edə bilərik.

- Fikrinizcə, münaqişənin həllinə yanaşmada ABŞ-la Rusiyanın baxışları arasında prinsipial fərq varmı?

- Bəli, belə fərqlər var. ABŞ nə münaqişə tərəfləri, nə də ümumilikdə problemin yaşandığı regionla həmsərhəddir. Bundan başqa, Qərbə münaqişənin bilavasitə aidiyyəti olmadığından, o, bu haqda fikrini asanlıqla bildirir. Əslində, Qərbdə heç tam anlamırlar ki, azərbaycanlılar kimdir, ermənilər kim. Münaqişə daha 15 il uzanarsa, Qərb üçtərəfli görüşlərin iştirakçıları, xüsusilə, Rusiya qarşısında əks sual qoya bilər: bu qədər görüşdünüz, danışıqlar apardınız, bəs nəticə hanı? Rusiya prezidenti Dmitri Medvedev ötən ilin oktyabrında Kiprdə, təxminən, elə belə demişdi. O, tam ədalətli olaraq Avropa İttifaqını uzun müddətdir Kipr problemi ilə məşğul olmasına rəğmən, irəliləyişin yoxluğu ilə əlaqədar tənqid etmişdi. Odur ki, eyni tənqidlə Rusiya da üzləşə bilər.

- Belə fikir var ki, ATƏT beynəlxalq təşkilat kimi, ümumiyyətlə, münaqişələri həll etmək iqtidarında deyil. Belə olan təqdirdə, ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etdirməsinin mənası varmı?

- ATƏT-in Minsk qrupu olmasaydı, Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət daha mürəkkəb olardı. Minsk qrupu sınaqdan çıxmış və uzun illərdir fəaliyyət göstərən formatdır. O, nəticə verməsə də, bu formatdan nə Qərbdə, nə də Şərqdə imtina etməyi düşünürlər. ATƏT-in Minsk qrupunun fəaliyyəti heç kimə nə sevinc, nə də narahatlıq gətirir. Problem ondadır ki, hələlik buna alternativ yoxdur. Danışıqlardakı üçtərəfli format yalnız Minsk qrupu missiyasına əlavədir. 

Hər kəsə aydındır ki, danışıqlar əbədi davam etdirilə bilməz. Artıq 16  ildir ATƏT-in Minsk qrupu danışıqlar aparır. Lakin onun sonu hələ də görünmür. Alternativ olsaydı, münaqişə tərəfləri tədricən bu qrupdan imtina edərdi.


MƏSLƏHƏT GÖR:

565