QAZ ÇOXBUCAQLISI
Müəllif: Redaksiya
Azərbaycan müasir neft strategiyasının icrasına başladığı elə birinci mərhələdəcə enerjidaşıyıcılarının dünya bazarlarına çıxarılmasında diversifikasiya siyasətinə üstünlük verəcəyini elan etmişdi. Bununla yanaşı, rəsmi Bakı bildirmişdi ki, hansısa bir ölkə və ya layihəyə bağlılıqdan söhbət gedə bilməz. Ölkə rəhbərliyi bu günədək həmin prinsipə sadiqdir.
Ukrayna prezidenti Viktor Yanukoviçin Bakıya səfəri zamanı iki ölkə prezidenti mayeləşdirilmiş qazın Ukraynaya ixracı ilə bağlı layihənin detallarını müzakiər edib. Xatırladaq ki, bu haqda razılaşma hələ bu ilin yanvarında Davosda əldə edilmişdi. Qeyd etmək lazımdır ki, qaz layihəsi Azərbaycanla Ukraynanın enerji sahəsindəki əməkdaşlığında ilk bənd deyil. Yalnız ötən il Ukraynaya 1,5 milyon ton Azərbaycan nefti ixrac olunub. Eyni zamanda, bu ölkədə investisiya payı 81,3 milyon olan Azərbaycana məxsus SOCAR energy Ukraine şirkəti də fəaliyyət göstərir.
Maye qazın ixracı layihəsi isə şübhəsiz, dost Ukrayna üçün daha vacibdir. Son illər bu ölkənin daxili resurslarının çatışmazlığı üzündən siyasi və iqtisadi sahələrdə üzləşdiyi qalmaqalları, Rusiya qazının Avropaya nəqlində yaranan problemləri xatırlamaq kifayətdir. Ukrayna əlavə zəmanətlər qazanmağa, Avropanın enerji bazarındakı tərəfdaşı kimi, sabitliyini təmin etməyə çalışır.
Azərbaycana gəlincə, rəsmi Bakı özünü çoxdan enerji sahəsində etibarlı tərəfdaş kimi sübut edib. Bu məsələyə Bakının marağı sırf iqtisadi məqamlarla bağlıdır. Ukrayna Azərbaycanın qaz ixracı xəritəsində daha bir istiqamətdir. Belə marşrutlar nə qədər çox olarsa, o qədər yaxşıdır - həm enerji təhlükəsizliyinin təmini, həm də iqtisadi qazanc baxımından.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatı 2,2 trilyon kubmetrdir. Yaxın vaxtlar üçün planlaşdırılan milyardlarla, bəlkə də on milyardlarla investisiya qaz hasilatının artırılmasına imkan verəcək. «Bu gün qaz resurslarımızı bütün qonşu ölkələrə ixrac edirik. Əlbəttə ki, bu ənənəvi bazarlara ixracın artırılmasında, eyni zamanda, yeni bazarlara çıxışda maraqlıyıq. İstehlakçı ölkələr yeni mənbələrdə maraqlı olduğu kimi, istehsalçı dövlətlər də yeni bazarlarda maraqlıdır», - deyə prezident qeyd edib.
Bu məqamda xatırlatmaq lazımdır ki, Azərbaycanın dövlət başçısının xatırlatdığı kimi, qonşu ölkələrə qaz ixracı ilə yanaşı, rəsmi Bakı «mavi yanacaq»ın Avropayadək nəqlini nəzərdə tutan bir sıra nəhəng layihələrdə iştirak etməyin də əleyhinə deyil. Burada söhbət həm «başıbəlalı», daha doğrusu, «uzun-uzadı müzakirə olunan» NABUCCO layihəsindən, həmçinin, Transadriatik qaz kəmərindən (TAP), «Ağ axın», ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) layihələrindən gedir. Bunlar birlikdə «Cənub dəhlizi» sxeminin tərkib hissəsidir. Bu layihənin qeyri-real olduğuna dair çoxlu fikirlər səsləndirilib. Amma bu ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun «Cənubi enerji dəhlizi haqqında birgə Bəyannamə»ni imzalamalarından, bunun ardınca isə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin niyyət protokoluna imza atmalarından sonra, «Cənub dəhlizi», xüsusilə, «Nabucco» reallaşma mərhələsinə qədəm qoyub. Ekspertlərin fikrincə, bu, investorlara layihənin reallaşdırılacağına dair dəqiq siqnaldır.
Bunlarla yanaşı, “Azerbaijan-Georgia-Romanian Interconnector” (AGRI) layihəsi də var. O, «Cənub qaz dəhlizi» layihəsinə daxil olmasa da, bu layihədə məqsəd Azərbaycan qazının Avropa İttifaqına nəqlidir.
Xatırladaq ki, 2010-cu il sentyabrın 14-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “Azerbaijan-Georgia-Romanian Interconnector” layihəsi ilə bağlı Bakı Bəyannaməsini imzalayıb. 2011-ci il fevralın 14-də isə AGRI layihəsi üzrə protokol imzalanıb və bununla da Macarıstan onun tamhüquqlu iştirakçısına çevrilib.
Layihə Azərbaycan qazının qaz kəmərləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəqlini nəzərdə tutur. Orada bu qaz xüsusi terminalda mayeləşdiriləcək, tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala nəql olunacaq. Daha sonra maliyyələşdirilmiş qaz təbii qaz halına gətiriləcək, ölkə ərazisində mövcud olan infrastruktur vasitəsilə Rumıniya və digər Avropa öklələrinin tələbatının ödənilməsinə yönəldiləcək. Bu layihə ildə 2-8 milyard kubmetr qaz nəqlini nəzərdə tutur.
Bu istiqamətdə mayeləşdirilmiş qazın Bolqarıstana nəqli də nəzərdə tutulub. AGRI layihəsinin gücü 3 variantda nəzərdən keçirilir: ildə 2, 5 və 8 milyard kubmetr qaz nəqli. İlkin məlumata görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 - 4,5 milyard avro arasında dəyişəcək.
Ukrayna da məhz bu layihələrə qoşulur. O, artıq Odessada qazın maliyyələşdirilməsi üçün terminalın inşa olunduğunu bəyan edib (buna artıq prioritet milli layihə kimi baxılır). Ukrayna AGRI layihəsi çərçivəsində Gürcüstanın Kulevi limanında qazın mayeləşdirilməsi terminalının tikintisində də Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib.
Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasovun sözlərinə görə, Ukrayna tərəfi 2015-ci ilədək Azərbaycandan minimum 2 milyard kubmetr mayeləşdirilmiş qaz almaq niyyətindədir.
Bir sözlə, Azərbaycan enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətlərinin genişləndirilməsi məqsədilə bütün maraqlı tərəflərlə işləyir. Artıq mövcud tərəfdaşlarla qurulmuş dost və etibarlı münasibətlər hesabına maraqlananların sayı perspektivdə arta da bilər...
MƏSLƏHƏT GÖR:

486

