25 Noyabr 2024

Bazar ertəsi, 20:44

KƏSKİN DÖNÜŞ

Yaponiyada baş vermiş sunami avtomobil bazarında bahalaşma dalğasına səbəb oldu

Müəllif:

01.05.2011

Bu ilin mart ayında Yaponiyada baş vermiş güclü zəlzələnin əsas təsirlərindən biri də əksər avtomobil sənayesi müəssisələrinin və onlara bağlı sahələrin işinin dayanması oldu. Bu ölkənin avtomobil sənayesi nəhəngləri, ənənəvi olaraq, avtomobil sənayesi istehsalının həcminə görə dünya üzrə ilk yerlərdən birini tutub və yüzlərlə xarici avtomobil zavodlarını yığma və ehtiyat hissləri ilə təmin ediblər. Bu nizamlı zəncirdə fasilə yaranması Yaponiya avtomobil sənayesində satışların azalmasına və məhsulların qiymətinin artmasına səbəb olub. Sözügedən  xoşagəlməz hal bizim ölkədən də yan keçməyib. 

 

Kəskin azalma 

Mart ayında ölkə tarixinin ən qorxulu zəlzələsinin baş verməsindən sonra, Yaponiyanın aparıcı üç avtomobil  konserni bütün dünya üzrə avtomobil istehsalını azaldıb. «Bloomberg» agentliyinin məlumatına görə, ən kəskin azalma iri «Toyota Motor Corp.» avtokonsernində qeydə alınıb. Şirkətin avtomobil istehsalı martda 30% düşərək 542,47 min maşına enib, şirkətin Yaponiyanın özündəki istehsalı isə 62,7% azalıb, ixrac isə  martda üç dəfəyə qədər azalaraq 107,75 minə düşüb. Belə görünür ki, «Toyota» istehsal həcmlərini bu ilin dekabr ayından tez bərpa edə bilməz. Maraqlıdır ki, hələ bu yaxınlara qədər dünya üzrə avtomobil istehsalına və satışlara görə birinci yer tutan şirkət «General Motors» və  «Volkswagen»dən geri düşərək üçüncü yer tutur.

Başqa avtomobil nəhənglərinin də istehsalının azalması müşahidə edilib. Belə ki, mart ayında ölçüsünə görə ikinci avtokonsern olan «Honda Motor Co.»da istehsal həcmi 19% düşərək, dünya üzrə 282,25 min avtomobil təşkil edib. Yaponiyanın özündə isə «Honda» avtomobillərinin yığımı 62,9% düşüb ki, bu da 1997-ci ilin noyabr ayından ən aşağı istehsal  göstəricisidir. Önəminə görə üçüncü olan «Nissan Motor So.» konserni də Yaponiyadakı zavodlarında istehsal həcmini 52% azaldaraq, 47,59 min avtomobil göstəricisinə salıb. 

Yaponiya avtomobil sənayesinin problemləri bütün dünya istehsalçılarına təsir göstərib. Belə ki, «General Motors» müvəqqəti olaraq Luizianadakı zavodunda işi dayandırmalı oldu, çünki Yaponiyadan gətirilən yığma hissələrində kəsr yaranmışdı. Eyni zamanda, «Nissan Motor Co.» yığma hissələrin çatışmazlığı üzündən mayın 30-dan müvəqqəti olaraq Sankt-Peterburqdakı yığma xəttini dayandırmaq niyyətindədir. 

Yaponiya avtokonsernlərinin zəlzələdən sonra dağılmış ticarət zəncirlərini bərpa etmək üçün səylər göstərdiyi bu günlərdə dünya avtomobil bazarında əsas meyl yapon məhsullarının qonşu ölkələrin, ilk növbədə, Çin və Cənubi Koreya avtomobilləri ilə əvəzlənməsi ilə bağlıdır. «Yaponiya avtomobil sənayesinin  problemlərindən daha çox qazanan «Hyundai» və «Kia» olacaq. Özü də «Hyundai» bahalı maşınlar bazarına diqqət yetirəcək, «Kia» isə büdcə seqmentinə satışların həcmini artırmaq imkanına malikdir - onlar ikisi birlikdə  istehsalın və satışların həcminə görə yapon rəqiblərinə çata bilərlər», - deyə «Korea Investment & Securities»un analitiki Su Sun-Mun bildirib. 

Ancaq koreyalılar və çinlilərin istehsal həcmini artırmaq, təchizatın loqistikasını dəyişmək və avtomobil bazarında boş qalmış yerləri tutmaq üçün müəyyən vaxt lazımdır. Hələ ki, dünyada yapon maşınlarının qıtlığı və ən populyar modellərin qiymətinin qalması müşahidə edilir. 

 

Mənfi təsir 

Təəssüf ki, bu mənfi proseslər müəyyən qədər Azərbaycana da toxunub. Belə ki, Bakı «Toyota» mərkəzinin məlumatına görə, hazırda bu distribüterin maşınları bütün salonlarda satılıb. Mərkəzin menecerlərinin sözlərinə görə, ən yaxşı halda yeni «Toyota»lar dörd aydan sonra idxal ediləcək, özü də yüksək qiymətlərlə. İlkin proqnozlara görə, «Toyota Prado»nun qiyməti 33 min manatdan 37 min manata kimi qalxa bilər. başqa modelləri isə sifarişlə almaq mümkün olacaq, amma «Camry» və «Avalon»un qiymətinin neçə olacağı hələ bəlli deyil. 

Maraqlıdır ki, «Toyota» avtomobillərinin qiymətinin artması təkrar bazara da toxunub. Həmçinin, «Mitsubishi» avtomobilləri də bahalaşıb.  «Diamond Motors -Mitsubishi Motors» mərkəzində tam dartıcılı  «Mitsubishi Pajero» avtomobillərinin qiyməti $33 mindən $35,5 minə qədər bahalaşıb. Populyar «Mitsubishi Lanser»in qiyməti isə  21,5 min manatdan 23,5 min  manata qədər qalxıb. 

Eyni zamanda, «Subaru» və «Nissan» mərkəzlərində isə qiymətlərin ciddi dəyişilməsi müşahidə edilməyib, bu da daha öncə gətirilmiş avtomobillərin sayının çox olması ilə bağlıdır. Bu ehtiyatın olması distribüterlərə əvvəlki qiymətlərlə sabit satışları saxlamağa imkan verəcək. 

Baş verən dəyişikliklər fonunda sual yaranır ki, Yaponiya avtomobil sənayesində olan problemlər bütünlükdə Azərbaycan avtomobil bazarının strukturuna və qiymət parametrlərinə təsir göstərməyə qadirdirmi? Bu məsələdə nəzərə almaq lazımdır ki, qlobal iqtisadi böhranın başlanmasından bu yana artıq üç ildir, avtomobil bazarı tənəzzül halındadır. Ödəniş qabiliyyətli tələbatın azalması Azərbaycana yeni avtomobil idxalını bir qədər azaldıb, təkrar bazar da durğunluq vəziyyətindədir. Ekspertlər, tələbatın azalmasının səbəbləri sırasında, həmçinin, bazarın müəyyən qədər dolmasını da göstərirlər. 

Bu, ölkənin avtomobillə təmininin  gur getdiyi böhrandan sonrakı  illərin statistik göstəricilərinin tutuşdurulması ilə də aydın olur. Belə ki, 2006-cı ildə ölkəyə 70031 avtomobil gətirilib, növbəti ildə də təxminən, o qədər - 70963 olub. İyirmi illiyin mütləq rekordu 2008-ci ildə vurulub və onda ölkəyə 89044 minik avtomobili idxal edilib. Hətta ölkə iqtisadiyyatı üçün sadə olmayan 2009-cu ildə belə idxal 63427 ədəd avtonəqliyyata düşüb, yəni azalma böhran öncəsinin yalnız 30 faizi qədər təşkil edib. Amma təəssüf ki, avtomobil bazarının keçənilki tələbatı iki il öncəki səviyyənin, demək olar ki,  yarısına qədər enib. 

Yaranmış durumu ən bariz Dövlət Gömrük Komitəsinin (DGK)  statistikası daha aydın əks etdirir. DGK-nın məlumatına görə, keçən il bizim ölkə toplam dəyəri $451 mln olan 51816 avtomobil idxal edib. 2009-cu illə müqayisədə keçən ilki idxal 11600 avtomobil azalıb. Amma bununla belə pul hesabatında paritet qorunub, 2009-cu ildə ölkəyə gətirilən avtomobillərin dəyəri $455 mln təşkil etmişdi.  

 

Tələbat necədirsə, təklif də elədir

Qeyd etmək gərəkdir ki, bahalı avtomobillərin satış həcminin azalması avtosalonları büdcə seqmentində təklifləri artırmağa məcbur edib. İdxal edilən yeni avtomobillərin orta qiymətinin azacıq aşağı salınmasına baxmayaraq, ölkənin aparıcı avtosalonlarında pərakəndə qiymətlər bütün il ərzində, demək olar ki, dəyişməz qaldı. 

Avtosalonlarda yeni avtomobillərin qiymətinin aşağı düşməməsinin çox sayda obyektiv səbəbləri var, bu, əsasən, tələbatın azalması ilə bağlıdır. Tələbat yetərincə artıq olanda avtosalonlar çox sayda avtomobil gətirir və istehsalçıdan bonus əldə edirlər, bu da qiymət diskauntu üçün ayaqyeri qoyur. Satışlar az olanda isə avtosalonlarda, servis mərkəzlərində xidmətin və onların işçi heyətinə xərclərin qiyməti artır və bunun əvəzini necəsə kompensasiya etmək lazımdır. 

Başqa səbəblərlə yanaşı, Azərbaycana avtomobil idxalının azalması həm də hökumətin qərarı ilə 1 iyul 2010-cu il tarixdən «Avro-2» ekoloji standartına keçilməsi ilə bağlı olub. Bu standart yanacağın keyfiyyətini və ölkəyə idxal edilən avtomobillərin tullantı qazlarındakı tərkibindəki zərərli maddələrin miqdarını müəyyən edir. Bu dəyişikliklər təkrar bazarda qüvvələr nisbətini də dəyişib. «Artıq fevral ayında yeni ekoloji normativlərin qəbul ediləcəyinin gözlənməsi fonunda köhnə avtomobillərin satışlarının artması hesabına bazarda təkliflərin ajiotajlı artımı müşahidə edildi ki, bu da qiymətlərin azalması ilə müşayiət olundu», - deyə «Əmlak Bazarı ştirakçıları» İctimai Birliyinin eksperti  Ramil Osmanov bildirib. Yeni standartların qəbul edilməsində sonra köhnə avtomobillər üzrə edilən təkliflər tələbə nisbətən kəskin artıb, bundan əlavə noyabr ayında bazarın aktivliyinin azalması meyli dəqiq hiss edilməyə başlayıb. 

Ekoloji standartların qəbul edilməsindən sonra köhnə avtomobillərin likvidlik əmsalı son üç il üzrə ən aşağı səviyyəyə düşüb. Bu, həmçinin köhnə avtomobillərin investisiya risqini artıraraq, bir əmlak kimi onlara marağı azaldıb.  Bu meyil cari ilin birinci rübündə də müşahidə edilib. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin məlumatına görə, mart ayında Bakının avtomobil bazarında təkliflər 4,1% düşüb.

Ümumiyyətlə, bir sıra ekspertlərin fikrincə, bu il avtomobil satışı bazarlarında dirçəlmə mümkündür və bunun obyektiv səbəbləri var. O cümlədən, DGK-nin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycana avtomobil və ehtiyat hissələrinin gətirilməsi nəzərə çarpacaq dərəcədə artıb. 

Belə ki, yanvar-mart aylarında toplam dəyəri $42,360 mln  olan 4880 yeni avtomobil gətirilib ki, bu da keçən ilin uyğun dövrünün idxal göstəricisini 97,03% üstələyir. Bu meyil alıcı tələbinin artmasının sübutudur. Müsbət amillər sırasına, həmçinin, DGK-nin korrupsiyaya qarşı mubarizəsini və gömrük prosedurlarının rəsmiləşdirilməsi zamanı şəffaflığın təmin edilməsini də daxil etmək lazımdır. «Avtomobil idxalı zamanı bütün gömrük ödənişləri POS-terminal və  plastik kartlar vasitəsilə gerçəkləşdirilir. Bu ilin may ayına qədər avtmobillərin qeydiyyatı zamanı «vahid pəncərə» prinsipinin tətbiq edilməsi üzrə işlər başa çatdırılacaq, nəticədə maşınların sənədləri və dövlət nişanı eyni yerdən veriləcək. Bu məqsədlə DGK-nin avtonəqliyyat gömrük idarəsinin yeni kompleksi tikilir», - deyə DGK başçısı Aydın Əliyev bildirib. 

Beləliklə, «vahid pəncərə» prinsipinin tətbiqi ilə avtomobillərin qeydiyyatı prosesi yetərincə sadələşəcək, bu da ölkəyə avtomobil idxalının artmasına səbəb olacaq. Nəticədə isə, orta bazar qiyməti aşağı düşəcək. 



MƏSLƏHƏT GÖR:

456