
ÇEVRİLMİŞ «QARA SƏHİFƏ», YOXSA «SÜLHƏ TƏHLÜKƏ»?
FƏTH-lə HƏMAS «İsraili küncə sıxmaq üçün» birləşir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Fələstin-İsrail münaqişəsi regionunda Yaxın Şərq konfliktinin həlli prosesinin gedişinə ciddi şəkildə təsir göstərə biləcək hadisə baş verib. Son 4 il ərzində bir-biri ilə düşmənçilik edən Fələstinin HƏMAS və FƏTH hərəkatları barışıq razılaşması imzalayıb. Bu, münaqişəyə aidiyyəti olan istənilən qüvvənin diqqətini özünə cəlb edən olaydır. Şübhəsiz, bu qüvvələrin hər biri məsələyə öz maraqları baxımından yanaşır.
FƏTH-lə HƏMAS arasında barışığın yetişdiyi hələ martın ortalarında hiss olunmağa başlamışdı. O zaman Fələstin lideri Mahmud Abbas HƏMAS-la dialoq aparmaq üçün Qəzza zolağına yollanmışdı. Xatırladaq ki, Qəzzaya nəzarət düz, 2007-ci ildən radikal HƏMAS-ın əlindədir. FƏTH isə ötən dövrdə İordan çayının qərb sahilində hakimiyyətini qoruyub-saxlayıb.
Tərəflər arasında razılaşma cəhdlərinin uğursuz alınmasına əsas səbəb İsraillə mübarizənin xarakter və üsulları ilə bağlı prinsipial fikir ayrılıqları idi. FƏTH İsrail ilə danışıqlarda kompromisə nail olunmasına tərəfdardısa, HƏMAS «sionist işğalçılar»ın hər hansı tələbinə əməl olunmasını yolverilməz sayırdı. Abbasın tərəfdarları ilə radikallar arasında, hətta tez-tez qanlı toqquşmalar da baş verir, bu isə İsrail qarşısında Fələstinin vəziyyətini xeyli çətinləşdirirdi.
Fələtindaxili birləşmə prosesinin sürətlənməsinə Abbasın prezidentlik, həmçinin, HƏMAS-ın üstünlük təşkil etdiyi parlamentin fəaliyyət müddətinin başa çatmaqda olması da öz təsirini göstərib. Nəticədə, iki hərəkat Misirin vasitəçiliyi ilə Qahirədə barışıq razılaşması imzalayıb. Sənədə əsasən, İordan çayının qərb sahili və İsrail tərəfindən işğal edilmiş Qəzza zolağına vahid müvəqqəti hökumət rəhbərlik edəcək. Razılaşma 1 ildən sonra keçirilməli olan parlament və prezident seçkisinə hazırlığı da nəzərdə tutur.
Mahmud Abbas bildirib ki, o, fələstinlilərin «qara səhifə»ni çevirdiklərinə, bundan sonra heç zaman daxili qarşıdurmaya imkan verməyəcəklərinə əmindir.
HƏMAS lideri Xaled Maşaal isə öz növbəsində razılaşmanı «yeni ərəb və yeni Fələstin erasının başlanğıcı» adlandırıb və bunun «İsraili küncə sıxışdıracağını» söyləyib.
Bundan əvvəl Fələstin administrasiyasının rəsmisi Nabil Əbu Rudeyna bildirmişdi ki, indi İsrail vahid Fələstin xalqı ilə sülh və ya Fələstin ərazisində yəhudi yaşayış məntəqələrinin tikintisinin davamı arasında seçim etməli olacaq.
İsrailin baş verənlərə reaksiyası isə tamamilə gözlənilən olub. Baş nazir Benyamin Netanyahu milli barışıq haqda razılaşmanı «sülhə ciddi təhlükə və terrorizmin böyük qələbəsi» adlandırıb. HƏMAS-la razılaşmaya getdiyi üçün Abbası tənqid edən Netanyahu İsrail və bir sıra Qərb dövlətlərinin bu hərəkatı terrorçu təşkilat kimi tanıdığını xatırladıb.
Yəhudi dövlətinin xarici işlər naziri Aviqdor Liberman isə Rəmallahdakı Abbas administrasiyası ilə bütün əlaqələrin dərhal dayandırılması tələbi ilə çıxış edib.
Mahmud Abbas bütün bunlara İsrail rəhbərliyini tənqid atəşinə tutmaqla cavab verib: «Biz şantajı rədd edir və daha Fələstin ərazilərinin işğalı ilə barışmaq istəmirik». HƏMAS-la barışığın Fələstinin daxili işi olduğunu deyən Abbas fikrini belə davam etdirib: «Onlar bizim qardaşlarımız, öz ailəmizdir. Aramızda fikir ayrılığı ola bilər. Amma biz artıq qarşılıqlı anlaşmanın maksimal səviyyəsindəyik».
