14 Mart 2025

Cümə, 21:47

ACI REALLIQ

Minsk qrupunun vasitəçiliyi artıq hərbi texnikanın gurultusu altında davam edir…

Müəllif:

01.05.2011

Son həftə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin dalandan çıxarılması yollarının axtarışı baxımından kifayət qədər intensiv olub. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona bu il ikinci səfərini edib, onların tezliklə ABŞ dövlət katibi Hillari Klintonla görüşəcəkləri açıqlanıb. Bundan başqa, aprelin 22-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında bu il sayca 2-ci görüş keçirilib. Bu fəallıq göstərir ki, prezidentlər Əliyev, Sarqsyan və Medvedevin yayın əvvəlinə proqnozlaşdırılan növbəti üçtərəfli görüşündə ciddi nəticələrin əldə edilməsi gözləntisi var.

Bu, bir neçə səbəbdən vacibdir. Əksər yerli və əcnəbi analitiklərin qiymətləndirməsinə görə, 2011-ci il Qarabağ münaqişəsinin həlli prosesində ciddi irəliləyişə nail olunması üçün son ildir. Gələn il Ermənistanda parlament, daha sonra isə prezident seçkisi keçiriləcək. 2012-ci ildə həm də Minsk qrupunun həmsədri olan 3 ölkənin hər birində prezident seçkisidir. Bu halda həmsədrlərin diqqəti Qarabağ problemindən yayınacaq.

2013-cü ildə isə Azərbaycanda prezident seçkisi olacaq. 

Beləliklə, hər kəs anlayır ki, məhz bu il ciddi irəliləyişə nail olmaq lazımdır. Çünki 2012-ci ildə nə erməni tərəfindən konstruktivlik, nə də prosesə həmsədr ölkələrdən diqqət gözləməyə dəyər.

Danışıqlar prosesində real irəliləyişin olmadığı halda, Azərbaycanın torpaqlarını hərbi yolla azad etmək niyyəti fərziyyədən reallığa çevrilə bilər. Heç kəsə sirr deyil ki, Bakı iqtisadi inkişafla yanaşı, müdafiə qabiliyyətini də gücləndirir, bu sahəyə 3 milyard dollardan artıq pul apyırıb. Bu, nəinki Ermənistanın dövlət büdcəsindən artıqdır, həm də Ukrayna kimi nəhəng hərbi sənaye kompleksinə malik dövlətin illik hərbi xərclərindən də çoxdur.

Onsuz da zəif maliyyə resurslarına malik Yerevan da hərbi xərclərini, təxminən, 10% artırıb. Həmsədrlərin regiona növbəti səfəri ərəfəsində ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında daha bir hərbi təlim keçirməsi də simptomatikdir.

Buna cavab olaraq, Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdiyi vaxtda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev də cəbhə zonasında hərbi təlimlərə rəhbərlik edirdi. Təlimlərdə hücum təyyarələrindən və zərbəçi vertolyotlardan istifadə olunması, onun miqyasının göstəricisi sayıla bilər. 

Odur ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi bu dəfə hərbi texnikanın gurultusu altında baş tutub.

Allaha şükür ki, hələlik yalnız tank və aviasiya mühərriklərinin səsi eşidilir, hələ ki bomba və mərmi səsləri gəlmir. Amma bu səslər arasında sərhəd çox nazikdir. Üstəlik, yüngül silahlardan istifadə ilə atışma hallarına hər gün rast gəlinir. Az qala, hər həftə hər iki tərəfdən ölən və yaralananlar olur. Odur ki, hansısa anda fövqəldövlətlərin və beynəlxalq təşkilatların «səbirli olun» kimi çağırışları cavabsız qala, münaqişəyə hansısa üçüncü tərəfin hərbi müdaxiləsi isə onların öz maraqları üçün ciddi problemlər yarada bilər.

Vasitəçi ölkələr, ilk növbədə Rusiya, danışıqların nəticəsizliyinin nə qədər riskli olduğunu yaxşı anlayır. Moskva minimal olsa belə, irəliləyişə, məsələn, nizamlanmanın baza prinsiplərinin razılaşdırılmasına nail olmağa çalışır. Rusiya düşünür ki, tərəflər arasında mövqelərin belə yaxınlaşdırılması ilə heç olmasa, prosesin hərbi əməliyyatların bərpasına tərəf irəliləməsini durdurmaq mümkün olar. Həmsədrlərin regiona son səfərlərinin yekununa dair birgə bəyanatları da bunu bir daha nümayiş etdirib. Onların bəyanatında açıq şəkildə bildirilir ki, tərəflərin Madrid prinsiplərini qəbul etməsinin, bilavasitə çərçivə razılaşmasının hazırlanmasına keçilməsinin vaxtıdır.

Belə düşünmək olar ki, “2+1” formatı, yəni Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar digər 2 vasitəçi - Parislə Vaşinqtonu bir qədər kənara itələyib. Müəyyən mənada bu, həqiqətən də belədir. Qarabağ nizamlanmasının ümumi konturları ABŞ, Fransa və Rusiya prezidentlərinin Akvil və Muskokdakı bəyanatlarında göstərilib. Tərəflərin kompromisə gətirilməsinə gəlincə, bu missiya Rusiyaya verilib - o, regiona digərlərindən daha yaxındır, həm Ermənistanı, həm də Azərbaycanı daha yaxşı tanıyır, üstəlik, Moskvanın Bakı və Yerevanla daha etibarlı, tərəfdaş münasibətləri var.

Amma hətta bu minimal irəliləyişə belə nail olmaq üçün bütün tərəflərin Ermənistana təzyiqləri artırmasına ehtiyac var. Və son zamanlar bu da müşahidə olunmaqdadır. Məsələn, Minsk qrupunun səhra missiyası və BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının ekspertləri hazırladıqları məruzədə tərəflərin neqativ qarşılaya biləcəyi ifadələrdən uzaq olmağa çalışıblar. Amma fakt elə şeydir ki, Minsk qrupunun həmsədrləri nə qədər çalışsalar da, diplomatik formulda onları gizlədə bilməyiblər. Məruzənin xülasəsində deyilir: «Münaqişəyədək mövcud olmuş kənd və şəhərlər baxımsız qalıb və demək olar ki, tamamilə xarabalığı xatırladır». İşğal altındakı ərazilərdə (xüsusilə Laçın və Kəlbəcərdə) guya Azərbaycanın digər şəhər və kəndlərindən qaçqın düşmüş, təxminən, 14 min erməni yerləşdirilib (bu, sənədlərdə təsdiqini tapmayıb). Ermənilərin bütün cəhdlərinə baxmayaraq, son dövrlərdə bu say artmayıb. İşğal olunmuş ərazilərə insanların köçürülməsi üçün onların demoqrafik resursları yoxdur. Onlar iqtisadiyyatı, infrastrukturu bərpa etmək, minimal yaşayış şəraiti yaratmaq iqtidarında da deyil. Bu səbəbdən, məruzədə bildirilir: «Bu ərazilərdəki acı reallıq həmsədrlərdə status-kvonun qorunmasının yolverilməz olduğuna dair əminlik yaradıb. Həmsədrlər hesab edir ki, münaqişənin həllində perspektivi yalnız sülh danışıqları vasitəsilə əldə etmək olar».

Bakı bildirir ki, danışıqlar prosesi mənfi istiqamətdə gedəcəyi təqdirdə, səhra missiyasının hazırladığı məruzə BMT Baş Assambleyasının sessiyasında müzakirələrin keçirilməsi təşəbbüsü üçün əsas ola bilər. Azərbaycan tərəfi işğal altındakı torpaqların boşaldılmasına başlanan zaman da həmin sənədə əsaslanmanın mümkünlüyünü gizlətmir.

Bu, Yerevanı əsəbiləşdirir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Minsk qrupunun həmsədrləri ilə aprelin 11-də keçirdiyi görüşdə diplomatların diqqətini israrla guya Azərbaycanın məruzənin məğzini dəyişmək, ondan hərbi ritorikasına haqq qazandırılmasında istifadə cəhdlərinə yönəltməyə çalışır. Amma Nalbandyanın bu şikayəti heç bir reaksiya yaratmayıb.

ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyəti ilə bağlı açıqladığı illik hesabat da ermənilərin əhvalını korlayıb. Hesabatın Ermənistandakı vəziyyətə həsr olunmuş hissəsində əvvəlki illərdəki sənədlərdən fərqli olaraq, bu dəfə konkret şəkildə deyilir: «Etnik erməni separatçıları Eimənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun böyük hissəsinə, həmçinin, ona bitişik 7 Azərbaycan rayonuna nəzarəti özündə saxlayır».

Amerikalılar Yerevana yalnız sözdə təzyiq etməklə kifayətlənmir. Bir müddət əvvəl Birləşmiş Ştatların Ermənistandakı səfiri Ermənistanın «Minilliyin çağırışı» proqramı vasitəsilə maliyyələşdirilməsinin dayandırıldığını rəsmən bəyan edib. Bu isə özünü təcrid duruma salmış ölkə üçün heç də az məbləğ deyil.

Xatırladaq ki, Yerevan indiyədək bu proqram çərçivəsində, təxminən, 180 milyon dollar alıb.

Daşnaklar və Serj Sarqsyan hakimiyyətinin digər tənqidçiləri hakimiyyəti diplomatik iflasda ittiham edir. Amma bu yalnız Yerevanın bacarıqsız xarici siyasətinin nəticəsi deyil. İndi söhbət həm də dünyanın ermənilərə, onların ərazi iddialarına, regionda sabitliyi pozan roluna münasibətinin dəyişməsindən gedir.

Minsk qrupunun həmsədri olan üçüncü ölkədə - Fransada Senatın Konstitusiya Komitəsi «erməni soyqırımı»nı inkar edən şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini rədd edib. Qurum hesab edir ki, bu qanun layihəsi Konstitusiyaya, azad fikrə ziddir, onun qəbulu Türkiyə ilə münasibətlərə xələl gətirə bilər. Bu məsələ ilə bağlı şərhlərdə bildirilir ki, yəhudilərin soyqırımından fərqli olaraq, «erməni soyqırımı»na dair hüquqi əsası olan beynəlxalq sənəd və ya qərara rast gəlinmir. O da bildirilir ki, «erməni soyqırımı»nı inkar edən şəxslərin cəzalandırılması söz azadlığı prinsipinə, Avropanın İnsan Haqları Bəyannaməsinə ziddir.

Yerevanın hərbi-siyasi durumunu ağırlaşdıran daha bir məqam Gürcüstanın Rusiya ilə 2006-cı ildən qüvvədə olan tranzit razılaşmasını pozmasıdır. Həmin razılaşmaya əsasən, Rusiyanın hərbi yükləri Gürcüstan vasitəsilə Ermənistanın Gümrü şəhərindəki hərbi bazaya daşınırdı. Qeyd edək ki, razılaşma fəaliyyətini faktiki olaraq 2008-ci ilin yayında dayandırmışdı.

Sonda Dağlıq  Qarabağ münaqişəsinin həlli prosesində daha bir qıcıqlandırıcı məqam - erməni tərəfi mayda Dağlıq Qarabağda «Xocalı» aeroportunun açılacağını bəyan edib. Bakının məsələyə son dərəcə mənfi münasibətindən sonra Beynəlxalq Aviasiya Təşkilatı ermənilərin bu planınını rədd edib. Şübhəsiz, bu aeroporta hər hansı beynəlxalq daşımalardan söhbət gedə bilməz. Hər halda, heç bir ölkə Azərbaycanın narazılığı ilə qarşı-qarşıya qalmaq istəməz.

Ermənilər qorxu ilə yanaşı, risk edərək Yerevan-Xankəndi marşrutu ilə uçuşlar təşkil etmək qərarı verə bilər. Amma birincisi, hətta bu halda da, Ermənistan beynəlxalq hüququ və Beynəlxalq Aviasiya Təşkilatının tövsiyələrini pozan ölkəyə çevriləcək.

İkincisi, belə qısa məsafəli uçuşların rentabelli olması mümkün deyil. Müqayisə üçün qeyd edək ki, Yerevan-Tbilisi reysi ilə mütəmadi reyslərin həyata keçirilməməsi məhz bu məqamla bağlıdır.

Naxçıvanın blokadada olması üzündən Azərbaycan hökuməti vətəndaşların muxtar respublikaya uçuşunu asanlaşdırmaq üçün bilet qiymətlərinin 50%-ni dotasiyalarla ödəyir. Ermənistan büdcəsinin Yerevan-Xankəndi reysi ilə uçuşlara eyni dəstəyi verməsi, çətin ki, mümkün olsun. Belə olan təqdirdə,  Dağlıq Qarabağda aeroportun saxlanılması tam rentabelsiz olacaq. 

Yuxarıda qeyd olunan məqamları nəzərə alaraq, demək olar ki, aeroportun yaradılması ya sulhə nail olunacağına hesablanıb, ya da məqsəd müharibənin bərpa olunacağı təqdirdə ondan hərbi məqsədlər üçün istifadə edilməsidir. İstənilən halda, bu aeroport ətrafında yaranmış səs-küy göstərir ki, seçim saatı həqiqətən də yaxınlaşır.



MƏSLƏHƏT GÖR:

400