13 Mart 2025

Cümə axşamı, 23:13

RUHUN AMALI

Rəssam Lyubov Mir Cavadova haqqında tam gerçəklik

Müəllif:

15.05.2011

Onun varlığı əri, artıq bizləri çoxdan tərk etmiş əfsanəvi rəssam Cavad Mir Cavadova sevgi ilə yanaşı, həm də 4-cü Xrebtovı, yəni indiki Ələsgər Ələkbərov küçəsində keçmiş ağır, amma maraqlı və ahəng təşkil edən rənglərlə dolu uşaqlığının yaddaşından yoğrulub. Halbuki indi  hər tərəfini zibillər  bürümüş belə bir küçədə  yaşamaq adama qəribə gəlir. 

Amma onun taleyi doğrudan da qəribə idi, sanki sözün bütün çalarlarında maraqlı olan bu insanın adı elə ilk başdan onun yaşam yolunu müəyyənləşdirib. Rusca adının  mənası sevgi anlamı verən  Lyubov Mir Cavadova rəssam, yazıçı və valehedici Azərbaycan qadınıdır. O, varlığını əhatə edən hər şeyə sevgi ilə yanaşır, estetikadan və harmoniyadan ən uzaq  əşyalarda belə gözəllik tapmağı bacarır. 

Bu, heyrətamiz xüsusiyyətdir - yalnız əşya parçasını, hadisəni, şəxsiyyəti deyil, həm də onların məğzini görmək, dərinliklərinə varmaq, gözəlliyini anlamaq və seçmək bacarığıdır. Sonra isə onları rəsmlərə həkk etmək gəlir. Bax bu, həyatın gerçəkliyidir, müxtəlif və çoxtərəfli - gözəl və çirkin, bədbəxt və xoşbəxt, ən yüksək platonik duyğularla və ən alçaq şəhvət hissləri ilə dolu ola bilər. Bunda bir qüsur yoxdur. Sadəcə, insanların, hətta ən  zərərsiz şeylərə belə verdiyi qüsur çaları var. Amma bu da gözəldir, çünki həyat öz xeyri və şəri ilə belədir. Və hər hansı bir şeyi inkar etmək həyatın özünü inkar etmək kimi sayılır. Bəs sevgisiz həyat nədir? Özünü təmənnasız olaraq tam sevdiyi adama həsr etmiş insan üçün belə bir problem  mövcud deyil. 

Lyubov Mir Cavadova böyük insandır, ərinin soyadını qürurla daşıyır, satqınlığı, ikiüzlülüyü, riyakarlığı, yalanı, özünəxəyanəti, məkri və aldatmağı sevmir. İnsan xarici görkəmcə gözəl ola bilər, amma daxili çirkinliyinə qələbə çala bilməz. Amma bu kimə xoş gələ bilər ki? Önəmli olan başqa məsələ - yaxşı insanları və yaxşı hadisələri öz ətrafına yığmaqdır. Pislik də var, amma o, insana yapışmır, öz başına girlənir. 

Lyubov xanım xatırlayır ki, bir dəfə o, Parisdə növbəti sərgidən sonra küçədə gəzirmiş və narları çox sevən bu qadın elə küçədə, heç olmasa, bir nar yeməyin həsrətindəymiş. Bu onun başına tez-tez gəlir və qəlbində sinəsini dolduran hisslərini «narla bölüşmək» istəyi yaranır. Parisin gözəlliyi də ona təsir edib. Meyvə dükanları axtarıb, birinə daxil olanda ümid etməyib ki, burada istəyinə çata biləcək. Axı Azərbaycan  narı fantastikadır. «Parisdə tamam ayrı insanlar yaşayır və onlar azərbaycanlılara heç bənzəmirlər də. Narla bağlı heç nəyə ümid etmədən mağazaya girdim və gördüm ki, piştaxta arxasında ucaboylu arıq qadın dayanıb. Sifəti dərin qırışlarla dolu idi, qurumuş və cadarlaşmış torpağa bənzəyirdi. Mənə xeyrxah olmayan baxışlarla baxdı və düşündüm: «Biz doğrudan da fərqliyik. Onlar nəsə qurudurlar, bizsə emosionalıq». Bu fikirlər başımda ola-ola mən bir iri nar götürdüm və ondan çəkməyi xahiş etdim. Qadınsa diqqətlə baxaraq, mənə daha iki bu cür nar verdi. Dedim ki, mənə yalnız bir ədəd nar lazımdır. Amma qadın narları ovcuma basaraq dedi ki, mütləq onları hədiyyə kimi götürməliyəm və pul lazım deyil.  Hədiyyə verən qadına təşəkkür edərək, dükandan çıxdım və ilk rast gələn skamyada oturdum, narı hərisliklə - alma kimi yedim. Amma qeyri-adi fransız qadının sifəti başımdan çıxmadı. Heyrətlənmişdim. Bilmirəm, demək olar ki, heç nə gözləmədiyim bu qadın mənim sifətimdən nə oxudu?  Birdən yadım düşdü ki, belə hallar əvvəllər də olub, kimsə gözlənilmədən mənim üçün xoş olan bir addım atıb və gözləmədiyim yerdən kömək olub, belə şeylər başıma çox gəlirdi. Anladım ki, yaxşı adamları axtarmağıma dəyməz, onlar özləri yolumun üstünə çıxırlar, hətta dünyanın  başqa guşələrində də. Bilmirəm, bu niyə baş verir, amma  həqiqətdir. Həm də anladım ki, yaxşı insanlar dünyanın hər yerində eynidir və istisna bir fərq olmur», - deyə Mir Cavadova bildirir.

Əslində, burada qəribəlik yoxdur. Lyubov xanım o qədər həssas və daha doğrusu, qeyri-adi insandır ki, ona yaxınlaşmamaq,  dinləməmək və rəsmlərinə  toxunmamaq qeyri-mümkündür. Bu, əbədiyyətlə ünsiyyət kimidir. Bilikli olması, parlaq şəxsiyyəti, intellekti, enerjisi və istedadı  hansısa şıltaqlıqla, açıqsözlülüklə və ziyalı sadəliyi ilə qarışır. Şaqrar gülüşü və qıvraqlığı var. Amma maddi zənginlik və Lyubov Mir Cavadova bir araya sığışmırlar. Onun zahidsayağı emalatxana-mənzili yağlı boyaların ətri, rəsmlərlə doludur, ətrafa böyük boya ləkələri ilə rənglənmiş lövhələr səpələnib və televizordan həzin opera musiqisi səslənir. Bu  onun sadə yaşamının təsdiqidir. 

Təbiidir ki, şəkillər üzərində iş zamanı heç kim döşəməni batırmamaq üçün bilərəkdən qəzet və ya polietilenlə yeri örtmək barədə düşünməyib. Təbii olan nə varsa, ayıb da deyil - axı bu yaradıcılıq guşəsinin görkəmi ürəklərə sağaldıcı məlhəm kimi axır və sanki dünyada qeyri-maddi kateqoriyalarla yaşayan insanların olduğunu bağırır. Bu qeyri-adi varlıqların fəlsəfəsi elementar olsa da, həm də çox mürəkkəbdir. Demək olar ki, beş yaşında şeirlərlə danışan qızcığazın fəlsəfəsidir. Sonra eyvandan yıxılıb və atası həmişə təəssüf edib ki, ondan sonra qızı normal insana dönüb və hər kəs kimi nəsrlə danışmağa başlayıb. Amma artıq yeddi yaşından Lyubov öz kosmik personajlarını cızmağa başlayıb və «qeyri-normallığa» olan hüququnu bərpa edib. 

Görəsən, o kimdir? Lyubov xanım özünü dərk etmək barədə uşaqlıq duyğularını xatırlayaraq, 4-cü Xrebtovı küçəsindən danışmağa başlayır. «Orda insanların özlərinin birtəhər tikdiyi, kanalizasiyasız və tualeti ümumi olan evlərin arasında iri zibilliklər var idi. Bu mənim həyatımdır. Doğulduğum ölkənin həyatıdır. Həyatım barədə yazıram və bu çox yaxşı təzadlar kitabı olacaq. Salnamə kimi. Həyat, ölüm, Sovet küçəsindəki (indiki N.Nərimanov küçəsi - “R+”) məşhur hamam, həm də oradakı üzüçapıq hamamçı qadın, gəzdiyim ölkələr orada yer alacaq. Atam çox ucuz ev almışdı, əvvəllər ora qoyun damı olubmuş. O, xeyirxah insanların yardımı və əlillik üçün aldığı qəpik-quruş pensiya hesabına oranı da mənzilə çevirmişdi. 

Atam oraya döşəmə vurdu, pəncərə saldı, həşəratların kökünü kəsdi, anasına şikayət elədi ki, hamilə arvadı qoyun damında yaşayır  və uşaq da belə bir evdə anadan olmağa məcburdur. Nənəm ona cavab verib ki, İsa Peyğəmbər də pəyədə anadan olub və doğulacaq  bu uşaq heç nə ilə ondan yaxşı ola bilməz. Əlqərəz, mən doğuldum. Sonra bütün günü bu zibilliklərdə gəzirdim. Bütün dünya sanki rənglənmiş xalçalardan ibarət böyük bir mozaika idi və onların suyu bu zibilliklərə axırdı. Bəzən bura rəngbərəng çalarlara bürünürdü, çünki demək olar ki, buraya hər şey axıdılırdı. Sonra isə yağış palitra kimi bütün bu boyaları qarışdırırdı və nağılvari rəngayırmalar gerçəkləşdirirdi. Bütün bunlar  maraqlı idi, amma anam məni həmişə döyürdü və bu gölməçələrdən uzaqlaşdırırdı, orda nə itirdiyimi soruşurdu. Getmək istəmirdim və o, başa düşə bilmirdi ki, qızı buralarda nə tapıb. Bir az aralıda isə pis iy verən soyulmuş qoyun dəriləri və ölmüş köpək cəsədi var idi.  

Bütün bunlar olub. Bu qarışığa yaz da qoşulanda, səkilərin qırağı ilə heyranedici çiçəklər düzəndə gölməçələr təbii boyaların gurluğuna və həyat bayramına çevrilirdi, adam bunu bilərəkdən düşünə bilməzdi. Çiçəklər qırmızı, narıncı və bənövşəyi idi. Onların botanik adlarını bilmirəm, yəqin ki, onların arasında vəhşi  süsən çiçəyi də var idi. Mən onlardan çələng toplayırdım, evimizin pəncərəsinin altlığında otururdum və gəlib-gedənlərə baxırdım. Əgər onlardan hansısa xoşuma gəlirdisə,  onu saxlayırdım və çiçək bağışlayırdım. Əgər onlar bilsəydilər ki, bu çiçəklər zibillikdən yığılıb, yəqin ki, götürməzdilər», - deyə Lyubov Mir Cavadova gülümsəyərək xatırlayır. 

«Qeyri-normallıq» hüququnu Lyubov həm də şeirlə danışmağı dayandıraraq, şeir yazmağa başlayanda bir daha təsdiq edib. Onda 7 yaşı varmış. O, şeirlərini atasının antisovet dünyagörüşlə dolu dəftərlərində yazmağa başlayıb.  Beləcə, antisovet ruhunda böyüyüb. «Atam mayın 1-ni bayram etməyə icazə vermirdi. SSRİ-ni faşist dövləti sayırdı. Vətən müharibəsi əlili, kontuziyalı idi, mərmi bir qulağını aparmış, sağ əlindən qəlpə yarası almışdı, solla yazmağa alışmışdı, böyük bir «Müharibə olduğu kimi» kitabını yazmışdı. Amma redaktor elə onun yanında əlyazmaları vərəqləyərək, əlləri əsə-əsə geri qaytarmışdı və pıçıltı ilə demişdi: «Sən heç vaxt mənim yanımda olmamısan və mən səni tanımıram. Beləsini çap etmirlər, buna görə güllələyirlər». Atam  Nikolay Leontyeviç çox məyus halda əlyazmasını yandırıb. Bu insan heç vaxt müharibə haqqında sovet nəşrlərini oxumurdu, müharibə haqqında filmlərə baxmırdı, heç vaxt öz döyüş mükafatlarına toxunmurdu, Qələbə Bayramını  qeyd etmirdi. Onun əlyazmaları arasına mən də öz şeirimi  yazırdım. Mən həmin dəftəri çox sevirdim və heç vaxt ondan ayrılmırdım. Çünki atam öz əlyazmasını yandırandan sonra bu ondan qalan tək xatirə idi. Bir dəfə Cavad mənə dedi: «Bax, sən deyirsən ki, məni çox sevirsən. Bu dəftərdən ayrılıb, onu oda ata bilərsən?». Cavab verdim ki, əlbəttə ataram. Və onu oda tulladım. Cavad həmin vaxt forma tökmək üçün qatran qaynadırdı.  Orada son şeirlərim vardı. Cavad dəftərin ardınca özünü atdı. Mən götürüb üstündən bir az da qatran  tökdüm. Çıxara bilmədi, həmişə ona sevgimi sübut edə bilmişəm. O cür dahinin qarşısında qalan hər şey boş idi».

Azərbaycanda bir rus ailəsi. Amma Lyubov Nikolayevna heç vaxt özünün konkret hansısa bir millətə məxsus olması barədə düşünməyib. Amma etiraf edir ki, əgər bir də doğulmaq şansı olsaydı, Azərbaycanda doğulmağı seçərdi. «Axı burda gördüklərimlə yalnız bu ölkədə rastlaşmaq mümkündür. Buradakı ruslar necə idi? Əsasən, rus kontingenti  imperiya təfəkkürlü idi, həm birbaşa təbiətcə, həm də detallar üzrə. Bu yaxınlarda küçədə gedən iki qoca rus qadının söhbətini eşitdim. Sizcə, Azərbaycanda yaşayan iki yaşlı rus qadın nəyin dəridini çəkirmiş? Görəsən, Medvedev Kurili yaponlara verəcək, yoxsa yox?! Çox sevinirəm ki, azərbaycanlılar belə deyil. Mən 4-cü Xrebtovıda yaşamışam və bu,  Azərbaycan kimliyinə xas olan hər şeyi, o cümlədən, Azərbaycan bayramlarını sevməyi də formalaşdırıb. Novruz ayrı məsələdir və onu heç dillə ifadə etmək mümkün deyil. Həmin bayramda evlərin arasına məşəllər  vururdular və hər həyət öz alovçusu ilə qürurlanırdı. Özü də onlar ciddi, zarafatdan uzaq idilər. Yaşı 20-25 arasında dəyişən adi gənc oğlanlardan seçilirdilər. Görünür, hər şey genlərdən gəlir, zərdüştiliyə qədər gedib çıxır. Bu yerlər kriminala meyilli idi. Sovet hakimiyyətini saya almırdılar. Nə istəyirdilər, onu da edirdilər. 4-cü Xrebtovıda yaşayan insanlar belə düşüncənin, ənənənin və əməllərin sahibi idilər. Bir də həmin yerlərdə doğulmaq istərdim. Əgər mümkün olsaydı». 

Sonra həyatına sevgi girib. Dəli, ehtiraslı, amma sədaqətdolu bir sevgi. «Sabah bizim birgə yaşamımızın 20 ili tamam olur və bütün dünyaya deyə bilərəm: Mələklə rastlaşmışdım (dumanda azmış və lazım olmayan yerə düşmüş mələklə). Mən yaşlıyam, indi həm də xəstəyəm, həyatımı incəsənətdə rəsm formalarının dağıdılmasına həsr etmişəm, çox vaxt sənə qarşı ədalətli olmamışam. Amma mən həmişə demişəm (sən bunu bilirsən), Allah mənə üç möcüzə verib: arvadımı, rəsmlərimi və Abşeronu!». Bu sözlər Cavad Mir Cavadovun Lyubov Mir Cavadovaya  yazdığı məktubundan götürülüb. Onların əhvalatı sözün ən yaxşı mənasında böyük sevgi romanıdır. 

Hələ uşaq ikən balaca Lyuba nənəsinə deyib: «Mən əsl qəhrəmana ərə gedəcəm!».  O, ilk dəfə rəssam Cavad Mir Cavadov barədə eşidəndə 16 yaşı varmış. Həmin vaxt Azərbaycan Rəssamlar İttifaqında ekskursiyaçı işləyirmiş. «Maraqlıdır, bu necə rəssamdır ki, 43 yaşına qədər bir dənə də sərgidə iştirak etməyib», - deyə düşünüb. 

Lyubov onu tapmağı və tanış olmağı qarşısına məqsəd qoyub. Günlərin bir günü o, heç nədən şübhələnməyən valideynlərinə məktub yazıb və öz qəhrəmanını tapmaq üçün yola düşüb. Buzovnaya. Onlar yalnız dörd gün sonra rastlaşıblar - çimərlikdə. Hardasa, üfüqdə saçları küləkdə dalğalanan geniş sinəli kişi  peyda olub, əsl Qulliver imiş. Və Lyubov  düşünüb: «Bax, o mənim qəhrəmanımdır!». Həmin andan rəssamın ömrünün sonuna qədər onun ilham pərisi yanında olub: dəstəkləyib, əzizləyib, təlatümlərdən qoruyub, bağışlayıb. 

«Biz evlənən zaman, qaydaya uyğun olaraq, yaşamaq üçün ərimgilə getdim. Xatırlayıram, tavandakı iri dəlikdən çarpayının üstünə qar tökülürdü. Biz belə yaşayırdıq», - deyə Lyubov Mir Cavadova xatılayır. Cavad Mir Cavadov həmişə öz gələcək həyat yoldaşına deyirmiş: «Nəzərə al ki, mənimlə heç nəyə sahib olmayacaqsan». Amma bu onu dayandıra bilməyib. 

Mir Cavadovanın yaradıcılığını öyrənmiş sənətşünas Nailə Bənnayeva danışır ki, Lyubov xanım əfsanəvi Mir Cavadın arvadı olandan sonra dərhal rəssamlığı öyrənməyə qərar verir. Onda Cavad izah edib ki, xanımının iki seçimi var - birinci yolu seçsə, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə girib, orada «təmizlənmədən» keçməlidir, yəni sosialist realizmi üçün klassik olan akademik tədris kursunda oxumalı, nəticədə, sonradan Bədii Fonddan sifarişlər və başqa rahatlıqlar vəd edən üzvlük biletini almalıdır. İkinci yol isə Mir Cavadın tələbəsi olmaq və alternativ «təmizlənmədən» keçməkdir. Mir Cavadın özü belə tədrisi Ermitajda gəzərək, böyük rəssamların işlərini öyrənərkən keçib. Qərara alıb ki, bu ruhda işləsin, amma özünü dövlət ideologiyası maşınının bir vinti saymadan. Lyubov da ikinci yolu seçib. Sonradan Lyubov Mir Cavadova Bədii Fonda şriftçi kimi işə girib, bu vəzifəyə rəssamlıq təhsili olmadan da götürürmüşlər. Onun yaradıcılıq həyatı sanki iki hissəyə bölünüb: bir tərəfə o, al-qumaş və məxmər üzərinə gurultulu şüarlar yazırmış, ikincisində isə kətan üzərinə birbaşa bu şüarların əksinə olan süjetlər çəkirmiş. 

Birgə həyatlarının ilk illəri maddi baxımdan çox çətin olub. Amma onlar ikilikdə duruş gətirib. Onda da və sonra da Mir Cavadovlar birgə müəllifliklə işləməyiblər, amma onların bütün həyatı bütün sahələrdə birgə müəllifliklə keçib. 

Cavad Mir Cavadovun kətanlarında tüğyan edən enerji Lyubov Mir Cavadovanın da işlərində hiss edilir. Müxtəlif mifoloji varlıqlar bir qədər aqresiv, qəlizdirlər. Hətta onun natürmortu da aqresiv ola bilir - işıqsız qaranlıq fonda təmiz, parlaq, cazibədar tonların paradını təqdim edən çalarına görə. Şəksiz, Lyubov Mir Cavadovanın yaradıcılığına lirika - təmiz, zərif, yanrılı lirika da yad deyil.  Onun sevgi ilə birləşmiş cütlərin təsvir edildiyi rəsmləri də var, bu  əsərlərdə və qrafik vərəqlərdə onun optimizmi tam səsi ilə bağırır. 

«Üz rəsmlərimi çox sevirəm. Bunlar haradan peyda olur? Bilmirəm. Bu gerçəklikdir, çox nadir hallarda yuxularımla bağlı olur. Hətta 40 dərəcə istiliyim olsa belə, rəsm çəkə bilərəm. Əvvəlcə ideya peyda olur. Sonra rəsm rənglərin dili ilə canlanır. Sonra daha çox rəng topaları və kompozisiya narahat edir.   

Əlbəttə, çox adam rəsmlərimi başa düşmür. Məni qeyri-normal sayırlar. Nə hiss edirəm? Əgər işlər düz gedərsə, məndən ötrü bütün dünya musiqiyə çevrilir. Onda özümdən çox xoşum gəlir, başqaları burda yoxdursa, danışmaq üçün hətta çox xoşlamadığım insanlara da zəng edirəm. Onlara əsərlərimdən danışıram, gülürəm, lağlağı edirəm, lətifələr danışıram, nəsə maraqlı söhbət edirəm. Hərdən özümü ağılsız cikkildəyən quşa bənzədirəm». 

Lyubov Mir Cavadova təkcə rəsmlə deyil, həm də ədəbiyyatla məşğuldur. Cavad Mir Cavadov haqqında bioqrafik roman olan «Aytokua» kitabının müəllifi məhz odur. Lyubov xanım onun üzərində beş il işləyib, hazırda bu kitab Azərbaycandan olan yeganə müəllif kitabıdır ki, ABŞ Konqresinin kitabxanasına təqdim edilmək üçün ingilis dilinə tərcümə edilib. Lyubov xanım danışır ki, kitabının adı daim dəyişib. Bu ad ən son məqamda ağlına gəlib. «Hələ kitab üzərində işə başlamazdan əvvəl, buşmenlər barədə filmə baxırdım, orada kahin mahnı oxuyaraq  eyni «Aytokua» sözünü təkrar edirdi. Ondan soruşdular: «Bu nə deməkdir?».  Məlum oldu ki, «sirr qapısı» imiş. Mən bu sözləri Cavadın otağının qapısına yazmışam. Özü də kitabın adı həmişə gözləimin qarşısında idi, amma ağlıma son məqamda gəldi».

Lyubov Mir Cavadova bu gün də böyük rəssamın sadiq həyat yoldaşı və köməkçisidir. Tale elə gətirib ki, Cavad Mir Cavadovun əsərlərinin çoxu bu gün Danimarkadadır. «O çox istəyirdi ki, bu əsərlər Azərbaycana qaytarılsın». Lyubov xanım artıq bu çətin yola  - ərinin yaradıcılığını Vətənə qaytarmaq yoluna qədəm qoyub, amma bu ona yalnız böyük zəhmət hesabına deyil, həm də sağlamlığı hesabına başa gəlir. Lakin Lyubov bunu etməyi yalnız ərinin xatirəsi qarşısında deyil, həm də Azərbaycan qarşısında borcu bilir və Odlar Yurdu bu əvəzsiz sərvətin sahibi olacaq. 



MƏSLƏHƏT GÖR:

593