
OPEK-in QÜRUBU?
Neft karteli dünyanın neft bazarına təsir imkanlarını itirir
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Dünya qlobal dəyişikliklər astanasındadır. Noyabrın 27-dək diqqət siyasi məqamlara yönəldilirdisə, ötən cümə günü dünya neft bazarında baş verən özünəməxsus inqilabla yadda qaldı. Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEK) "qara qızıl"ın qiymətindəki 30%-lik ucuzlaşmaya rəğmən, hasilat həcmini azaltmayacağını bəyan etdi. Uzun illərdir ki, dünya neft bazarının tənzimləyicisi rolunu oynayan OPEK 2014-cü ilin yayında 1 bareli 115 dollar olan neftin hazırda 75-80 dollara satılması faktını nəzərə almamaq qərarına gəlib.
Analitiklər kvotada dəyişikliyin olmayacağını proqnozlaşdırırdılar. Lakin neft kartelinin qərarı cəmi bir neçə dəqiqə ərzində neft bazarını yıxdı və neftin qiyməti 70 dollardan da aşağı düşərək, son 4 ilin minimum həddinə çatdı.
"Neftin sabit qiyməti qlobal iqtisadi inkişafa mane olmayacaq həddidir. Lakin eyni zamanda, bu, istehlsalçılara kifayət qədər gəlir əldə etmək, gələcək tələbatın ödənilməsinə investisiya yatırmaq imkanı verir. Bu, dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Müvafiq olaraq, bazarda tarazlığın bərpası məqsədilə OPEK Konfransı neft hasilatının həcminin sutkada 30 milyon barel həddində saxlanılmasına qərar verib", - deyə OPEK-dən verilən rəsmi açıqlamada bildirilir.
OPEK-in mövqeyini Küveytin neft naziri Ali Saleh əl-Omayr yerli peyk telekanalı olan "Əl-Vətən"ə müsahibəsində belə izah edib: "Bu gün rəqiblər çoxdur. Dünyada həyata keçirilən ümumi neft hasilatının yalnız 30%-i OPEK-in payına düşür. Hasilat həcminin azaldılması haqda qərar çıxarmaq mümkün deyildi. Çünki bazardakı bu həcmi də başqa istehsalçılar ələ keçirə bilərlər. Beləliklə, biz qiymətin tələb-təklif nisbətilə özbaşına formalaşacağı qərarına gəldik".
Nazirin sözlərinə görə, OPEK üzvü olan ölkələr müştərilərini itirmək istəmədikləri üçün belə qərar qəbul ediblər.
"Biz gərək barelin qiymətinin ya 80, ya 60, ya da 100 dollar olması ilə razılaşaq. Qoy bazara həm istehsalçıları, həm də istehlakçıları razı salacaq qiyməti özü tənzimləsin", - deyə onün küveytli həmkarı Əli Saleh əl-Omayr bildirib.
Kvotanın azaldılması təklifilə İran və Venesuela çıxış etmişdi. Neftin ucuzlaşmasına onlar daha həssasdırlar. OPEK-in toplantısından sonra Venesuela prezidenti Nikolas Maduro büdcə xərclərinin azaldılması ilə bağlı sərəncam imzalayıb. Əsas ixtisarlar Maduronun özü də daxil olmaqla, yüksəkrütbəli məmurların əməkhaqlarında aparılacaq.
İran və Venesuela hasilat həcminin azaldılmasına çalışsalar da, Fars körfəzi ölkələrinin mövqeyi qərarın qəbulunda həlledici olub. İran üzləşdiyi beynəlxalq sanksiyalarla əlaqədar, hələ də imkanlarından xeyli az neft hasil edir - sanksiyaların tətbiqinədək bu ölkədə sutkada 3,5 milyon barel neft hasil olunurdusa, indi bu rəqəm 2,5 milyondur. Liviya və İraqdakı vəziyyət bu ölkələrdə də maksimal həddə neft hasil etmələrinə imkan vermir. Nəticədə, hasilatda ciddi azalma Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-nin boynuna düşəcəkdi.
Neftin qiymətində bu qədər ucuzlaşmanın baş verməsi səbəbləri kifayət qədərdir. Bu, ilk növbədə, tam obyektiv iqtisadi amillərdir. Söhbət dünya iqtisadiyyatındakı durğunluq və ya artımın zəifliyindən, bazarda neftin həddindən çox olmasından gedir.
Məsələn, Avropanın Rusiya ilə Qərbin qarşılıqlı sanksiyaları üzündən daha da ağırlaşmış iqtisadi böhrandan çıxması məsələsində qeyri-müəyyənliyin davam etməsi, Çinin inkişaf templərinin azalması, Yaponiya iqtisadiyyatının zəifləməsi neft istehlakının azalmasına səbəb olub.
Əgər 2014-cü ilin əvvəlində Beynəlxalq Enerji Agentliyi dünyada neftə olan tələbatın 1,3 milyon barelədək artacağını proqnozlaşdırırdısa, son proqnoz artımın yalnız 0,68 milyon barel olacağını göstərir. Bu, sutkada 92,4 milyon barel deməkdir.
OPEK-in neftin sutkalıq istehlakı məsələsinə yanaşması daha bədbindir - həm bu il, həm də 2015-ci ildə sutkada 91,2 milyon barel. Bununla yanaşı, dünyada neft istehsalının həcmi istehlakın həcmindən xeyli artıqdır - 93,6 milyon barel.
Hasilatın artımına əsas töhfəni məhz OPEK-ə daxil olmayan dövlətlər verir - artım 1,68 milyon barel təşkil edir və bu, əsasən "şist inqilabı" ilə bağlıdır.
ABŞ şist nefti və qazı hesabına hasilatı 2008-ci illə müqayisədə 70% artırıb və hətta sutkada 11,5 milyon barellik hasilatla dünya liderinə çevrilib.
Neftin qiymətilə bağlı aparılan təhlillər göstərir ki, dünya iqtisadiyyatındakı problemlərlə yanaşı, məhz "şist inqilabı" qiymətin ucuzlaşmasında əsas rol oynayır.
Əlbəttə ki, ucuzlaşmanın konspiroloji izahı da var - bəzi ekspertlər hesab edir ki, ABŞ bu yolla Rusiyanı Ukraynadakı əməllərinə görə cəzalandırmağa çalışır. Bu işdə Vaşinqton Yaxın Şərqdəki tərəfdaşı olan Səudiyyə Ərəbistanından da istifadə edir. Lakin qiymətlərin ucuzlaşması, ilk növbədə, elə ABŞ-ın özündə hasilat həcminə zərbə vurur - "şist nefti"nin 1 barelinin maya dəyəri 50-80 dollar arasındadır. Hazırkı qiymətlər bu sahədə ayrı-ayrı layihələri qapanma təhlükəsilə üz-üzə qoyur.
Kartelin hasilat həcminin azaldılması haqda qərarı qiymətlərin artımına yol açardı. Lakin dünya iqtisadiyyatının inkişına nail olmaq üçün qlobal problemlər həll olunmadan, bu, sadəcə qısamüddətli effekt verəcəkdi. Üstəlik, bu yolla qiymətin artırılması "şist layihələri" də daxil olmaqla, "baha neft hasilatı" layihələrinin daha da inkişafına yol açacaqdı.
Hazırkı mərhələdə əksər ekspertlər neftin qiymətinin uzun müddət aşağı həddə qalacağını proqnozlaşdırır. Onların sözlərinə görə, qışın şaxtalı dövründə qiymətlərdə müəyyən artım mümkündür, lakin onun gələcəyi dünyada iqtisadi inkişaf səviyyəsindən asılıdır. "Qara qızıl"ın ucuz olması isə məhz dünya iqtisadiyyatının artımına töhfədir. Ekspertlərin fikrincə, orta perspektivdə neftin qiyməti 90 dollar civarında olacaq.
Hazırkı qiymətlərin konkret olaraq Rusiyaya təsirinə gəlincə, bu, ilk növbədə, dövlət büdcəsinə təsir göstərəcək. Çünki Rusiyanın dövlət büdcəsində neftin 1 barelinin qiyməti 97 dollar göstərilib. Rublun devalvasiyası isə neftin aşağı qiymətinin büdcəyə təsirini neytrallaşdıracaq. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin sözlərinə görə, neftin 1 bareli 110 dollar olduqda dollar 32-33 rubl idi və neft 3,6 min rubla satılırdı. Hazırda 1 barel neftin qiyməti 71-72 dollar, 1 dollar 49-50 rubldur. Amma neftin rubl ilə qiyməti dəyişməz qalır. "Yəni büdcə yerinə yetiriləcək, hətta profisit də ola bilər. Ümumilikdə isə maliyyə sistemi kifayət qədər komfortlu olacaq", - deyə nazir qeyd edib.
Rusiya prezidenti Vladimir Putin də neftin qiymətinin ucuzlaşmasında problem görmür: "Ümumilikdə bu, bizi qane edir. Burada xüsusi problem görmürük. Qarşıdan qış gəlir və əminəm ki, gələn ilin ilk rübündə, ortalarında qiymətlər balanslaşacaq".
Amma dollarla hesabladıqda Rusiya iqtisadiyyatı, əlbəttə ki, çox şey itirir. Ulyukayevin sözlərinə görə, neftin ucuzlaşmasından Rusiyanın itkisi 90-100 milyard dollardır. Bilavasitə sanksiyalar isə Rusiyaya 40 milyard dollar ziyan vurub.
Neft şirkətləri üçün qiymətlərin ucuzlaşması, hələ ki, ciddi problemlər yaratmır. "Rosneft" üçün neftin 1 barelinin maya dəyəri 4 dollardır. Amma, ümumilikdə, qiymətlərin ucuzlaşması və Rusiyaya tətbiq olunan sanksiyalar neft hasilatının həcminin artırılmasını əngəlləyir: "Biz neftin qiymətinin 60 dollara, hətta daha aşağı həddə düşəcəyini gözləyirik. Amma bu, yalnız 2015-ci ilin ilk yarısında olacaq", - deyə Seçin Avstriya nəşrlərindən birinə müsahibəsində bildirib: "60 dollarlıq hədd bizi qane edir. Amma bir sıra çox xərc tələb edən layihələrin reallaşdırılmasını təxirə salmalı olacağıq".
Azərbaycana gəlincə, "qara qızıl"ın ucuzlaşması bizim üçün də qlobal problemlər vəd etmir. Hökumət artıq bu amili nəzərə alıb və 2015-ci ilin dövlət büdcəsinə neftin 1 barelinin qiyməti 90 dollar olaraq daxil edilib. Ötənilki büdcədə bu, 100 dollar idi.
Azərbaycanın maliyyə naziri Samir Şərifov hesab edir ki, dünya bazarında neftin hətta 60 dollaradək ucuzlaşması belə, dövlət büdcəsinin xərclərinin icrasına təsir göstərməyəcək. "Son 3 ayda dünya bazarında neftin qiymətinin 30%-dən artıq ucuzlaşmasına baxmayaraq, 2015-ci il üçün nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsində problem gözlənilmir. Neftin indikindən də artıq ucuzlaşması 2015-ci ilin dövlət büdcəsinin xərclərinin icrasına təsir göstərməyəcək", - deyə nazir qeyd edib.
Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov da eyni fikirdədir. O hesab edir ki, neftin qiyməti 70 dollar civarında uzun müddət qalmayacaq. "Dünyanın aparıcı maliyyə institutlarından olan BVF 2015-ci ildə neftin 1 barelinin, təxminən, 90 dollara satılacağını proqnozlaşdırır. 1998-ci ildə bu qiymət 8 dollaradək düşmüşdü. 2008-ci ildə isə 1 barel neftin qiyməti 150 dollardan 35 dollara düşmüşdü. Lakin bu, uzun müddət davam etmədi. Hər iki halda Azərbaycan iqtisadiyyatı dayanıqlıq və sabitlik nümayiş etdirib. Əminəm ki, bu dəfə də neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın güclü iqtisadiyyatı bu proseslərə hazırdır", - deyə E.Rüstəmov qeyd edib: "Tədiyyə balansının profisiti dövlət borcunun azaldılması üçün kanallardan biridir. Hesablamalarımız göstərir ki, neft hətta 60-70 dollaradək ucuzlaşarsa belə, Azərbaycanın tədiyyə balansı profisitlə olacaq".
Azərbaycanın hasilat layihələrinin gəlirlə işləyəcəyi isə ümumiyyətlə, şübhə doğurmur. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ölkənin əsas neft hasilatı aktivi olan "Azəri-Çıraq-Günəşli" yatağı blokunda 1 barel neftin maya dəyəri 5 dollardır. Bu qiymətə neftin təmizlənməsi və Səngəçal terminalına çatdırılması xərcləri də daxildir. Buraya neftin Aralıq dənizi sahilində yerləşən Ceyhandakı terminala çatdırılmasını da əlavə etsək, "qara qızıl"ın 1 bareli 12 dolları ötmür. Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) isə 1 barel neftin hasilatı 16 dollara başa gəlir. Bu fərq əsasən SOCAR-ın istismar etdiyi yataqların zəifləməsilə əlaqədardır. Bu səbəbdən, həmin yataqlardan hasilat çox xərc tələb edir.
Neftin qiymətilə bağlı böhran bir vacib məqamı üzə çıxarıb - OPEK tədricən neft bazarının əsas tənzimləyicisi rolunu itirir. Bunu kartelin özündə də anlayırlar. Əks təqdirdə, qiymətin 30% ucuzlaşması diqqətdən kənarda qalmazdı. Üstəlik, bazarın tənzimlənməsi də xeyli çətinləşib - neft hasil edən ölkələrin sayı xeyli artıb, işlənməsi çətin olan yataqlardan belə, neftin çıxarılmasına imkan verən müxtəlif yeni texnologiyalar peyda olub. İndi dünya da enerji resurslarının istehlakına qənaətlə yanaşmağa başlayıb. Odur ki, bəlkə də, biz yarım əsrdən artıq müddətdə dünyanın neft bazarına ciddi təsir imkanları olmuş "neft karteli"nin qürubunu müşahidə etməkdəyik.
MƏSLƏHƏT GÖR: