24 Noyabr 2024

Bazar, 20:55

SABİT XƏZİNƏ

Azərbaycan hökuməti neftin ucuzlaşmasına baxmayaraq, 2015-ci il dövlət büdcəsinin icra olunacağına əmindir

Müəllif:

02.12.2014

İlin sonu ilə əlaqədar istənilən ölkənin iqtisadi həyatında dövlət büdcəsi ətrafında müzakirələr həmişə aktuallaşır. Və xüsusilə qızğın müzakirələr neftin qiymətinin azalan trendi, bu enmənin uzunmüddətli proqnozlarının qeyri-müəyyənliyi ilə bağlıdır. Lakin Azərbaycan hökuməti istər "qara qızıl"ın qiymətinin düşməsini, istərsə də mümkün gələcək fərqləri də nəzərə alıb. Bütün bunlar ölkə parlamentində büdcə müzakirələri zamanı ətraflı şəkildə açıqlanıb.

 

Hər şey yaxşı olacaq... 

Bununla da, Azərbaycan 2015-ci ilə icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manatla daxil olur. Azərbaycan dövlət büdcəsinin gələn il üçün əsas parametrləri isə belədir: büdcə gəlirləri 2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 5,7 faiz artacaq və 19,438 mlrd. manat təşkil edəcək (ÜDM-in 35,5 faizini təşkil edir), xərcləri isə 21,1 mlrd. manat (5,2% artmaqla) həcmində, kəsir isə 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-ni təşkil edəcək. Lakin Hesablama Palatası hesab edir ki, 2015-ci ildə dövlət büdcəsinin real kəsiri ÜDM-in artım templərini və gələn il üçün iqtisadi göstəricilər üzrə proqnoz nəzərə alınmaqla, ehtimal ediləndən az olacaq. Son illərin təcrübəsi, həqiqətən, göstərir ki, bu hissədə problem yoxdur. Çünki büdcənin gəlir hissəsi ya gözlənildiyindən çox icra olunur, ya da az xərclənir. "2015-ci il üçün Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi 10 mlrd. 338 mln. manat (gəlirin 53,4%-i) nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 1 mlrd. manat çoxdur. Lakin 2013-cü ilin göstəricisi ilə müqayisə etsək, 2015-ci ildə ARDNF-dən transfertlərin həcmi 2 mlrd. manat az təşkil edib", - deyə, bununla bağlı, maliyyə naziri Samir Şərifov bildirib. O, əmin edib ki, gələcəkdə hökumət transfertlərin həcminin azalmasını planlaşdırır, lakin bu ortamüddətli perspektiv üçün nəzərdə tutulub. Gələn il üzrə dövlət xəzinəsində gəlirlərin qalan hissəsinin strukturu xüsusi dəyişikliklərə məruz qalmayacaq. Daxilolmaların əsas hissəsinin Vergilər Nazirliyinin xətti ilə - 7,1 mlrd. manat (0,1% artım) və Dövlət Gömrük Komitəsinin xətti ilə - 1 mlrd. 590 mln. manat olacağı (5,3% artım) gözlənilir.

Hələlik dövlət büdcəsi neft və qazın satışından əldə olunan gəlirlərdən asılıdır və dünya bazarlarında hazırkı vəziyyət, əlbəttə ki, belə bir sual doğurur: qiymətdəki ucuzlaşmalar uzunmüddətli olarsa, Maliyyə Nazirliyi dövlət xərclərinin maliyyələşməsinin öhdəsindən gələ biləcəkmi? S. Şərifovun sözlərinə görə, Azərbaycan hökuməti daim dünya bazarlarında neftin qiyməti ilə bağlı vəziyyətə nəzarət edir. "2015-ci ilin büdcəsində neftin barelinin orta qiyməti 90 dollardan götürülüb. Lakin dünya bazarlarında neftin qiymətində ucuzlaşmalar olacağı halda bizim dövlət büdcəsinə müxtəlif təsir modelimiz var", - deyə o, qeyd edib. Hökumət artıq yarımilin nəticələri üzrə bir neçə il büdcənin korreksiyası təcrübəsini uğurlu şəkildə tətbiq edir. Düzdür, indiyə kimi, əsasən, bu gəlirlərin artması nəzərə alınmaqla, müəyyən gəlir maddələrinin artırılması üçün edilirdi. Parlamentin spikeri Oqtay Əsədov da hesab edir ki, dünyada və regionda siyasi və iqtisadi sabitliyin pozulması şərtlərində bu cür proqnoz göstəricilərini məqbul hesab etmək olar. 2015-ci ilin dövlət büdcəsi ölkənin inkişafının real səviyyəsi və dünyada baş verən proseslərin mümkün mənfi təsirləri nəzərə alınmaqla hazırlanıb. "2015-ci ilin dövlət büdcəsi Azərbaycan iqtisadiyyatının gələcək davamlı inkişafı və dövlət proqramlarının reallaşdırılması üçün baza yaradacaq", - deyə O. Əsədov qeyd edib.

 

Fərqli xərclər ...

2015-ci ilin xərclər hissəsinə gəlincə isə burda da onun sosial istiqaməti dəyişməz olaraq qalıb - sosial xərclər dövlət xəzinəsinin bütün xərclərinin 27,6%-ni təşkil edəcək. Bu sahədə artım 9,2% olacaq. Dövlət büdcəsinin müdafiə xərcləri də sabit və haqlı olaraq artır, 2015-ci ildə 3 mlrd. 738 mln. manat (2014-cü ilin göstəricilərindən 27,2% çox) təşkil edəcək, yəni bu, dövlət büdcəsinin bütün xərclərinin 17,9%-i deməkdir. "Milli təhlükəsizliyin təmin olunması, ölkənin hərbi gücünün möhkəmləndirilməsi, silahlı qüvvələrin təminatının yaxşılaşdırılması, hərbi xidmətçilərin sosial müdafiəsinin yaxşılaşdırılması büdcənin prioritet istiqamətləri olaraq qalır", - deyə S. Şərifov qeyd edib.

Çoxlarını maraqlandıran məqam gələn ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq işlərinin xərcləri ilə bağlıdır. Məlum olduğu kimi, dövlət büdcəsindən Oyunların keçirilməsi üçün idman infrastrukturunun yaradılması, təşkilati və digər tədbirlərə 1,3 mlrd. manat ayrılacaq. Xarici borclara gəldikdə isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sözlərinə görə, dövlət büdcəsinin layihəsində həm xarici, həm də daxili dövlət borcu üzrə müəyyən edilmiş yuxarı həddə (limitə) ehtiyatlı yanaşılıb. 2015-ci il üçün dövlət xarici borcunun xidmətlə bağlı xərcləri dövlət büdcəsinin xərclərinin 3,7% (703 mln. manat) səviyyəsində nəzərdə tutulub. Xarici borc üzrə ödənişlərin proqnozu 2014-cü ilin göstəricisini 0,8% üstələyir ki, bu da beynəlxalq bazarlarda qiymətli kağızların xarici valyutada yerləşdirilməsi ilə bağlıdır", - deyə V. Gülməmmədov bildirib.

S. Şərifovun fikrincə, ötən illə müqayisədə 2015-ci ildə Azərbaycanın xarici borcunun yuxarı həddi 500 mln. manat azaldılıb və 1,5 mlrd. manat səviyyədə müəyyənləşdirilib. Bu da Azərbaycanın xarici borcunun ÜDM-yə nisbətini balanslaşdırılmış formada saxlamağa və hətta onu tədricən azaltmağa imkan verəcək.

" Prezident İlham Əliyevin hökumətin yaxın 5 il ərzində Azərbaycanın xarici dövlət borcunun səviyyəsini ÜDM-in 10 faizi həcmində saxlanılması ilə bağlı tapşırığını əsas götürərək, dövlət borcunun idarə edilməsi üzrə strategiya müəyyənləşdirildi. Və onun əsas tapşırıqları 2015-ci ilin dövlət büdcəsində əksini tapıb", - deyə nazir qeyd edib.

Göründüyü kimi, bəzi məqamları çıxmaq şərtilə Azərbaycanın 2015-ci ildə dövlət büdcəsi xüsusi konseptual dəyişikliklərə məruz qalmayacaq. Müsbət köklənmə və hökumətin dünya iqtisadiyyatında cari birmənalı olmayan proseslərlə bağlı sakitliyi ümid etməyə imkan verir ki, nəzərdə tutulan proqnozların həyata keçirilmə hissəsində də ənənə pozulmayacaq.


MƏSLƏHƏT GÖR:

542