
QASTRABAYTER - DEMOQRAFİK BÖHRANDAN XİLAS YOLU?
Rusiyanın yerli əhalisi milyonlarla əcnəbini qəbul və «həzm» edə bilərmi?
Müəllif: İrina XALTURİNA Bakı
Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski tamamilə gözlənilməz layihə ilə çıxış edib. Layihə (2025-ci ilədək miqrasiya siyasəti konsepsiyası) Rusiyanın miqrasiya siyasətinin liberallaşdırılmasını nəzərdə tutur.
Rusiyanın «Kommersant» qəzeti bu qənaətdədir ki, yeni konsepsiya, əslində, immiqrasiya konsepsiyasıdır. Yəni o, faktik olaraq, başqa ölkələrdən Rusiyaya həm daimi yaşayış, həm də müvəqqəti işləmək üçün insanların cəlbini nəzərdə tutur.
FMX-nin rəhbəri əcnəbi işçilərə kvota ayrılması sistemindən imtinanı lazım bilir - bu sistemi müxtəlif qısamüddətli və uzunmüddətli əmək miqrasiya proqramları ilə əvəzləmək nəzərdə tutulur.
Digər böyük təşəbbüs «daimi yaşayış yerlərinə köçürülmə imkanlarının genişləndirilməsi», yəni, müvəqqəti yaşayış icazəsi institutunun ləğvidir.
«Rusiya vətəndaşlığı almaq üçün əcnəbi 8 il ərzində 3 mərhələdən keçməli olur: müvəqqəti yaşayış icazəsi, yaşayış icazəsi və nəhayət, vətəndaşlıq. Üstəlik, bu üç halın hər birində həmin şəxsdən eyni sənədlər tələb olunur. Müvəqqəti yaşayış icazəsinin verilməsi mexanizmi tamam korrupsiyalaşıb. Çünki bu məsələdə hər şeyi səlahiyyətli şəxslər həll edir», - deyə Romodanovski bildirib.
Yeni layihəyə əsasən, Rusiyada yaşayış icazəsi almaq istəyən şəxs anketi doldurmalı, müəyyən miqdarda bal toplamalıdır. Məsələn, onun rus dilini yaxşı, yoxsa əla bilməsi, ali savadı, evinin olub-olmaması, gəlir mənbəyi və sair qiymətləndiriləcək. Bunlar ABŞ və ya Kanadada vətəndaşlıq almaq istəyən şəxslərin hər birinin keçdiyi prosedurlardır.
Məlum olur ki, Moskvanı yeni layihəni hazırlamağa «demoqrafik perspektivin sevindirici olmaması» sövq edib. Bu sahədə hazırkı vəziyyət əmək qabiliyyətli insanların getdikcə azalacağını göstərir.
Bildirilir ki, miqrant axını olmasa, 2030-cu ilə Rusiya əhalisinin sayı, ən azı, 9 milyon nəfər azalacaq. Digər proqnoza görə, 2030-cu ildə əmək miqrantları və onların nəsli Rusiya əhalisinin 30%-ni təşkil edəcək. Müxtəlif məlumatlara görə, artıq indi Rusiyada 10 milyonadək qastrabayter işləyir və onların əksəriyyəti inşaat və kommunal təsərrüfat sahələrində çalışır.
Rusiya prezidenti və baş nazirinin dəfələrlə bildirdikləri kimi, «ölkə iqtisadiyyatının müasirləşdirilməsinə, inkişafın innovasiya sisteminə keçilməsinə, çoxşəhərliliyə» və s. qərar verilibsə, Rusiyada işçi qüvvəsinə təlabat artmalıdır.
«Amerikanın Səsi» BMT-yə istinadən yazır ki, yaxın 40 ildə Rusiya hər il 1 milyondan artıq insan itirəcək. Heç nə dəyişməzsə, 2050-ci ilə ölkə əhalisinin sayı 100 milyondan az olacaq.
Amerikalı tədqiqatçı və «Sülh dövründə Rusiyanın demoqrafik böhranı» məqaləsinin müəllifi Nikolas Eberstadt SAIS Beynəlxalq Tədqiqatlar İnstitutunun təşkil etdiyi konfransdakı çıxışı zamanı təhlükəli rəqəm açıqlayıb: Rusiyada 20-54 yaş arasında əmək qabiliyyətli kişi əhali arasında ölüm halları Avropa ölkələrindən 2 dəfə artıqdır. Üstəlik, ölən hər 3 nəfərin əvəzinə dünyaya 2 körpə gəlir. 2030-cu ildə Rusiya yaşı 65 və daha artıq olan yaşlı insanların ölkəsinə çevriləcək.
Belə çıxır ki, Rusiya FMX iqtisadiyyatda problemlərə aparan demokrafik çatışmazlıqları yalnız miqrantların hesabına aradan qaldırmağın mümkünlüyünü anlayıb?
Bununla yanaşı, ortaya tam əsaslı sual çıxır - işsizlərin sayının həddindən artıq çox olduğu Rusiyada işçi qüvvəsi necə çatışmaya bilər? Rusiya KİV-in yazdığına görə, 2011-ci ildə ölkədə işsizliyin səviyyəsi (Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında) iqtisadi böhranadək olan dövrdəkindən 400 min artıqdır. Hazırda ölkədə 5,7 milyon işsiz var. Son 3 ildə yaşı 15-27 arasında olan iqtisadi fəal əhalinin sayı 74,8 milyondan 75,2 milyona qalxıb. Əhalinin məşğulluq səviyyəsi isə 66,8%-dən 62,7%-ə düşüb.
Səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikovanın sözlərinə görə, hazırda ölkənin məşğulluq xidmətində 1,6 milyon işsiz vətəndaş qeydiyyatdadır. Belə olan təqdirdə Rusiya nədən əmək miqrantlarına ehtiyac duyur?
Məsələn, elə həmin amerikalı tədqiqatçı Eberstadt bildirir ki, «Uzaq Şərq regionlarında nəsil artımının faciəvi səviyyəsilə müqayisədə Saxaranı əhalinin sıx yaşadığı region saymaq olar».
«Kolxozlar parçalanıb, kəndlər boşalıb, əhali kiçik şəhərləri tərk edir, iş yerləri yoxdur. Tam ümidsizlik», - deyə «Amerikanın Səsi»nin saytında yerləşdirilmiş məqaləni oxuyanlardan biri şərh olaraq belə yazıb.
Mütəxəssislərin bildirdiyinə görə, son illər Rusiya ali savadlı insanların azalması problemi ilə də üz-üzədir.
Romodanovskinin yeni konsepsiyasında Rusiyanın konkret nə qədər miqranta ehtiyacı olduğu göstərilmir. Əlbəttə ki, orada yerli əhalinin milyonlarla əcnəbini qəbul və «həzm» edə bilib-bilməyəcəyinə dair də heç nə yoxdur. Üstəlik, ölkədə millətlərarası gərginliyin çox yüksək olduğu şəraitdə Rusiya hökuməti demoqrafik problemi miqrant axını hesabına çözməyin mümkünlüyünü necə görür? Yoxsa Moskva eyni zamanda millətçilər və radikallara qarşı siyasəti sərtləşdirməyi də düşünür? Axı bu ölkədə ciddi sosial-mədəni fərqlər yalnız etnik ruslarla yaxın xaricdən olan əmək miqrantları arasında deyil. Yerli əhali ilə Rusiyanın müxtəlif xalqları, etnik qrupları, məsələn, onun özünə məxsus Şimali Qafqazdan olanlar arasında da belə fərqlər və ziddiyyətlər var. Moskvanın slavyanəsilli ortastatistik sakini, çətin ki, məsələn, hər hansı çeçeni gürcüdən, yaxud altaylını qazaxdan ayırmağı bacarsın.
Bütün sadalanan problemlərə baxmayaraq, Rusiyada, əslində, bu sahədə razılaşdırılmış dövlət siyasəti yoxdur. Çoxsaylı qanunlara baxmayaraq, miqrasiya axınını heç cür tənzimləmək olmur.
Məsələn, müxtəlif fikirlərlə tanışlıq zamanı aydın olur ki, Rusiyanın əksər ekspertləri, ictimai xadimləri bir şeyə əmindirlər: ölkəyə o işçilər dəvət edilməlidir ki, onlara real olaraq hansısa iş yerlərini təklif etmək mümkün olsun. Xüsusilə həmvətənlərin Rusiyaya könüllü köçürülməsinə yardım proqramı da məhz bu prinsiplə hazırlanıb. Amma əməli işdə o, açıq-aydın iflasa uğrayıb. Proqramı hazırlayanlar bürokratik əngəlləri, dözülməz şərtləri nəzərə almadıqları üçün, ümumiyyətlə, dərindən düşünülmüş proqramm hazırlamadıqları üçün Rusiyanın köklü əhalisi ilə heç bir sosial-mədəni fərqə malik olmayan həmvətənlərini qorxudublar. Rus dilini mükəmməl bilən, ali təhsilli və lazımi yaşa çatmış bu şəxslər məhz proqramdakı çətinliklərdən çəkiniblər. Bu, etnik ruslara da aiddir.
Bu səbəbdən, vakkum «özfəaliyyət»lə dolur. Məsələn, Rusiya FMX-nin sabiq təmsilçisi Konstantin Poltoranin əmindir ki, onun ölkəsi miqrantları özünə cəlb edən Qərbi Avropadan nümunə götürməməlidir. Sabiq məmurun fikrincə, Rusiyanın öz yolu var və o, əcnəbi işçi qüvvəsilə münasibətlərini elə qurmalıdır ki, «qan qarışığı düz istiqamətdə olsun». BBC-yə müsahibəsində Poltoranin deyib: «Axı, bu gün söhbət, faktik olaraq, ağ irqin xilas olub-olmyacağıqndan gedir və Rusiyada bu məsələ çox aktualdır».
Romodanovski isə dərhal bildirib ki, Poltoraninin dedikləri «nəinki Rusiya dövlət xidmətinin ideyasının əleyhinədir, o, ümumbəşəri prinsiplərə də ziddir».
Amma əksər müşahidəçilər hesab edir ki, Poltoraninin onu işdən kənarlaşdırmış rəisi ilə eyni vaxtda fikrini açıqlaması heç də təsadüf deyil.
Rusiyada miqrant axını, millətlərarası gərginlik mövzuları daha fəal şəkildə İnternetdə - müxtəlif çatlarda, forum və bloqlarda müzakirə edilir. Təbii ki, hər kəs ötən ilin dekabrında Moskvada baş vermiş hadisələr zamanı İnternetin operativ informasiya mübadiləsi məkanına çevrildiyini yaxşı xatırlayır. O zaman maraqlı qüvvələr kütləni meydana məhz İnternet vasitəsilə toplamışdı.
Belə fikir yaranır ki, hazırda Rusiyanın bloqlar sahəsində sanki məqsədli şəkildə millətlərarası nifrət atmosferi yaradılır. Məsələn, incik blogerlərdən biri yazır ki, o, Moskvanın «Kadırov küçəsində çeçenlər tərəfindən döyülüb». Müəllifin sifətində izlər, qançır olan fotolarından başqa döyülməsinə dair heç bir sübutu yoxdur. Onu məhz çeçenlərin döydüyünə dair sübutdan isə ümumiyyətlə danışmağa dəyməz. Amma onun bu postu populyar xəbərlər sırasında ən yüksək yerlərdədir. Oxucuların isə hamısı bir ağızdan qafqazlıları «damğalayır».
Bir neçə gün əvvəl Rusiyanın populyar bloq-platforması olan «Jivoy jurnal»da ən çox oxunan postlardan biri yenə də «MDU-nun jurnalistika fakültəsinin tələbəsi» tərəfindən qoyulmuş «qafqazlılarla slavyanların davası» haqda yazı idi. Üstəlik o, «slavyanların» «amansızcasına» döyüldüyünü bildirir. Amma deyəsən, kimlərsə əsl həqiqəti üzə çıxarmağa çalışıb. Məsələn, şərhlərin birində deyilir: «Artıq mənə nədənsə elə gəlir ki, bütün bunlar xalqı daim əsəbi halda saxlamaq, ölkə daxilində milli münaqişələri qızışdırmaq məqsədilə hazırlanmış təxribatdır. Açığı, artıq bezdiriblər».
Bununla yanaşı, aprelin 23-də Moskvada «Bəsdir Qafqazı yedizdirdik!» şüarı ilə icazəli etiraz aksiyası keçirilib. Aksiya iştirakçılarının əsas tələbi «Şimali Qafqaz respublikalarının həddindən artıq maliyyələşdirilməsinə son qoyulması» idi. Aksiya iştirakçılarının fikrincə, bu pul axını həmin respublikalarda korrupsiyanı artırmaqla yanaşı, həm də yerli elitaların tam cəzasız şəraitdə fəaliyyətinə imkan yaradır.
Təxminən, 500 nəfər - əsasən, tələbə və şagirdlər, həmçinin, Rusiya Liberal-Demokrat Partiyası kimi müxtəlif partiyaların təmsilçiləri hökumətə etiraz etmək qərarına gəlmişdilər. Onlar «asimmetrik federasiya”dan, onun milli respublikalara «üstünlük verən status”undan, rus vilayətlərinin «hüquqsuzluğundan» bezdiklərini bildirirdilər. Aksiyanın təşkilatçısı o qədər də tanınmayan «Rusiya vətəndaş birliyi» idi.
Bundan başqa, bir müddət əvvəl «Kommersant» qəzeti «Şəhər gəncləri arasında millətlərarası dözümsüzlük» adlı tədqiqatın nəticələrini açıqlayıb. Qeyd edək ki, tədqiqat «Politex» sosial texnologiyalar agentliyi tərəfindən Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun dəstəyi ilə keçirilib. Araşdırmanın sifarişini isə Moskvanın Manej meydanındakı dekabr hadisələrindən sonra, Rusiyanın İctimai Palatası vermişdi.
Araşdırma zamanı Moskva, Sankt-Peterburq, Rostov-Don, Nijnı-Novoqorod, Novosibirsk və Çelyabinskdə yaşı 15-30 arasında olan 1600 respondentin rəyi soruşulub. Onların 78%-i Manejdə baş verənləri millətçilərin çıxışı saymır. 58% isə hesab edir ki, bu, korrupsiya və «etnik cinayətkarlıq”a qarşı etiraz idi.
Qeyri-leqal immiqrasiyaya qarşı hərəkatın fəaliyyəti respondentlərin 32%-i tərəfindən bəyənilir. Üstəlik, rəyi soruşulanların, demək olar ki, heç biri Manejdə baş verənlərin mütləq təkrarlanacağına şübhə etmir.
Göründüyü kimi, xalqı Rusiya paytaxtının küçələrinə millətçi şüarlarla çıxarmaq üçün elə də ciddi cəhdə ehtiyac yoxdur. Bəlkə, Rusiyada intriqanın çox yüksək olacağı prezident və parlament seçkisi öncəsi kimlərsə Qafqaz məsələsi ilə məqsədli şəkildə oynamaq qərarına gəlib?
Avropanın multikulturalizm ideyasının iflasa uğradığının ciddi şəkildə müzakirə etdiyi, Şimail Afrikadan nəhəng miqrant dalğasının gələcəyindən qorxduğu bir vaxtda, şübhəsiz, bu vəziyyətdən istifadə edərək karyera quranların sayı artacaq.
Digər tərəfdən, yuxarıda sadalananlardan görünür ki, Aİ-nin istənilən ölkəsi ilə müqayisədə, Rusiyada vəziyyət daha mürəkkəbdir.
Və demək, müxtəlif kombinasiyalar üçün də geniş məkan var - həm hakimiyyət, həm də müxalifət üçün. Məsələn, əhalinin diqqətini real sosial və iqtisadi problemlərdən yayındırmaq üçün, Kremlin belə bir «ildırım sipəri»nə ehtiyacı ola bilər. Digər tərəfdən, nə qədər qəribə görünsə də, «Bəsdir Qafqazı yedizdirdik» aksiyasını dəstəkləyənlər arasında korrupsiyaya qarşı sistemli mübarizə aparması ilə tanınan məşhur bloqer Aleksey Navalnı da var idi.
Bir sözlə, ciddi düşünmək üçün kifayət qədər əsas var. Çünki Rusiyada «Qafqaz» və «miqrant» mövzuları o qədər «elastik» mövzulardır ki, hər kəs onları asanlıqla öz «maraq dairəsi”nə - millətçi əhval, korrupsiya ilə mübarihə, uydurma vətənpərvərlik və s. doğru sürükləyir. Amma bir məsələni mütləq nəzərə almaq lazımdır: belə «oyunlar» çox asanlıqla nəzarətdən çıxa bilər.
MƏSLƏHƏT GÖR: