14 Mart 2025

Cümə, 21:45

YEL KİMİ ÖTMƏK

Nəqliyyatın hərəkətinin idarə olunmasının intellektual sistemi «tıxac» problemini həll edəcək

Müəllif:

01.05.2011

Fərdi avtonəqliyyat vasitələrinin çoxluğu, yollardakı tıxaclar, yetərli sayda avtomobil və avtobus dayanacaqlarının olmaması, avtobusların qrafiksiz hərəkəti, ümumilikdə isə  nəqliyyatın hərəkətinin xaotikliyi - bütün bunlar heç də Bakının nəqliyyat problemlərinin tam mənzərəsini əks etdirmir. Çox təəssüf ki, «nəqliyyat qarışıqlığı» problemi  bu gün də aktual olaraq qalır. Amma yaranmış durumdan çıxış imkanı həmişə var. Mütəxəssislər vahid fikirdədirlər ki, nəqliyyat  nəhəng sistemdir və onu idarə etmək lazımdır.  Bizim yüksək texnologiyalar əsrimizdə bu elə də çətin deyil - sadəcə, istək lazımdır. Və bir də pul. 

   

İNS nədir? 

Şəksiz ki, paytaxtın nəqliyyat sistemində olan problemlərin kökünü kəsmək istəyi həmişə olub. Özü də bunu təkcə ictimai nəqliyyatdan istifadə edən  sərnişinlər və ya avtomobil sürənlər  istəməyiblər. Azərbaycanın Nəqliyyat Nazirliyi bu çox gərəkli məsələnin, heç olmasa, müəyyən qisminin həll edilməsi üçün həsəd aparılacaq səviyyədə inad nümayiş etdirib. O, dünyanın bir sıra qabaqcıl ölkələrinin bu sahədəki  təcrübəsini fəal öyrənməyə başlayıb. Bizim mütəxəssislər paytaxt Seulda nəqliyyatın idarəedilməsi üzrə intellektual sistem tətbiq etmiş Koreyanın təcrübəsini qəbul etməyə qərar veriblər - bunu qısa şəkildə intellektual nəqliyyat sistemi (İNS) adlandırırlar. 

Bu sistemin üstünlüklərindən danışmazdan öncə qeyd etmək lazımdır ki, əslində, Cənubi Koreya İNS-in tətbiq edildiyi tək ölkə deyil. Bu hörmətli siyahıda, həmçinin, İtaliyanın (Turin), ABŞ-ın (Los-Anceles) və bir sıra başqa dünya ölkələrinin adına rast gəlmək olar. Belə sistemin tətbiqi zaimanı xüsusi diqqət əlaqələndirici dispetçer mərkəzinin yaradılmasına yönəldilir; bu, beyin-sistemin nüvəsidir, onsuz İNS-nin işləməsi qətiyyən mümkün deyil. Xaricdə belə mərkəzlər ilk dəfə keçən yüzilliyin 1980-1990-ci illərində yaradılmağa başlanıb, artıq keçən yüzilliyin 90-cı illərində isə ilk İNS layihələri gerçəkləşdirilməyə başlanılıb. 

Bəs vahid sistemin özü nədir və o, hansı problemlərin həlli üçün nəzərdə tutulub? 

Ondan başlayaq ki, bütün İNS-lərin əsasında yollardakı avtomobil durumu barədə «on-line» rejimdə fasiləsiz və kəsilyməyən məlumat yığımı durur - buraya nəqliyyat axınının sürəti, magistralların yüklənməsi, tıxaclar, qəzalar, bütövlükdə, nəqliyyatın hərəkət şəraiti barədə məlumatlar daxildir. Bütün bu məlumat mərkəzə daxil olur və operativ şəkildə işlənir. Və bu məlumatlar təkcə mütəxəssislər üçün nəzərdə tutulmur. Real rejim şəraitinidə ondan sərnişinlər, taksi, avtobus, fərdi avtomobil sürücüləri, yol polisi əməkdaşları, həmçinin, avtobus dayanacaqlarında nəqliyyat gözləyən insanlar da, yəni bütün istəyənlər istifadə edə bilər. Çünki bu məlumat elektron tablolarda yerləşdirilir və bir sıra ölkələrdə həmin tablolar avtobus dayanacaqlarında və avtomagistralların müəyyən sahələrində yerləşdirilir. Bundan başqa, bir çox meqapolislərin dispetçer mərkəzlərində yalnız yol hərəkəti və sərnişin daşınması barədə deyil, həm də avtomobil dayanacaqları barədə də məlumat almaq mümkündür. 

Yollarda və küçələrdə təhlükəsizlik məqsədilə  videomüşahidə sistemindən istifadə edilir ki, bu da nəqliyyat axınlarının idarəedilməsinə, yolun ayrıca göitürülmüş hissəsində və yaşayış məntəqələrində nəqliyyatın giriş-çıxışını təşkil etməyə imkan yaradır. 

 

MDB-də ilk dəfə 

Göründüyü kimi, sistemin üstünlüklərini sadalamaqla bitməz. Buna görə də nəticəni gözlətməyə dəməzdi və 2008-ci ilin yazında Bakıda Nəqliyyat Nazirliyi ilə Cənubi Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi arasında paytaxtda nəqliyyatın hərəkətinin intellektual idarəetmə sistemi çərçivəsində vahid dispetçer mərkəzinin yaradılması barədə saziş bağlanılıb. Layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) tutulması ilə Cənubi Koreyanın «SK C&C Co. Ltd» şirkəti məşğul olub, o, Seuldakı analoji mərkəzin də layihəsinin müəllifidir. 

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanda yaradılacaq İNS bütün MDB məkanı üzrə ilk bu cür sistem olacaq. Bu layihə vahid dispetçer mərkəzi vasitəsilə marşrutlu nəqliyyat vasitələrinin üzərində tam nəzarəti gerçəkləşdirmək məqsədi daşıyır. Buraya, həmçinin, marşrutlu nəqliyyat vasitələrinin qrafik üzrə işləməsinə nəzarət, yollarda tıxacların aradan qaldırılması da daxildir. Yəni başqa sözlə, mərkəz mövcud problemlərin aradan qaldırılması üçün operativ qərar qəbul etməyə imkan verəcək. 

Vahid dispetçer mərkəzi üçün bina tikintsi üzrə işlər davam etdirilir və o, Heydər Əliyev prospekti, 105  ünvanında yerləşəcək. Daha sonra sistemin genişlənməsi hesabına mərkəz Abşeronda, Xırdalanda, Sumqayıt və Gəncədə də fəaliyyət göstərəcək. 

İNS layihəsinin ikinci əsas bəndi çağdaş avtobusların alınmasını və avtobus parkının yenilənməsini nəzərdə tutur. Nəqliyyat Nazirliyi tərəfindən, həmçinin, təkrarlanan marşrutların ləğv edilməsi və ya birləşdirilməsi, kiçikölçülü avtobusların orta və ya iriölçülü avtobuslarla əvəzlənməsi üzrə işlər də görülür. Bakıda mövcud olan 310 marşrutdan yalnız 217-ni saxlamaq planlaşdırılır.Görülən işlər nəticəsində istismarda olan 3300 kiçikölçülü  marşrut  avtobuslarındın 1496-sı çıxarılıb, onları 1130 iri   və 674 ortaölçülü avtobuslar əvəz edib, həmin avtobuslar da Bakıya tədbirlər planı çərçivəsində gətirilib. 

Azərbaycan Prezidenti İlham Əliyevin  26 oktyabr 2007-ci il tarixli sərəncamı ilə «Azəryolservis» ASC, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi, İcra Hakimiyyəti (İH), həmçinin «Bakısərnişinnəqliyyatı» MMC birlikdə İNS-in əhatə etdiyi zonada 664 avtobus dayanacağı yeri müəyyən ediblər və artıq dayanacaqlar üçün yol «cibləri»nin, həmçinin, dayanacaqların özlərinin tikintisinə də başlanılıb. 

Bu günə kimi şəhər İH tərəfindən paytaxtda 375 dayanacaq tikilib və daha 289 dayanacağın quraşdırılması da nəzərdə tutulur. 29 «cib» tikilib və daha 635-nin tikilməsi də gözlənilir. Tamamilə yenitipli olacaq avtobus dayanacaqlarında elektron tablo yerrləşdiriləcək ki, bu, avtobusların hərəkətini və marşrutlarını müşahidə etməyə imkan yaradacaq. Bunun üçün peyk naviqasiyasından da istifadə ediləcək. Tablo və videokameraların yardımı ilə nəqliyyatın hərəkətinin və sərnişinlərin istifadəsinin rahatlığı üçün avtobus dayanacaqlarının yerləşməsinin effektivliyi yoxlanacaq.  Nəqliyyat Nazirliyi katibliyinin başçısı Namiq Həsənovun sözlərinə görə, 2011-ci ilin sonuna kimi yenitipli dayanacaqların quraşdırılması planlaşdırılır. 

Bundan başqa, İNS çərçivəsinə 150 yeni elektron işıqforların quraşdırılması nəzərdə tutulur. Bütövlükdə, sistemin tətbiqi nəticəsində işıqforların və avtobus da-yancaqlarının sayı rasionallaşdırılacaq. 

Uzaq perspektivdə layihə çərçivəsində elektron kartlarla ödəniş sistemi tətbiq ediləcək. Bu, sərnişinlərə ən yüksək səviyyədə xidmət  göstərməyə imkan yaradacaq. O cümlədən, avtobus və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında qoyulmuş POS-terminallar vasitəsilə sərnişinlərə və turistlərə  optimal transfert seçimi üçün marşrutlar barədə məlumat veriləcək, seçilmiş marşrut üzrə mərkəzləşdirilmiş bilet satışına şərait yaradılacaq. 

İNS layihəsinin dəyəri ilkin çağlarda $55 mln səviyyəsində qiymətləndirilirdi. Ancaq Namiq Həsənovun sözlərinə görə, «videomüşahidənin altı əsas istiqamətdən kənara çıxması» səbəbi ilə layihənin qiyməti $77 mln.-a kimi qalxıb. Namiq Həsənov qeyd edir ki, əsasən, bu vəsait videomüşahidə sisteminin yaradılmasına sərf ediləcək. 

 

Mülayim noyabr

Yeri gəlmişkən, yoldakı  tıxaclarının aradan qaldırılması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) də az iş görmür. DYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidovun sözlərinə görə, artıq indidən işıqforlarda xüsusi sayğaclar quraşdırılır ki, onların vasitəsilə maşın axınının sıxlığına nəzarət edilir, yolların yüklənməsindən asılı olaraq, o, avtomatik olaraq keçirilir. Başqa sözlə, lazım olduqda, «yaşıl dalğa» işə salınır və onun vasitəsilə avtonəqliyat vasitələri işıqforlarda dayanmayaraq bir neçə küçə keçə bilirlər.

Bu cür sistem artıq Heydər Əliyev, Neftçilər, Bülbül prospektərində, həmçinin, R.Behbudov küçəsində  işə salınıb və müsbət nəticələr də verir. 

Həmçinin, Ə. Məcidovun sözlərinə görə, gələcəkdə sürücülər üçün də naviqasiya sistemi işə salınacaq. Belə ki, göyərtə marşrutizatoruna yazılmış xüsusi proqram vasitəsilə magistrallarda quraşdırılmış sayğaclardan yolların yüklənməsi barədə məlumat əldə etmək mümkün olacaq. 

Başqa sözlə, İNS nəqliyyatı maksimum effektiv şəkildə idarə edəcək. Məsələ bundadır ki, nə vaxt? 

Daha öncə, nəqliyyat naziri Ziya Məmmədov bildirmişdi ki, «İNS layihəsinin başa çatdırılması 2011-ci ilin birinci yarısına planlaşdırılır». Ancaq Cənubi Koreyanın torpaq, nəqliyyat və su işləri naziri Conq Xvan Çunq bildirir ki, «layihənin başa çatdırılması aprelə nəzərdə tutulur». Müddətin dəqiqləşdirilməsi üçün biz «Bakısərnişinnəqliyyat» SC-nin mətbuat xidməti Samir Həsənov ilə də əlaqə saxladıq  və müəyyən etdik ki, «layihə bütünlüklə bu ilin sonuna başa çatacaq». 

Daha dəqiq məlumatı Naqliyyat Nazirliyində  katibliyin başçısı Namiq Həsənovdan almaq mümkün oldu. O, «Region plus»a bildirib ki, noyabrda vahid dispetçer məntəqəsinin işə salınması planlaşdırılır. «Yalnız mərkəzin işə salınması ilə kifayətlənilməyəcək - nəqliyyatın hərəkətinin bütün intellektual idarəetmə sistemi hərəkətə gətiriləcək», - deyə o vurğulayıb.

Deməli, payızda Azərbaycan paytaxtı MDB-də tək olan nəqliyyat idarəetmə sistemi, ən müasir avtobus daynacaqları və işıqforları ilə qürur duya bilər. Evindən çıxan ictimai nəqliyyat sərnişinləri artıq avtobus marşrutlarının dəqiq vaxtını biləcəklər, avtomobilçilər isə hazırda hansı küçələrdə maşın sıxlığı olduğundan xəbərdar olacaq və alternativ marşrutlardan istifadə edəcəklər. 

Çox ümidverici səslənir. Amma İNS-dən danışanda nəzərə almaq lazımdır ki, bu sistem «tıxac» problemini yalnız qismən həll edə biləcək, amma xarici mütəxəssislərin hesablamalarına görə, istənilən halda, bu, yeni yolların tikintisindən ucuz başa gəlir. Lakin yenə də pul lazım olacaq: İNS daim yenilənir, deməli, gələcəkdə sistemin yeniləşdirilməsi üçün xeyli vəsait xərclənəcək. Yeri gəlmişkən, Seul merliyi hər il ikimilyardlıq nəqliyyat büdcəsinin, təxminən, ondabirini İNS-in inkişafına xərcləyir. 

Amma hər nə olur-olsun, bu gün İNS Bakı üçün ən əlverişli variantdır. Razılaşın ki, daim videokameraların nəzarətində olmaq Afinadakı vəziyyətdən qat-qat yaxşıdır, orada  dövlət nömrə nişanlı fərdi avtomobillər şəhər küçələrində yalnız tək günlər gəzmək imkanına malikdir, uyğun olaraq cüt nömrə nişanlı maşınlar da bu işi yalnız cüt günlər edə bilərlər. 

Sinqauprda olduğu kimi, ailəbaşına və ya adambaşına avtomobil sayına məhdudiyyət qoyulması da əhalinin daha bir avtomobil almaq imkanını məhdudlaşdırır. Vyanada isə  sürücülərin avtomobili dayanacaqda saxlamaq yerləri və vaxtı məhdudlaşdırılır, həmçinin, orada borca götürülmüş dayanacaq sistemi fəaliyyət göstərir ki, bundan da baş açmaq çox çətindir. Bəlkə Londonda olduğu kimi şəhər mərkəzinə girmək üçün avtomobillərdən böyük pullar alınsın  və ya Romadakı kimi şəhər mərkəzinə avtomobillə giriş ümumiyyətlə qadağan edilsin?..

Göründüyü kimi, hakimiyyətlərin yollardakı tıxacları yox etmək üçün hiyləgərliyinin  sonu yoxdur. Məsələn, Los-Ancelesdə  1970-ci illərdən avtomobillərin birgə istifadəsi sistemi (Carpool) tətbiq edilir: insanlar yanacağa və yol rüsumlarına qənaət etmək üçün qəzet elanları vasitəsilə səyahət üçün şirkətlər tapırlar. Bu üsullardan Avstraliyada da istifadə edirlər. Bu cür populyar «Avtomobil icarəsi» üsulu Sürixdə 1948-ci ildən fəaliyyət göstərir. Bu zaman minik və yük avtomobilləri parkı eyni zamanda bir neçə sürücünün idarəsində olur. Bu cür misalları çox sayda çəkmək olar. 

Doğrusu, xarici üsulların bir çoxunu Bakı rəhbərliyi artıq tətbiq edir. Onların sırasında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğuna giriş imkanının məhdudlaşdırılmasını və gələcək pullu sürət yollarını göstərmək olar. Özü də sürücülərin fikrincə, bu üsullar heç də qorxulu sayıla bilməz. 

Bu da maraqlıdır ki, bütün dünyada nəqliyyatın hərəkətinə məhdudiyyətlərlə, yəni «tək-cüt günlər» sistemi, dayanacaq məhdudlaşdırılması, pulu yollarla yanaşı məcburi qaydada videomüşahidə sistemindən istifadə edilir. Ona görə də belə düşünürük ki, İNS, sadəcə, Bakının  nəqliyyat problemlərinin həllində ilk addımdır. Məmurlar isə əmin edirlər ki, artıq bu payızdan başlayaraq Bakıda «nəqliyyat kollapsları» olmayacaq. 


MƏSLƏHƏT GÖR:

523