14 Mart 2025

Cümə, 20:52

İLK MÜSTƏQİLLİK TƏCRÜBƏSİ

Adr milli siyasi-iqtisadi inkişafın optimal modelini tapmağa çalışırdı

Müəllif:

01.06.2011

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması milli dövlətçiliyin yaranışı idi. Ölkəmizin tarixindəki ilk respublika həm də bütünlükdə Türk Dünyası və müsəlman Şərqində birinci demokratik idarəçilik  təcrübəsinin əsasını qoydu.

Amma ADR son dərəcə ağır siyasi və iqtisadi şərtlər əsasında yaşamalı və yaratmalı idi. Demokratik Respublikanın yarandığı ilk günlərdən onun hakimiyyət institutları və siyasi qüvvələri qarşısında dövlət siyasətinin ilk hədəfi kimi, ölkənin ağır böhrandan çıxarılması dayanırdı. Odur ki, ADR-də  siyasi meydanının təcili antiböhran tədbirlərinin həyata keçirilməsi ilə bağlı prinsipial mübarizə və ciddi ideoloji diskussiyaların mərkəzinə çevrilməsi təəccüblü deyildi.

 

Dövlət inhisarına qarşı

ADR-in elan olunduğu vaxt Azərbaycanın vəziyyəti çox bərbad idi. Ölkənin bütün maddi və  təsərrüfat həyatı dağılmışdı. Bu, onun faktiki olaraq təcrid durumda qalmasının, əvvəlki sənaye məhsullarının satış bazarları ilə əlaqəsinin kəsilməsinin nəticəsi idi. Bunlara isə dünya müharibəsi və keçmiş Rusiya İmperiyası ərazisindəki inqilabi təlatümlər səbəb olmuşdu.

Artıq 1918-ci ilin iyununda, cəmi 2 həftədən bir qədər artıq fəaliyyət göstərmiş ilk koalisiya hökumətinin dağılmasından son-ra, respublikanın başına Azərbaycanın ərazi bütövlüyünün təminində iştirak etmiş Türkiyənin hərbi komandanlığının birbaşa təzyiqi ilə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi sağçı qüvvələr gəldi. Yalnız icraedici deyil, həm də qanunverici funksiyaları öz əlində cəmləşdirən bu hökumətə bitərəf demokratlar, sağçı "İttihad" partiyası və "Müsavat" partiyası da daxil idi. 

Hökumət ilk olaraq dövlətin siyasi, iqtisadi və sosial kursunun yaradılması üçün tədbirlər görməyə başladı. Hökumətin sağçı mahiyyəti özünü bir çox məsələlərdə göstərdi; məsələn, hökumət aqrar məsələdə, kəndlilərin həsrətlə gözlədikləri sürətli torpaq  islahatından imtina etdi, sənaye-ticarət sahəsində neft sektorunun milliləşməsi ləğv olundu, sosial sahənin ən ağrılı problemi olan fəhlə probleminə isə ümumiyyətlə, ikinci dərəcəli məsələ kimi yanaşmağa başlanıldı - hökumət daxilində Əmək Nazirliyinin ləğvi bunun göstəricisi idi.

Bununla yanaşı, sağçı xadimlərin böyük əksəriyyəti sosial məsələləri əsas problem kimi qabartmasa da, hər halda, iqtisadiyyata nəzarət və onun nizamlanması məsələsində dövlətə xüsusi önəm verirdi; amma təbii ki, şəxsi mülkiyyətə qəsd etmədən.

Hökumətin ilkin fəaliyyəti aclığın aradan qaldırılmasına, ölkəyə çatışmayan məhsulların gətirilməsinə yönəldilmişdi. Bu səbəbdən də ölkədən ərzaq məhsullarının çıxarılmasına qadağa qo-yulmuş, Azərbaycan dövlətinin ərzaq ehtiyatının yaradılması üçün ilk addımilar atılmışdı. Dövlət strukturlarının ölkənin bütün ərazisində fəaliyyətini qurmasından sonra "nəzarət siyasəti"ndə müəyyən yumşalma baş vermişdi.

Sağ siyasi qüvvələr, sənaye-ticarət dairəsinin nümayəndələri, əsasən, bu fikirdə idilər ki, ərzaq və digər iqtisadi çatışmazlıqların aradan qaldırılması üçün yeganə yol normalaşdırılmış ticarətdən imtina və tam azad iqtisadi sistemə keçilməsidir. 

Solçular, fəhlələr və kooperativ təşkilatlar isə bu yanaşmaya qarşı idi. Onlar hesab edirdilər ki, azad ticarət şəxsi mülkiyyətçilərin əhalinin aztəminatlı təbəqəsinin maraqlarına müdaxilə etməsinə şərait yaradır. Bu üzdən də həmin qüvvələr ərzaq və sənaye sahələrində dövlət inhisarının yaradılmasının tərəfdarı kimi çıxış edirdi.

Təbii ki, hökumət daxilində də bununla bağlı mübahisələr gedirdi. Hökumət üzvlərinin əksəriyyəti 1918-ci ilin avqustunda dövlətin ərzaq sahəsində inhisarçı olmasına qarşı çıxdı. Nazirlər Kabineti Azərbaycan ərazisində bütün məhsullar üçün azad ticarətin tətbiqi haqda qərar çıxardı. Eyni zamanda, xarici ticarətlə bağlı da qərar çıxarıldı və bununla fərdi sənayeçilərə xarici sahibkarlarla əlaqə qurmaq imkanı yaradıldı. Amma bu yalnız hökumətin razılığı ilə olmalı idi.

 

Sosial istiqamətli siyasətə keçid

1918-ci il dekabrın 7-də Parlamentin işə başlaması ilə ADR-də hakimiyyət sol-mərkəzçi koalisiyanın əlinə keçdi. Onun əsasını Parlamentdəki müsavatçı-sosialist çoxluq təşkil edirdi. İki sol-mərkəzçi hökumət də məhz bu qüvvələr üzərində qurulmuşdu. Onlardan biri 1918-ci ilin dekabrından 1919-cu ilin aprelinədək (bitərəf F.X.Xoyskinin rəhbərliyi ilə), ikincisi isə 1919-cu ilin aprelindən dekabrınadək (müsavatçı Nəsib bəy Yusifbəyovun rəhbərliyi ilə) fəaliyyət göstərib.

Koalisiya Əmək Nazirliyini bərpa etdi, bundan sonra sosial siyasət ADR-in dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu siyasət əhalinin aztəminatlı hissəsinin maraqlarının müdafiəsinə yönəldildi.

1919-cu ilin yazında isə sol-mərkəzçi kabinetin fəaliyyətində, xüsusilə onun sənaye-ticarət siyasətində müəyyən sağçılıq meyilləri  hiss olunmağa başlandı. Daxili və xarici iqtisadi sahələrin liberallaşdırılması neft və neft məhsullarının sərbəst şəkildə Azərbaycandan kənara çıxarılmasına imkan yaratdı. Amma bu siyasət dövlətçi qüvvələr, həmçinin, hökumətə yaxın düşərgə tərəfindən kəskin tənqid olundu. Onlar prinsip etibarilə ölkənin iqtisadi həyatında dövlətin güclü rolunun saxlanmasını istəyirdi.

1919-cu il fevralın ortalarında ölkəyə çörək gətirilməsi ilə bağlı vəziyyət kəskin şəkildə ağırlaşdı, taxıl məhsullarının qiyməti kəskin artdı. Bunun fonunda həm sağ, həm də kəskin solçu siyasi qüvvələr tərəfindən təzyiqlərlə üzləşən baş nazir Xoyski istefa verdi.

1919-cu il aprelin 14-də yeni baş nazir Nəsib bəy Yusifbəyov öz proqram bəyannaməsində bəyan etdi ki, dövlətin ticarət məsələlərinə müdaxiləsi arzulanan nəticəni verməyib. Bu səbəbdən, hökumət qiymətləri aşağı salmaq üçün bazara əlavə mallar buraxmaq qərarına gəlib. Daxildə tam azad ticarət fonunda xaricdən məhsulların gətirilməsinə də şərait yaradıldı. Hökumət bununla ölkədə ərzaq problemini aradan qaldırmağı düşünürdü.

1919-cu ilin mayında hökumət bütünlükdə Azərbaycan ərazisində azad ticarət yaratmaq və "spekulyasiyalara son qoymaq" niyyəti ilə "icazə sistemi"nin ləğvinə qərar verdi. Sentyabrın 1-dən neftin sərbəst şəkildə ölkədən kənara çıxarılmasına imkan yaratdı. Daha 2 ay sonra hökumət pambığın, yunun və digər xammalların da ölkədən kənara çıxarılmasına icazə verdi.  Amma xammalı ölkə sərhədlərindən kənara çıxaran şəxs və müəssisələr, çıxardıqları məhsulun 25%-ni dövlət büdcəsinə təhvil verməli idilər.

Ümumilikdə, sol-mərkəzçi koalisiya fəaliyyət göstərdiyi 1 il ərzində ADR-in iqtisadi siyasətinə sosial istiqamət verdi. 

Amma ciddi iqtisadi inkişafa nail olmaq və bununla da ölkədə ictimai-siyasi qarışıqlığın yaranmasından  qaçmaq  mümkün  olmadı.

 

Dövlət inhisarı ilə sosial diktatura arasında

1919-cu ilin sonlarında respublikada Azərbaycanın müstəqilliyinin əsasını təşkil edən partiyalardan ibarət geniş koalisiya yaradıldı. "Müsavat", bitərəf demokratlar, "Əhrar", "İttihad" və Sosialist Blokunun yaratdığı sayca 5-ci koalisiyaya yenə də N.Yusifbəyov rəhbərlik edirdi. Yeni hökumət fəaliyyətinə bir tərəfdən, beynəlxalq ictimaiyyətin ADR-in müstəqilliyini tanımağa başlaması, digər tərəfdən, Sovet  Rusiyasının Azərbaycanı güc yolu ilə siyasi nəzarətinə keçirmək cəhdləri fonunda başlamışdı.

Hökumətin dövlətin ticarət-sənayesinə və ölkənin ərzaq böhranından çıxarılması prosesinə təsir imkanlarını artırmaq cəhdləri ictimaiyyətin böyük hissəsi tərəfindən müsbət qəbul olunurdu. Bununla yanaşı, Sosialist Bloku da daxil olmaqla, solçu siyasi qüvvələr dövlətin şəxsi mülkiyyətə toxunulmazlıq prinsipinə qarşı çıxırdılar. Məhz bunun nəticəsində, torpaqların kəndlilərə verilməsi prosesi ləngiyirdi.

Son dərəcə vacib məqamlardan biri ondan ibarətdir ki, 1920-ci ilin əvvəllərində ADR-in əksər nümayəndələri yaratdıqları dövlətin yaşaması üçün yeganə yolun bütün daxili resursların səfərbər edilməsi olduğu qənaətinə gəldi. Onlar anladılar ki, siyasi, iqtisadi, hərbi, humanitar resurslar səfərbər olunmadan dövlətin yaşaması mümkün olmayacaq. İqtisadi sahədə bu, iri kapital və böyük torpaq mülkiyyətinin, eləcə də, ifrat solçu siyasi təşkilatların antidövlət fəaliyyətinin qarşısının sərt şəkildə alınmasına gətirib çıxarmalı idi. Çünki bu qüvvələr öz şəxsi mənafeyi naminə, Azərbaycanın müstəqilliyinə belə qəsd etməkdən çəkinməyəcəkdilər.

ADR-də xalqın böyük hissəsi maddi çətinliklərlə üzləşdiyi və ölkə daxilində sosial-siyasi qarşıdurmanın son dərəcə kəskinləşdiyi vaxt bir tərəfdən də Ermənistanın işğalçılıq cəhdləri, bolşevik Rusiyasının hərbi-siyasi təzyiqlərinin artması problem yaradırdı. Belə olan təqdirdə, Azərbaycan qarşısında ağır seçim  dururdu - ya sosial diktatura, ya da dövlət inhisarı. Solçular ilk yolun seçilməsini istəyirdilər, ikinci varianta isə sağçılar - "Müsavat" və bitərəf demokratlar tərəfdar idilər. 

Nə qədər paradoksal olsa da, sonda bolşeviklərin nail olduğu sosial diktatura variantı ən nəhəng sağçı qüvvələrdən olan "İttihad" partiyası tərəfindən də dəstəkləndi: müsəlman dünyasını əsarət altında saxlamaqda ittiham edilən imperialist Qərbinə qarşı nifrət, sinfi maraqlara üstün gəldi.

1920-ci ilin əvvəlindən hökumət ticarət-sənaye sahəsinə nəzarətin gücləndirilməsini önləməyə, iqtisadi sui-istifadə hallarının qarşısını almaq üçün fəaliyyətə başladı. Bakı qradonaçalniki Tura Qudiyev imkanlı təbəqələri yoxsulların xeyrinə ver-giyə cəlb etmək təşəbbüsünü açıqladı: o, çörəyin və digər ərzaq məhsullarının qiymətinin ucuzlaşdırılması üçün Bakı burjuaziyasından 136 milyon rubl  alınması, həmçinin, kooperativ təşkilatların ərzaq proqramına cəlb olunması təklifini də elan etdi.

 Bu göstərirdi ki, hökumət ərzaq probleminin həllində özəl dairələrə deyil, ictimai təşkilatlara arxalanmaq qərarına gəlmişdi.

Daxili işlər naziri Mustafa Vəkilovun gördüyü tədbirləri də burada  xatırlamaq yerinə düşər. O, ərzaqların ucuzlaşdırılması komitəsi  üçün "yerli varlılardan təcili olaraq pul yığılmasına" qərar verdi, Bakı polismeysterində bunun üçün sosial şöbə yaratdı.

Rəsmi qəzet olan "Azərbaycan" həmin günlərdə yazırdı: "Əhaliyə paylanan ərzaqların alınması üçün şəxsi ciblərdən pul yığılması əhalinin və dövlətin maraqlarına son dərəcə müsbət təsir göstərən tədbirdir. Bu, pulun dəyərini artırır, aztəminatlı əhalinin ilkin təlabat malları ilə təmininə imkan verir". Respublikanın aparıcı qəzeti  yazırdı ki, başqa çıxış yolu yoxdur, çünki kapital sahiblərinin psixologiyası elədir ki, onlar "könüllü şəkildə dövlətin maraqlarına uyğun addımlar atan və ölkənin inkişafı naminə, öz iştahalarını azaldan deyillər".

 

Böyük tarixlə səs-səsə

ADR-in iqtisadi inkişafı üçün əsas problem yenə də modellərdən birinin seçimində idi: azad, yoxsa dövlət tərəfindən nəzarət olunan iqtisadi model? 

Sağ siyasi qüvvələr, ilk növbədə, "İttihad", müsavatçılar və bitərəf demokratların bir hissəsi şəxsi mülkiyyətin və azad iqtisadiyyatın tərəfdarı idilər. Amma onlar bunun ticarət-sənaye dairələrinin spekulyativ fəaliyyəti ilə sərt mübarizə fonunda yaradılmasını vacib sayırdılar.

Hakimiyyətdə Sosialist Bloku ilə təmsil olunmuş solçular isə dövlətin iqtisadiyyata nəzarətini, kapitalın hakimiyyətə hər hansı təzyiqinin qeyri-mümkünlüyünü vacib sayırdı. Bu iki mövqeyin uyğunlaşdırılması  ölkənin aparıcı siyasi qüvvəsi olan "Müsavat"ın, xüsusilə onun mərkəzçi və solçu qanadlarının fəaliyyətində əksini tapdı. Onların yanaşması dövlət inhisarının, liberal iqtisadiyyatın və sosial tənzimləmənin üstün-lüklərini özündə birləşdirirdi. 

Lakin bu tarixi dövrü reallaşdırmaq mümkün olmadı. Gənc respublika hökumətinin böyük həvəslə reallaşdırmağa çalışdığı iqtisadi islahatlar 1920-ci ilin aprelində Sovet Rusiyasının Azərbaycanı işğal etməsi ilə yarımçıq qaldı. Hakimiyyətə gələn bolşeviklər dövlətçiliyin və ictimai həyatın, həmçinin, iqtisadiyyatın bütün sahələrinə sərt nəzarəti həyata keçirməyə başladılar.

Sonda daha bir maraqlı məqama diqqət çəkmək istərdik. Bütün obyektiv amillərin ağırlığını, ziddiyyətini, ADR-in partiya sisteminin hələ yetişməmiş olduğunu nəzərə alsaq, partiyaların proqramlarının, o cümlədən, siyasi xadimlərin də  siyasi "rəngi"ni birmənalı şəkildə xarakterizə etmək çox çətindir. Məsələn, ADR-in siyasi rəhbərliyinin ən parlaq fiqurlarından olmuş F. X. Xoyski 3 müxtəlif keyfiyyətli hökumətə rəhbərlik edib: geniş demokrat koalisiyasına, sağçı qüvvələr hökumətinə və ilk sol-mərkəzçi kabinetə. Şəxsi çeviklik, ən müxtəlif mütərəqqi ideyaların mənimsənilməsindəki yüksək qavranılma qabiliyyəti,  yaranmış ən kritik durumdan bacarıqla çıxmaya edilən uğurlu cəhdlər və s. ADR-in odövrkü tanınmış siyasətçilərinin fəaliyyətində xarakterik cəhətlərdən idi.

Adları ADR-in tarixinə qızıl hərflərlə yazılmış bəzi siyasətçiləri (Xudadat bəy Məlikaslanov, Əliağa Həsənov, Ağa Aşurov, Rəşid bəy Kaplanov, Ağa Əminov və b.) o dövrdə Azərbaycanda formalaşan etatizm, konservatizm və sosial-liberalizmin ən parlaq nümayəndələri saymaq olar.



MƏSLƏHƏT GÖR:

455