Müəllif: İlahə MƏMMƏDLİ Bakı
2025-ci ildə Dünya Bankının (DB) adambaşına ümumi milli gəlir səviyyəsinə əsaslanan təsnifatı üzrə Azərbaycan ortagəlirli dövlətlər qrupundan yüksəkgəlirli dövlətlər qrupuna qoşulmaq niyyətindədir. Həmçinin, BMT İnkişaf Proqramının təsnifatı üzrə «yüksək insan inkişaflı» ölkələr kateqoriyasından «ən yüksək insan inkişafı səviyyəsi» olan ölkələr qrupuna qoşulması da proqnozlaşdırılır.
Bu planlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın 2011-2015-ci illər üzrə uzunmüddətli iqtisadi inkişaf strategiyası layihəsində yer alıb. Qeyd etmək gərəkdir ki, Azərbaycan böhrandan sonra regionda bu cür sənədlə çıxış edən ilk dövlətdir ki, layihədə iqtisadiyyatın innovativ inkişafının perspektivli istiqamətləri nəzərdə tutulub.
Strategiya baxımından ən önəmli məsələ «keçmişin ardınca qaçmamaq olub». Bu isə keçən yüzilliyin 70-80-ci illərinə xas olan iqtisadiyyatın bərpasına cəhdlərin edilməməsi və yaxın dövrdə iqtisadiyyatın idarəedicisi və hərəkətvericisi olacaq istiqamətlər əsasında yeni bir iqtisadiyyatın yaradılması niyyəti deməkdir. Bu da öz növbəsində postindustrial iqtisadi tiplə bağlı istiqamətlərin inkişafı ilə bağlıdır. Amma bu cür iqtisadiyyatı kiçik, amma yüksək sürətlə inkişaf edən şirkətlərə yardımı nəzərdə tutan «yetişdirmə» siyasəti olmadan yaratmaq mümkün deyil. Strategiya məhz bu cür sıçrayış istiqamətləri üzrə hazırlanıb.
Bölgənin ticarət mərkəzi
Sənədin layihəsində qarşıya məqsəd kimi 2025-ci ilə qədər adambaşına düşən neftdənkənar məhsul ixracatını $5 minə çatdırmaq və bununla da ölkəni bölgənin ticarət mərkəzinə çevirmək nəzərdə tutulur.
Uzunmüddətli perspektivdə digər əsas məqsəd neftdənkənar ixracatın rəqabət qabiliyyətinin artırılmasıdır, çünki ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması Azərbaycanın regional liderdən beynəlxalq iqtisadi münasibətlər sisteminin ciddi qlobal iştirakçısına çevrilməsinə imkan verir. Hətta ixracatın və ixrac əməliyyatlarının stimullaşdırılması məqsədi ilə ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış bankın yaradılması da nəzərdə tutulur.
İqtisadiyyatda rəqabət qabiliyyətliliyin əldə olunması üçün makroiqtisadi sabitliyin qorunması, monetar və fiksal siyasətin effektivliyinin yüksəldilməsi, maliyyə xidmətləri bazarının inkişafı, sahibkarların və biznes mühitinin maliyyə təminatının yaxşılaşdırılması, investisiya və xarici ticarət siyasətinin təkmilləşdirilməsi, nəqliyyat infrastrukturunun və enerji təminatının inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyaları (İKT) imkanlarının və innovasiyaların genişləndirilməsi, insan kapitalının və dövlətin idarə edilməsinin effektivliyinin artırılması lazımdır.
İqtisadiyyatın strukturunun optimallaşdırılmasında isə xidmət və ticarətin inkişafı, ölkənin ödəniş qabiliyyətinin yaxşılaşdırılması, neftdənkənar istehsalın və emalın genişlənməsi zəruri tədbirlərdəndir. Həmçinin regionların ixtisaslaşdırılması və onların balanslı inkişafının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının və aqrar strukturun sürətləndirilməsi, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, neft-kimya və neft-qaz emal sənayesinin inkişafı da burada unudulmamalıdır.
Proqnozlara görə, 15 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM), demək olar ki, iki dəfə artırılaraq $103,6 mlrd.-a çatdırılacaq. Özü də ümumi məhsulda neftdənkənar bölmənin payı indiki 3,2% səviyyəsindən 14,2%-ə qalxacaq. Ölkə iqtisadiyyatının neft-qaz sahəsindən asılılığı isə nəzərəçarpacaq dərəcədə azalacaq - bu bölmənin ÜDM-dəki payı 2009-cu ildəki 50,9% və 2010-cu ildəki 48,5% səviyyəsindən 2025-ci ilə kimi 13,8% səviyyəsinə düşəcək.
Bununla yanaşı, Azərbaycan ölkədə alternativ və bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirmək, onların xüsusi payını 2009-cu ildəki 2% göstəricisindən 2005-ci ildə, ən azı, 6%-ə çatdırmaq niyyətindədir.
Energetika, neft-kimya və ətraf mühitin müdafiəsi sahəsində tədbirlər sırasında, həmçinin, ölkədə istehsal edilən yanacağın keyfiyyətinin «Avro-5» ekoloji standartlarına çatdırılmasını göstərmək olar. Bununla bağlı olaraq ölkədə yeni emal kompleksinin və qaz emalı zavodunun tikintisi nəzərdə tutulur. Ölkənin neft-kimya kompleksinin modernləşdirilməsində bütöv silsilə tədbirlər planlaşdırılır.
Məzənnə çevikliyi
Uzunmüddətli perspektivdə Mərkəzi Bank (AMB) çevik məzənnə siyasəti fonunda məzənnənin sərbəst üzməsi rejiminə keçməyi planlaşdırır. Strategiyanın layihəsində manatın nominal məzənnəsinin ortaillik dəyişməsi 1% səviyyəsində proqnozlaşdırılır. 2009-cu ilin nəticələrinə görə, milli valyutanın məzənnəsi 1,8%, 2010-cu ildə isə 0,6% dəyişib.
MB milli valyutanın məzənnəsinin həddindən artıq möhkəmlənməsindən qaçmaq üçün prosesi nəzarətdə saxlayır. Milli valyuta bazarında dollar təklifinin artması müşahidə edilir ki, bu da manatın məzənnəsinin möhkəmlənməsinə gətirib çıxarır. Amma Mərkəzi Bank durumu nəzarət altında saxlayır və milli valyutanın məzənnəsinin həddindən möhkəmlənməsinin qarşısını alır ki, keçən ildə də bu siyasət uğurla gerçəkləşdirildi. Manatın məzənnəsinin möhkəmlənməsi müəyyən mənada ölkənin neftdənkənar ixracatının inkişafına mane ola bilər. Amma inflyasiya məsələsində bu, şəksiz ki, müsbət məsələdir, çünki valyutanın möhkəmlənməsi idxalın ucuzlaşdırılması deməkdir.
Buna görə də hazırda MB qarşısında duran əsas məsələ inflasiyanın sabit birrəqəmli səviyyədə saxlanmasıdır ki, bu, uzunmüddətli perspektiv üçün də proqnozlaşdırılır. Hökumət inflyasiyanı aşağı səviyyədə saxlamağı və həmçinin, milli valyutanın məzənnəsini həm ucuzlaşma, həm də bahalaşma istiqamətində kəskin dəyişməsi halının qarşısını almağı öz məqsədi kimi müəyyən edib. Qeyd edək ki, 2025-ci ilə qədər strategiya layihəsində istehlak qiymətləri indeksinin illik dəyişmə tepmi 3% səviyyəsində proqnozlaşdırılır.
İnflyasiyaya qarşı daha effektiv target siyasətinin yürüdülməsi, yəni dövlətin inflasiya səviyyəsinin nizamlanması cəhdlərinin daha effektiv şəkil alması üçün çevik məzənnə siyasətinə keçməklə yanaşı, onun effektiv şəkildə tətbiqinə başlanılması və inflasiya hədəflərinin gerçəkləşdirilməsi vasitəsilə sinxron qaydada faiz dərəcələrinin azaldılması da nəzərdə tutulur. Uzunmüddətli dövr üçün MB-nin strateji məqsədi iqtisadiyyatın diversifikasiyası prosesində maliyyə sisteminin fəal rolunun təmin edilməsidir.
Ölkənin maliyyə sisteminin nüvəsi kimi bank bölməsi qalmaqdadır. Hökumətin proqnozlarına bankların kredit portfelinin ÜDM-dəki xüsusi payının 2009-cu ildəki 24,7% səviyəsindən 2025-ci ildə 50% səviyyəsinə qaldırmaq daxildir. Depozit portfelinin payının 12,4% səviyyəsindən 35% səviyyəsinə kimi qaldırılması barədə proqnozlar baxımından ölkənin bank bölməsinə etibarı daha da artırmağa çalışmaq çox vacibdir.
Uzunmüddətli strategiyada bank sisteminin inkişafı üzrə tədbirlər sırasına onların konsolidasiyası, sistem üçün önəmli bankların yenidən strukturlaşdırılması, stress-testləşmə üzrə bankların potensialının artırılması, bu sahədə vahid modelin yaradılması, həmçinin, risk-menecment üzrə pilot bank inkubatorlarının yaradılması, bank nəzarəti alətlərinin təkmilləşdirilməsi və xəbərdarlıq sisteminin inteqrasiyası daxildir.
2025-ci ilə kimi, həmçinin, korporativ idarəetmənin və yeni prudensial hesabatlılığın tətbiq edilməsinin genişləndirilməsi, ödəniş sistemlərinin və kart ödəniş xidmətlərinin inkişafı, əhalinin Azərbaycan SSR Əmanət Bankındakı əmanətlərinin indeksasiyası, onların qaytarılması və s. nəzərdə tutulur.
Bank bölməsi ilə yanaşı, hökumətin maliyyə sektorunun başqa bölmələri - sığorta və lizinq üzrə də böyük gözləntiləri var. Özü də ölkədə sığorta və lizinq bölməsinin potensialı, demək olar ki, eyni səviyyədə qiymətləndirilir və proq-nozlaşdırılır ki, 15 il ərzində onların hər birinin həcmi ÜDM-in 3%-nə və ya $3 mlrd.-a çatacaq.
Bol təhlükəsiz ərzaq
Ərzaq təhlükəsizliyi mövzusunun bizim ölkəyə, zəngin torpaq resurslarına birbaşa dəxli var. Hazırda geni dəyişdirilmiş məhsulların kütləvi istehsalı məsələsi dünyanın gündəmində yetərincə kəskin şəkildə durur. Bunun insanların sağlamlığına necə təsir edəcəyi ayrı mövzudur. Amma hazırda artıq bir məsələ aydındır: artmaqda olan insan kütləsi yalnız təbii qaynaqları istifadə etməklə özünü qida ilə təmin edə bilməz. Xarici alimlər ehtimal edirlər ki, 40 ildən sonra dünya üzrə ərzaq təhlükəsizliyi problemi yetərincə kəskinləşə bilər.
Geni dəyişdirilmiş məhsullar ucuz və əlçatar olacaq, bu faktdır. Amma təbii məhsula ehtiyac maksimum olacaq. Və bizim ölkəmiz ekoloji təmiz qida məhsulları istehsalını əsas götürməklə, çox uduşlu mövqeyə çıxa bilər. Bu, yüksək inkişaf imkanı olan biznesdir, ona görə də addımlar indidən atılmalıdır. Bununla bağlı olaraq hökumət aqrobiznes maliyyə dəstəyi zərfi gerçəkləşdirir, kənd yerlərində yaşayan əhaliyə müxtəlif cür sosial yardımlar göstərir, subsidiyalar verir.
Sahə, həmçinin, əmək məhsuldarlığının artırılması və kadrların cəlb edilməsi üzrə önəmli məsələlər həll edilməlidir. Axı ekoloji istehsal kənd ənənələrinin, həyat tərzinin qorunmasının və inkişafının əsasında durur.
2011-2025-ci illər üzrə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyası layihəsində adambaşına düşən kənd təsərrüfatı əkinlərinin sahəsini 2009-cu ildəki 3% səviyyəsindən 2025-ci ildə 10% səviyyəsinə qaldırmaq ehtimal edilir.
Ümumi əkin sahələrində ekoloji təmiz kənd təsərrüfatının payının 0,45%-dən 10%-dək qalxacağı proqnozlaşdırılır.
Bundan başqa, adambaşına ət və ət məhsulları, süd məhsulları, yumurta, meyvə və giləmeyvə, bitki yağları, şəkər və şirniyyat, balıq məhsulları istehlakının rasional normalarının yüksəldilməsi gözlənilir. Rasional istehlak normaları proqnozları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında müəyyən edilib.
İstehsalçıların çağdaş texnika, gübrələr, toxum və şitillərlə təchizatının yaxşılaşdırılması üçün vergi və gömrük güzəştlərinin geniş istifadəsi nəzərdə tutulur. Azərbaycanda, həmçinin, kənd təsərrüfatı məhsulları birjasının formalaşdırılması da planlaşdırılır ki, bu, ixracatçıları, idxalçıları, fermerləri, topdansatışçıları, bankları, sığorta şirkətlərini, anbar müəssisələrini və onlar arasında ticarət münasibətlərini əhatə edəcək.
Bütövlükdə, uzunmüddətli strategiya çərçivəsində bütün tədbirlər kompleksi qlobal sosial problemləri də həll etməyə imkan verər. Bunların sırasında xüsusi vacib olaraq yoxsulluğun və işsizlik səviyyəsinin azaldılmasını göstərmək olar. Belə ki, hökumət işsizlik səviyyəsini 2009-cu ildəki 6%-dən 2025-ci ildə 3%-ə endirməyi qarşısına məqsəd qoyub.
Məqsədlər, göründüyü kimi, yetərincə ambisiyalıdır, amma ölkə iqtisadiyyatında işlərin indiki vəziyyəti, mövcud imkanlar və siyasi iradə nəzərə alındıqda, tamamilə realdır. Əgər Azərbaycan bu planı tam həcmdə yerinə yetirə bilərsə, onda 15 ildən sonra ölkə öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olar və ölkələrin inkişaf səviyyəsi üzrə dünya təsnifatında tamamilə fərqli yeri tutar.
MƏSLƏHƏT GÖR: