Müəllif: Zərifə BABAYEVA Bakı
BMT-yə üzv ölkələr tərəfindən 1994-cü ildən bu yana mayın 15-də qeyd edilən Ailə günü ictimaiyyətin diqqətini cəmiyyətin bu ilkin özəyinin çoxsaylı problemlərinə yönəltmək məqsədi güdür. Xüsusilə də, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş, həmçinin, yoxsulluğun və QİÇS-in qurbanı olmuş ailələrin problemi önə çəkilir. Elementar mövcudluq şərtləri üçün mübarizə aparmağa məcbur olmuş bu ailələrin dəstəyə ehtiyacı var və onu almalıdırlar.
1989-cu ildə ailə məsələlərinin araşdırılması və bu sahədəki ciddi problemlərin kompleks siyasət əsasında həll edilməsi, institusional imkanların artırılması məqsədi ilə Assambleya 1994-cü ilin Beynəlxalq Ailə ili elan edilməsinə səs verib.
Azərbaycan ailəsinin dəstəklənməsi vacib dövlət prioritetidir. Bu məqsədlə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) fəaliyyət göstərir. Bu ay ərzində paytaxtda və regionlarda gənc ailələr üçün treninqlərin keçirilməsi, aşağı təminatlı ailələrin pulsuz tibbi müayinəsi və başqa tədbirlər nəzərdə tutulur.
Niyə biz bu gün ailədən danışırıq? Çünki əsasında mənəvi-əxlaqi dəyərlər duran sağlam ailə bütün dövlətin özünəməxsus indikatorudur.
Boş yerdən ailəni cəmiyyətin əsas özəyi hesab etmirlər və əgər hansısa bir ciddi problem müşahidə edilirsə, onda o, bütün cəmiyyətə təsir göstərməyə başlayır.
Azərbaycan ailəsinin çağdaş modeli necədir? Beynəlxalq Ailə gününə həsr edilmiş "Azərbaycanda ailə modeli və qadın problemləri" tədbiri çərçivəsində AQUPDK sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərlər sistemində ailə institutunun sarsılmaz yeri var. "Ailə dəyərlərinin qorunması yalnız Azərbaycanın deyil, bütün Şərq dünyasının ənənəsidir. Hökumət ailənin qorunmasını və ona dövlət qayğısı göstərilməsini təmin edir". Onun sözlərinə görə, bu gün bir sıra Qərb ölkələrində ailə bir institut kimi öz dəyərini itirir. Buna görə də Azərbaycanda belə hadisələrin qarşısının alınması üçün müəyyən addımlar atılır.
"Biz həmişə Azərbaycan ailəsinin möhkəmliyi ilə qürur duymuşuq ki, bu da əsasən mentalitetimizdən qaynaqlanır. Bizim ailələrə səmimilik və ailə üzvləri arasında mədəni münasibətlər, böyüklərlə və kiçiklərlə davranış bacarığı, valideynlər və uşaqlar arasında münasibətlərin düzgün qurulması xasdır. Bizim analar uşaqlarını milli-mənəvi dəyərlərə hələ erkən körpəlikdən alışdırırlar. Böyüklərə hörmət, milli dəyərlərə sadiqlik tərbiyənin əsasında durur. Mədəniyyət, qarşılıqlı hörmət və doğru davranış ailə mənəviyyatının bünövrəsidir. Ailədə əlverişli əxlaqi-psixoloji atmosfer ictimai mühitə də təsir göstərir", - deyə Hüseynova bildirib.
Tarixən formalaşmış ailə münasibətlərinin qorunması və dünyanın qabaqcıl ölkələrinin təcrübəsi əsasında ailə institutunun inkişafı bu sahədə gerçəkləşdirilən siyasətin əsas istiqamətidir. Hüseynova bununla bağlı milli-mənəvi və dünyəvi dəyərlərin birləşməsi prosesində ailə dəyərlərinin təbliğinin və ailədə sağlam atmosferin formalaşdırılmasının vacibliyini qeyd edib. Ailə institutunun möhkəmləndirilməsi, hər şeydən öncə, nüfuzlu ailələlin və uzunsürən nikahların nümunələrinə əsaslanır.
Dövlət Komitəsi bu beynəlxalq gün münasibətilə regionlarımızda nümunəvi ailələri müəyyən etməyə cəhd edib. "Bu gün bizim ölkədə ailələr var ki, onların üzvləri xüsusi istedadları, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, başqa qabiliyyətləri və maraqları ilə seçilir. Məhz bu ailələrin təcrübəsi əsasında Azərbaycan ailəsi möhkəmlənir və inkişaf edir", - deyə Hüseynova vurğulayıb. Bununla yanaşı, Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan ailələrində ən tez-tez rast gəlinən problemlər sırasında maddi çətinliklər əsas yer tutur. "Başqa ciddi problemlər sırasında erkən nikahları, nikah müqaviləsinin olmamasını, qohumlar arasında nikahları, mənzil və məişət münaqişələrini, ailədaxili münaqişələri, uşaqların sağlamlıq və təhsil məsələsini göstərmək olar", - deyə Hüseynova bildirib.
Unutmaq olmaz ki, Azərbaycanın dünya iqtisadiyyatına və mədəniyyətinə inteqrasiyası, həmçinin, insanların düşüncəsində və davranışında dəyişiklik yaradıb. Müəyyən mənada bu məsələ ailədaxili münasibətlərə də sirayət edib. Bir tərəfdən, bu müsbət meyildir - gənc insanlar daha sərbəst, çevik, məlumatlı və müəyyən mənada da savadlı olublar. Başqa tərəfdən, bütün bunlar reproduktiv orientirlərin dəyişməsinə gətirib - Azərbaycan ailəsinin çoxuşaqlı olmaq ənənəsi hansısa anaxronizmə çevrilib. Bunun bir sıra səbəbləri var: həm kişilər və həm də qadınlar arasında nikahagirmə üzrə orta yaş yüksəlib. Maliyyə problemləri üzündən bir sıra ailələr bir və ya iki uşaqla kifayətlənməyə üstünlük verirlər. Önəmli faktlardan biri də budur ki, gənc insanlar öz mədəni və maddi səviyyələrini artırmaq üçün təhsil müddətini uzadaraq təhsil almağa çalışırlar.
Müasir Azərbaycan qadınına gəldikdə isə, onlar daha çox öz karyera yüksəlişləri və peşəkar durumları barədə düşünməyə başlayıblar. Bununla bağlı olaraq, onlar da bir və ya maksimum iki uşaqla kifayətlənirlər.
Beləliklə, dövlət statistikasına uyğun olaraq, ölkədə doğum əmsalı 2,2-yə bərabərdir, yəni orta hesabla, hər ailəyə 2-dən çox uşaq düşür. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən ailə münasibətləri üzrə aparılmış sosioloji araşdırmadan görünür ki, Azərbaycanda ailə böhranı yoxdur. Başqa tərəfdən, Azərbaycan cəmiyyətində yalnız valideynlərdən və uşaqlardan, yaxud da həyat yoldaşlarından təşkil olunmuş nuklear ailələrin çoxluğu müşahidə edilir, belə ailələr 50%-dən yüksək təşkil edir. Belə ailələrdə ilk plana həyat yoldaşları arasında və ya eyni nəslin təmsilçiləri arasında münasibətlər ön plana çıxır, müxtəlif nəsillər, məsələn, valideynlər və uşaqlar arasında münasibətlər arxa plana keçir.
Nuklear ailə, adətən, tərkibinə bir neçə evlilik cütünün və ya ən azından bir neçə nəsil yaşlı insanların daxil olduğu ənənəvi geniş patriarxal ailəyə qarşı qoyulur. Adətən, mürəkkəb ailədən nuklear ailəyə keçid ənənəvi cəmiyyətdən industrial cəmiyətə keçən zaman baş verir ki, bu, Azərbaycanda da müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 20 ildə Azərbaycan ailəsinin orta ölçüsü 5,1 nəfərdən 4 nəfərə düşüb. Bütün bunlar göstərir ki, indiki gənc ailələr öz valideynlərindən ayrı yaşamağa üstünlük verirlər.
Dövlət Statistika Komitəsindən (DSK), həmçinin, onu da deyirlər ki, Azərbaycanda boşanmalar barədə vəziyyət bəzi KİV-in iddia etdiyi kimi, elə də dramatik deyil; məsələn, keçən il boşanmaların sayı 2009-cu ilə baxanda yalnız 0,1% artıb. Əsasən, nikahların dağılması dinamikası son illərdə sabitdir - boşanmaların sayı nikahlara münasibətdə 11%-i keçmir, Avropada isə bu göstərici 30-50%-ə çatır.
Hazırda Azərbaycan yeni Ailə Məcəlləsinin qəbulu astanasındadır, bu barədə müzakirələr artıq bir neçə ildir ki, gedir. Yada salaq ki, bu sənədə edilən düzəliş nikaha girmək üçün qoyulan aşağı yaş məhdudiyyətinin 17 yaşdan 18 yaşa qaldırılması ilə bağlıdır. Yeni Ailə Məcəlləsi, həmçinin, nikaha girən insanların məcburi tibbi müayinədən keçirilməsini nəzərdə tutur. Məhz bu bənd ətrafında qızğın müzakirələr gedib. Bu yeniliyin əleyhdarları bunu insan hüququnun pozulması kimi dəyərləndirirlər. Amma DSK-dan bildirirlər ki, bu, məcburi normaya çevrilməlidir, çünki çox vaxt ailə qurulduqdan sonra məlum olur ki, gənc insan narkoman və ya ruhi xəstədir.
Bunun nəticəsi olaraq irsi və psixi xəstəlikli uşaqlar doğulur. Halbuki burada söhbət sağlam gen fondundan və sağlam uşaqların doğulmasından gedir. Beləliklə, nikahöncəsi yoxlama siyahısına narkomaniya, İİV, hepatit, psixi xəstəliklər, talassemiya, hemofiliya testləri daxil ola bilər.
Ailə Məcəlləsinin daha bir yeni bəndi isə nikah müqaviləsinin bağlanması olacaq, qanunun 38-ci və 40-cı bəndlərində könüllü əsasda nikah müqaviləsinin bağlanması nəzərdə tutulur. DSK-da əmindirlər ki, bununla bağlı heç nəyi dəyişməyə gərək yoxdur.
MƏSLƏHƏT GÖR: