
«367 BÖHRANI»
Türkiyə baş nazirinin partiyası yeni parlamentdə bu baryeri aşacağına ümidli deyil
Müəllif: Ramin ABDULLAYEV Bakı
Türkiyədə növbəti seçkiyə ayyarımdan az vaxt qalır. İyunun 12-də seçicilər yalnız yeni parlamentdə qüvvələr nisbətini müəyyənləşdirməyəcək, həm də ölkədə siyasi sistemi dəyişmək imkanı əldə edəcək.
Hər halda, hazırki baş nazir Rəcəb Tayyib Ərdoğan açıq şəkildə göstərib ki, rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (ƏİP) qələbə qazanacağı təqdirdə yeni Konstitusiyanın qəbulu üçün referendum keçiriləcək. Onun nəzərdə tutduğu yeni Konstitusiya Türkiyəni prezident respublikasına çevirəcək.
ƏİP seçkiqabağı kampaniya dövründə əsas diqqəti uzunmüddətli layihələrə yönəldib. Partiya təmsilçilərinin sözlərinə görə, bu layihələrin icrası 2023-cü ildə başa çatacaq.
Ərdoğanın tərəfdarları anlayır ki, hazırkı qüvvələr nisbəti qalacağı təqdirdə, onlar parlamentdə mandatların mütləq əksəriyyətinə sahib çıxa, bununla da «367 böhranı» adlı problemi həll edə bilməyəcək (parlamentdə qanunların qəbuluna müxalifətdən dəstək almadan nail olmaq üçün məhz bu sayda mandat lazımdır).
2007-ci il iyulun 22-də keçirilmiş bundan öncəki seçkidə Rəcəb Tayyib Ərdoğanın partiyası səslərin 47%-ni toplasa da, mütləq çoxluğu əldə edə bilməmişdi. Bəs, bu dəfə necə, buna nail olunacaqmı?
Aparılan sorğular bu ehtimalın az olduğunu göstərir. Ərdoğanın özü də etiraf edib ki, ƏİP 550 nəfərlik parlamentdə maksimum 315-330 mandat qazana biləcək. Bu da 10%-lik baryeri aşmamış partiyaların səslərinin paylaşdırılmasından sonra mümkün olacaq.
Hazırkı hakimiyyətin ən qatı tərəfdarları da bu fikirdədir ki, hakim partiyanın hədəfi onsuz da 2007-ci ildə zəifləmiş mövqenin qorunub -saxlanması olmalıdır. Son sorğu göstərir ki, Ərdoğanın partiyası yeni parlamentdə, ən azı, 10 yer itirəcək.
Hökumətin əlində xüsusi kozırlar yoxdur. Son 4 ildə Türkiyənin ciddi problemlərinin heç biri həll olunmayıb - nə ictimai yerlərdə hicabdan istifadə ilə bağlı problem, nə də «kürd məsələsi». Hakim partiyanın reytinqinin getdikcə düşəcəyilə bağlı narahatlığın səbəbi də budur. Məhz bu üzdən Ərdoğan parlamentdəki nümayəndələri arasında miqyaslı «təmizləmə»yə qərar verib. ƏİP-in aprelin 11-də açıqladığı namizədlər siyahısında hazırkı deputatların təxminən yarısının adına rast gəlinmir. Hazırkı partamentdə Ərdoğanı dəstəkləyən 333 deputatdan 167-si növbəti seçkidən kənarda qalıb.
İyunun 12-də ƏİP-i dəstəkləməyə hazırlaşan seçicilərin 65-70%-nin «səsini partiyaya yox, Ərdoğana verəcəklərini» bəyan etməsi də maraqlı görünməyə bilməz. Yəni, baş nazir namizədlər siyahısına bir sıra məşhur siyasətçilərin adlarını əlavə etməsəydi belə, ƏİP-in mövqeyinə ciddi təsir olmayacaqdı.
Məşhur monitorinq təşkilatı olan «Metropol» tərəfindən eyni vaxtda Türkiyənin bir neçə böyük şəhərində aparılmış son sorğu göstərir ki, aprelin sonuna ölkədə öz seçimini hələ dəqiqləşdirməmiş seçicilər 23% təşkil edir. Bu fakt isə, təbii ki, müxalifəti daha fəal təbliğat işləri aparmağa həvəsləndirir.
Rəyi soruşulanların 24,1%-i ölkənin «əsas siyasi fiquru» kimi R.T.Ərdoğanın adını çəkib. Bu göstəricidə baş nazir nəinki əsas rəqiblərini, hətta prezident Abdullah Gülü də xeyli üstələyib. Qeyd edək ki, dövlət başçısını ölkənin əsas siyasi fiquru sayanlar cəmi 9,3%-dir.
Üçüncü pillədə Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdardoğlu (6,3%), sonrakı yerdə isə Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı (3,3%) gəlir.
Populyarlığa görə, 4-cü və 5-ci pillələri Süleyman Dəmirəllə (3%) Əhməd Necdət Sezər (2,1%) tutur.
Reytinqdə ən sonuncu yerlərdən birində xarici işlər naziri Əhməd Davudoğlu (0,8%) qərarlaşıb.
Bununla yanaşı, Türikyədə təhsil sahəsində yaşanan son qalmaqalları da unutmaq olmaz. Söhbət ali məktəblərə imtahana hazırlaşan abituriyentlərin imtahan biletlərilə bağlı maxinasiyaların bir-birinin ardınca ortaya çıxmasından gedir. Türkiyə cəmiyyətində gənclərin faiz nisbətinin böyük olduğunu nəzərə alsaq, hakim partiyanın mövqelərinə dəyəcək zərbənin dərəcəsini təsəvvür etmək mümkündür. Axı ali məktəblərin reytinqinin aşağı düşməsi oranın məzunlarına zərbə vurur və onlar sonradan iş tapmaqda çətinliklərlə üzləşir. Məhz bu üzdən seçicilərin bu təbəqəsi seçkidə müxalifəti dəstəkləyə bilər.
Bu arada hakimiyyət uğrunda yarışda Ərdoğanın əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyası (CXP) müxalifətin imicinə müsbət təsir göstərib. Partiyanın lideri Kamal Kılıçdaroğlunun növbəti parlamentdə partiyasının mandatlarını artıra biləcəyi gözlənilir. 2007-ci ildə CXP 25%-lik psixoloji baryeri aşa bilməyibsə, bu gün analitiklər partiyanın 30%-dən artıq səs toplayacağını proqnozlaşdırır. Kılıçdaroğlunun partiyası Ərdoağının tərəfdarlarına qarşı namizədlər siyahısına səsküylü «Ergenekon» əməliyyatı çərçivəsində həbs olunmuş bir sıra məşhur siyasətçilərin adlarını daxil edib.
CXP rəhbərliyi 20 il partiyaya başçılıq etdiyi dövrdə bir dəfə də seçkini qazanmamış və seks qalmaqalından sonra postunu tərk etmiş sabiq lider Dəniz Baykalın «yük»ündən xilas olmaq üçün əlindən gələni edir. Hazırki parlamentdə CXP üzvü olan 101 deputatdan yalnız 37-nin adı yeni namizədlər siyahısına salınıb. Baykala yaxınlığı ilə tanınan əksər parlamentarilər növbəti seçkidən kənarda qalıb. Türkiyəli analitiklər bu faktın özünü ölkənin ikinci siyasi qüvvəsi kimi tanıtmış, lakin heç cür liderliyə yüksələ bilməyən partiya üçün böyük plyus sayır.
Amma Kılıçdaroğlu yenə də «Baykal faktoru»ndan tam xilas olmağı lazım bilməyib. Partiya Antaliyadan məhz Baykalı deputatlığa namizəd göstərib. Qeyd edək ki, Dəniz Baykal 1973-cü ildən Türkiyə parlamentinin üzvüdür.
Hazırki parlamentdə fraksiya üzvlərinin sayına görə üçüncü olan Millətçi Hərəkat Partiyasına (MHP) ayrıca toxunmaq istərdik. Proqnozlara əsasən, Dövlət Baxçalının partiyası bu dəfə də parlamentə düşə biləcək. Lakin onun hazırkı mövqeyini yaxşılaşdıracağı inandırıcı görünmür.
Türkiyənin etnik kürdlərin yaşadığı cənub-şərq rayonlarında populyar olan Sülh və Demokratiya Partiyası (SDP) isə seçkidə keçmiş deputat Leyla Zanın namizədliyini dəstəkləyəcəyini bəyan edib. Qeyd edək ki, Zan terrorçu PKK ilə əlaqədə təqsirli bilinərək, 10 il həbsdə olub.
SDP 6 məhkum kürd siyasətçinin dəstəklənəcəyini də bəyan edib. Onların hamısı seçkiyə müstəqil namizəd kimi qatılacaq. Çünki partiya seçki baryerini aşacağına inanmır. SDP təmsilçiləri bildirir ki, ümumilikdə ölkə ərazisində 64 müstəqil namizədin təbliğatını aparacaqlar. Onlara 42 əyalətdən namizəd göstəriləcək. Partiya yeni parlamentdə deputatlarının sayını 20-dən 35-ə qaldırmağa da ümidlidir.
Sorğular son illərdə xüsusilə Türkiyənin cənub-şərqində SDP-nin reytinqinin artdığını təsdiqləyir. Lakin ölkə ərazisində partiyanın reytinqi 7%-i aşmır. Odur ki, kürdlərin dəstəklədiyi bu partiyanın təmsilçiləri seçkiyə «müstəqil namizəd» kimi qatılmağı, sonradan parlamentdə birləşərək fraksiya yaratmağı planlaşdırır.
Seçki Komissiyasının SDP-nin dəstəklədiyi namizədlərin sayını mümkün qədər məhdudlaşdırmağa çalışması ölkənin cənub-şərq əyalətlərində nümayişlərə yol açıb. 7 müstəqil namizədin qeydə alınmaması polislə SDP tərəfdarları arasında ciddi qarşıdurmaya səbəb olub.
Prinsipcə, SDP MSK-nın belə addım ata biləcəyini əvvəlcədən hesablayıb və hətta «ehtiyat namizədlər» siyahısı da hazırlayıb. Bu etiraz aksiyalarında isə əsas hədəf Ərdoğanın mövqelərinin laxladılmasıdır və bu baxımdan MSK-nın qərarı çox yerinə düşüb. Etiraz dalğası prosesə SDP-nin arzuladığı təsiri göstərib və son 9 ildə ilk dəfə olaraq Ərdoğanın partiyası MSK-da geri çəkilməli olub. Nəticədə 7 nəfərdən 6-nın namizədliyinə qoyulmuş qadağa ləğv edilib.
Hazırda Türkiyədə seçkiqabağı kampaniyada 25 partiya iştirak edir. Onların çoxu mübarizəyə qatılsa da, minimum baryeri aşa bilməyəcəyini anlayır. Belə partiyalar üçün yeganə çıxış yolu «müvəqqəti koalision partiyalar» çərçivəsində birləşməkdir. Amma bunun üçün vaxt da çox deyil. Artıq mayın 2-də Mərkəzi Seçki Komissiyası seçki blanklarının dərcinə başlayacaq.
Bu baxımdan Türkiyə Demokrat Partiyası diqqət çəkir. Özünü ölkənin siyasi arenasında təsdiqləyə bilmiş, lakin son seçkidə elektoratının bir hissəsini itirmiş partiyanın özəyini vaxtilə prezident Süleyman Dəmirəl tərəfindən yaradılmış Doğru Yol Partiyasının fəalları təşkil edir. Demokrat Partiyası artıq Müstəqil Partiya ilə koalisiya yaratdığını bəyan edib.
Beləliklə, Türkiyənin yeni parlamentində qüvvələr nisbəti təxminən belə olacaq: Ədalət və İnkişaf Partiyası - 45%, Cümhuriyyət Xalq Partiyası - təxminən 30%, Millətçi Hərəkat Partiyası - 10-15%.
Nəticədə Kamal Kılıçdaroğlunun partiyası «müəyyən uğur» qazanaraq, 2007-ci ildə topladığı səsdən 8-9% artıq səs qazanacaq.
Elektoratın siyasi fəallığına gəlincə, Türkiyədə o, çox yüksəkdir. Seçicilərin 80%-dən çoxu səsverməyə mütləq qatılacağını bildirir.
MƏSLƏHƏT GÖR: