Müəllif: Ayan MƏMMƏDOVA Bakı
Azərbaycan hökumətinin strateji prioriteti ölkənin qeyri-neft sektorunun inkişafıdır. Bu strategiyada informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun irəliləməsi xüsusi rol oynayır. İKT sektorunda yüksək inkişaf templərini təmin edən, reallaşdırılan dövlət proqramlarının səmərəliliyi beynəlxalq təşkilatların yüksək reytinqləri ilə dəfələrlə təsdiqlənib. Nailiyyətlərimizin növbəti sübutu isə bu yaxınlarda Beynəlxalq Telekommunikasiya İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesabatları oldu.
Azərbaycan İKT sektorunun parametrləri və informasiya cəmiyyətinin mexanizmlərinin tətbiqinin dərinliyi dəfələrlə beynəlxalq reytinq agentliklərinin çoxsaylı hesabatlarında, o cümlədən Dünya İqtisadi Forumu (WEF), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və başqalarının yüksək qiymətlərinə layiq görülüb.
Xüsusən, bu ilin aprel ayında WEF tərəfindən hazırlanan "Global Information Technology Report 2014" adlı hesabatda "Şəbəkə hazırlığı indeksi"nə (NRİ) görə Azərbaycan ötənilki nəticəsini 7 bənd yüksəldərək, 49-cu mövqedə qərarlaşıb.
Bu ilin iyun ayında Azərbaycanın dövlət idarəçiliyində informasiya texnologiyalarının tətbiqi sahəsində nailiyyətini BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti təsdiqləyib. United Nations E-government Survey 2014 - ölkələrin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə yenilənmiş reytinqində 0,5472 bal toplayıb və 28 pillə irəliləyərək, dünyada 68-ci yeri tutub.
Əlbəttə ki, İT sektorunun inkişafı üzrə uğurlar daha nüfuzlu profilə malik təşkilat - Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) illik hesabatlarında da təsbit edilir. ITU-nun qiymətləndirilmələrinə görə, informasiya texnologiyalarının işgüzar, sosial və dövlət sferalarına tətbiqi sahəsində Azərbaycan yüksək inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında aralıq yer tutur. Bundan başqa, ITU ölkəni bu sahədə son 5-7 il ərzində daha dinamik inkişaf edən on dövlətin qrupuna daxil edib. ITU-nun ekspertləri Azərbaycanı dünyada İKT-nin inkişaf indeksinə görə önə - 64-cü yerə çəkərək - "Measuring the Information Society Report 2014"-də yenidən yüksək mövqelərini sübut ediblər. İKT-nin inkişaf indeksi 11 göstəricini əks etdirir. Onların sırasına kompüterləşmənin səviyyəsinin qiymətləndirilməsi, mobil rabitənin, təsbit edilmiş və mobil internetin keçiriciliyi daxil idi. Ayrılıqda, təsbit edilmiş genişzolaqlı internet xidmətlərinə çıxış səviyyəsinə görə Azərbaycan və Rusiya MDB-də ancaq Belarusdan geri qalaraq ikinci yeri götürüblər. Azərbaycan həmçinin kompüter və internetə çıxışı olan ev təsərrüfatının daha çox saylı göstəricisinə görə də öncül yerlərdən birini tutur.
Yerli İKT-sektorunun bu qədər tərifli qiymətləri yaxın günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının keçid prosessi - "Transition Report 2014" hesabatında da qeyd olunub. Sənəddə qeyd edilir ki, 2010-cu ilə qədər Azərbaycanda əsasən infrastrukturun yaxşılaşdırılmasına diqqət ayrılıb ki, nəticədə, kommunikasiya şəbəkələri tamamilə rəqəmsal formata keçirilib, həmçinin xarici internet-kanalların buraxma qabiliyyəti yüksəlib. Bununla bərabər, telekommunikasiya bazarının liberallaşdırılması üzrə səylər son dörd ildə internetə limitsiz genişzolaqlı çıxış tariflərinin hiss ediləcək dərəcədə azalmasına səbəb olub. "Son bir neçə ildə Azərbaycanda e-hökumət vahid portalı yaradılıb, "Azerspace-1" rabitə peyki buraxılıb, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb və bu struktur start-up layihələrin maliyyələşdirilməsinə başlayıb, İnformasiya Texnologiyaları Universiteti açılıb, rəqəmsal yayıma keçid yekunlaşır və s. Bu və bir çox digər layihələrin reallaşdırılması Azərbaycanı telekommunikasiya sektorunun inkişaf səviyyəsinə görə Cənubi Qafqaz regionunda birinci yerə çıxarıb. Ümumilikdə, son on ildə Azərbaycanda İKT sektorunun illik inkişaf templəri 25-30% təşkil edib. Bunun sayəsində İKT sektoru neft sənayesindən sonra əcnəbi sərmayələr yatırılan ikinci sahə olub", - deyə AYİB-in hesabatında qeyd olunur.
Eyni zamanda hökumət İKT sektoruna innovasiyaların tətbiq templərini azaltmağı düşünmür. Belə ki, cari ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev informasiya cəmiyyətinin inkişafına dair yeddi (2014-2020) illik Milli Strategiyanı təsdiqləyib. Yeni sənəddə ölkənin informasiya-kommunikasiya bazarının 4-4,5 dəfə genişlənməsi hədəfə alınıb. Nəzərdə tutulmuş tədbirlər isə "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyası ilə sıx uyğunlaşdırılıb.
Bu yeniliklərin reallaşdırılmasına dair koordinator öhdəlikləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşür. Strategiyanın reallaşdırılması üçün nazirliyin mütəxəssisləri 2014-2017-ci illər informasiya cəmiyyətinin inkişafı dövlət proqramını hazırlayıblar.
"Layihə müvafiq dövlət strukturları ilə razılaşdırılıb, inkişafın əsas istiqamətləri və planlaşdırılmış tədbirlərin həyata keçirilməsi üçün vəsaitlərin həcmi müəyyənləşdirilib. Hazırda müvafiq strukturlarla maliyyə məsələləri razılaşdırılır", - deyə RYTN-nin məlumatında deyilir.
Daha sonra 2018-2020-ci illər üzrə ikinci dövlət proqramı hazırlanacaq. Hər iki dövlət proqramları, əsasən, dövlət hesabına həyata keçiriləcək və bu, ölkədə informasiya cəmiyyətinin geniş inkişafına yönəlib. Eyni zamanda bu proqramlar təkcə dövlət idarəçiliyində İKT-nin hərtərəfli tətbiqinə və "elektron hökumət"in potensialının genişləndirilməsinə deyil, həm də istehsal sektorunun mühərriki qismində İT-texnologiyalarının istifadəsinə, sosial-iqtisadi və mədəniyyət sahələrinə təkan verilməsinə yönəlib. Xüsusən, dövlət proqramlarında nəzərdə tutulan tədbirlər rəqabətədavamlı və ixracyönümlü İKT-sənayesinin formalaşdırılmasını, kosmik texnologiyaların və biliklərin iqtisadiyyatının inkişafını, beynəlxalq informasiya məkanına inteqrasiyanın təminatını nəzərdə tutur. Formalaşdırılan biliklər iqtisadiyyatı, həmçinin profil elmi və təhsilə əsaslanmalıdır ki, bunun üçün də genişzolaqlı xidmətlərin məktəb və ali təhsil müəssisələrinə yüzfaizli keçidi təmin olunmalıdır. Dövlət proqramlarının əsas məqsədlərindən biri - innovasiyaların tətbiqi və uyğun infrastrukturun, habelə alternativ, yüksəksürətli və tranzit internet-magistralların inkişafından ibarətdir. Vətəndaşların informasiyaya bərabər çıxışının təmin olunması nəzərdə tutulub ki, bu məqsədlə online media, sosial şəbəkələr və KİV-in yeni növlərinə təkan veriləcək. Elektron ticarətin inkişafı üçün yeni imkanların təqdim olunması, teletibb, habelə milli domen zonası - "az"ın genişləndirilməsi gözlənilir.
Belə ki, 2014-2017-ci illər üzrə birinci dövlət proqramının prioritetlərində fiber to home texnologiyası üzrə hər bir evə genişzolaqlı xidmətin tətbiqi kimi layihələr, həmçinin internetə dördüncü nəsil LTE (4G) mobil çıxış xidmətinin inkişafı qeyd olunur. Həmçinin yüksək texnologiyalar parkının və regional innovasiya zonalarının digər elementləri, o cümlədən ixtisaslaşmış elmi tədqiqat institutlarının və təcrübə laboratoriyalarının yaradılması nəzərdə tutulur. Ölkədə biznes-inkubator şəbəkəsi genişləndirəcək və start-up layihələrin sərmayələşdirilməsi daxil olmaqla, innovativ sahibkarlığın maliyyələşdirilməsi də artacaq. Planlaşdırılmış layihələrin uğurlu şəkildə reallaşdırılması ictimai və dövlət təşkilatlarına inkişafın yeni səviyyəsinə keçməyə və qısa müddətdə dünyanın aparıcı dövlətləri ilə "rəqəmsal bərabərliyə" nail olmağa imkan verəcək. Hökumət İKT sektoruna 3,5 mlrd. dollar büdcə vəsaiti yatırmağı planlaşdırır. Bu sektorun gələcək islahatları və liberallaşdırılması, habelə güzəştli investisiya rejiminin təmin olunmasını nəzərə alınmaqla, buraya xeyli həcmdə özəl sərmayə cəlb oluna bilər.
MƏSLƏHƏT GÖR: