12 Mart 2025

Çərşənbə, 22:37

NİYƏ LİVİYADA OLAR, QARABAĞDA İSƏ YOX?

«Rusiya qlobal siyasətdə» jurnalının baş redaktoru şərh və proqnozlarını «R+» ilə bölüşür

Müəllif:

15.05.2011

Dünyanın siyasi xəritəsi həmişəki kimi, çoxqütblü olaraq qalır. Yaxın perspektivdə bu qütblər elə olduğu kimi də qalacaq. Amma dünya geosiyasətinin ağırlıq mərkəzi isə bir qütbdən digərinə keçə bilər. Məsələn, əgər dünənədək hökmranlıq ABŞ-da idisə, bu gün onun Asiyaya tərəf meyilləndiyi ortadadır.

Məşhur «Rusiya qlobal siyasətdə» jurnalının baş redaktoru Fyodr Lukyanov hesab edir ki, artıq fövqəldövlətlərdən hansınınsa birqütblü dünya düzəninə nail olduğu dövr arxada qalıb. Amma dünyanın geosiyasi düzəni Yaxın Şərq və ərəb  ölkələrindəki inqilab dalğası kimi proseslərin təsiri ilə mütəmadi olaraq dəyişir.

F. Lukyanov bugünkü qlobal siyasətdə kimə hansı rolun düşməsi, ərəb inqilablarının dünyaya  nə vəd etməsi, həll olunmamış münaqişələrin Cənubi Qafqaz regionundakı geosiyasi proseslərə təsiri, ümumiyyətlə, qlobal siyasətdə hadisələrin hansı       ssenari ilə inkişafı  haqda fikirlərini jurnalımızla bölüşüb.

- İcazə verin, əvvəlcə müasir Rusiyanın qlobal siyasətə təsir imkanları haqda soruşaq. Rusiyanı aparıcı geosiyasi oyunçu olaraq, ABŞ, Avropa və digərlərindən nə fərqləndirir?

- Rusiyanın beynəlxalq məsələlərə təsir imkanlarını ölçmək çətindir. Çünki bunun üçün universal şkala yoxdur. Bu, xüsusilə çox çətin və müxtəlifliklərlə dolu olan dünyada daha mürəkkəbdir. Rusiya ABŞ-dan zəif dövlətdir və onunla qeyri-bərabər  rəqabət aparır. Amma o, Avropanın istənilən ölkəsindən, hətta ümumilikdə, Avropa İttifaqından da güclü dövlətdir. Rusiyanın iqtisadi gücünün artırılmasına ehtiyac var. Amma onun gücü hələ də enerji resursları və istehlak bazarı hesabına böyükdür. Strateji planda (hərbi və siyasi) Rusiya ABŞ-a uduzur. Amma Çin istisna olmaqla, qalan dövlətlərdən öndədir. Sovet İttifaqının dağılmasından sonra Rusiyanın fövqəldövlətliyinə son qoyuldu. Amma o, müəyyən geosiyasi aktivlərə malik vacib regional oyunçulardandır.

- Rusiya ilə ABŞ arasında «soyuq müharibə»nin bərpası ehtimalı varmı? Yoxsa bu müharibə heç zaman bitməyib və sadəcə zəifləyib?

- «Soyuq müharibə» SSRİ-nin dağılması ilə bitib. Bu gün müşahidə etdiklərimiz sadəcə sönməkdə olan enerjinin görüntüləridir. Beynəlxalq sistemin inkişafında «soyuq müharibə» unikal mərhələ olub - bu mərhələdə çoxqütblü rəqabət, faktik olaraq, sabit qayda-qanunu təmin edirdi. Onu bərpa etmək mümkün deyil. Biz heç zaman onun analoji formada bərpasını görməyəcəyik.

Rusiya-ABŞ münasibətlərinə gəlincə, keçmişin yükü çox ağırdır. Amma beynəlxalq vəziyyətdə ciddi dəyişikliklər olduğundan, diqqət Asiyaya - Şərq və Cənuba yönəldiyindən, Moskva ilə Vaşinqton arasında münasibətlərin xarakterində dəyişiklik qaçılmazdır.

- Dünyanın bir fövqəldövlət tərəfindən idarə olunacağı fikri ilə razısınızmı? Sizcə, bu vahid siyasətə kim rəhbərlik edəcək? Rusiya, yoxsa ABŞ?

- Heç bir fövqəldövlət dünyaya təkbaşına nəzarət etmək iqtidarında deyil. Nə ABŞ, nə Çin, nə Rusiya, nə də digəri. Bu mümkünsüzdür. ABŞ 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində bunu etməyə cəhd göstərsə də, uğursuz oldu.

- Bəs Rusiyanın Qafqazla bağlı siyasəti hansı hədəflərə hesablanıb?

- Sabitlik,  proqnozlaşdırılma, Rusiyanın maraqlarına hörmət. Rusiya reallığı dərk edir və burada digər fövqəldövlətlərin mövcudluğunu, fəaliyyətini istisna edən unikal status iddiasında deyil. Amma Rusiyanın mövqeyi hər zaman nəzərə alınmalıdır. Əks təqdirdə, 2008-ci ildə Gürcüstanda yaşanmış ssenari ilə üzləşə bilərik.

- Dünyanın fövqəldövlətlərindən hansı Azərbaycan üçün prioritet olan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilər? Bu, Rusiyadırsa, o nə gözləyir?

- Bunu yalnız 2 ölkə edə bilər - Ermənistan və Azərbaycan. Qalanları prosesə öz töhfəsini verə, təsirini göstərə bilər. Amma Bakı ilə Yerevandan başqa heç kəs yekun həll rçaqlarına malik deyil.

- Qarabağ siyasətində Azərbaycana münasibətdə belə ikili standartlar nə ilə bağlıdır? Bu yaxınlarda Prezident İlham Əliyev BMT-nin Dağlıq Qarabağa dair 4 qətnaməsinə hələ də əməl edilmədiyini, Liviya ilə bağlı qətnamənin isə dərhal icra olunduğunu xatırladıb.

- Beynəlxalq məsələlərdə ikili standartlar normal haldır. Onlar hər zaman konkret vəziyyətlə bağlı nəhəng dövlətlərin maraqlarına əsaslanır. Liviya ilə Qarabağın müqayisəsinə gəlincə, nə qədər qəribə görünsə də, Liviya problemi maraqların qurulması baxımından daha əhəmiyyətsiz və sadədir. Odur ki, bu məsələdə ümumi dil tapmaq daha asan oldu.

- Bu yaxınlarda Yaxın Şərqdə qüvvələr balansı ilə bağlı Bakıda keçirilmiş konfransda iştirak etmisiniz. Balans kimin xeyrinə dəyişə bilər?

- Hələ bu haqda danışmaq çox tezdir. Ümumilikdə, ərəb dünyası daha müstəqil və Qərbə daha az meyilli olacaq. Amma bunun nə qədər sürətlə və hansı formada baş verəcəyi hələ ki məlum deyil.


MƏSLƏHƏT GÖR:

506