Şübhəsiz, Fələstin daxilində əldə edilmiş barışıq hazırda bütünlükdə ərəb dünyasını bürümüş böyük bir prosesin tərkib hissəsidir. Xüsusilə, bunun HƏMAS-ın FƏTH-ə qarşı mövqeyini yumşaltması fonunda baş verdiyini görməmək mümkün deyil. Bu bəlkə də uzun müddətdir, Suriyada yaşanan qeyri-müəyyənliklə bağlıdır. Xatırladaq ki, xeyli vaxtdır etiraz dalğasının bürüdüyü Suriyanın hakim rejimi Fələstin radikallarının əsas himayədarlarından biri sayılır. Digər yandan, FƏTH-in mövqelərini radikallaşdırması da ortadadır. Son illər onu HƏMAS-dan ayrı salmış bir qədər yumşaq mövqeyi İsraillə danışıqlarda heç bir nəticə verməyib. Xüsusilə, İsrailin işğal etdiyi torpaqların taleyi, Qüdsün statusu və qanunsuz yəhudi yaşayış məntəqələrinin inşası kimi fundamental məsələlərin həllində heç bir nəticə əldə edilməyib.
Nəhayət, Fələstinin qarşı-qarşıya durmuş iki düşərgəsini kompromisə təhrik edən daha bir məqam var. Söhbət BMT Baş Assambleyasının Fələstin dövlətini tanımasının mümkünlüyündən gedir. Bu qurumun qərarı, əlbəttə ki, əsas deyil. Çünki icrası məcbur olan qərarlar yalnız Təhlükəsizlik Şurasında çıxarılmış qərarlardır. Amma dünya ictimaiyyətinin böyük hissəsinin Fələstini dəstəkləməsi İsrailə beynəlxalq təzyiqin güclənməsinə aparıb çıxara bilər.
Bütün bunların fonunda Qərbin, ilk növbədə, ABŞ-ın İsrailin Fələstin ərazilərini işğalı ilə bağlı mövqeyini sərtləşdirməsi çoxdan hiss olunur. Söhbət, ənənəvi olaraq, İsrailə himayədarlıq edən, yaxud ən azı, beynəlxalq arenada antiisrail qüvvələrinin qarşısını almağa kömək edən ciddi güc mərkəzlərindən gedir. Bu baxımdan, Fransanın Fələstin dövlətini tanımaq fikrinə düşməsi maraqlıdır. Hələ martın 16-da Avropa İttifaqının xarici məsələlər üzrə parlament komissiyasının iclasında Fransanın xarici işlər naziri Alan Jyüppe bildirib ki, Avropa İttifaqının Fələstin dövlətini tanıması məsələsinə ciddi şəkildə baxılmalıdır. Bundan bir qədər sonra - apreldə BMT TŞ-nin Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş iclasında Fransanın BMT-dəki səfiri Jerar Aro deyib ki, həm Paris, həm də digər Avropa ölkələri müstəqil Fələstin dövlətinin tanınmasının mümkünlüyünü nəzərdən keçirir.
Nəhayət, FƏTH-lə HƏMAS arasında barışığın əldə edilməsindən sonra, Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, «sülh prosesi bərpa olunmayacağı təqdirdə», Paris elə bu il Fələstinin müstəqilliyini tanıya bilər.
Son tezis yalnız Fransanın siyasəti baxımından yox, həm də ABŞ-ın Yaxın Şərq probleminin həlli strategiyası aspektindən də vacibdir. Barak Obama administrasiyasının İsraillə Fələstinə sülh danışıqlarında irəliləyişə nail olmaq üçün verdiyi 1 il tezliklə başa çatacaq. Vaşinqton və avropalı müttəfiqləri İsrailə göstərməyə çalışır ki, artıq Fələstinin beynəlxalq arenada dünya tərəfindən tanınmasına yönəlmiş fəallığının qarşısını almaq gücündə deyillər. Bu məsələdə əsas arqument isə Fələstin tərəfinin bu tələbinin tam qanuni olmasıdır. Onu müasir qloballaşmanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi maliyyə nəhənglərinin dəstəkləməsi də diqqəti çəkməyə bilməz.
Təl-Əvivi isə fələstinlilərin müstəqil dövlət kimi tanınması istəyi ilə BMT-yə müraciətinin İsrail üçün xeyli geosiyasi problemlər yarada biləcəyi düşündürür və bundan narahatdır. FƏTH-lə HƏMAS arasında barışığın əldə olunmasından sonra, İsrailin baş naziri Netanyahunun dərhal məsələni müzakirə etmək üçün Avropa paytaxtlarına səfərlər etməsi də təsadüfi deyil.
Bununla yanaşı, İsrail mövqeyinə sadiqdir və danışıqların başa çatmasınadək BMT-nin Fələstinin müstəqilliyini tanımasına qarşıdır. Netanyahu bildirib ki, İsraillə Fələstin arasında sülh BMT-nin diktəsi ilə deyil, yalnız danışıqlar nəticəsində mümkündür.
Qərb öz növbəsində tərəfləri danışıqların dərhal bərpasına çağırmaqdadır. Xatırladaq ki, Fələstin-İsrail danışıqları ikincinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə (BMT-nin qəbul etdiyi beynəlxalq-hüquqi sənədlərə əsasən, Fələstin dövlətinin paytaxtı) yəhudi yaşayış məntəqələrinin tikintisini davam etdirməsi nəticəsində «dalana dirənib». Təl-Əvivin inşaat işlərini dayandırmaqdan imtinası Fələstin administrasiyasının mövqeyini sərtləşdirməsinə səbəb olub. Qeyd edək ki, muxtariyyət administrasiyası problemin gələcək Fələstin dövlətinin sərhədlərinin 1967-ci ildə mövcud olmuş sərhədlər əsasında dəqiq müəyyənləşdirilməsi, Şərqi Qüdsün onun paytaxtı kimi tanınması, həmçinin, fələstinli qaçqınların geri qayıtmasının təmini ilə tam həllinə israr edir.
İsrail üçün daha bir arzuolunmaz hal Qərbin HƏMAS-ın varlığını qəbul etməsidir. ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəsinin Fələstinin yeni hökuməti ilə (yeni hökumətdə HƏMAS-ın da təmsil olunacağı aydındır) əməkdaşlıq edəcəyini açıq şəkildə söyləyib. Bu baxımdan, ABŞ-ın sabiq prezidenti Cimmi Karterin «The Washington Post» qəzetindəki məqaləsində beynəlxalq ictimaiyyətə etdiyi bir çağırışı da xatırlatmaq yerinə düşər. Eks-prezident beynəlxalq aləmi «Fələstin demokratiyasına kömək etməyə, İsraillə möhkəm sülh sazişi imzalamağa qadir olan vahid dövlət yaratmasına yardımçı olmağa» çağırıb. O, beynəlxalq dairələri FƏTH-lə HƏMAS arasında razılaşmanı pozacaq əməllərdən çəkinməyə çağırıb, bunun «yeni antiisrail zorakılığı dalğası”na yol açacağını bildirib. Karter hesab edir ki, FƏTH-lə HƏMAS arasında barışıq fələstinlilərin «ərəb dünyasının oyanışı”na töhfəsidir. ABŞ-ın sabiq prezidentinin dediyinə görə, Xaled Maşaal onunla danışıqlarda «iki dövlət» modelinə razılıq verib, lakin bunun fələstinlilər arasında referenduma çıxarılmasının vacibliyini də söyləyib.
Məşhur alman politoloq Piter Münh də İsraili və Qərbi HƏMAS-a münasibəti dəyişməyə çağırır. Onun fikrincə, burada «reflektiv düşmənçilik yox, praqmatiklik lazımdır». «Süddeutsche Zeitung» səhifələrində yer almış məqaləsində Münh bildirir ki, fələstindaxili barışıq Yaxın Şərq münaqişəsinin həlli prosesində canlanmaya imkan verir: «Ərəb dünyasındakı inqilablar yeni təfəkkürə ehtiyac yaradır. Axı indi Misirin «Müsəlman qardaşlar» qruplaşması ilə münasibət quranlar, onların fələstinli dostlarına uzun müddət fərqli münasibət göstərə bilməzlər. HƏMAS-la münasibət qurmağın vaxtıdır. Ötən dövrlər göstərir ki, onun təcrid duruma salınması durğunluğa, pis halda isə vəziyyətin daha da ağırlaşmasına səbəb olur».
Beləliklə, Qərb göstərir ki, o, Yaxın Şərqdə vəziyyətin daha da ağırlaşa biləcəyindən son dərəcə narahatdır. İsrail kimi, fələstindaxili barışığa məhəl qoyulmaması isə hadisələri məhz bu istiqamətdə apara bilər.
ABŞ və Avropanı bu mövqeyə sövq edən əsas motiv ondan ibarətdir ki, onlar İslam Dünyasının Qərbə qarşı münasibətini ildən-ilə radikallaşdıran bu ağrılı münaqişənin təsiri altında qalmaq istəmirlər. Ələlxüsus da indiki vəziyyətdə - «ərəb inqilabları» fonunda - ABŞ və onun müttəfiqlərinin ərəb rejimlərinin liberallaşdırılmasına çalışdığı (bu, təbii ki, Qərbin Yaxın Şərq və Şimali Afrikanın resurslarına yolunu daha da açacaq) və terrorçu təşkilatların bayrağı altında birləşmiş qüvvələri məhv etmək üçün addımlar atdığı bir şəraitdə, bu, olduqca vacib məsələdir.
MƏSLƏHƏT GÖR: