14 Mart 2025

Cümə, 21:47

QANLI DALAN

Liviyadakı qarşıdurmada pat vəziyyəti yaranıb

Müəllif:

01.05.2011

Liviyada müharibə davam edir. Müəmmar Qəddafi rejiminin tərəfdarları ilə NATO Hərbi Hava Qüvvələrinin də dəstək verdiyi müxalifət arasında şiddətli döyüşlər nəticəsində çoxsaylı insan tələfatı qeydə alınır. Ölənlər arasında dinc sakinlər də var.

 

Rasmussendən səmimi cavab

Qərb koalisiyasının hərbi əməliyyatlarına ciddi dəyişiklik edilib. Məqsədi Liviyaya silah-sursat verilməsinin qarşısının alınması, uçuşsuz zonanın yaradılması, məqsədi Liviyanın dinc sakinlərinin müdafiəsi olan kampaniyaya rəhbərliyi NATO komandanlığı öz üzərinə götürüb. Bununla eyni vaxtda ABŞ rəsmən bəyan edib ki, Liviya ərazisinin təkbaşına bombalanmasını dayandırır. Bununla amerikalılar açıq şəkildə göstərir ki, onlara Yaxın Şərqdə Əfqanıstan və İraqla yanaşı, daha bir başağrısı lazım deyil. 

Beləliklə, NATO-nun Liviya rejiminə qarşı əməliyyatlarının gedişini avropalılar müəyyənləşdirir.

Şimali Atlantika Alyansı artıq qarşısına qoyduğu məqsədə müəyyən dərəcədə nail olub - Liviya ordusuna ciddi zərbə vurulub, bombardmanlar nəticəsində Liviyanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemi, demək olar ki, məhv edilib.

Liviya paytaxtı Tripolinin, xüsusilə Qəddafinin iqamətgahının bombalanması dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Qərb koalisiyasının bu əməli Braziliya və Rusiya tərəfindən pislənib. Braziliyanın xarici işlər naziri Antonio Patriota bildirib ki, NATO-nun Liviya hökumətinin devrilməsinə yönəlmiş hərbi əməliyyatları BMT Təhlükəsizlik Şurasının dinc sakinlərinin müdafiəsini nəzərdə tutan müvafiq qətnaməsinin tələblərini pozur.

Rusiyanın baş naziri Vladimir Putinin fikrincə,  bəzi dövlət liderlərinə Liviya lideri Müəmmar Qəddafini öldürmək ixtiyarını heç kim verməyib. «Buna kim icazə verib? Məgər məhkəmə olub? Necəliyindən asılı olmayaraq, insan öldürmək səlahiyyətlərini kim öz üzərinə götürüb?» - deyə Putin sual edib. - «Qəddafi çoxdan aradan çıxıb və haradasa bomba sığınnacağında oturur. Ölən dinc sakinlərdir».

Lakin davam edən vətəndaş müharibəsinin gedişi göstərir ki, Qəddafi ordusu hələ də döyüş qabiliyyətini saxlayır və uzun-uzadı müharibəyə hazırdır. Bu, şübhəsiz, Benqazidə keçid hökuməti yaratmış qiyamçılara heç cür sərf etmir. Onlar NATO tərəfindən hərbi əməliyyatlara başlanması ilə Qəddafi ordusunun müqavimət imkanlarını itirəcəyinə ümid edirdi.

Bununla yanaşı, müxalifət Qəddafi qüvvələrinin döyüş qabiliyyətini qoruyub-saxlamasının əsas səbəbi kimi, alyansın ölkə ərazisinə endirdiyi zərbələrin qeyri-effektivliyində görür. Qiyamçı Liviya ordusunun Baş Qərargah rəisi Abdel Fəttah Yunis deyib: «NATO bizə arzuladığımızı vermədi. Alyans qüvvələri son dərəcə ləng hərəkət edir, Müəmmar Qəddafi ordusuna hərəkət etməyə, şəhərlərə girməyə imkan verir. Bundan sonra nəsə etmək gec olur».

NATO rəhbərliyi isə hesab edir ki, müharibənin uzanmasında, Qəddafi rejiminin devrilməsinə yönəlmiş səylərin hələ də nəticə verməməsinə səbəbkar müxalifət, daha doğrusu, onun hərbi potensialının zəifliyidir. Qərbin hərbi ekspertləri açıq şəkildə bildirir ki, daim hökumət qüvvələrinə zərbələr endirən NATO avasiyası olmasaydı, Benqazi çoxdan ələ keçmişdi.

Beləliklə, NATO-nun əməliyyatlara başlamasından 1 ay sonra Liviyada vəziyyət «dalana dirənib». Qarşı-qarşıya olan tərəflərin heç biri tam qələbə qazanmaq iqtidarında deyil. Qəddafi ordusu alyans aviasiyasının zərbələri üzündən Benqazini ələ keçirə bilmir. Liviya müxalifəti isə Qərbin aviadəstəyindən istifadə edərək, Tripoliyə hücum etmək və Qəddafini devirmək üçün kifayət qədər təşkilatlanmış və silahlanmış deyil. Odur ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu həqiqətən də, yalnız danışıqlar ola bilər. 

 

Bunu Qərb də anlayır

Əgər əvvəlcə NATO Qəddafinin devrilməsi üçün 90 günün kifayət olacağını düşünürdüsə, indi alyansın baş katibi Anders foq Rasmussen problemin hərbi yolla həllinə şübhə etdiyini açıq şəkildə söyləyir. Almaniyanın «Spiegel» jurnalına müsahibəsində baş katib deyib: «Dəqiq cavab belədir: bu münaqişəni hərbi yolla həll etmək olmaz».

Amma Liviya müharibəsində iştirak edənlərin üçüncü tərəflərin də təklif etdiyi variantlar fonunda yaxın vaxtlarda sülh razılaşması əldə etməyə siyasi iradəsi çatacaqmı?

 

«Qəddafi ondan nə tələb olunduğunu yaxşı bilir»

Liviyada sülhün bərqərar olması üçün ilk «yol xəritələri»ndən birini Türkiyə təklif edib. Yeri gəlmişkən, qeyd edək ki, Ankara NATO üzvü olsa da, alyansın Liviyadaxili münaqişəyə müdaxiləsinin qəti əleyhinədir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəddafini dəstəkləyən qüvvələrə şəhərləri mühasirədən azad etməyi, oraya humanitar yardımların çatdırılmasına imkan yaratmağı, ölkədə demokratik dəyişikliklərə başlamağı məsləhət görüb. Türkiyənin «yol xəritəsi»nin məğzi qan tökülməsinin dərhal dayandırılması, Liviyanın ərazi bütövlüyünün qorunmasını nəzərdə tuturdu.

Tezliklə sülhün bərqərar olmasına Qərbə barışmaq arzusunu gizlətməyən Qəddafinin özü də çalışır. O, bu məqsədlə xarici işlər naziri səlahiyyətlərini icra edən Abdel Ati əl-Obeydini NATO-nun əməliyyatlarında iştirak edən Yunanıstana da göndərib.

Yunanıstanın xarici işlər naziri Dimitris Drutsas liviyalı qonaqla danışıqlardan sonra deyib: «Görünür, Qəddafi rejimi münaqişənin həlli yolunu axtarır».

Bundan başqa, Liviya lideri ABŞ prezidenti Barak Obamaya məktub da göndərib. Ağ ev administrasiyasını barışığa çağıran Qəddafi məktubda Obamanı «oğul» adlandırıb və 2012-ci ildə Amerikada keçiriləcək prezident seçkisində ona uğurlar arzulayıb.

Vaşinqtonun Qəddafinin məktubuna reaksiyası qəti olub. Dövlət katibi Hillari Klinton deyib: «Qəddafi ondan nə tələb olunduğunu yaxşı bilir. Bu, atəşin dayandırılması, ona tabe olan qüvvələrin zorakılıqla, insan təlafatı ilə ələ keçirdikləri şəhərlərdən çıxarılması, hakimiyyətdən getməsidir».

Digər tərəfdən, vəziyyətin düzəlməsini Vaşinqton heç də Tripolidən az arzulamır. Sabiq amerikalı konqresmen Kurt Ueldonun rəhbərlik etdiyi missiyanın Qəddafi ilə görüşə yollanması da bunun göstəricisidir. Ueldon da Klintonun səsləndirdiyi tələbləri irəli sürsə də (sabiq konqresmen onu da bildirib ki, Qəddafinin gedişindən sonra Liviyaya hazırki baş nazir Baqdadi Əli əl-Mahmudinin və müxalifət liderlərinin başçılığı ilə keçid hökuməti rəhbərlik etməlidir), bu tələblərin qəbul ediləcəyi təqdirdə «Liviya inqilabının lideri»nə Afrika Birliyinin fəxri sədri postunu tutmaqda ABŞ-ın dəstəyini vəd edib.

Bundan başqa, ABŞ-ın diplomatik nümayandəsi Cin Krets Benqazidə bildirib ki, Vaşinqton hələ Liviyanın keçid hökuməti olan Milli Şuranı rəsmən tanımağa hazır deyil. Eyni zamanda o, bunun qiyamçılara yardım göstərilməsinə mane olmadığını da söyləyib.

Afrika Birliyi də problemin həlli üçün kifayət qədər ciddi sülhməramlı təşəbbüslə çıxış edib. Qurum Qəddafi ilə görüşə CAR prezidenti Ceykob Zumanın rəhbərlik etdiyi nümayəndə heyətini göndərib. Nümayəndə heyətində Mavritaniya, Mali və Konqo liderləri Muhammed Ould Abdel Əziz, Amadu Tumani Ture, Denis Sassu Nqesso və Uqandanın xarici işlər naziri Anri Oriem Okello da olublar.

Afrika Birliyinin təklif etdiyi «yol xəritəsi» dərhal hərbi əməliyyatların dayandırılmasını, humanitar yardımla təchizatı, Liviyanın müxtəlif sosial qrupları və tayfaları arasında dialoqun başlanmasını, bu ölkə ərazisindəki əcnəbi vətəndaşların müdafiəsini nəzərdə tutur.

Pat vəziyyətini necə aradan qaldırmalı?

Müəmmar Qəddafinin Afrika Birliyinin nümayəndə heyəti tərəfindən açıqlanmış barışıq planını qəbul etməsindən sonra onun taleyi Benqazidə müxalifətlə aparılan danışıqların nəticəsindən asılı idi. Lakin Liviya müxalifətinin sülh planını rədd etməsi ilə vəziyyətin düzələcəyinə ümidlər yox oldu. Müxalifətçilərin hökuməti bəyan etdi ki, Qəddafinin istefasınadək silahlı müqaviməti dayandırmaq niyyətində deyillər. Keçid hökumətinin rəhbəri, sabiq ədliyyə naziri Mustafa Abdel Cəlil bildirdi ki, plan müxalifətin əsas tələbini - Qəddafinin hakimiyyətdən imtinasını açıq şəkildə ortaya qoymur: «Xalqın bu qanuni tələbinə əməl edilməsinə zəmanət verməyən istənilən «yol xəritəsi» iflasa məhkumdur».

Bununla yanaşı, Qərb fövqəldövlətləri də Qəddafinin istefası tələbində israrlı olduqlarını təkrarlayır. NATO-nun baş katibi foq Rasmussen isə Liviya rəhbərliyinin atəşi dayandırmaq niyyətinə inanmadığını bildirib. «Biz bundan əvvəl də Qəddafi rejiminin atəşi dayandırdığına dair bəyanatlarının, vədlərinin şahidi olmuşuq. Amma onlar vədlərinə əməl etməyib, əksinə, öz xalqına hücumları daha da intensivləşdiriblər. Odur ki, belə vədlərə inanmıram».

Bununla yanaşı, Qərb fövqəldövlətləri də Qəddafinin istefası tələbində israrlı olduqlarını təkrarlayır. NATO-nun baş katibi foq Rasmussen isə Liviya rəhbərliyinin atəşi dayandırmaq niyyətinə inanmadığını bildirib. «Biz bundan əvvəl də Qəddafi rejiminin atəşi dayandırdığını dair bəyanatlarının, vədlərinin şahidi olmuşuq. Amma onlar vədlərinə əməl etməyib, əksinə, öz xalqına hücumları daha da intensivləşdiriblər. Odur ki, belə vədlərə inanmıram».

Şübhəsiz ki, Qərb də bu böhrandan başı uca çıxmağı vacib sayır. Buna görə də, Qərbin Qədafinin birmənalı kapitulyasiyası tələbini irəli sürən müxalifətə, tələblərin yumşaldılması üçün təzyiq göstərəcəyi də istisna olunmur. Üstəlik, Liviyanın xoşagəlməz lideri Qərb üçün artıq qorxu doğuran yuxu deyil. Son illər Tripoli ilə Avropanın aparıcı dövlətləri arasında münasibətlər, az qala, tərəfdaş xarakteri almışdı. Bu, xüsusilə enerji sahəsinə aiddir. 

Bunu nəzərə alsaq, Qərb liderlərinin hələ də bir məqamı izah etməkdə çətinlik çəkmələri təəccüblü deyil: Qəddafi rejiminə qarşı hərbi əməliyyatlar həqiqətənmi Qərb üçün qaçılmız və münasib akt idi? 

Hər halda, Avropa və Amerika ekspertləri hökumətlərini Liviya kampaniyası ilə bağlı dəqiq taktikalarının olmamasında ittiham edirlər.

Tunis və Misirdəki nümayişlərdən başlanmış «ərəb inqilabları»nın gedişində Qərb strateqləri güman ki, Qəddafinin devrilməsinin «həyati əhəmiyyəti» haqda düşünməyib. Lakin sonradan Vaşinqton və digər Qərb dövlətləri sadəcə hadisələri qabaqlamaq, avratlantik məkana böyük problemlər yaradacaq hadisələrə yol verməmək qərarına gəlib.

Liviyadakı vətəndaş qarşıdurması radikal islamçıların, «Əl-Qaidı»nin zəfəri ilə bitə bilərdi. Bunu dəfələrlə Qəddafinin özü də dilə gətirib və Üsəma bin Ladeni Liviya hakimiyyətini devirməyə cəhddə ittiham edib. Bu günlərdə isə foq Rasmussen uzaq perspektivdə Liviyanın ekstremistlər üçün sığınacağa çevrilə biləcəyinin NATO-nu narahat etdiyini söyləyib. Baş katib hesab edir ki, bu səbəbdən «belə vəziyyətdən qaçmaq üçün bütün addımlar atılmalıdır».

Şübhəsiz, Qərb üçün Liviyanın başında radikal islamçıların durmasındansa, Qəddafinin olması daha qəbulediləndir. Amma digər yandan, Qəddafinin müxalifət üzərində qələbəsi Yaxın Şərqin digər ölkələrində inqilabi proseslərin səngiməsinə, mümkün «ərəb inqilabı»nın dayanmasına səbəb ola bilər. Bu prosesi isə bəlkə də Qərb hazırlamayıb, amma şübhəsiz ki, özünə sərf edən istiqamətə yönəldib.

Bu, sanki presedentdir: bir diktatorun qələbəsi digərləri üçün yaxşı siqnal olar. Bu isə «ərəb inqilabı»ndan arzuladığını almaq istəyən Qərbə sərf etməyə bilər. 

Odur ki, NATO-nun aparıcı dövlətləri Liviyada bu qədər çətin və qarışıq oyuna başlamağa qərar verib. Amma indi orada pat vəziyyəti yaranıb. 



MƏSLƏHƏT GÖR:

425