13 Mart 2025

Cümə axşamı, 23:06

«ÜSƏMA BEN LADEN KEÇMİŞDİR…»

İndi Vaşinqtonun qarşısında yarımmistik «1 saylı terrorçu»nun axtarışından daha vacib və çətin hədəflər durur

Müəllif:

15.05.2011

Üsəma ben Ladenin həyatı sirlərlə dolu idi. Onun ölümündə də sirlər həyatındakından az olmadı. Ben Ladenin ölümü ətrafında suallar və müəmmalar kifayət qədərdir.

O, bəşəriyyət tarixində saysız-hesabsız insan tələfatı ilə nəticələnmiş ən dəhşətli terror aktının təşkilatçısı sayılır. Ben Ladenlə şəxsən qarşı-qarşıya gəlmiş insanların sayı son dərəcə az olsa da, onun simasını, obrazını dünyada ən tanınmış simalardan biri saymaq olar. Onu dünyanın ən yaxşı xüsusi xidmət orqanları axtarır, gizləndiyi məkan haqda informasiyanın əldə edilməsi üçün milyonlarla dollar təklif olunurdu. Barəsində deyilirdi ki, o, daim nüfuzunu, təsir imkanlarını artırır, yaxud əksinə, sağalmaz xəstəliyə tutulub və «Əl-Qaidə» terrorçularına heç bir təsir imkanına malik deyil. Onu bir neçə dəfə «təbii səbəblər»dən yalandan «öldürmüş» və «dəfn də etmişdilər». Amma sonradan radikallara məxsus saytların hansındasa onun növbəti müraciəti peyda olur, Qərbə, ilk növbədə, ABŞ-a qarşı cihadın davam etdirilməsinə çağırışlar edirdi.

Nəticədə, ötən müddət ərzində Üsəma ben Laden bir virtual personaja çevrilmişdi. Jurnalistlər, politoloqlar, siyasətçilər, yazıçılar və rejissorlar onun adını yeri gəldi-gəlmədi hallandırmağı sevirdi və indi də sevirlər.

10 il ərzində Üsəma ben Laden dünyanın «1 saylı terrorçusu» sayılırdı. O, müasir insanların şüurunda şər qüvvə, sadəcə, ənənəvi ərəb geyimində və saqqalı olan «müasir Hitler» obrazında canlanırdı. Hamı əmin idi ki, o, əsl qaniçənlər kimi yaşayır/. - Əfqanıstan-Pakistan sərhədindəki əlçatmaz dağlarda yerləşən və ən son texnika ilə təchiz edilmiş mağaraların birində sığınacaq tapıb.

Odur ki, Ben Ladenin hündür hasarlı və tikanlı məftillərlə dövrəyə alınmış olsa belə, hər halda, adi evdə tapılması hamını təəccübləndirdi. Üstəlik, onun yaşadığı ev Pakistanda hər kəsə kifayət qədər tanış olan Hərbi Akademiya binasının bilavasitə yaxınlığında idi. Pakistan ordusunun 3 alayının daimi dislokasiya yeri də həmin evin həndəvərində yerləşir.

Ağ ev tərəfindən açıqlanan «ben Ladenin ev videosu»ndakı görüntülər insanlarda daha çox anlaşılmazlığa səbəb olub. Amerika xüsusitəyinatlılarının ben Ladenin şəxsi arxivindən götürdükləri görüntüdə dünyanı təlaşda saxlayan «Əl-Qaidə» lideri beli bükülmüş, saçı ağarmış qocanı xatırladır. Ona baxan zaman İraqın sabiq lideri Səddam Hüseynin həbsdən əvvəlki son illərini xatırlamamaq olmur.

Bununla yanaşı, terrorçunun evindən saç boyası və «ot viaqrası» da tapıldığı bildirilir. Bunlar «Əl-Qaidə» liderinin onsuz da ziddiyyətli imicinə ciddi zərbə sayıla bilər.

 Ben Ladenin məhvi xəbəri dünya KİV-i tərəfindən əsl sensasiya kimi qəbul edilib. O, bütünlükdə dünyada elə qızğın müzakirələrə səbəb olub ki, hətta müəyyən müddətə Britaniya şahzadəsi Uilyamın toyu, Liviyada davam edən vətəndaş müharibəsi də sanki unudulub. Bir məqamı qeyd etmək kifayətdir: «Əl-Qaidə» liderinin məhvi xəbərini ilk olaraq şəxsən ABŞ prezidenti Barak Obama elan edib. Prezidentin televiziya müraciətində bu xəbəri rəsmən açıqlamasından sonra əsl şou başlayıb. Pakistanın Abbottabad şəhərində keçirilmiş xüsusi əməliyyatın detalları, ona hazırlıq, həmçinin, ben Ladenin qəribə «dəniz dəfni»nin səbəbləri haqda hər gün yeni informasiyalar yayılmağa başlayıb. Və istər-istəməz bir daha amerikalıların, istənilən məsələdən şou düzəltmək bacarığına qibtə etməyə bilmirsən.

Qeyd etmək lazımdır ki, bu dəfə şou, hətta interaktiv alınıb. Çünki bu şouda dünyanın müxtəlif yerlərində evində internetə qoşulu kompyuter olan saysız-hesabsız insanlar da iştirak edib. Axı indi nəinki şərh yazmaq mümkündür, opponentlərlə qızğın mübahisələrə girmək, onlara «fotoşop», «movimayker» vasitəsilə maksimum kreativ və əminliklə cavab vermək, bloqlarda istənilən qədər məqalə yerləşdirmək imkanları var.

Yəni Üsəma ben Ladeni və onun məhvi əməliyyatını müxtəlif xəbər və analitika saytlarının milyonlarla ziyarətçi ordusu hərtərəfli müzakirə edir. Qeyd olunmalıdır ki, bu insanların heç də hamısı ABŞ-a pərəstiş etmir. Onların bir hissəsi ben Ladenin məhvi xəbərindən dərhal sonra bunu bayram etməyə çıxmış insanlarla eyni düşüncədə də deyil.

Bütün bunların fonunda ben Ladenin məhvi xəbərinin yayılmasından bir qədər sonra ortaya çoxlu sayda versiya və suallar çıxmasından təəccüblənməyə dəyərmi? Hər halda, Vaşinqton həmin suallara ya cavab verməyə tələsmir, ya da onların qarşısında sadəcə çaşıb.

ABŞ yad ölkənin ərazisində onun rəhbərliyini xəbərdar etmədən ben Ladenin məhvi məqsədilə əməliyyat keçirmək hüququna malik idimi? Pakistan hökuməti 1 il Abbottabadda yaşayan ben Ladeni bu müddətdə necə nəzərdən qaçıra bilərdi? ABŞ-ın ben Ladeni öldürmək hüququ var idimi? Axı beynəlxalq hüquqa görə o, yalnız şübhəli şəxs idi və məhkəmə qarşısında dayanmalı idi. Ben Ladenin oğulları «The New York Times»a açıq məktub ünvanlayaraq, ABŞ-ı atalarının qətlində təqsirləndirmək cəsarətini haradan alıblar? Ağ ev «Əl-Qaidə» liderinin ölümündən sonra çəkilmiş fotolarını niyə yayımlamır? Axı hazırkı xəbərlərin izləyicilərindən, xüsusilə internet istifadəçilərindən kiminsə başından güllə yarası alaraq öldürülmüş cəsədi görməkdən şoka düşəcəyini düşünmək sadəlövhlük olardı. Ben Ladenin dəfni üçün niyə məhz bu ssenari seçildi?

Bütün bunların fonunda baş verənlərlə bağlı müxtəlif versiyalar yağışdan sonra çoxalan göbələk kimi artmaqdadır. Məsələn, bəziləri iddia edir ki, ABŞ xüsusitəyinatlıları ben Ladeni deyil, başqa şəxsi öldürüb. «Əl-Qaidə» lideri isə çoxdan öz əcəli ilə dünyasını dəyişib. 

Digər versiyada ben Ladenin sağ tutulduğu və hazırda gizli türmədə saxlandığı bildirilir. Yaxud o, plastik əməliyyat etdirib və hazırda haradasa başqa adla sakit həyat tərzi keçirir. 

Niyə də olmasın? Axı o, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olub! 

Amma yox. O, həqiqətən də Amerika kəşfiyyatının agenti olsaydı, onu «qurbanlıq qoyun» seçmək və sonradan janrın tələblərinə uyğun olaraq öldürmək daha asan idi. Yaxud onu başqa, əsl terrorçulara da vermək olardı: qoy onunla həmin terrorçular haqq-hesab çəksin.

Təbii ki, bu versiyaların heç biri təsdiqlənməyib.

Vəziyyət isə belədir: müxtəlif politoloq, ekspert və siyasətçi baxışları, rəyləri var. Amerika xüsusitəyinatlılarının Abbottabaddakı əməliyyatı ilə bağlı saysız-hesabsız insan öz fikirlərini, ehtimallarını söyləyib və əlbəttə ki, həmin şəxslər öz fikirlərində qalırlar. Amma bütün bunlarla yanaşı, bir məqamı da unutmaq olmaz: Amerika hökumətinin öz rəsmi mövqeyi var.

Gələcək müzakirələrdə istənilən nöqteyi-nəzərlə razılaşmaq olar - kim hansını bəyənirsə. Məsələn, rəsmi mövqeni, yaxud amerikalıların ben Ladeni guya hələ 2001-ci ildə öldürdüyünə, o vaxtdan məlumatı gizli saxladığına dair deyilənləri. Bu ideya tərəfdarları hesab edir ki, Vaşinqton ötən illərdə ben Ladenin sağ olduğuna dair görüntü yaratmaqla lazımi anda Yaxın Şərq, Mərkəzi Asiya, Şimali Afrika və ya başqa bölgədəki əməllərinə haqq qazandırmaqda onda istifadə edib. Yalnız indi - «1 nömrəli terrorçu»nun obrazı «resurs olaraq tükənən zaman» onun məhvinin elan olunması üçün ən səmərəli məqam yetişib. Məqsəd Obamanın ikinci müddətə prezident seçilmək şanslarının yüksəldilməsidir. Bəlkə də amerikalıların diqqətini ölkədəki iqtisadi problemlərdən yayındırmaq.

Bunun həqiqətən belə olduğu, yoxsa ABŞ-ın hazırkı administrasiyasının, sadəcə, bəxtinin gətirdiyi vacib deyil. Vacib olanı bunlardan hansı nəticənin çıxarılmasıdır. Nəticə isə ondan ibarətdir ki, Barak Obama administrasiyası Ağ evdə olduğu dövr ərzində Corc Buşdan qalmış miraslardan yaxa qurtarmağa çalışır - həm iqtisadiyyatda, həm də xarici siyasətdə. Ben Ladenin də həmişə Buş dövrünün «parlaq rəmzi» olduğunu nəzərə alsaq, bunu ən vacib mərhələlərdən biri saymaq olar.

Məlumdur ki, hətta ben Laden həqiqətən də parlaq və güclü lider olsa belə, bir nəfərin məhvi «terrorçuluqla müharibə»də ciddi dəyişikliklərə nail olunması üçün azdır. İndiyədək ekspertlər dəfələrlə təkrarlayıb ki, «Əl-Qaidə» piramida formalı təşkilat yox, qarşılıqlı fəaliyyətdə olan qruplaşmaların şəbəkəsidir.

Amma Üsəma ben Laden yenə də mərkəz idi. Bu çox vacib psixoloji məqamdır. Nə qədər ki o, rəsmən sağ idi, amerikalılar Əfqanıstanı tərk edə bilmirdi. Əfqanıstandan çıxmaq isə məlum olduğu kimi, ABŞ-ın hazırkı prezidentinin əsas hədəflərindəndir.

Bu yerdə bir məqam haqda düşünməmək olmur: amerikalıların qondarma və ya həqiqi ben Laden və «Əl-Qaidə» kimi «bəhanə»yə ehtiyacı nədən yaranmışdı?

Yaxın Şərq ölkələrində onların hərbi bazaları bunadək də var idi. Mərkəzi Asiyanın enerji resursları uğrunda Rusiya ilə rəqabət aparmaq üçün bu regionda hansısa yollarla möhkəmlənmək də son zamanlar Vaşinqtona elə də çətin başa gəlmirdi. Hətta düşünmək olar ki, Vaşinqtonla Moskvanın bu regiondakı mübarizəsi tamam əks-effekt verərək, Çinin Mərkəzi Asiya ölkələrindəki iqtisadi mövqelərinin möhkəmlənməsi ilə nəticələnib. 

İraqa Amerikanın hərbi bazaları başqa və məşhur bəhanə ilə yerləşdirilib. Orada «Əl-Qaidə» də özünü Səddam Hüseynin devrilməsindən sonra göstərməyə başlayıb.

Əfqanıstanda da xüsusi uğurlar nəzərə çarpmır. Ən azı, ona görə ki, «Taliban» hərəkatı hələ də yaşayır və yaraqlıların törətdikləri bu qruplaşmanın özünü «yaxşı hiss etdiyini» nümayiş elətdirir. Amerika ordusu isə orada əməlli-başlı ilişib - nəhəng büdcə kəsrinin olduğu vaxtlarda buna milyardlarla dollar xərclənir, amerikalı əsgərlər həlak olur, NATO-dan olan tərəfdaşları daim əlavə yardımlara ehtiyacın olduğuna inandırmaq məcburiyyəti yaranır, humanitar və hərbi yüklərin tranziti üçün Rusiya ilə razılaşmaya və güzəştlərə getmək lazım gilər.

Üstəlik, hər il, hər ay daha da aydın olur ki, Əfqanıstan probleminin həlli üçün hərbi güclə yanaşı, digər yollar da tapılmalıdır. Amma nə qədər ki Ben Laden sağ idi, «mülayim taliblər»lə danışıqların hansısa uğura gətirib-çıxaracağı inandırıcı görünmürdü. Üstəlik, Pakistan da Amerika üçün başağrısına çevrilib - indi amerikalıların pakistanlılara sualları kifayət qədərdir. Nəzərə alsaq ki, Vaşinqton terrorla mübarizə üçün İslamabada nəhəng həcmdə maliyyə ayırır, Ağ ev pakistanlı tərəfdaşlarından bunun nəticəsini tələb etməkdə haqlıdır.

Bir sözlə, ben Ladenin məhvi Afrikadan Cənub-Şərqi Asiyayadək nəhəng ərazidə məskunlaşmış terrorçu hərəkatları «sehrli çubuğun hərəkəti ilə» zərərsizləşdirməyə imkan verməyəcək. Bundan başqa, hazırda ərəb ölkələrində yaşananlar terrorçulara yeni hədəflər və yeni imkanlar açır. Məsələn, «Ərəbistan yarımadasında «Əl-Qaidə» təşkilatı  hazırda iğtişaşlara qərq olmuş Yəməndə çox aktivdir. «Məğribdə “Əl-Qaidə» təşkilatının Liviya qiyamçılarının sıralarına daxil olduğu, NATO qüvvələrinin də dəstəyi ilə Müəmmar Qəddafi ordusuna qarşı mübarizə apardığına dair fikirlər dəfələrlə səsləndirilib. 

Lakin bütün bunların fonunda Üsəma ben Ladenin məhvi beynəlxalq terrorizmlə mübarizənin müəyyən mərhələsinin sonunun çatdığını açıq şəkildə nümayiş etdirir. Bu fikri xüsusilə ərəb dünyasında açıq-aşkar dəyişməkdə olan vəziyyət daha da tutarlı edir. Yaxın Şərqdə çox çətin proseslər yaşanır. Burada çoxlu maraq, dini məsələ, hakimiyyət uğrunda mübarizə, yaxud əksinə, süni yaradılmış qarşıdurma, çoxsaylı qüvvələr arasında mübarizə və s. bir-birinə qarışıb. «Ərəb baharı» arxada qalsa da, regionda hər şey hələ yeni başlayır. Hələ heç ərəb dünyasında və xüsusilə, ərəb-İsrail nizamlanmasında mühüm rol oynayan Misirin siyasi gələcəyi belə aydın deyil. Məhz Qahirənin fəal köməyi ilə FƏTH-lə HƏMAS arasında barışığa nail olunub və bu həm İsrail, həm də Qərb ölkələri üçün yeni şərtlər diktə edir.

Bütün yuxarıda qeyd olunanları nəzərə alsaq, ABŞ-ın bütün bunlardan kənarda qalacağını, öz maraqlarının, nəzarətinin təmininə çalışmayacağını düşünmək sadəlöhvlük olmazmı? 

Odur ki, artıq Vaşinqtonu yarımmistik ben Ladenin axtarışı ilə müqayisədə daha vacib və çətin hədəflər gözləyir.

«The New York Times» yazır ki, Barak Obama Üsəma ben Ladenin məhvindən ərəb dünyasındakı təlatümlərə yeni reaksiya ortaya qoymaq üçün istifadə etməyi düşünür. Söhbət Tunisdən Bəhreynədək olan böyük bir regiondakı xalq üsyanları ilə bağlı vahid nəzəriyyədən gedir. Obamanın milli təhlükəsizlik üzrə məsləhətçisinin müavini Benjamin C.Rodsun sözlərinə görə, Ağ ev sahibi mayın 23-nə Avropaya səfərə yollananadək xüsusi bəyanatla çıxış edəcək. Bəyanatın məğzi «ben Ladenin artıq keçmişin bir səhifəsi olduğu, regiondakı hazırkı hadisələrin artıq gələcəklə bağlılığı»ndan ibarətdir. Rods əmindir ki, bugünkü durum ABŞ-la İslam Dünyası arasında çətin qarşılıqlı anlaşma məsələlərinin dəyişdirilməsi üçün əlverişli şərait yaradır.

«Amerikanın səsi» isə xəbər verir ki, Ağ evin mətbuat katibi Cey Karni Amerika prezidentinin çıxışının yalnız ərəb dünyasına ünvanlanmayacağını, daha geniş auditoriya üçün nəzərdə tutulduğunu bildirib. Obama Yaxın Şərq və Şimali Afrika ölkələrindəki siyasi dəyişikliklərdən danışacaq, İsraillə Fələstin arasında münaqişənin sülh yolu ilə həlli üçün səylərin bərpasından söz açacaq. Yəni söhbət faktik olaraq Amerika ilə ərəb dünyası arasında münasibətlərin «yenilənmə”sindən gedir.

Amma vacib olanı bu da deyil. İlk baxışdan, İranın nüvə proqramı ilə bağlı vəziyyətin bir qədər sakitləşdiyi düşünülsə də, regionda ABŞ üçün əsas problem yenə də Tehran olaraq qalır. Yeri gəlmişkən, İran da ərəb dünyasında yaşananlardan kənarda qalmır və mümkün olan hər yerdə öz maraqlarını güdür.

Qərb üçün başağrısına çevrilmiş İslam Respublikası ilə müqayisədə Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrinə paylanmış və  kifayət qədər parçalanmış durumda olan «Əl-Qaidə» Vaşinqton üçün yalnız qaçdı-tutdu oyunudur.



MƏSLƏHƏT GÖR:

551